Əkbər Qoşalı yazır
42 yaşında ölkəmizin ən ali vəzifəsinə seçilən cənab İlham Əliyev, ötən 20 il içində xalqımıza qələbələr, zəfərlər, uğurlar yaşatdı. Bizi uğursuzluq zolağından çıxaran lider, əcdadın ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi, üfüq və qanad verdi...
O, xalqını, xalqı da onu bağrına basdı. – Bunun parlaq ifadəsidir ki, 2020-ci ilin Qalib Azərbaycanına, 2023-cü ilin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanına inanan – bu günləri görən müdrik xalqımız, 2003-cü ildə olduğu kimi, 2008, 2013, 2018-ci illərdə də İlham Əliyevə etimad göstərdi, səs verdi. Xalqın müdrikliyi, Prezidentin xalqcanlılığı və öz sözünün, andının yiyəsi olduğu bu günkü parlaq tarixi faktlar işığında çox möhtəşəm görünür.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilənədək, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti, Milli Məclisin üzvü, Milli Olimpiya Komitəsinin Prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, YAP sədrinin birinci müavini, (sonralar partiyanın sədri), Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Milli Məclisin nümayəndə heyətinin rəhbəri, AŞPA sədrinin müavini, AŞPA-nın Büro üzvü, Azərbaycan Respublikasının Baş naziri kimi çox fərqli və çox önəmli vəzifələr daşımışdı.
Çağdaş dünya birliyinin ən təcrübəli liderlərindən olan İlham Əliyevin təltiflərinin yalnız bir qismini xatırlatmaqla, onun beynəlxalq səviyyədəki nüfuzunu aydın görmək mümkündür:
“Rumıniya Ulduzu” ordeni (11.10.2004), Səudiyyə Ərəbistanının “Kral Əbdüləziz” ordeni (08.03.2005), Polşanın “Xidmətlərə görə” Böyük Xaç ordeni (26.02.2008), Ukraynanın I dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22.05.2008), Latviyanın “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10.08.2009), Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24.04.2010), Bolqarıstanın “Stara Planina” ordeni (14.11.2011), Belarusun “Xalqlar dostluğu” ordeni (28.08.2012), “Serbiya Respublikasının lentli Ordeni” (22.02.2013), Türkiyənin “Dövlət nişanı” ordeni (12.11.2013), Ukraynanın “Azadlıq” ordeni (18.11.2013), Qazaxıstanın “Altın Kıran” (“Qızıl qartal; 24.08.2022) ali ordeni, Türk Dünyasının Ali Ordeni (12.11.2021) və b...
Prezidentin Fəxri elmi adlarını yada salaq:
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (07.02.2004), Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru (01.03.2004), Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25.03.2004), Bilkənd Universitetinin fəxri doktoru (14.04.2004), Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12.10.2004), Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23.09.2005), Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24.04.2007), İordaniya Universitetinin fəxri doktoru (29.07.2007), Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18.02.2008), Moskva Dövlət Universitetinin fəxri professoru (21.02.2008), Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22.05.2008), Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28.11.2008), Belarus Dövlət Universitetinin fəxri professoru (12.11.2009), Çinin Renmin Universitetinin Tarix üzrə fəxri professoru (11.12.2015) və b...
Əlbəttə, beynəlxalq nüfuz ölkə içində qazanılmış nüfuzun inkası, davamıdır.
İlham Əliyevin prezidentliyi dönəmində çəkilən yollar, qazılan tunellər, salınan körpülər... Azərbaycandan keçən yaxud Azərbaycandan başlayan böyük nəqliyyat xətləri, bir sözlə, infrastruktur layihələri qeyri-adi dərəcədə həyati və fövqəladə dərəcədə önəmli olub, ölkəmizə üstünlüklər gətirdi (gətirir). Bəli, dövlət başçısının sarsılmaz siyasi iradəsi, qəbul edilmiş proqramlar, alternativlərin ən yaxşısı olan yol xəritələri nəhayətdə öz bəhrəsini verdi – bizi böyük Zəfərə götürdü... (44 günlük müharibəyədək 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində yeni işğallara meyllənən, işğal faktlarını əbədi edəcəyinə inanan düşmənə dərslər verilmişdi).
Ötən illər ərzində Azərbaycan Prezidenti xarici münasibətlərdə dövlətimizi ləyaqətlə təmsil etdi. İlham Əliyev hər xarici səfərində, hər beynəlxalq platformada xalqımıza qürur yaşatdı, bu gün də qürur yaşadır, gələcəkdə də qürurumuz olacaq.
O, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, eləcə də, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə ləyaqətlə əməl edilməsinin təminatçısı olduğunu əməldə parlaq şəkildə sübut etdi.
Prezident Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin qüdrət qazanması, istənilən tapşırığı qüsursuz yerinə yetirməsi üçün var gücü ilə çalışdı, çalışır və bu yolda yürüyənlərə örnəkdir.
Ötən illərdə dövlət büdcəsində hərbi xərclərin çəkisi xüsusi şəkildə artırılaraq elə səviyyəyə çatdırıldı ki, işğalçı dövlətin ümumi büdcəsi ilə müqayisə olundu. Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edən Prezident, dövlətin həmçinin çox vacib sosial-iqtisadi proqramlarını təsdiq etdi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yeni çağırışlara uyğun dizayn etdi.
Heç təsadüfi deyil ki, 44 günlük müharibədən sonra da Orduya ayrılan vəsaitlər azaldılmadı – daha da artırıldı və bu qərarın nə dərəcədə effektiv (həyati!) olduğu göz qabağındadır: ərazi bütövlüyümüz və Qarabağda dövlət suverenliyimiz tam bərpa olundu!
200 illik bəlli gedişatı 20 ilə durdura bilən dövlət başçısının adı könlümüzdə, qələmimizdə, kitabımızdadır!
BAYRAĞIMIZ UCA OLSUN,
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)