“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Hanı o yuvalar” şeiri təqdim edilir.
HANI O YUVALAR...
Sözümü, sirrimi bilməzdi heç kim,
Əsən küləklərlə uçub gələrdim.
Açıq darvazanı görməzdi eşqım,
Tikanlı çəpərdən keçib gələrdim.
Xəlvət gəlişimi Qızıl it duyar,
Yeməli nə atsam qapıb məzdəyər.
Sonra da guya ki, gedər yuxuya,
Vurardı özünü görməməzliyə.
Sənsə neçə kərə ev yığışdırar,
Silib, süpürərdin eşiyinizi.
Məni görən kimi bığları qaçar,
Gözləri gülərdi pişiyinizin.
Bəlkə yüz yerindən sızlar ürəyim,
Səni görməyəndə xəstə olardım.
Kasıb komamızın bir gözü daim
Sizin evinizin üstdə olardı.
Saman tayasında, ot mərəyində
Neçə sirlərimiz lal oldu, qaldı.
O bulaq başında, dağ ətəyində
Görüş yerlərimiz qal oğlu qaldı...
Niyə titrəyirsən, Kazımın qızı,
Ağlamaq yadından çıxıbmı sənin.
Son görüş gecəsi darvazanızı
Bağlamaq yadından çıxıbmı sənin?..
Biz harda yatmışıq,
Harda batmışıq?
Daha o evimiz, çəpərimiz yox.
İlaxır çərşənbə papaq atmışıq,
Hələ o papaqdan xəbərimiz yox.
Hanı qurduğumuz yuvalar, hanı,
Quş olub qoynuna uça bilmirik.
Cənnət Qarabağın qapılarını
Elə bağlayıblar,..
Aça bilmirik.
P.S. Nə xoş bizə ki, o qapılar artıq açılıb, Ustad şairin arzuları həyata keçib.
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)