Mina Rəşid, “Ədəbiyyat və incəsənət”
Həyata, insanlara sevgisi ilə hər kəsin doğmasına çevrilən Vaqif Bayatlı Odər yazır ki,
Dünyaya baca kimidir şair qələmi,
baca evin tüstüsünü,
hisini çəkəntək
şair qələmi də çəkər,
çəkər ötürər canından
dünya deyilən
damlar damının dərdlərini.
Şair də, yazıçı da, bir sözlə qələm adamları dünyanın, yaşadığı mühitin, mənsub olduğu xalqın dərdlərini bir başqa cür çəkər. Sanki süçəkən kimi bu dərdlər onun canına hopar, qanına keçər. Onu elə bir hala gətirər ki, yazıçı son anda təsəlli kimi əlini ən yaxın dostu, həmdəmi olan qələmə uzadar. Qələm də sevdiyi əllərə, ürəklərə könül verər. Qələmlə ürək birləşəndə bir hayqırtı, zəngulə meydana gələr.
Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəngulə”si kimi...
Hələ illər öncə topaqlarımız yağı tapdağında qalanda Nüşabə xanımın elə bu dərdlərdən ürəyinin qanı ilə yazdığı “Zəngulə” romanını oxumuşdum. Sonra müəlliflə görüşüb yazı hazırlamışdım. Sən demə, Nüşabə xanım erməni qaniçənlərinə əsir düşmüş azərbaycanlı qadın və uşaqların həyatını, həmin anda onların çəkdiyi sözə sığmayan əzablarını qələmə alarkən sarsıntıdan üstünə dəfələrlə təcili yardım maşını gəlib…
Amma o bir az özünə gələn kimi yenə qələmə sarılıb. Çünki ədəbiyyatın qanunu budur və yazmaq onun taleyidir... Tənqidçi deyir ki, yazıçı ən çətin məqamları, faciəni, dəhşəti qələmə almalı, amma soyuqqanlığını da itirməməli, əsəri yarımçıq qoyub ölməməlidir!
Yəqin elə bu cür əziyyətdən doğulduğuna görə “Zəngulə” romanı ötən günlərin birinə təsadüf edən yubiley törənində yazıçının başına toplaşanların dilindən düşmədi. Kim onun hansı əsərindən danışsa da, sonu gəlib “Zəngulə”yə çıxırdı...
Doğrudan da, musiqi, səs və incəsənətin bütün növləri kimi ədəbiyyat da, qələm də, söz də bir silahdır. 30 ildə gözlədiyimiz bu gözaydınlığına qədər ədəbiyyatımız susmadı, nə şairimiz dayandı, nə yazıçımız durdu. Nüşabə Məmmədlinin “Zəngulə”si də beləcə bütün dünyaya hayqırdı. Əsərin qəhrəmanı kimi, romanın özü də Azərbaycanın sərhəddini aşdı. Azərbaycanda 2005-ci ilin kitabı seçilən “Zəngulə” romanına görə müəllif Rusiya Federasiyasının Yazıçılar İttifaqı tərəfindən milli ədəbiyyatımıza verdiyi samballı töhfəyə görə Q. R. Derjavin adına orden ilə təltif edildi.
Nüşabə Məmmədli 1000-ə yaxın publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərində yaşayan zaman Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq məqsədilə məqalələrini “Комсомольская правда”, “Аргументы и факты”, “Усть-Илимская правда” qəzetlərində dərc etdirib.
N. Məmmədli Türkiyədə baş verən dağıdıcı zəlzələdən bəhs edən 10-dan çox hekayə yazıb. Avrasiya Kitabxanaçılar Birliyi Dərnəyi tərəfindən I Uluslararası Avrasiya Türk Dünyası Uşaq Ədəbiyyatı Nəşri Simpoziumunda iştirak etdiyinə görə sertifikart alıb (2014).
İstedadlı yazıçının əsərləri rus, türk, ingilis, özbək və Ukrayna dillərinə tərcümə olunub. Kitabları İngiltərə, Rusiya Federasiyası, Türkiyə, Çexiya, Almaniya, Serbiya, Sloveniya, Ukrayna, Özbəkistan, Türkmənistan kitabxanalarının fondlarına daxil edilib. Bir çox mükafat və fəxri fərmanlarla təltif edilib.
Yasamal rayon İcra Hakimiyyətinin Heydər Əliyev Mərkəzində yazıçının yaradıcılığına və 70 illik yubileyinə həsr edilmiş tədbirdə çıxış edən tanınmış ziyalılar, mədəniyyət xadimləri, eləcə də, ədəbiyyatşünas alimlər, şair və nasirlər iştirak etdilər. Professorlar- Asif Rüstəmli, Rüstəm Kamal, Azad Şükürov, millət vəkili Aydın Mirzəzadə, Əli Əmirli, eləcə də tanınmış iqtisadçı alim Azər Əlioğlu, ehtiyatda olan polis polkovniki Sahib Həsənov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz və başqaları yazıçının həyat və fəaliyyətindən maraqlı xatirələr, əsərlərinin bədii üslubundan danışdılar.
Yasamal MKS-nin təşkil etdiyi həmin tədbirdə yubilyara Yazıçılar Birliyinin, Heydər Əliyev Mərkəzinin mükatları təqdim edildi.
Yazıçıya hər kəsin bir arzusu da bundan sonra Azərbaycanın 44 günlük Zəfər yürüşündən, möhtəşəm qələbələrimizdən və dogma torpaqlara, Qarabağa, Şərqi Zəngəzura əbədi qayıdışımızdan yazması oldu...
Hörmətli Nüşabə xanım, Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir və dünyaya göz açdığınız dogma Ağdamın işğaldan azad edilməsi ilə bağlı Sizə gözaydınlığı veririk.
Qələminiz həmişə əlinizdə, ömrünüz bərəkətli və sevinciniz belə möhtəşəm olsun!
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)