Qəşəm Nəcəfzadə Xalq şairiMəmməd Araz barədə xatirələri ilə “Ədəbiyyat və incəsənət”in xatirələr guşəsi
Məmməd Araz mənim üçün həmişə uzaqda olan şairdir. Uzaqda, yəni o mənada ki, həmişə ona tərəf getməyimə yer var. Əslində araya qoyulan bu məsafə onun istedadının əsas göstəricisi kimi iştirak edir. Gedirəm, o bir addım irəli gedir, çata bilmirəm. Demək, ədəbiyyat belə olurmuş.
Böyük hesab elədiyim şairlərə asanlıqla yanaşa bilməmişəm. Eləcə kənarda dayanıb baxmışam, kitablarından əlavə onların hərəkət və davranışlarında yeni şeirlərini oxumuşam. Məmməd Araz mənim belə şairim idi.
Elə şair- oxucu var ki, çox vaxt bunun fərqində deyil, yeri oldu, olmadı özünü içəri soxur, özünü təqdim edir, tələm-tələsik şəkil çəkdirir, şeirlərinə ön söz yazdırır.
Sonra bu şəkillər, bu “ön söz”lər bütün mətbuatı başına götürür. Və bu cür adamlar yeni kitabını çap etdirərkən həmin yağlı sözlərdən bir- ikisini seçib hətta kitabının üz qabığında dərc etdirir, şəkillər də ki, kitabın hər yerində, içində və çölündə.
Kitablarına ön söz yazdıranlar və ya özləri haqqında məşhur şairlərə fikir dedizdirənlər sonra bu sözlərin arxasında dayanaraq oxucuya təsir edir və sözün geniş mənasında meydan sulayırlar.
Oğulsan, belələrinə bir söz de, o saat Bəxtiyar Vahabzadənin, Məmməd Arazın onların haqqında dediyi sözü qoyurlar adamın qabağına və tonundan hiss edirsən ki, bu hansı məqamda, deyək ki, tələsik, ayaq üstü bir vəziyyətdə deyilən bir cümlədir.
Son vaxtlar Məmməd Araz yaza bilmirdi, danışa bilmirdi və ona ön söz yazdıranlar vardı. Əlbəttə bu, şairə böyük məhəbbətdən irəli gəlirdi və bundan istifadə edənənlər də çox idi.
Bir dəfə görüşlərin birində həyat yoldaşı şairin dediyi sözləri Heydər Əliyevə “tərcümə” edəndə kövrəldim.
Məmməd Araz Allahın dilinə qayıtmışdı.
O, indi daha çox başa düşülürdü, oxunurdu, mənsə onunla heç tanış deyildim...
Mən Bəxtiyar Vahabzadəyə də yaxınlaşa bilməmişəm, Məmməd Arazla olduğu kimi, aramızda keçə bilmədiyim bir məsafə qalırdı və bəlkə də hər iki şairi mənim üçün göydən yerə (yanıma) enməyə qoymayan o məsafədir və indiyə kimi mən həmin məsafəni oxumaqla məşğulam.
Necə ki, bir şeirində Məmməd Araz yazırdı:
Qaldı uzaqlarda Naxçıvan, Bakı,
Sən indi uyuyur, indi yatırsan.
Sən mənə o qədim nağıllardakı,
Uzaq işıqları xatirladırsan.
Qədim nağıllardakı o işıq kimidir mənim sevdiklərim də. İşıq yaxında ümumi topluma çevrilir, amma uzaqda olanda sən ona rahat baxa bilirsən və həm də o işığın yanına getmək istəyirsən.
Məmməd Arazın çox sevdiyim bir şeiri var, “Altı qızın bir pəri”. Tələbə vaxtından əzbərləmişəm bu şeiri. Küçələri addımlayanda, pilləkənləri qalxanda və enəndə, ot çalanda, əsəbləşəndə həmin şeiri əhvalıma çox üyğun bir şəkildə oxuyardım, səbəbini də bilmirəm, niyə?
Dəryazı otlara vuranda içimdə və hətta ətrafda hiss ediləcək qədər deyirdim:
Altı qızın biri Pəri.
Pilləkənləri enəndə: Altı qızın biri Pəri
Əsəbləşəndə: Altı qızın bir Pəri.
İti dəryazım otların üstündə son akkordlarını vuranda artıq şeir də sürətlənirdi: Heyif onu atıb əri. Lap sonuncu gücdə başqa bu misra gəlirdi “Pəri nədi, əri nədi” atrtıq bunu əsəblə deyirdim. Artıq bu etiraz idi. Qaçırdım: “Pəri nədi, əri nədi.” Hirslənirdim: “Pəri nədi, əri nədi” bəlkə də bütün hərəkətlərimin və əsəbimin sevməyimin və unutmağımın elm aləminə məlum olmayan vəzni idi bu misralar. Unutmaqla razılaşmıram, “Pəri nədi, əri nədi”, ölümlə razılaşmıram, “Pəri nədi, əri nədi.” Və bəzən şeir yazıb bitirə bilməyəndə kağız parçalarını cırıb atıram “Pəri nədi, əri nədi”
deyə. Bu şeirin ritmi məni həmişə idarə eləyib.
Sevəndə “Altı qızın biri Pəri”, təssüflənəndə “Heyif onu atıb əri”, hirslənəndə ( və bəlkə də əsl sevgi burdadır) “Pəri nədi, əri nədi” söylədim.
Məmməd Araz ömrünün son günlərində “Azərbaycan təbiəti” jurnalının baş redaktoru idi. Xəstə olmasına baxmayaraq, hər gün işə gəlirdi. “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində yerləşən iş otağına gəlməyinə sürücüsü Mais kömək eləyirdi. Qolundan tutub çıxarırdı. Hərdən mən də şairlə qarşılaşırdım. Yenə aramızda bir kitab qədər məsafə. Bir dəfə Mais bərk tələsirdi, şairi yuxarı tez aparmaq istəyirdi. Belə bir tələsik məqamda, pilləkəndə şairin qarşısından gözəl bir xanım keçdi, şair onun arxasınca boylandı. Mais də şairin qolundan dartdı ki, gəlsin. Məmməd Arazsa baxmağındaydı, mənə elə gəlir ki, o çox uzağa baxırdı. Bəlkə o, dodaqlarında bu misranı piçıldayırdı. “Altı qızın bir Pəri”.
Sonra şair Maisin köməkliyi ilə pilləkkənləri sürətlə çıxmağa başladı və məncə, o deyirdi “Pəri nədi, əri nədi...”
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)