Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Oktyabr ayının 13-də "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Məlahət Qurbanova, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva və bəndəniz İkinci Fəxri Xiyabanda Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə Şəhid olan leytenant Teymur Abbasovun anım günü ilə əlaqədar olaraq məzarını ziyarət etdilər.
Şəhid leytenant Teymur Abbasovun məzarı üstünə "Qazax" Xeyriyyə İctimai Birliyi adından əklil və gül dəstələri qoyuldu. İctimai Birliyin üzvləri Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslıya, ailə üzvlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından başsağlığı çatdırıb bütün Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədilər.
Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. Teymur Abbasov əslən Ağstafa rayonunun Yuxarı Göycəli kəndindəndir.
Azərbaycan Ordusunun leytenantı Teymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Abbasov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində Şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Teymur Abbasov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)