Super User

Super User

Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilənin qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb.

 

Səbail rayonu, Şeyx Şamil küçəsi, 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib.

Müdaxilə faktı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.

Eyni zamanda paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Mədəniyyət Nazirliyində nazirlik yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə iclas keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli çıxış edərək, İctimai Şuraya seçkilərdən sonra üzvlərlə ilk toplantının təşkil olunduğunu bildirib, onlara təbriklərini çatdırıb, fəaliyyətlərində uğurlar arzulayıb. 

Müasir çağırışlar kontekstində nazirliyin fəaliyyəti haqqında danışan Adil Kərimli mədəniyyətin müxtəlif sahələrinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. İctimai Şuranın öz fəaliyyətini nazirliyin hədəflərinə adekvat şəkildə quracağına, prosesə öz töhfəsini verəcəyinə inam ifadə olunub. 

İctimai Şuranın üzvləri mədəniyyət sahəsinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər. Görüş müvafiq sahələr üzrə fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, bu ilin iyul ayında Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, Şuranın 9 nəfərdən ibarət heyəti formalaşıb. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Cümə, 11 Avqust 2023 19:00

Sabah Beynəlxalq Gənclər Günüdür

 

Sabah - 12 avqust Beynəlxalq Gənclər Günüdür. International Youth Day - hər ilin bu günündə BMT-nin bayram təqvimində yer almaqla qeyd edilərək dünyanın inkişafında gənclərin roluna önəm vermək məqsədi daşıyır. 1999-cu ilin dekabrında BMT-nin Lissabonda keçirilən iclasında təsdiq edilən bu əlamətdar tarix 2000-ci ildən qeyd olunmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənclər dünyanın işçi qüvvəsinin dörddə birini təşkil edirlər, onlar bəşəriyyərin sabahıdırlar. 

Beynəlxalq Gənclər Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxananın məlumatına görə, virtual sərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan gəncləri ilə bağlı fikirləri, rəsmi sənədlər, fotolar, mövzu ilə bağlı məqalə və kitablar nümayiş olunur.

Bizdə 2 fevral Gənclər Günü kimi qeyd edildiyindən 12 avqusta elə də önəm verilmir. Amma biz sidqi ürəkdən bütün gəncləri təbrik edirik. 

Bayramınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Azərbaycanəsilli aktyor Tamer Karadağlı Türkiyə Dövlət Teatrlarının baş direktoru olub.

BAKU.WS xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yeni təyinat “Rəsmi Qəzet”də dərc edilib.

 

Xatırladaq ki, Azərbaycan əsilli aktyor ailəsi ilə Qarsın Sarıkamış rayonunda yaşayıb. İbtidai məktəb başlamazdan əvvəl ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Karadağlı daha sonra Türkiyəyə qayıdıb və yenidən ABŞ-a gedib.

Bilkent Universitetinin musiqi və ifaçılıq sənətləri fakültəsində təhsil alan aktyor ilk dəfə 1993-cü ildə filmə çəkilib.

Uzun illər rol aldığı "Çocuklar duymasın" isə Karadağlını məşhurluğun zirvəsinə çatdırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

BALKANLARIN ƏN BÖYÜK FİLM FESTİVALI QİTƏNİN DƏ ÖNCÜLLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMƏKDƏDİR

 

Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il 29-cu dəfə təşkil edilən Sarayevo Film Festivalı qırmızı xalça mərasimi ilə qapılarını kinosevərlərin üzünə açacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Kino.ru-ya istinadən məlumat verir. 

 

Keşmiş Yuqoslaviya dağılandan və Bosniya müstəqillik qazanandan sonra fəaliyyətə başlamış bu festivalda bu il 70 ölkədən 230-dan çox film nümayiş etdiriləcək. 

Festival zamanı bir həftə ərzində bölgənin mədəniyyət mərkəzinə çevrilən Sarayevo bu il dünyaca məşhur qonaqları qəbul edəcək.

Bu il “Sarayevonun ürəyi” fəxri mükafatı amerikalı rejissor, kinoprodüser və ssenarist Çarli Kaufmana təqdim olunacaq. Kaufman Sarayevoda pərəstişkarları ilə qırmızı xalçada görüşəcək.

Qırmızı xalça mərasimindən sonra festival sloveniyalı rejissor Nenad Cicin-Sainin “Gələcəyi öp” filmi ilə açılacaq. Ekran əsəri Bosniya və Herseqovina müharibəsi zamanı mühasirədə qalan Sarayevo xalqının mübarizəsindən bəhs edir.

Festival Sarayevoda ilə bərabər, ölkənin digər böyük şəhərləri Mostar və Tuzlada da davam edəcək. Bu dəfə festivalda bədii filmlər, qısametrajlı filmlər, sənədli filmlər və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda 49 film mübarizə aparacaq. 

Festival çərçivəsində “Bədii filmlər” kateqoriyasındakı filmlərdən 2-nin dünya, 5-nin isə regional premyerası olacaq.

Festival avqustun 18-i axşam keçiriləcək mükafatlandırma mərasimi ilə başa çatacaq.

Azərbaycan filmlərinin festivalda təmsilçiliyi barədə redaksiyamızda hər hansı məlumat yoxdur. 

 

Şəkildə: Qırmızı xalça sabahkı açılışı gözləyir. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 16:14

II Milli Qurama Festivalı Abşeronda

 

II Milli Qurama Festivalı çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbir keçirilib. 

 

AzərTAC xəbər verir ki, tədbir qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək musiqili proqramla bitib. 

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərinin hazırlanması prosesini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

 

Təhsilin İnkişafı Fondu və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində 100-dən çox şagirdin, onların valideynlərinin, eləcə də, sakinlərin iştirakı ilə Azərbaycanda ilk dəfə “Buknik” layihəsi həyata keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əvvəlcə komandalar şəklində parkın girişində toplanan uşaqlar arasında tanışlıq yaradılıb. Daha sonra oyun məkanında komandalar arasında müxtəlif yarışlar keçirilib. Qalib komandalara kitab hədiyyələri verilib.

Komandalar parkın müxtəlif nöqtələrində onları gözləyən yazıçılarla görüşüb, kitablarını imzalatdırıb, yeni kitablar haqqında məlumat alıblar.

Qeyd edək ki, marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqların valideynin tövsiyəsi və nəzarəti ilə marafona qoşulması arzuolunandır. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.

İştirakçı sentyabrın 26-dək seçilmiş 7 kitabı oxumalıdır. Qiymətləndirmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 7 kitab əsasında hazırlanacaq. Birinci mərhələ onlayn, “Kahoot” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, yaxud kompüter lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək.

İkinci – final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.

Birinci yeri tutan iştirakçıya 1000, ikinci yeri tutan iştirakçıya 500, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.

Seçilmiş 7 kitabın siyahısı aşağıdakı kimidir:

1. Amin Sükut – “Tuflinlər”;

2. Aynur Cavid, Cəmilə Məmmədli – “Səyyah Bilgə”;

3. Əziz Sultan – “Əjdahaların sirri – Adəmin macəraları”;

4. Əziz Yaqubzadə – “Məktubunuz var”;

5. Mürşüd İsmayılzadə – “Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi”;

6. Reyhan Yusifqızı – “Yaşıl gözlü qız”;

7. Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Günün fotosu: “Vaqner” Belarusdan gedir

 

“Vaqner" 600 nəfərlik qruplarını Krasnodar, Rostov və Voronej bölgələrinə göndərərək

Belarusdan çıxarır, məlumatlı mənbənin məlumatları müharibə Araşdırmaları İnstitutunun son hesabatında verilmişdir.

Bu barədə  Euronews məlumat verir. 

"Vaqner"in Belarusdan getməsi ilə bağlı məlumatlar göstərir ki, iyunun 24-də Vaqnerin Silahlı üsyanından sonra Rusiya prezidenti Vladimir Putin və qrup lideri Yevgeni Priqojin arasında sazişin bəzi aspektləri pozulub.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

10 avqust - böyük qazax aydını, qazax yazılı ədəbiyyatının ustadı Abay Kunanbayevin doğum günüdür (10.08.1845 - 06.07.1904).

Əsl adı İbrahim olmuş, anasının dili ilə (“Abayım”, “Abayjanım"…) Abay kimi sevilmiş mütəfəkkir, istər sovet illərində, istərsə müstəqillik dönəmində qazax yazılı ədəbiyyatının əsas siması olaraq tanınıb, qəbul görüb. 

Əlbəttə, qazax qardaşlarımızın ədəbiyyatı Abayla başlamır - Böyük Çölün Abayadək də  böyük söz ustadları, akınları, poetik ruhlu ruhaniləri olub və onlar söz qoşub, nəğmə çağırıb, dombra çalıb, sənət yaradıblar; lakin dünyəvi, maarifçi, universal və yazılı olması etibarı ilə Abay yaradıcılığı bir başqa yerə-göyə sahibdir. O, özündən öncəkiləri (necə deyərlər) ümumiləşdirən, universallaşdıran və özündən sonrakılara yol göstərən bir ədəbi zirvə olmuşdur. Abay qala bürcü kimi qazax ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin hər tərəfindən görünür. 

Onun əsərlərinə, çağırışlarına zaman-zaman istinad olunub və öz həyatı, yaradıcılığı da əsərlərə mövzu olub. Yalnız Muxtar Auezovun “Abay yolu” əsərini, o əsərin tirajını xatırlamaq yetərlidir ki, Abaya müraciətin miqyası, dərinliyi və üfüqü aydın görünsün… 

Müstəqil Qazaxıstanın işıqlı gəncləri Abayın “Qara söz”ünü oxuyurki xalqın ağgünlərə çıxsınının tarixcəsinə yaxından bələd olsunlar...

Abay sözü qazax qardaşlarımızın türkcəsində "ustuf, uslu, diqqətli, ehtiyatlı" anlamında işlənir. Ərazi və əhalicə dünya nəhəngi (və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan) iki nüvə dövləti ilə (Rusiya Federasiyası və Çinlə) sınırqonşusu olan Qazaxıstan bu gün məhz Abay yolu ilə, bir başqa deyilişlə, qazax yolu - Qazaxıstan yolu ilə ustuf-ustuf, uslu-uslu irəliləyir. Bu irəliləyiş ata yurdda möhkəmlənməyi, “altın qıran”lı, Günəş şəfqətli göy bayrağı böyük ölkənin hər yerində və həmişə dalğalandırmağı ifadə edir.

 

*

Abay mədrəsə oxuyaraq ərəb-fars dillərinə yiyələnmişdi, bu da onun Nizami, Füzuli və b. qüdrətli söz ustalarını oxuyub, öyrənməsinə imkan yaratmışdı. O, həmçinin sonradan öyrəndiyi rus dili vasitəsi ilə qabaqcıl rus yazarlarını və Avropa klassiklərini oxumuşdu.

"Bir qazax da heç kitabxanaya gedib, kitab mı oxuyar?" deyə heyrət edilən vaxtlarda böyüyüb boya-başa çatan Abay, köçəriliklə oturaq həyatın (şəhərləşmənin) estetikasını bir arada tutmağı bacaran - öz dünyagörüşündə təcalla etdirən, o təcallanın energetikası ilə qələmə sarılan irəligörüşlü aydın olub.

Bir maarifçi kimi həm poeziya, həm də nəsrdə öz xalqının qayğılarını, yaşam çətinliklərini, toplumun qalxınmasını daim diqqətdə saxlayan Abay özü belə yazırdı:

 

“Ən böyük sevincimiz uşaqlardır, uşaqlar,

Bildim ki, oxumaqla olacaqlar bəxtiyar. 

Göndərdim mədrəsəyə tapsınlar orda şöhrət,

Qazansın el içində onlar biliklə hörmət”.

 

Bəli, Abay xəlqani şairdi.

3 poema, 200-ə yaxın şeir və 45 nəsr əsəri yadigar qalan (günümüzə yetişən) Abayın əsərləri yüzə yaxın başqa dilə çevrilib. 

Daha da çevriləcək. 

Qazaxıstanla Azərbaycanın arasından Xəzər dənizi keçir, amma aramızdan su keçməz! Biz bəngü qardaşlarıq! Heç təsadüfi deyil ki, Abay adı, irsi Azərbaycanda da əziz tutulur, doğma bilinir. Paytaxtımızda Abay küçəsi var, kitabxanalarımızda azərbaycancaya çevrilmiş Abay əsərləri var, Bakı Dövlət Universitetində Abay adına Qazax Mədəniyyət Mərkəzi var, elm ocaqlarımızda araşdırılan Abay mövzuları var… - Var da var! Qardaşlığımız var olsun!

Abayın ruhuna alqış!

Türküstan ellərinə əsənliklər dilərim!

Ötən gün böyük Qazaxıstan öz böyük oğlunun doğum gününü bayram etdi.

Qardaşımızın bayramı bayramımızdır, şeirin-sənətin, mədəniyyətin, qardaşlığın bayramıdır! 

Qutlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 12:28

Xalq artistinə AĞIR İTKİ üz verdi

 

Xalq artisti, "M.Teatr"ın bədii rəhbəri Vidadi Həsənova ağır itki üz verib.

 

Bakupost.az xəbər verir ki, aktyorun bacısı bu gecə qəfildən vəfat edib. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Dəfn bu gün Gəncədə olacaq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.