Super User
İstanbulda Beynəlxalq İpək Yolu Film Festivalı keçiriləcək
11-ci dəfə təşkil olunacaq Beynəlxalq İpək Yolu Film Festivalı dekabrın 15-18-də keçiriləcək. İstanbulda təşkil olunacaq festival Türkiyənin Kino və Televiziya İşi Sahibləri Peşəkar Dərnəyi (SETEM) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “setem.org.tr” saytına istinadən xəbər verir.
Festivalda İpək Yolu coğrafiyasından seçilən filmlər nümayiş etdiriləcək. Festivalın builki poster dizaynında Qırğızıstanda Çingiz Aytmatov Muzeyinin bağçasında yerləşən Göytürklər dövrünə aid Umay Ana heykəlindən istifadə olunacaq.
10 fərqli milli və beynəlxalq kateqoriyada mükafatların təqdim ediləcəyi festivalda münsiflər heyətinin seçdiyi film “İpək Yolu qardaşlıq mükafatı”na layiq görüləcək.
Festivala qatılmaq istəyənlər oktyabrın 1-dək müraciət edə bilərlər. Ətraflı məlumatı “setem.org.tr” saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Hauz və Mitçelin «Yol – məqsəd» adlı liderlik modeli
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
Bəri başdan deyim ki, mən Hauz və Mitçelin «Yol - məqsəd» adlı menecment referatını oxuyanda ikiqat məmnunluq hissləri keçirmişəm.
Niyə? Çünki öncə liderliyin bu situasiya modelini çox bəyənmişəm, onun şərtləri ilə diqqətlə tanış olduqca teoriya ilə praktikanın mükəmməl nəticəyə yönəlmiş vəhdətini duymuşam.
İkinci hissləri isə Terens Mitçel və Robert Hausun bu fundamental əməyi ilə şəxsən tanış olmadığım halda öz praktikamda – həm auditorluq, həm konsaltinq, həm də biznes fəaliyyətimdə idarə və şirkətlərimdə çalışan işçilərlə münasibətdə məhz bu modeldən bəhrələnməyim doğurub, bir sözlə, bu görkəmli şəxslərlə eyni fikirliliyim doğurub.
Nədir «Yol – məqsəd?» Odur ki, lider məqsədə çatmaq üçün yolu hamarlaşdırır, daş-kəsəkdən təmizləyir ki, rahat şütüyə bilsin. Burada «hamarlaşdırma, daş-kəsəkdən təmizləmə» anlamı özlüyündə işçiləri yaxşıca stimullaşdırmaqla maddi və şəxsi problemlərindən qoparmağı, onların «diqqət və qayğı görmək, fikirləri ilə hesablaşmaq» tələbinə müsbət cavab verməyi ehtiva edir.
Qısası, bu modelin mahiyyəti işçilərin ortaya qoyduqları işlə son nəticədə maraqlı olmaları asılılığından ibarətdir, yəni ki, gördükləri işin müqabilində, loru dillə desək, işçilər yaxşıca ənam gözləyirlər. Modelin müəllifləri bildirirlər ki, liderlik effektivliyi ilə ardıcılların motivasiya gözləntilərinin səviyyəsi arasında birbaşa əlaqə vardır.
Model 4 lider stilini (direktiv, dəstəkləyici, nailiyyətə köklənmiş, idarəetmədə iştirak stili) aşağıdakılara uyğun müəyyənləşdirir:
1. Şərait faktorlarına rəğmən işçilərin xarakteristikası:
a) uğurlu nəticəyə inanan;
b) tabeçiliyə meyilli;
c) qabiliyyət dərəcəsi.
2. Təşkilatı faktorlar:
a) işin məzmunu və strukturu;
b) formal idarəçilik sistemi;
c) qrupun mədəniyyəti;
d) ardıcıllarının davranışı əsasında.
3. İşdən məmnunluq:
a) yaxşı işləyirəm, yaxşı da qazanacağam.
4. Motivasiya:
a) daha çox səy göstərim, daha yaxşı nəticə mütləq olacaq;
b) bu nəticəyə görə təltif olunacağam.
İndi də gəlin qısaca 4 lider stilinin xarakteristikasına nəzər yetirək:
1. Direktiv stil.
Məğzində işçinin stimullaşdırılması dayanan bu stil işçilərin müstəqilliyə və muxtariyyata can atmamaları zamanı təşəkkül tapır. Stimullaşacaqlarını bilən işçilər əmr və tapşırıqları alıb görüləcək işləri mümkün qədər tez görmək istəyirlər. Lider isə dəqiq tapşırıqlar verməklə işin müsbət sonluğunu şərtləndirir.
2. Dəstəkləyici stil.
Bu stildə stimullaşacaqlarını bilən, bununla belə yenə də özlərinə hörmət tələb edən işçilərlə onlardan qayğısını əsirgəməyən liderin münasibətləri öz əksini tapır.
3. Nailiyyətə köklənmiş stil.
Bu stildə işçilər nailiyyətlərə tam köklənmiş olur, hədəfi vuracaqlarına tam əminlik duyurlar. Lider isə onların hər biri qarşısında dəqiq məqsəd qoyaraq onlara yüksək nəticə qazanmağın vacibliyini aşılayır.
4. İdarəetmədə iştirak stili.
İşçilərin özlərini idarəetmədə görmələri bu stilin əsasını təşkil edir. Lider onlarla informasiya bölüşür, onların fikirləri ilə heçablaşmalı olur.
Beləliklə, uğur qazanmanın növbəti mərhələsi olan liderlik əldə etmək, liderlik qazanmaq yollarının ən qabaqcıl metodikası ilə qısaca tanış olduq. Və bu tanışlıq, bizə ən əsası, onu öyrətdi ki, liderlik xüsusiyyətləri qazanmaq yolunda öz üzərində çalışıb bir fərd kimi liderə xas bütün üstünlükləri (bilik, savad, müsbət davranış, müsbət xüsusiyyətlər, qabaqcıl praktik təcrübə) əxz etməyinlə yanaşı, öz potensial elektoratınla, ardıcılların və işçilərinlə münasibəti düzgün təməl üzərində qurmağın da əhəmiyyətli rol oynayır.
Bizim oteldə bir işçi vardı, tez-tez ondan şikayətlər gəlirdi ki, nizam-intizamı pozur, digər işçilərlə yola getmir. Hətta əlinin əyri olması, əyintilərə yol verib gizli pullar qazanması da bildirilirdi. Otel rəhbərliyi ondan canlarını qurtarmaq istəyir, məndən onu işdən azad etməyi xahiş edirdilər. Əlbəttə, bilavasitə bu işçi mənim rəhbərliyim altında olmadığından, mən Bakıda, onun iş yeri isə Qubada olduğundan elə bir tanışlığımız da yox idi, mən ona birbaşa təsir də göstərə bilməzdim.
Bir gün eşitdim ki, illərdir ailə qurub övlad sevinci yaşamadığı halda indi dünyaya övladı gəlib. Qubaya gedəndə pay-pürüşlə onun qapısını döydüm, təbrik etdim. İnsan bu gözlənilməzlikdən o qədər sevinmişdi ki, dili söz belə tutmurdu.
Ertəsi gündən o tamamilə dəyişildi. Artıq otel rəhbərliyi barəsində yalnız müsbət şeylər söyləyir, onu hey tərifləyir, möcüzə baş verdiyini deyirdilər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Azərbaycan və Gürcüstan Milli incəsənət muzeyləri əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Muzeydən AzərTAC-a bildirilib ki, sazişə əsasən hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.
Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi; beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. kimi məsələləri əhatə edir.
Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində bu ilin aprel ayının 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi keçirilib.
Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar baş tutan sərgi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək
Sentyabrın 22-24-də Ankarada möhtəşəm qəhvə festivalı keçiriləcək.
Türkiyə mediası xəbər verir ki, festivalda böyük qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və digər qəhvə sənayesi müəssisləri bir araya gələcəklər.
İştirakçılar, həmçinin festival çərçivəsində xüsusi dequstasiya və seminarlarda iştirak edə biləcək, canlı konsertlər və səhnə tamaşalarına baxmaq imkanı əldə edəcəklər.
Peru, İndoneziya, Qvatemala, Vyetnam və Rusiyadan olan qəhvə şirkətlərinin də qatılacağı festivalda İtaliya və Yunanıstandan mütəxəssislər müxtəlif tədbir və seminarlarda qəhvə həvəskarları ilə görüşəcəklər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Sabah Xəzər dənizi günüdür
ÇOX TƏƏSSÜF Kİ, XƏZƏR EKOLOJİ FƏLAKƏT GİRDABINDADIR
Dünyanın ən böyük gölü, adına dəniz dediyimiz Xəzərin sahilində yaşayırıq. Və sabah - avqustun 12-si Xəzər Günüdür. 2006-cı ildən başlayaraq hər il avqustun 12-də beş Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər Dənizi Gününü qeyd edirlər. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı bu barədədir.
17 il əvvəl 12 avqustda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib. Ətraf mühitin mühafizəsi və Xəzər dənizinin dəniz mühiti sahəsində beynəlxalq hüquq statusu almış Konvensiya dənizin mühafizəsinin hüquqi bazasına çevrilib. Konvensiya dəniz mühitinə insan təsirinin tənzimlənməsinin, Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi və bərpasının əsas istiqamətlərini müəyyənləşdirir.
Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günədək qorunub saxlanılan ən zəngin flora və fauna aləmi bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.
2020-2023-cü illərdə Xəzər dənizinə və Xəzərə axan çaylara 20 milyon 600 mindən çox balıq körpəsi buraxılıb.
Bütövlükdə regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə tökülən çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın artmasına səbəb olur.
XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddətdə səviyyə -26,5 metr həddinə çatıb. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günədək 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir. Hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən 28,6 metr aşağıdır. Keçən əsrin minimumundan isə bizi 40 santimetr fərq ayırır.
Xəzər dənizinin səviyyəsinin dinamikasının proqnozlaşdırılması mürəkkəb və mübahisəli məsələlərdəndir. Xəzərin qapalı su hövzəsi olduğunu nəzərə alaraq, çay axını, yağıntı miqdarı və buxarlanma üzərində aparılan hesablamalarla onun su balansının proqnozu verilə bilər. Lakin, həmin komponentlərin hər birinin proqnozunda çox böyük qeyri-müəyyənliklərlə üzləşirik. Alimlər Xəzərə axan çayların sululuğunu bilsələr də, əslində bu suyun nə qədərinin dənizə çatacağı məlum deyil. Həmçinin qeyri-iqlim amillər, məsələn, Xəzərin dibində tektonik proseslər də baş verir. Bu baxımdan, dəniz səviyyəsinin real azalması ilə bağlı gələcək tendensiyaların proqnozlaşdırılmasında yalnız iqlim modelləşdirməsinə etibar etmək kifayət deyil. Hələ ki, heç kim Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəqiq dinamikasını proqnozlaşdıra bilməyib.
Qarşıdakı illərin tendensiyaları isə Xəzəryanı ölkələrin alim və mütəxəssisləri tərəfindən müzakirə olunur.
Xatırladaq ki, ötən il Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq konfransda iqlim dəyişmələri nəticələrinə uyğunlaşmanın mümkün ssenariləri və tədbirləri müzakirə edilib.
Əvvəlki illərdə olduğu kimi, bu il də avqustun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana aid bölməsinin şimaldan cənuba bütün sahil ərazilərində silsilə tədbirlər keçiriləcək.
Amma biz vətəndaşlara səslənirik. Bir baxın, sahili nə vəziyyətdə qoyursuz. Dənizdə çimir, quma uzanıb qaralır, sonra da orada yeyib içərək pet və şüşə butılkaları, qarpız və tum qabıqlarını, meyvə çəyirdəklərini yerə tullayıb gedirsiniz.
İnsafınız olsun!
Bir ucdan Xəzərə zəhərli tullantılar və çirkab sularını axıdan müəssisə rəhbərlərinə və buna göz yumanlara isə “sizə ar olsun” deyirik.
Şəkildə: Xəzər sahilində ölmüş suiti cəmdəyi.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Mədəniyyət naziri Adil Kərimli Tovuzda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində saat 10:00-da Tovuz rayonu Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi 3) Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 16 avqust 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Sabah Bakıda 41-42 dərəcə isti olacağı proqnozlaşdırılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə sabah - avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28°, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 36-40°, bəzi yerlərdə 42-43° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30°, bəzi yerlərdə 34-37° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 24-29°, bəzi yerlərdə 33-36° isti olacağı bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı ehtimal edilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi şərq yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimalı var.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39° isti, dağlarda gecə 22-24°, gündüz 29-33° isti olacağı proqnozlaşdırılır.
Özünüzü günəşdən qoruyun!
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
“YAŞAT” düşərgəsinin dördüncü həftəsində uşaqların gənclər və idman naziri ilə görüşü olub
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dördüncü həftənin 3-cü və 4-cü günlərində uşaqların feysart, idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri davam etdirilib.
Həftənin ən yaddaqalan hadisəsi düşərgə iştirakçıları ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü olub. O, uşaqların bir-birindən maraqlı suallarını cavalandırıb, sonda onlara hədiyyələrini təqdim edib.
Düşərgə iştirakçıları fərqli qruplara bölünərək “Booo.az” komandasının təşkil etdiyi oyunlara qatılıblar.
Film saatında da maraqlı anlar yaşanıb. Görüşdə “Alma almaya bənzər” filmində Kərimov obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev müxtəlif tapşırıqlarla uşaqların aktyorluq bacarığını test edib.
ASAN Radionun təşkilati dəstəyi ilə keçirilən konsert proqramında müğənnilər Rəsul Əfəndiyev və Sevil, Sevinc gənclərin ən sevdiyi mahnılarını səsləndirib, uşaqlarla əyləncəli vaxt keçiriblər.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorları “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.
“Ədəbiyyat və incəsənət”
(10.09.2023)
Günün fotosu: İspaniya susuzluq girdabında
Günün fotosu: İspaniya susuzluq girdabında
Kataloniyanın bəzi bölgələrində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib. Sakinlər su istehlakını azaltmağa çağırılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, keçən həftə Kataloniyada son 30 ay ərzində yağıntının olmaması səbəbindən 24 bələdiyyədə quraqlıq ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Vəziyyət kritikdir. Su anbarlarında suyun səviyyəsi aşağıdır və quraqlıq səbəbindən su təchizatı məhdudiyyətləri bütün ölkədə tətbiq olunur.
İspaniyanın şimal-şərqindəki Darnius Boadella su anbarı yalnız 20% doludur.
Reuters-in fotomaterialı əsasında.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)