Super User
Arzulayın!!!- ESSE
Eminquey Akif yazır
İkimərtəbəli, mansartı olan xudmani, sarı rəngli bir evim olacaq. Evimin dörd bir yanı həyət. Həyətdə sarmaşıqların, çiçəklərin ağuşuna aldığı, dostlarımla, sevdiklərimlə oturmağa bir yer. Qışda həyətdə manqal qalayıb şabalıd qovuracam. Samovar qalayacam. Sevdiklərimlə gözəl vaxt keçirəcəm.
Həyətdə ağaclar olacaq, yaşıllıq olacaq. Yayda anam, həyat yoldaşım otluğun üstündə, ağacın dibində yerdən süfrə hazırlayacaq. Qonaq dəvət edəcəyik. Qızım Günəş dostlarımın övladları ilə həyətdə oynayıb, deyib-güləcək. "Ata" deyib üstümə cumacaq, qucaqlayacaq məni.
Eyvanımız olacaq, bir də Gün işığının səhər yuxudan oyatdığı pəncərələr. Hər səhər o eyvana çıxıb, pəncərəni açıb bir siqaret yandırıb kofemi içə-içə Günəşin istisini, sarmaşıqların, çiçəklərin qoxusunu udacam.
Anam üçün bir mətbəx düzəltdirəcəm ki, 30 ilə yaxın darısqallıqdan çəkdiyi əziyyəti unuda bilsin. Hərənin öz çarpayısı olacaq, hərənin öz otağı olacaq. Hərənin öz çarpayısı olanda o bu dünyadan gedəndən sonra bir çarpayılıq xatirəsi qalır, yeri görünür. Mən hələ də yaşadığım evdə atamın yatdığı yeri tapa bilmirəm.
Bütün çərçivəsiz xoş anlarımızın çərçivəli fotoları qonaq otağının divarlarını bəzəyəcək. Və atam... o isə həmişəki kimi anamın çarpayısının baş ucunda - divardan asılıb ömür gün yoldaşını izləyəcək. Anam yenə də gecə yerinə uzananda atama "gecən xeyirə" deyəcək, səhər yuxudan oyananda "sabahın xeyir". Amma bu dəfə təkcə şəklinə baxıb deməyəcək bu sözləri, həm də yanındakı boş yerlə "kaş yanımda olaydın" deyib söhbətləşəcək gecələr. Qızım Günəşə babasından danışacaq. Babası bizi görüb xoşbəxt olacaq, şad olacaq.
Gələcəkdə doğulacaq qızım, Günəş! Sən doğ(ul)masan qaranlıq olacaq hər yer. Bilmirəm, sən doğulacaqsan, ya yox, amma doğulsan, bir gün böyüyəcəksən və bu məktubu oxuyacaqsan. Mən Azərbaycan kişisiyəm. Mentallıqdan çıxmaq mənim üçün çətindir. İstəyirəm ki, sən sevgini mənim qorxumu gözünə almadan yaşaya biləsən. Amma biləsən ki, həmişə arxandayam, tək deyilsən. Sənə bu vaxta kimi heç bir dini təbliğ etməmişəm, seçimində azadsan. Amma bil ki, Allah var və mənə sənin kimi bir övlad qismət edib.
Səni məcbur etməyəcəm təhsilində. Əsas odur ki, biləsən, sən gələcəyin qadınısan və ayaqların üstündə durmağı bacarmalısan. Bunun üçün seçim sənindir. Amma mütləq savadlan. Gələcəyin üçün, övladların üçün, özün üçün. Bil ki, sənin həyatdakı yeganə məqsədin ailə qurmaq deyil. Və həyat ailəsiz də davam edə bilir. İşdir, birdən seçimində yanılsan, qorxma. Daima arxandayam. Amma öz ayaqların üstündə dayanmağı bacar ki, heç nədən çəkinməyəsən.
Unutma ki, sən böyük bir nəslin Günəşisən. Sən doğmasan, qaranlıq olacaq hər yer. Sən elə bir övlad yetişdirməlisən ki, cəsarətilə ağlını birgə işlədə bilsin. Amma qurbanın olum, övladına yaltaqlığı, susmağı öyrətmə. Övladına çörək qazansın deyə təhsil vermə. Övladını hamı üçün faydalı olsun deyə tərbiyələndir. Övladına qorxmamağı öyrət.
Mənimlə birgə film izlədiyin, musiqi dinlədiyin, teatra getdiyin, şeir, roman oxuduğun günləri xatırla. Və sən də övladlarınla birgə bunları et. Onlara nəyisə diqtə etmə, sadəcə, yönləndir.
Taleyin işini bilmək olmur. Birdən məni tez itirərsən, ona görə də mənə arxalandığın qədər özünə də arxalan. Məni unut, adımı unut və atdığın bütün addımları öz adına say. Yaxşısını da, pisini də. Sən nə mənə, nə də anana oxşamağa məcbur deyilsən. Amma bizə baxıb özün ola bilərsən, özünü tapa bilərsən.
Səndən bircə istəyim var, bircə. Özünü kiçik görmə. İnsan bəşər üçün doğulur, təkcə mətbəx üçün, ailə üçün, vətən üçün yox. O bəşərin içində bütün bunlar cəm olub.
Hə, bir də, ananın yanında məni qucaqlama, qucaqladınsa da ikimizi birdən qucaqla. Qısqanclıq bəşər-zad tanımır.
Arzulayın! Arzularınızı qeyd edin, bölüşün və daima var imiş kimi, gerçəkmiş kimi düşünün. Mütləq ki bir gün gerçəkləşəcək
P. S Ananı tapdıq, qızım!
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)
Evlənməyin yaşı 25-dir
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
+ Oğul neçə yaşın var?
- 23
+ Evli deyilsən yəqin ki?
- Xeyr. Nə üçün soruşduz?
+ Hələ tezdi əslində. Evlənməyin əsil yaşı 25-dir.
- Niyə məhz 25?
+ Bax, mənim oğlum xaricdə təhsil alır. Mənim də 43 yaşım var. Düşünürəm ki, mənə bir şey olsa və ya ehtiyac olsa, o bizə dayaq olmalıdır. Ümumiyyətlə, gərək övlad valideyninə dayaq, dəstək olsun. Ona görə də 25-dən gec olması çox pisdir.
- Sizcə, bəs övlad öz həyatını yaşamaq istəsə, birdən sizdən kənarda sərbəst şəkildə yaşamaq istəsə bəs onda necə? O zaman övlad nankor övladmı sayılır, ya yox?
+ Bilirsən, oğul, sən gəncsən, hələ bilmirsən. Biz dədə-babadan belə görmüşük, belə götürmüşük. Övladın borcudur ki, öz valideyninə baxsın. Yoxsa, biz onu nəyə dünyaya gətirmişikki ?!
Bizim də bir nəvə, nəticə sahibi olmaq haqqımızdı, ya yox ?!
- Dədə-babalarımızın zamana görə, məhdudiyyətlərə görə etdiklərini biz niyə təkrarlayıb adət-ənənə halına salmalıyıqki ?
Bizdə indiki dövrdə olan imkan və fürsətlər dədə-babalarımızda yox idi. Onun üçün də onların etdiklərini etməyə gərək yoxdur. Həm belə təkrarları təkrarlasaq, biz hansı yeniliyə əl atmış olarıqki ?!
Övlada elə missiya yükləmək doğru deyil axı. O zaman övlad da sizə belə bir cavab verməlidir: - “Məni dünyaya gətirərkən məhz düşünərək gətirməmisiniz, ətraf düşüncəsilə bu olub və mən də öz missiyamı bilmədən gəlmişəm." Onda, sözünüzdən belə çıxır ki, övlad məhkumdu, dayaq funksiyasını yerinə yetirir və məhkum da məhkuma bağlıdır.
+ Oğul, nəsə qarışıq danışdın. Başa düşə bilmədim. Ən yaxşısı, sən evlənməyi tam vaxtında et, dədə-babalarımızın etdiyindən kənara çıxma. Doğrusunu onlar biliblər.
- Əlbəttə, əlbəttə. Mütləq. Sürü psixologiyası ilə.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirilib
Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala konsert keçirilib.
AzərTAC xəbər verir ki, tədbirin əvvəlində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.
TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsinə göstərilən dəstəyə və həmişə Türk dünyasının yanında olduğuna görə təşəkkürünü bildirib. O, həmçinin bu il 100-ci ildönümü qeyd olunan Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib. “Təşkilatımızın 30-cu ilini Bakıda belə bir möhtəşəm konsert proqramı ilə keçiririk. Bundan əvvəl TÜRKSOY-un ildönümünü unudulmaz konsertlərlə Almatı, Bişkek, Daşkənd və Aşqabad şəhərlərində qeyd etmişik”, - deyə S.Rayev əlavə edib.
Gecədə 15 oktyabr tarixinin əlamətdarlığı, xalqımızın tarixi zəfərinin davamı olaraq Xankəndində Azərbaycan bayrağının Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldılması xüsusilə qeyd olunub. Prezident İlham Əliyevin 20 il öncə dövlət başçısı seçilərkən Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirdiyi və bu gün bütün Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurunu yaşadığımız vurğulanıb.
Sonra TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq artistləri Polad Bülbüloğlu, Şəfiqə Məmmədova, Nurəddin Mehdixanlı, Faiq Sücəddinov, Xalq rəssamları Fərhad Xəlilov və Sakit Məmmədov təşkilatın "Şərəf" medalı ilə təltif olunublar.
Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan olan vokalçılar, musiqi kollektivləri və rəqs ansamblların çıxışları ilə davam edib.
Konsert proqramı bütün kollektivlər və solistlərin iştirak etdiyi "Azərbaycan - odlar yurdu" kompozisiyası ilə yekunlaşıb.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində TÜRKSOY-un 30 illiyi münasibətilə təşkil olunmuş sərgi ilə də tanış olublar.
Qeyd edək ki, bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
V Məmməd Araz Poeziya Günü başlayıb
Məmməd Arazın anadan olmasının 90 illiyi ilə əlaqədar Birinci Fəxri xiyabanda Xəzər Universiteti Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə tədbir keçirilib.
AzərTAC xəbər verir ki, V Məmməd Araz Poeziya Günü çərçivəsində keçirilən tədbirdə Xəzər Universitetinin tələbələri, ədiblər və xalq şairinin ailə üzvləri və qohumları iştirak ediblər.
Universitetin tələbələri Məmməd Araz məzarı üstə şairin şeirlərindən və mahnılarından ibarət kompozisiya təqdim ediblər.
Tədbirə moderatorluq edən “Məmməd Araz Poeziya Günü” layihəsinin rəhbəri, universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı şairin yaradıcılığının əsas qayəsini yurdun azadlığı, müstəqilliyi və bölünməzliyi ideyasının, Bütöv Azərbaycan idealının təşkil etdiyini xüsusi vurğulayıb. O, tədbirlərin ilin sonunadək davam edəcəyini söyləyib.
Şair Ağacəfər Həsənli, “Ədalət” qəzetinin Baş redaktor müavini Əbülfət Mədətoğlu, iqtisadçı İsa Məmmədov, Xalq şairinin yaxın qohumu Rəşid Məmmədov çıxışlarında onunla bağlı xatirələrini danışıb, unudulmaz ədibin poeziyasına öz sevgilərini izhar ediblər.
Ölməz sənətkarın qızı Şəlalə İbrahimova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
TÜRKSOY Daimi Şurasının 41-ci iclası Türkmənistanda keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə oktyabrın 14-də Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının yekun tədbiri keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın çox uğurlu keçdiyini qeyd edib.
Nazir iclasda qəbul olunmuş qərarların həm TÜRKSOY, həm də üzv dövlətlər üçün faydalı olacağını bildirib.
İclasda maliyyə işlərinin tənzimlənməsi, kadr məsələlərin, iş qaydaları və sair məsələlər üzrə vacib qərarlar qəbul edilib.
Sonra mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev və quruma üzv olan ölkələrin nümayəndələri tərəfindən iclasda alınan qərarlarla bağlı sənədlərə imza atılıb.
İki gün davam edən iclasda bir sıra görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 41-ci iclası gələn ilin noyabr ayında Türkmənistanda keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
Rəsm qalereyası: Arif Hüseynov, “Miniatür”
Bakıda Xalq rəssamı Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgilər silsiləsinin sonuncusu - “Miniatürsayağı” adlı fərdi sərgisi açılıb. Ekspozisiyaya 50 miniatür daxildir.
Sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Rəssamlar İttifaqı, Milli İncəsənət Muzeyi, “HüsnАrt” Təsviri Sənət Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, sərginin kuratoru, sənətşünas Ziyarət Cabbarova və başqaları qeyd ediblər ki, Arif Hüseynovun rəsm əsərləri – istər qrafika, illüstrasiyalar və ya miniatürlər olsun – hadisələrdə, faktlarda, şəxslərdə təqdim olunan ölkə tarixi barədə məlumat daşıyır.
Qeyd edilib ki, Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. Bu yaxınlarda o, miniatür janrında 50 rəngli illüstrasiyaya yazdığı “Aşıq poeziyasının antologiyası”nı nəşr edib. Xalq rəssamı bir dəfə demişdi: “Ümid edirəm ki, bir zaman ölkəmizdə Beynəlxalq Miniatürlər Mərkəzi yaradılacaq. Bu mənim xəyalımdır. Mən hər zaman təkrar edirəm: Bakıda Muğam Mərkəzi, Xalça Muzeyi var və Miniatürlər Mərkəzinin yaranmasına ehtiyac var”.
Qeyd edək ki, sərgi oktyabrın 20-dək davam edəcək.
(AzərTAC-ın materialları əsasında)
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
İstanbulda Gəncə Dövlət Dram Teatrının təqdimatında “Kral ölür” tamaşası oynanılıb
İstanbulda Azərbaycanın Gəncə Dövlət Dram Teatrının təqdimatında Ejen İoneskonun “Kral ölür” adlı absurd komediyası oynanılıb.
AzərTAC xəbər verir ki, tamaşa İstanbulda keçirilən V Beynəlxalq Maltepe Teatr Festivalı çərçivəsində, şənbə günü nümayiş olunub.
Əsərdə hadisələr Beranje krallığında birinci Beranjenin sarayında baş verir. Günlərin birində kral bir neçə saatdan sonra öləcəyini öyrənir. Ölümün adi sözlə, iki-üç kəlmə ilə çatdırılması Beranje üçün gülməli və qeyri-təbii təsir bağışlayır. Lakin zaman keçdikcə kral vəziyyətin ciddiləşdiyini, ətrafındakı insanların onu taleyi ilə baş-başa buraxdıqlarını anlayıb məyus olur. Bu məyusluq o qədər güclü olur ki, bir az əvvəl “ölmərəm” deyib hayqıran Beranje ölümə öz xoşu ilə razılıq verir.
Tamaşanın quruluşçu rejissoru S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir.
Əsas rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov iştirak edirlər.
Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikaranın təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna olmaqla 22 ölkədən 200-ə yaxın teatr işçisi iştirak edir. Beş gün davam edən festivalda ümumilikdə 20 səhnə əsəri oynanılır.
Azərbaycanı tədbirdə aktyorlarımızla yanaşı, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov və festivalın beynəlxalq münsiflər heyətinin tərkibində Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir.
“Kral ölür” tamaşasının festival çərçivəsində İstanbulda ilk təqdimatı oktyabrın 12-də reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
Adil Kərimli: Şuşada bu cür tədbirlərin keçirilməsi bütün Türk dünyasına önəmli bir mesajdır
I TÜRK DÜNYASI MƏDƏNİYYƏT FORUMU İLƏ BAĞLI MƏDƏNİYYƏT NAZİRİ ADİL KƏRİMLİ ŞUŞADA JURNALİSTLƏRƏ AÇIQLAMA VERDİ
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli söylədi:
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş I Türk Dünyası Mədəniyyət Forumu iki gün ərzində Şuşada davam etdi. Panellərdə maraqlı mövzular müzakirə edildi. Türk dünyasının görkəmli mədəniyyət xadimləri, mütəxəssisləri, türk mədəni irsinin təmsilçiləri məhz burada yığışaraq, həm ortaq türk mədəni irsi ilə bağlı, həm də dil və ədəbiyyat sahəsində çox maraqlı və vacib müzakirələr apardılar.
I Türk Dünyası Mədəniyyət Forumunun sonunda bütün forumun iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edildi. Şuşa Bəyannaməsinin vacib istiqamətlərindən biri ondan ibarətdir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə təqdim edilmiş bu platforma dayanıqlı bir formata çevrilsin. Bu təşəbbüsün və imkanın yaradılmasına görə forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürümüzü bildiririk.
Şuşada “Türk dünyasının mədəniyyət paytaxtı”nda bu cür tədbirlərin keçirilməsi bütün Türk dünyasına önəmli bir mesajdır”.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində 9 bənddən ibarət Şuşa Bəyannaməsi qəbul olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumu öz işini başa vurub.
2-ci iş günündə - oktyabrın 14-də forum iştirakçıları tərəfindən Şuşa Bəyannaməsi qəbul edilib.
Bəyannamədə qeyd olunur:
1. Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün iştirakçılar adından təşəkkür edirik.
2. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı Şuşaya Böyük Qayıdışı və bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini və mədəni mühitin canlandırılmasını alqışlayırıq.
3. 30 illik işğal dövründə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində Türk dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi tarixi və mədəni abidələrin geniş miqyaslı dağıdılması, həmçinin mədəni mülkiyyətin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq pozuntularını qəti şəkildə pisləyir və bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən bu məsələdə sərt mövqe tutulmasını tələb edirik.
4. Şuşada baş tutan diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində türk mədəniyyətinin dünəni, bu günü və sabahı nəzərə alınaraq mövcud çağırışların birgə əməkdaşlıqda həlli üçün yeni mexanizmlərin yaranmasını dəstəkləyirik.
5. Türk dilləri və ədəbiyyatı vasitəsilə ortaq mədəni mövqeyimizin gücləndirilməsini zəruri hesab edir və bu irsin rəqəmsal mühitə transformasiyasını sürətləndirməyə çağırırıq.
6. I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində əldə edilmiş müsbət nəticəni nəzərə alaraq türk tarixi-mədəni irsinin araşdırılması, bərpası, mühafizəsi və təbliği sahəsində birgə fəaliyyət və ən yaxşı təcrübənin bölüşülməsinə xidmət edəcək Türk dünyasının İrs üzrə rəhbərlərinin şəbəkəsinin yaradılmasını alqışlayır və mütəmadi əsaslı platforma fəaliyyətinə başlamasını tövsiyə edirik.
7. Türk dünyasında mədəni marşrutlar proqramının təsis edilməsini və ilk mədəni marşrutun yaradılması təşəbbüsünü perspektivli ortaq layihə kimi yüksək qiymətləndirir və bütün maraqlı tərəfləri bu təşəbbüsün irəlilədilməsində fəal iştiraka çağırırıq.
8. Mədəniyyətin rəqəmsallaşması, habelə XXI əsrdə türk mədəniyyəti qarşısında duran çağırışlara cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət sahəsindəki yaradıcı sənayelərin ortaq bazarların yaradılması üzrə müzakirələrin intensivləşməsini təklif edirik.
9. Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılmış Türk Dünyası Mədəniyyət Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini bir araya gətirən mühüm universal platforma kimi uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir keçirilməsini təklif edirik.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)