“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
41-Cİ DƏRC
Ardınca alman tarixçisi Yorq Beberovskinin hadisələr barədə söylədiklərinin davamı oxunuldu:
“1918-ci il aprelin ortalarında daşnak zabiti Stepan Lalayevin silahlı dəstəsi kommunanın rəsmi direktivlərini yerinə yetirmək üçün Şamaxı rayonuna daxil oldu. Şəhərin 30000 sakini vəhşicəsinə öldürüldü, ev-eşiyindən qovuldu. Lalayevin əsgərləri uşaqları, qocaları belə öldürürdü, qadınları zorlayır, eyvanlardan aşağı tullayırdılar. Bir çox qadın və uşaqlar qaçıb məsciddə gizləndilər, amma məscid yandırıldı, hamısı orada yanıb kül oldu.
Hamazaspa özünün və Lalayanın Azərbaycan bölgələrinə qanlı yürüşləri barədə bir neçə dəfə sual verilsə də o, nümayişkəranə surətdə cavab verməkdən imtina etdi.
Bu zaman yaşlı hakim məsələ qaldırdı ki, Vaçyantsın təşkilatçılığı ilə Bakı qırğını barədə Divanda geniş danışıldığı halda zəruridir ki, Hamazaspın Azərbaycan bölgələrində və hazırda Ermənistana aid olsa belə keçmişdə Azərbaycana aid olan və azərbaycanlıların sıx yaşadıqları bölgədə həyata keçirdiyi vəhşiliklər barədə də geniş məlumat verilsin, konkret olaraq Quba soyqırımına isə sonda keçilsin.
Ekspertlər dərhal belə bir məlumatı hazırlayıb oxudular.
Mənzərə həqiqətən dəhşətli idi. Xüsusən Şamaxıda, İrəvanda, Cənubi Azərbaycanda dəhşətli qətliamlar törədilmişdi.
Şamaxı uyezdində 1918-ci ilin aprel-may aylarında S.Lalayan və T.Amirovun qaniçən dəstəsi 8000 müsəlmanı öldürmüş, 13 məscidi, o cümlədən 800 il yaşı olan tarixi incini – Cümə məscidini yandırmışdılar. Şamaxı uyezdinin 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilmişdir ki, bunların da 2560-ı qadın, 1277-si uşaq idi.
Zəngəzur uyezdinin 115 kəndində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq diri-diri yandırılmışdır.
İrəvan uyezdindəki 199 Azərbaycan kəndindən 62-si yer üzərindən silinmişdir. İrəvan quberniyasında isə ümumilikdə 211 Azərbaycan kəndi yandırılaraq yerlə-yeksan edilmişdir. 132000 azərbaycanlı isə qətlə yetirilmişdir.
Qars vilayətində 92 kənd yox edilmişdir.
Qətliam və talanlar Lənkəran, Astara, Hacıqabul, Salyan, Kürdəmir və digər Azərbaycan vilayətlərində də həyata keçirilmiş, bu bölgələrdə 6000 insan qətlə yetirilmişdir.
İrana aid Cənubi Azərbaycan mahalında isə hakim fars rejiminin fəaliyyətsizliyi şəraitində Urmiya, Xoy, Maku və Səlmasda ümumilikdə 100000 azərbaycanlı qətlə yetirilmişdir.
Baş Hakim Hamazaspın Quba cinayətləri barədə də Baberovskinin yazdıqlarının oxunmasını vacib bildi, yazılanlar oxundu. Belə ki, Baberovski qeyd edir ki, 1918-ci il aprelin sonlarında Hamazaspın və bolşevik komissarı Venuntsun başçılıq etdikləri 2000 əsgərdən ibarət erməni hərbi qrupu Bakıdan Quba istiqamətinə yollanmış, Şaumyan və Korqanovun “əksinqilabçılara dərs vermək” əmrini yerinə yetirmişlər. Onlar Qubaya girəndə Hamazasp yerli əhaliyə elan etmişdi ki, sizdən ermənilərin qisasını almağa gəlmişik, “mənə verilən “Dəniz kənarından Şahdağa qədər bütün müsəlmanları qırmaq” əmrini yerinə yetirəcəyik”.
Baberovskinin yazdığına görə erməni əsgərlər tərəfindən ağlasığmaz vəhşiliklər törədilirdi. Bir gün ərzində şəhərin 2000 sakini öldürülmüş, mərkəzdəki 150 ev dağıdılmışdı. Bundan əlavə, Hamazaspın alayı Quba rayonunda 122 kəndi yandırmışdı, hətta ağ bayraq qaldırsalar belə, kəndliləri güllələmişdilər.
Sonra Baş Hakim Quba qətliamını ümumi qiymətləndirdi:
-1918-ci ilin aprelində Quba uyezdində baş verən hadisələr hədsiz qəddarlıqla səciyyələnirdi. Bakıdan Şaumyan tərəfindən göndərilmiş Hamazaspın daşnak dəstəsi Quba şəhərinin əhalisinə qan uddurdu, uyezdin 122 kəndini yandırdı. Bircə gün ərzində Hamazaspın əsgərləri Qubanın 2000 sakinini öldürdülər, 150 evi dağıtdılar. Ümumilikdə Quba uyezdində 16 min insan qətlə yetirildi ki, bunların 12 mini təkcə ləzgi xalqına aid idi. Digər 4 minin içində isə azərbaycanlılarla – yəni türklərlə yanaşı tatlar, dağ yəhudiləri də var idi. Quba qətliamı qətlə yetirilənlərin beynəlxalq tərkibinə görə digərlərindən fərqlənir.
Auditoriya bu xəbəri dərin təəssüflə qarşıladı.
Baş Hakim özü də halının xeyli pisləşdiyini hiss etdi, monitorda quyudan tapılan insan qalıqları nümayiş edildikdə auditoriya bir ağızla erməni millətçilərinə lənət oxumağa başladı, bu işi 102 il öncə həyata keçirən Hamazasp sanki lənətləri duydu, yerində qurcuxmağa başladı.
Baş Hakim azacıq toxtayıb söylədi:
-Gördüyünüz kadrlar çox dəhşətlidir, deyilmi? İnanılmaz bir olay baş verdi. Qubada qətliamdan düz 89 il sonra insan sümükləri aşkarlandı. Bu, insanlığa erməni faşizmini əyani sübut etdi. Bilirsiniz, tarixi faktları kitabdan oxumaq, ekrandan izləmək bir başqa effekt verir, amma onun hər hansı izini canlı görmək bir başqa effekt verir. Bu barədə çox istərdim ki, hadisənin canlı şahidi, Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyev, Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev və ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev qısaca danışsınlar.
Öncə Ələddin Mirzəyev danışdı:
.-2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edildi və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olundu. Bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəllələrinin və bədən sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Ardınca Qəhrəman Ağayev söz aldı:
-Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doluydu. Bu, ermənilərin 90 il əvvəl Qubada dəhşətli soyqırım həyata keçirdiyini sübut edirdi. İnanın ki, dəhşətdən orada işləyə bilmirdik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyirdi.
Nəhayət, Əsgər Əliyev söz aldı:
-Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuya yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Çoxlu insan kəlləsinə rast gəlinir, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıbmış. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur. Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər.
Bundan sonra Baş Hakimin istəyi ilə Quba qətliamı daha geniş şəkildə publikaya çatdırıldı.
Mətni Baş ekspert özü oxuyası oldu:
-1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu Quba oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında ermənilər heç bir rol oynamamışdılar. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu. Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.
1918-ci il mart qırğınlarından sonra Bakıda qurulmuş bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar vermişdi. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Gelovaniyə tapşırıldı. Gelovaninin əsasən ermənilərdən və bir neçə nəfər rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar öz növbəsində şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərdilər. Nümayəndələr Gelovanidən bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Gelovani qubalıların xahişinə hörmətlə yanaşdı və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə etdi. Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən könüllü olaraq tanınmasını gözləmədən, milliyyətcə gürcü olan Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil oldu və qubalıları fakt qarşısında qoydu.
Baş Hakim özünü saxlaya bilməyərək “Və?” sualını ünvanladı, hadıslələrin davamını öyrənməyə səbirsizləndi. Baş ekspert davam etdi:
-Təbii ki, Quba sakinləri, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların müsəlman əhalisi üzərində ermənilər tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda yaşayan bir çox əslən qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Baş verə biləcək qisasın qarşısını almaq üşün şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu tədbirlərdən biri 200 erməninin həyatını hər hansı təcavüzdən qorumaq məqsədi ilə şəhər həbsxanasında yerləşdirilməsi idi. Qubalılar erməniləri yaxşıca yedirdir, onların evlərindən və əmlakından muğayat olurdular. Şəhərdə vəziyyət tam sakit və nəzarət altında idi. Lakin Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk nümayəndəsi Gelovani ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları evlərinə buraxdırdı. Qubalılara da Sovet hakimiyyətini qəbul etmək üçün “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verdi.
Baş Hakim növbəti replikasını atdı:
-Hətta belə!
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)