Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib
11-14 oktyabr 2023-cü il tarixlərində gözümüzdən uzaq olsa da ruhumuza çox yaxın olan, qədim türklərin tarixini, mədəniyyətini Tanrının lütfü ilə hifz edən müqəddəs Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” (“Благодать большого снега”) adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib, festivalda Azərbaycanı ustad şair Ramiz Qusarçaylı təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Ramiz Qusarçaylı ilə əlaqə saxlayaraq səfər təəssüratlarını alıb:
-Azərbaycanı festivalda təmsil etdim.
Qeyd edim ki, “Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf nazirliyi və Saxa(Yakutiya) Yazıçılar Birliyinin təşkilatçılığı ilə Saxa(Yakutiyanın) xalq şairi, bütün yakutların sevimlisi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.
Festivada Qazaxıstandan Almat İsadilov, Qırğızıstandan Kojogeldı Gültekin, Moskva Yazıçılar Birliyinin katibi Nina Popova, moskvalı şair və tərcüməçilərdən Vyaçeslav Kupriyanov, Sergey Qolovyuk, Anna Tokareva, Mariya Bazaleyeva, Arxangelskdən Yelena Kuzmina, Maxaçqaladan Supiyanat Mamayeva, Başqırdstandan Aleksandr Xvatkov və Tatarıstandan Ayrat Bik-Bulatov iştirak edirdilər.
Məni Yakutsk hava limanında Saxa (Yakutiya) Yazıçılar Birliyinin sədri Qavril Androsov və Saxa milli libasında iki nəfər əllərində duz-çörək və kumıs dolu çoronla qarşıladılar və şəhərin ən gözəl otellərindən biri olan “Tıqın Darxan” otelində yerləşdik.
Saxa (Yakutiya) Yazıçılar Birliyinin fəxri sədri, xalq şairi, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampeyeva və yeni sədr Qavril Androsovla nahardan sonra biz Saxa (Yakutiya) Respublikasının Dövlət rəhbəri Aysen Nikolayevlə görüşdük.
Qəbulda çıxış etdim, ölkəmizin möhtəşəm qələbəsi, xalqımızın adət-ənənələri, ədəbiyyatımız və yaradıcılığım barədə məlumat verdim, Dövlət rəhbərinə qələbəmizi, xalçalarımızı, Qubanın ağ almasını özündə əks etdirən buklet və suvenirlər hədiyyə etdim. Dövlət rəhbəri sevincimizə şərik olduğunu bildirdi və xalqımıza səmimi salamlarını çatdırmağı xahiş etdi.
M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış tədbiri oldu, tədbirdə çıxış etdim, universitetin tələbələri rus və yakut dillərinə tərcümə olunmuş şeirlərimi söylədi.
Üç gün davam edən festivalda şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyduq, doğulduqları kənddə və ev muzeylərində olduq.
Saxa Media Holdinqdə yerli jurnalistlərlə keçirilən görüşdə, Yakutsk şəhərində fəaliyyət göstərən iki orta məktəbdə və Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzində keçirilən görüşlərdə iştirak və çıxış etdim.
Yakutsk-Qornıy Ulus yolunda yerləşən və müxtəlif əlvan rəngli lentlərlə bəzənmiş Şaman ocağını, rəmzi məna daşıyan Los (maral) heykəlini ziyarət etdik.
13 oktyabr 2023-cü il tarixdə Saxa (Yakutiya) Yazıçılar Birliyi adından təşkil edilən festivalın rəsmi bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev məni Azərbaycan və Saxa (Yakutiya) Respublikaları arasındakı yaradıcı xidmətlərimə görə öz imzası olan Fəxri Fərmanla təltif etdi. Qeyd edim ki, nazir Qazaxıstan şairi Almat İsadilovu da Fəxri Fərmanla təltif etdi.
Saxa (Yakutiya) Yazıçılar Birliyinin rəhbərliyi də məni Fəxri Diplomla, qiymətli hədiyyələrlə təltif etdi.
Ziyafət zamanı mədəniyyət və incəsənət xadimlərinin çıxışları, tanınmış müğənni və sənət ustalarının ifaları, xoş çöhrələr, nikbin insanlar və maraqlı söhbətlər, türk dünyasının mənəvi saflığı, Turan ruhunun eşq çalarları sevgi dolu baxışlara və dadlı təamlara qarışıb yaddaşımda özünə əbədi yer elədi və bu barədə sonra...
Festivalın gedişi anbaan, saatbasaat Saxa (Yakutiya) Respublikasının mətbuat səhifələrində, TV və saytlarda operativ şəkildə işıqlandırılırdı.
Bir sözlə, geriyə gözəl təəssüratlarla döndüm.
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)