Super User

Super User

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Biz düzgün qidalanmadan danışdıq. Hökmən ən faydalı ərzaqlar olan bal və bitki yağlarından bəhs edəcəyik demək. Bu yerdə rasionumuzda ən geniş yayılmış çay da əsas mövzu obyekti olacaq. 

Bitki yağları adı altında əllərinə nə gəldi satırlar. Çaylar büsbütün boyaq maddələrindən ibarətdir. Satılan bal isə çiçəkdən yox, şəkər tozundan şirələnib. Bəs nə edək? Keyfiyyətli ərzağı hardan tapaq? 

Əlbəttə ki, “Ataşah”a üz tutun! 

 

Bitki yağları

“Ataşah” kompaniyası müxtəlif bölgələrdə ekoloji təmiz üsulla yetişdirilmiş bitkilərdən soyuq sıxım yolu ilə bitki yağlarını istehsal edir. Məhsulların xüsusi qablaşdırmada, özünəməxsus nəcib dizaynla təqdim edilməsi keyfiyyətin daha üstün olan göstəricisidir. 

“Ataşah” brendi altında çıxan yağlar bitkilərin faydalı xüsusiyyətlərini tam saxlamaq üzrə ən effektiv metod olan kriogen texnologiyası yolu ilə istehsal edilir, bu yağlar sağlamlığın və uzunömürlülüyün keşiyində dayanır.

Nar çəyirdəyi yağı isə dünyada bir ilkdir. 

 

Çay

“Ataşah” kompaniyası Azərbaycanın cənub bölgəsinin dağətəyi ərazisində, elit seleksiya sortlarından salınmış çay plantasiyalarında aparıcı çay mütəxəssislərinin rəbərliyi altında yetişdirilmiş ”PREMİUM ÇAY”ı qablaşdırıb istehlakçıya çatdırır. 

“ATAŞAH”-ın eksklüziv sifarişi olan, 100% ekoloji təmiz, zərif ətirli, gözəl tama malik bu çay bütün gigiyenik və texnoloji şərtlər nəzərə alınmaqla iyul-avqust aylarında bir və ikiyarpaqlı fleşlərdən seçilərək  yığılır  və “Astaraçay” fabrikində emal edilərək qablaşdırılır.

 

Bal

“Ataşah” kompaniyası Azərbaycanın şimal zonalarında arıçıların yetişdirdiyi ən keyfiyyətli və saf bal məhsullarını sağlam yaşamaq amacında olan ailələrin mənzillərinə çatdırır.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə, 18 Oktyabr 2023 11:30

“Qara dillər” - ESSE

Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”

 

Biz  birlikdə bir musiqi idik: mən ürəyimin sözünü sətrə düzmüş, sən də qəlbinin səsini  notlara köçürmüşdün. Ruhlarımızı birləşdirib yeni bir imza atacaq, yazdığımız musiqiləri səsləndirib başqalarının ruhumu oxşayacaqdıq. 

 

Pianonun notları kimi ağlı-qaralı günlərimiz olacaqdı, amma ağların sayı qaralara üstün gələcək, bizim xoşbəxtliyimizə mane ola bilməyəcəkdi. Çünki qaralar bir-birindən ayrıdır, onların qoşunu pərən-pərəndir, ağlar isə bir-birinə sıx bağlıdır, dəstəkdirlər. 

Minorlardan majorlara keçidi öyrənəcək, daha da güclənəcəkdik. Bəzən səsimiz forte olub yüksək səslənə bilərdi, bunun da qarşısın alıb piano ilə sakitləşəşəcəkdik.

Aşağı, yuxarı oktavalarda enişli-yoxuşlu yollarımız hələ qabaqda idi. 

İlk bənddən hər şey yaxşı başlamışdı. Nəqarətimiz də musiqimizin zirvəsi ola bilmişdi, fəqət bilmədim, nəqarəti təkrarlamaqmı bizə baha başa gəldi?!

Axı nə idi aramızda hasartək hörüldü?! Kim idi qaratikan?! Yoxsa mənim vərəqimdəki millər və sənin pianondakı qara dillər ağ dünyamıza öncədən iz salmışdı?!  Bu izlərdimi sonda boğazımızda ilişib qalmış səsimizi dünyaya çatdırmağa yol verməyən?!

Yox, belə olmamalı idi, kiçik izləri silməyə nə vardı ki.

Yaxşı, qoy bu suallarım ritorik olsun. Ancaq bir sualıma cavab ver. Mən şerimin sonunda üç nöqtə qoymuşdum. Niyə silib bir nöqtə etdin?

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

İLHAM ƏLİYEVİN PREZİDENTLİYİNİN 20 İLLİYİNDƏ MƏDƏNİYYƏTİMİZƏ BAXIŞ

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği Ulu Öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu və bu ənənə indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsinə, diplomatiyaya da xidmət edir.

İndi milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına və onun xarici ölkələrdə təbliğinə, tarixi abidələrimizin bərpasına hər zaman böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin bu sahədə gördüyü bənzərsiz işlərin bəzi məqamlarını müasir dünyamızın böyük siyasi liderinin öz fikirləri ilə oxucuya çatdıracağıq.

Xüsusi olaraq qeyd etməliyik ki, 2003-cü ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası sahəsində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanıldı. Son iyirmi ildəki mədəniyyət salnaməsini vərəqləyəndə ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.

Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 700-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib.

Bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu sahədə çalışanlara verdiyi yüksək dəyərin göstəricisidir. Bu sevgi Prezident İlham Əliyevin fikirlərində bir daha öz təsdiqini tapıb: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir”.

 

TEATR

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub. Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Prezidentin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul verdi.

Ölkədə teatr sənətinin inkişafına hər zaman diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına ünvanlandığı təbrik məktubunda deyib: “Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur”.

 

KİNOTEATRLAR

Mədəniyyətin önəmli qolu olan kinonun inkişafı da dövlətin və dövlət başçısının diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət uğurları qazanmışdır. Ötən əsrin xüsusən 50–80-ci illərində yaradılmış və milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir.

Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb. Kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəd olan həmin proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilib və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulub. Ölkə başçısının “Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır” fikri bir daha göstərir ki, bu sahənin inkişafı hər zaman diqqətdə saxlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 300-ə yaxın sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 70-dən çox ekran əsəri 70-ə yaxın ölkədə keçirilən 250-yə yaxın beynəlxalq film festivalında iştirak edərək 150 müxtəlif mükafat qazanıb.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur.

 

ƏDƏBİYYAT

Bu bir danılmaz həqiqətdir ki, kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub. Qeyd etdiyimiz kimi, Azərbaycanda kitabxana sahəsində bir neçə sənəd imzalanıb. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxana işinə yeni baxış formalaşdırdı.

Bu məqamda İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Həmin Sərəncama əsasən, artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilib və bu gün onlar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin müvafiq sərəncamları ilə nəşrə başlanan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnib.

Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu barədə deyib: “İlk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

 

MUSİQİ

Muğam öz yaşından ulu, mənəvi-ruhi duyğuların simsarı olan, fəlsəfi təməl üzərində qərar tutmuş möhtəşəm sənət növüdür. Əksər türk-müsəlman dövlətlərində muğam sənəti intişar tapsa da, hər ölkənin muğamı ifa manevrinə, boğaz tərzinə görə fərqlənir. Amma dünyada ilk dəfə məhz Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz – muğam ocağı yaradıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. 2008-ci il dekabrın 27-də qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirildi.

Mərkəzin açılışında çıxış edən Prezident İlham Əliyevin dediyi: “Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir.

Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz, ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir” fikirlər yaşı minillikləri adlayan muğam sənətimizə verilən ən böyük qiymətdir.

 

XALÇAÇILIQ

Xalçalarımız Azərbaycan xalqının məişətinə, həyat tərzinə o qədər yaxından daxil olub ki, müxtəlif zamanlarda onlarla bağlı miflər, əsatirlər də formalaşıb. Nağıllarımızda qədim dövrlərdə insanların uzaq səyahətlərə məhz xalçaların üzərində çıxmalarından söhbət açılır. Sonradan əcdadlarımızın mifik təsəvvürləri reallığa çevrildi, uçaqlar, minik vasitələri icad olundu.

Bu gün isə xalçalarımız dünyanı gəzir, həm özlərini, həm də Azərbaycanı tanıdırlar. Azərbaycan xalçalarının ölkə hüdudlarından kənarda sərgilərinin keçirilməsi və milli brendimizlə satışının təşkil edilməsi onların tanıdılmasının ən effektiv yoludur.

Yaxşı haldır ki, respublikamızda xalqımızın milli kimliyini təsdiqləyən sənət növlərindən olan xalçaçılıq ənənələrinin davam etdirilməsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyev Bakıda Xalça Muzeyinin açılışındakı çıxışında bu böyük sənət növünün qorunmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə, çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”.

Ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ötən beş il ərzində ölkəmizdə bu sahənin inkişafı istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.

 

YEKUN

Prezident İlham Əliyevin mədəniyyətimizin inkişafına, onun təbliğinə və gələcək nəsillərə ötürülməsinə hədəflənmiş çoxsaylı yorulmaz fəaliyyətinin hamısını əhatə etmək mümkün olmasa da, bir daha qeyd etməyə dəyər ki, bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun maddi və mənəvi irs siyahısına salınıb. Xüsusilə görkəmli sənət adamlarının -şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalaması və onların abidələrinin ucaldılması ilə bağlıdır.

Bir məqamı isə xüsusi olaraq vurğulamalıyıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə mədəniyyət xadimlərimizi daha yeni yaradıcılıq ruhuna kökləyib və hazırda ölkəmizdə qələbə ruhlu yeni əsərlər yaranır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edildi. 

Həmçinin bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib.

Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, heç şübhəsiz, dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsi, eyni zamanda, milli-mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 18:30

Qazax Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

APA-nın qərb bürosu xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

 

Əmrə əsasən, Allahverdi Musayev bu vəzifəyə təyinat alıb.

O, sözügedən teatrda aktyor, daha sonra isə quruluşçu rejissor kimi çalışıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 18:00

Günün fotosu: Laçın səması

Günün fotosu: Laçın səması

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Dəyərli oxucular!

Bu fotonu bir sosial media izləyicisi yayıb. Laçın səması lentə alınıb. İzləyici şəklin təqdimatında yazır: Şəklin üzərində səmada ağ buludların arasında nə görürsünüz? 

 

Bəli, orda Azərbaycanın xəritəsi görünür. 

Demirik ki, bu montaj deyil. Yəqin ki, kompüter qrafikası işidir.

Amma çox gözəldir, deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 17:30

OVQATda Yusif Nəğməkardan “Bayraqlandı şəhərim”

Günümüzün ovqatı nədir? Əlbəttə ki, Xankəndinə bayrağımızın sancılması, Qarabağımızın tam azad olunması.

 

“Ədəbiyyat və incəsənət” portalı Ovqat rubrikasında bu ovqata köklənən şeirlərin dərcini davam etdirir. Bu dəfə Yusif Nəğməkardan “Bayraqlandı şəhərim” şeiri gəlir. 

 

Yaddaşlara toxunub

Soraqlandı Xankəndim.

Kitab kimi oxunub

Varaqlandı Xankəndim.

 

Bir vaxt susdu haqları...

Qapandı qulaqları...

Qurudu bulaqları -

Quraqlandı Xankəndim...

 

Yağılar yolun kəsdi,

Namərd cəhdi əbəsdi!..

Başından yellər əsdi...

Daraqlandı Xankəndim.

 

Yol seçdi aramıyla,

Halalı, haramıyla...

Azadlıq məramıyla

Yaraqlandı Xankəndim.

 

Axar döndü əksinə -

Yoluna, səkisinə.

Üçrəng taxdıq köksünə -

Bayraqlandı Xankəndim.

 

Əridi qəm-qəhərim-

Nur bələndi səhərim -

Bu da ümid bəhərim -

Gözün aydın, şəhərim,

Çıraqlandı Xankəndim!

 

 “Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib

 

11-14 oktyabr 2023-cü il tarixlərində gözümüzdən uzaq olsa da ruhumuza çox yaxın olan, qədim türklərin tarixini, mədəniyyətini Tanrının lütfü ilə hifz edən müqəddəs Saxa (Yakutiya) Respublikasında  “Böyük qarın alqışı” (“Благодать большого снега”) adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib, festivalda Azərbaycanı ustad şair Ramiz Qusarçaylı təmsil edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Ramiz Qusarçaylı ilə əlaqə saxlayaraq səfər təəssüratlarını alıb:

-Azərbaycanı festivalda təmsil etdim. 

Qeyd edim ki, “Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf nazirliyi və Saxa(Yakutiya) Yazıçılar Birliyinin təşkilatçılığı ilə Saxa(Yakutiyanın) xalq şairi, bütün yakutların sevimlisi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.

Festivada Qazaxıstandan Almat İsadilov,  Qırğızıstandan Kojogeldı Gültekin, Moskva  Yazıçılar Birliyinin katibi Nina Popova, moskvalı şair və tərcüməçilərdən Vyaçeslav Kupriyanov, Sergey Qolovyuk, Anna Tokareva, Mariya Bazaleyeva, Arxangelskdən Yelena Kuzmina, Maxaçqaladan Supiyanat Mamayeva, Başqırdstandan Aleksandr Xvatkov və  Tatarıstandan Ayrat Bik-Bulatov iştirak edirdilər.

Məni Yakutsk hava limanında Saxa (Yakutiya) Yazıçılar Birliyinin sədri  Qavril Androsov və  Saxa milli libasında iki nəfər əllərində duz-çörək və kumıs dolu çoronla qarşıladılar və şəhərin ən gözəl otellərindən biri olan  “Tıqın Darxan” otelində yerləşdik. 

Saxa (Yakutiya) Yazıçılar Birliyinin fəxri sədri, xalq şairi, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampeyeva və yeni sədr  Qavril Androsovla nahardan sonra biz Saxa (Yakutiya) Respublikasının Dövlət rəhbəri Aysen Nikolayevlə görüşdük.    

Qəbulda çıxış etdim, ölkəmizin möhtəşəm qələbəsi, xalqımızın adət-ənənələri, ədəbiyyatımız və yaradıcılığım barədə məlumat verdim, Dövlət rəhbərinə qələbəmizi, xalçalarımızı, Qubanın ağ almasını özündə əks etdirən buklet və suvenirlər hədiyyə etdim. Dövlət rəhbəri sevincimizə şərik olduğunu bildirdi və xalqımıza səmimi salamlarını çatdırmağı xahiş etdi.

M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış tədbiri oldu, tədbirdə çıxış etdim, universitetin tələbələri  rus və yakut dillərinə tərcümə olunmuş şeirlərimi söylədi. 

Üç gün davam edən festivalda şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyduq, doğulduqları kənddə və ev muzeylərində  olduq. 

Saxa Media Holdinqdə yerli jurnalistlərlə keçirilən görüşdə, Yakutsk şəhərində fəaliyyət göstərən iki orta məktəbdə və Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzində keçirilən görüşlərdə iştirak və çıxış etdim. 

Yakutsk-Qornıy Ulus yolunda yerləşən və müxtəlif əlvan rəngli lentlərlə bəzənmiş Şaman ocağını, rəmzi məna daşıyan Los (maral) heykəlini ziyarət etdik.  

13 oktyabr 2023-cü il tarixdə Saxa (Yakutiya) Yazıçılar Birliyi adından təşkil edilən festivalın rəsmi bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev məni Azərbaycan və Saxa (Yakutiya) Respublikaları arasındakı yaradıcı xidmətlərimə görə öz imzası olan Fəxri Fərmanla təltif etdi. Qeyd edim ki, nazir Qazaxıstan şairi Almat İsadilovu da Fəxri Fərmanla təltif etdi.

Saxa (Yakutiya) Yazıçılar Birliyinin rəhbərliyi də məni Fəxri Diplomla, qiymətli hədiyyələrlə təltif etdi.

Ziyafət zamanı mədəniyyət və incəsənət xadimlərinin çıxışları, tanınmış müğənni və sənət ustalarının ifaları, xoş çöhrələr, nikbin insanlar və maraqlı söhbətlər, türk dünyasının mənəvi saflığı, Turan ruhunun eşq çalarları sevgi dolu baxışlara və dadlı təamlara qarışıb yaddaşımda özünə əbədi yer elədi və bu barədə sonra...

Festivalın gedişi anbaan, saatbasaat Saxa (Yakutiya) Respublikasının mətbuat səhifələrində, TV və saytlarda operativ şəkildə işıqlandırılırdı.

Bir sözlə, geriyə gözəl təəssüratlarla döndüm.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 16:30

Altı qızın biri pəri

Qəşəm Nəcəfzadə Xalq şairiMəmməd Araz barədə xatirələri ilə “Ədəbiyyat və incəsənət”in xatirələr guşəsi

 

 

Məmməd Araz mənim üçün həmişə uzaqda olan şairdir. Uzaqda, yəni o mənada ki, həmişə ona tərəf getməyimə yer var. Əslində araya qoyulan bu məsafə onun istedadının əsas göstəricisi kimi iştirak edir. Gedirəm, o bir addım irəli gedir, çata bilmirəm. Demək, ədəbiyyat belə olurmuş.

 

Böyük hesab elədiyim şairlərə  asanlıqla yanaşa bilməmişəm. Eləcə kənarda dayanıb baxmışam, kitablarından  əlavə onların hərəkət və davranışlarında yeni şeirlərini oxumuşam. Məmməd Araz  mənim belə şairim idi.

Elə şair- oxucu  var ki, çox vaxt bunun fərqində deyil, yeri oldu, olmadı özünü  içəri soxur, özünü təqdim edir, tələm-tələsik şəkil çəkdirir, şeirlərinə ön söz yazdırır.

Sonra bu şəkillər, bu “ön söz”lər  bütün mətbuatı başına götürür. Və bu cür adamlar  yeni kitabını çap etdirərkən həmin yağlı sözlərdən bir- ikisini seçib hətta  kitabının üz qabığında dərc etdirir, şəkillər də ki, kitabın hər yerində, içində və çölündə.

Kitablarına ön söz yazdıranlar və ya özləri haqqında məşhur şairlərə fikir dedizdirənlər sonra bu sözlərin arxasında dayanaraq oxucuya təsir edir və sözün geniş mənasında meydan sulayırlar.  

Oğulsan, belələrinə bir söz de, o saat  Bəxtiyar  Vahabzadənin, Məmməd Arazın onların haqqında dediyi sözü qoyurlar adamın qabağına və tonundan hiss edirsən ki, bu hansı məqamda, deyək ki, tələsik, ayaq üstü bir vəziyyətdə deyilən bir cümlədir.

Son vaxtlar Məmməd Araz yaza bilmirdi, danışa bilmirdi və ona ön söz yazdıranlar vardı. Əlbəttə bu, şairə böyük məhəbbətdən irəli gəlirdi və bundan  istifadə edənənlər də çox idi.

Bir dəfə görüşlərin birində həyat yoldaşı şairin dediyi sözləri  Heydər Əliyevə “tərcümə” edəndə  kövrəldim. 

Məmməd Araz Allahın dilinə qayıtmışdı.  

O, indi  daha çox başa düşülürdü, oxunurdu, mənsə onunla heç tanış deyildim...

Mən Bəxtiyar Vahabzadəyə də yaxınlaşa bilməmişəm, Məmməd Arazla olduğu kimi, aramızda keçə bilmədiyim bir məsafə qalırdı və bəlkə də hər iki şairi mənim üçün göydən yerə (yanıma) enməyə qoymayan o məsafədir və indiyə kimi mən həmin məsafəni oxumaqla məşğulam.

Necə ki, bir şeirində Məmməd Araz yazırdı:

 

Qaldı uzaqlarda Naxçıvan, Bakı,

Sən indi uyuyur, indi yatırsan. 

Sən mənə o qədim nağıllardakı,

Uzaq işıqları xatirladırsan.

 

Qədim nağıllardakı o işıq kimidir mənim sevdiklərim də. İşıq yaxında ümumi topluma  çevrilir, amma uzaqda olanda sən ona rahat baxa bilirsən və həm də o işığın yanına getmək istəyirsən. 

Məmməd  Arazın çox sevdiyim bir şeiri var, “Altı qızın bir pəri”. Tələbə vaxtından əzbərləmişəm bu şeiri. Küçələri addımlayanda, pilləkənləri qalxanda və enəndə, ot çalanda, əsəbləşəndə həmin şeiri  əhvalıma çox üyğun bir şəkildə  oxuyardım, səbəbini də bilmirəm, niyə?

Dəryazı otlara vuranda içimdə və hətta ətrafda hiss ediləcək qədər deyirdim:

Altı qızın biri Pəri.

Pilləkənləri enəndə: Altı qızın biri Pəri

Əsəbləşəndə: Altı qızın bir Pəri.

İti dəryazım otların üstündə son akkordlarını vuranda artıq şeir də sürətlənirdi: Heyif onu atıb əri. Lap sonuncu gücdə başqa  bu misra gəlirdi “Pəri nədi, əri nədi” atrtıq bunu əsəblə deyirdim. Artıq bu etiraz idi. Qaçırdım: “Pəri nədi, əri nədi.” Hirslənirdim:  “Pəri nədi, əri nədi” bəlkə də bütün hərəkətlərimin və əsəbimin sevməyimin və unutmağımın elm aləminə məlum olmayan vəzni idi bu misralar. Unutmaqla razılaşmıram, “Pəri nədi,  əri nədi”, ölümlə  razılaşmıram, “Pəri nədi, əri nədi.”  Və bəzən şeir yazıb bitirə bilməyəndə kağız parçalarını cırıb atıram “Pəri nədi, əri nədi”

deyə. Bu şeirin ritmi məni həmişə idarə eləyib.

Sevəndə “Altı qızın biri Pəri”, təssüflənəndə  “Heyif onu atıb əri”, hirslənəndə ( və bəlkə də əsl sevgi burdadır) “Pəri nədi, əri nədi” söylədim.

Məmməd Araz ömrünün son günlərində “Azərbaycan təbiəti” jurnalının baş redaktoru idi. Xəstə olmasına baxmayaraq, hər gün işə gəlirdi. “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində yerləşən iş otağına gəlməyinə sürücüsü Mais kömək eləyirdi. Qolundan tutub çıxarırdı. Hərdən mən də şairlə qarşılaşırdım. Yenə aramızda bir kitab qədər məsafə. Bir dəfə Mais bərk tələsirdi, şairi yuxarı tez aparmaq istəyirdi. Belə bir tələsik məqamda, pilləkəndə şairin  qarşısından gözəl bir xanım keçdi, şair onun arxasınca boylandı. Mais də şairin qolundan dartdı ki, gəlsin. Məmməd Arazsa baxmağındaydı, mənə elə gəlir ki, o çox uzağa baxırdı. Bəlkə o, dodaqlarında bu misranı piçıldayırdı. “Altı qızın bir Pəri”.

Sonra şair Maisin köməkliyi ilə pilləkkənləri sürətlə çıxmağa başladı və məncə, o deyirdi “Pəri nədi, əri nədi...”

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gənc nəsildə kreativ düşüncənin inkişafına xidmət məqsədilə ənənəvi “Mənim düşüncəm” adlı uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Xətai Sənət Mərkəzinə istinadən xəbər verir ki, müsabiqəyə 9-21 yaş arası yaradıcılıq qabiliyyəti olan 800-dən çox uşaq və yeniyetmə və gənc 1200-ə qədər əsər təqdim edib.

Seçim zamanı mövzu, ölçü və texnika sərbəst olan müsabiqədə müəllifin yaşı nəzərə alınmaqla fərqli fikir, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn) və əvvəlcə sərgilənməmiş, kreativ düşüncəli yaradıcılıq nümunələrinə üstünlük verilib.

Müsabiqənin yekun sərgiləri bu gün və sabah - oktyabrın 17-18-də saat 16:00-da növbəli şəkildə Xətai Sənət Mərkəzində keçiriləcək.

Sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə çərçivədə təqdim olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

SUAL

Hörmətli “Ədəbiyyat və incəsənət”. Bu günlərdə evdə mərc gəldik ki, Bakıda neçə mədəniyyət xadiminin adına küçə var? Biz köklü bakılıyıq, Bakını bizim kimi kimsə tanıyammaz. Bununla belə, iki valideyin və dörd övlad hərə bir fərqli rəqəm dedi. Mərci kimin udması isə sizin bu sualı cavablandırmağınızdan asılı olacaq. 

Bakıda hansı mədəniyyət xadimlərinin adlarına küçələr var?

(Renat Salmanov, Bakı)

 

CAVAB

Bakıda hansı məşhur mədəniyyət xadimlərinin adına küçələr var?

Şair və yazıçılardan başlayaq:

Cavid, Mirəli Qaşqay, Əhməd Cavad, Mirəli Seyidov, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Tolstoy, Sabit Rəhman, Puşkin, Yesenin, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şıxəli Qurbanov, İslam Səfərli, Əliağa Vahid, Müşfiq, Süleyman Vəzirov, Seyid Əzim Şirvani, Nizami, Məhsəti Gəncəvi, Bəxtiyar Vahabzadə, Məhəmməd Hadi, Çəmənzəminli…

 

Sonra məşhur aktyorlara keçək: Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Həqiqət Rzayeva…

 

Bəstəkarlara nəzər yetirək: Asəf Zeynallı, Tofiq Quliyev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov…

 

Müğənnilərə baxaq: Şövkət Ələkbərova, Rəşid Behbudov. Müslüm Maqomayev, Həqiqət Rzayeva, Seyid Şuşinski, Mirzə Babayev, Xan Şuşinskinin adları yalnız musiqilərdə deyil, küçələrdə də yaşayacaq.

Rəssamlardan Əzim Əzimzadə, Səttar Bəhlulzadə, tarzənlərdən Mirzə Mənsur, Hacı Məmmədov…

Unutduqlarımız oldumu? Bəlkə də var. Ona görə də sonda üç nöqtələr qoyduq.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.