Super User
Fədakar kitabsevər
Diş həkimi Məhəmməd Məmmədli nəcib bir iş görüb. İşlədiyi kabinetin qarşısında kitab rəfi hazırlayıb, adı "kitab qovşağı"dır.
Kitabsatanların endirimlərindən yararlanmaqla məhlə uşaqlarının diqqətini kitaba cəlb etmək istəyir.
Kitabı götürüb oxu, ya da götürüb apar, yerinə başqasını qoy.
İlk dəfə bu barədə “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu xəbər paylaşaraq məsələni ictimailəşdirib.
Alqışlayaq Məhəmməd bəyi.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
“The Rolling Stones” qrupuna heykəl qoyuldu
Ötən əsrin 70-ci illərində ad eləmiş Böyük Britaniyanın "The Rolling Stones” rok qrupu yaşlı insanlarımızın yadındadır. Qrup da deyil, bir əfsanə idi. 1962-ci ildə yaradılmışdı və uzun illər populyarlıq baxımından “The Beatles” ilə rəqabət aparan yeganə Britaniya rok qrupu idi.
Budur, qrupun yaradıcıları Mik Caqqer və Kit Riçardsanın Londonun yaxınlığında yerləşən doğma Dartford şəhərlərində heykəlləri qoyulub.
“The Glimmer Twins” adlı heykəltəraşlıq kompozisiyasının müəllifi Emi Qudmandır. Mik Caqqer əlində mikrofonla təsvir olunub. Onu gitarada Riçards müşayiət edir.
Özü də heykəl postamentsizdir. Lap bizim Hacı Zeynalabdinin heykəli kimi. Yəni, “xalq adamı qoy xalqın içində olsun” anlayışı, demək, tək bizdə yox imiş.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Rəşad Məcid: “Bir belə xılt, qərəz, qəzəb hardandır?”
“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcidin son vaxtlar sosial şəbəkələrdə tanınmış insanlara qarşı qarayaxma kampaniyasına münasibətini diqqətinizə çatdırır.
Havanın hədsiz istiliyindənmi, ya nədəndirsə, son günlər sosial şəbəkələr, elə onların ən təmkinlisi feysbuk da çox qəddar və amansız olub. Bir damcı məsuliyyət, soyuq ağıl, normal düşüncə, həssaslıq, mərhəmət, empati duyğusu qalmayıb.
Hamı ancaq kin, nifrət üstə köklənib ölkənin dəyərli adamlarını aşağılamağa, təhqir etməyə fürsət gəzir.
Aşağılıq duyğusudurmu, kompleksdirmi, uğursuzluqdan doğan hikkədirmi bu?! Bir belə xılt, qərəz, qəzəb hardandır?
Qurban Qurbanov, Məleykə Abbaszadə, Rasim Balayev, Ramiz Rövşən…
Yalnız son bir neçə gündə sosial şəbəkə xurafatına hədəf olan, aqressiyaya tuş gələn insanlarımızdır bunlar.
Bu insanların hərəsi öz sahəsində böyük xidmətlər göstərən, ehtirama və hətta təzimə layiq şəxsiyyətlərdir. Belə dəyərləri aşağılamaqdan necə zövq almaq olar?! Necə özünə rəva görüb , haqqın çatdı- çatmadı, ünvanlarına hərzə-hədyan demək olar?!
Hansı mənəvi keyfiyyətlərə sahib olmalısan ki, belə dəyərləri aşağılayasan?!
Obyektiv mövqeli, ağıllı insanların haqlı etirazları bu axının içində sısqa və zəif təsir bağışlayır.
Sosial medianın, burda hər an içinin xıltını tökən insanların durulmağa, təmizlənməyə, normal düşüncə məcrasına dönməyə ehtiyacı var.
Sosial media ictimai məkandır, burda fəaliyyət mənəvi ölçülər, məsuliyyət və ən azı elementar mədəniyyət tələb edir. Gərək bunu unutmayaq!
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Güneydən gələn səslər - Sevər Şəhabidən “Mənə xəbər gətirir”
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Mənə xəbər gətirir” deyəcək.
MƏNƏ XƏBƏR GƏTİR
Məndən öncə ölsən əgər,
Ölülərə salam yetir.
Qırx günəcən gəl yuxuma,
Ordan mənə xəbər gətir.
Soraqlaş gör oralarda -
Neçə saat çalışırlar?
O dünyanın insanları,
Hansı dildə danışırlar?
Asılaraq gələnlərin -
Boğazları yaradırmı?
İşkəncədən ölənlərin -
Dəriləri qaradırmı?
Afrikanın zənciləri -
Kimlərə "Bəli" deyirlər?
Onların ağ ərbabları,
Nə içirlər, nə yeyirlər?
O dünyanın terminalı,
Necə yer bə yer olunur?
Cənnətin ağ biletləri,
Neçəyə al-ver olunur?
Sanki mənim bu istəyim,
İstəmədən üzdü səni.
Səndən öncə ölsəm əgər,
Qırx günəcən gözlə məni.
«Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
41–ci dərc
Kəndləri keçənə qədər Layiqə bir kəlmə də danışmadı. Mənim nəyisə fikirləşdiyimi görəndə o həmişə belə edirdi. Asfalt yola çıxanda özüm söhbətə başladım.
-Bilirəm, çox darıxmısan.
-Narahat idim, şef?
-Haradan başlayaq?
-Qaldığımız yerdən, Salamın işindən.
-Başlayaq. Bakıda olduğun müddətdə hadisələrin gedişatı sənə kifayət qədər məlum idi. Qubaya gəldikdən sonra baş verənləri isə, polkovniklə etdiyim son söhbətin təfərrüatlarını sənə danışarkən öyrəndin. İndi ardına qulaq as. Əmirxanın işini araşdırmağa başladığımız günün səhəri Salamı həbs etdilər. Polis bölməsindən gələn Qələndərlə söhbət edəndə, onun bir cümləsi diqqətimi çəkdi, “Ölənin adamları az qala məni öldürəcəkdilər, qonşular, sonra isə polislər zorla məni onların əlindən aldılar, hamısı da «quldura» oxşayırdılar”. Polis bölməsinə gələnlər, onun özü kimi kriminal meyilli dostları idi. Fikrimcə həmin adamların da hadisənin adi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olmamasında şübhələri var idi. Sonradan hər şeyin həqiqətən də belə olduğu aydın oldu. Bunun, hər şeyi Salamın üzərinə yönəltməklə qurulmuş qətl olduğu qənaətinə gəldim. Gənc Salamın «Karat» kimi birisi ilə nə düşmənliyi ola bilərdi ki? Salamın işini aparan müstəntiq Elbrus Cavadov da mənimlə eyni fikirdə olduğunu bildirdi. Belə olanda, qüvvələrimizi birləşdirməyi təklif etdim və o etiraz etmədi. Salamın maşını onun iş yerinin qarşısından qaçırılmış və qətldən sonra yerinə qaytarılmışdı. Həmin əraziyə baxmağım vacib idi. Onun gözətçi işlədiyi xəstəxanaya birlikdə getməyimiz alınmadığından oraya tək yollandım və olduqca maraqlı şeylər aşkar etdim. Əvvəla onu deyim ki, qapalı müəssisə olan xəstəxananın təhlükəsizlik məsələləri təhlükəsizlik tədbirlərindən heç bir anlayışı olmayan birinə, təsərrüfat müdiri Mahmud müəllimə tapşırılıb. İnsafən pis kişi deyil. Ancaq bu işləri öz bildiyi kimi başa düşdüyündən, girişdə cəmi bir kamera qoyub ki, onu da gözətçi otağında quraşdırıb. Məqsədi gözətçilərin yatıb-yatmamasını yoxlaya bilməsi imiş. Onunla birlikdə gözətçi otağına baxış keçirdim. Otağın qapısı dəhlizə açılır. Qapı bağlı olarsa, dəhlizin də yaratdığı boş fəza çöldən gələn səsləri boğmağa kifayət edir. Küçəyə baxan pəncərəsi yoxdur. Həyətə baxan pəncərə isə ikilaylı, səskeçirməyən şüşədəndir. Pəncərə bağlı olarkən hətta həyətdəki sərçələrin səsini belə içəridə eşitmək mümkün deyil. Üçnövbəli iş rejimi olduğu üçün hər gün iki nəfər, gündüz və gecə növbəsində bir-birlərini dəyişən gözətçilər qarovul çəkir. Hər növbənin də özünə aid, divara asılmış dolabları var. Salamın dolabına baxış keçirdim. Orada iki yox, üç çay bardağının olduğunu gördüm. Bu artıq maraqlı idi. Bardaqlar ağ, qırmızı və göy rəngdə idilər. Sonra kamera görüntülərinə baxmaq üçün təsərrüfat müdirinin kabinetinə keçdik. Görüntülərdə Salamın tək olarkən ağ bardaqdan çay içdiyini müəyyən etdim. Deməli, ağ bardaq onun özününkü idi. Hadisədən üç gün əvvəlki görüntülərdə isə masanın üzərində iki bardaq və boşqablarda yeyilmiş rulet qalıqlarının olduğu qeydə alınmışdı. Salamın həmin gecə qonağının olduğu aydın idi. Onu da deyim ki, haqqında danışdığım görüntülər, on üç və on altı may tarixləində gecə saatlarında sıradan çıxarılmış kamera bərpa olunduqdan sonra, saat 8:12 və 8:13-dən sonra qeydə alınmış görüntülərdir. Salamın bardağının ağ rəngdə olduğunu müəyyən etdiyimi demişdim. Bu məntiqlə, ikinci, qırmızı rəngli bardaqdan onun qonağı çay içibmiş. Göy rəngli bardaq isə gündüz növbəsinin gözətçisinin imiş. Bu görüntülər mənə vacib ipuclarından birini verdi və sonradan ən önəmli sübutlardan birinə çevrildi. Salamın qonağı solaxay idi. Masanın üzərindəki qırmızı rəngli bardağın qulpu ondan istifadə edən adamın oturduğu yerə nəzərən sol tərəfə baxırdı. Ruleti yarıya qədər yemiş qonaq, çəngəli də boşqabın sol tərəfinə qoymuşdu. Bu, qonağın solaxay biri olmasına dəlalət edirdi.
Layiqə maraqla çönüb mənə baxdı.
-Şef, maraqlı müşahidədir. Bəs əgər qonaq bunu qəsdən, bizi yanlış istiqamətə yönəltmək üçün edibsə?
-Yaxşı sualdır. Ancaq mənim bundan əvvəl gəldiyim qənaət bu ehtimalı istisna edirdi. Ona görə də qonağın solaxay olduğuna əmin idim. Bunu nəinki bizi azdırmaq, müəyyən mənada heç onların səhvi kimi də qəbul etmədim. Qulaq as, izah edim. İdeal olmasa da, bu cinayət kifayət qədər düşünülmüş şəkildə hazırlanıb. Ancaq iki şey vardı ki, cinayətkarlar onları heç cür nəzərə ala bilməzdilər. Əvvəlcə, sənə bu iki şeydən ikincisini izah edim ki, sualına cavab vermiş olum. Sonra bir qədər keçmişə qayıdıb birinci səbəbi izah edərəm. Bir ay əvvəldən qətlin planını hazırlayan Qılınc, təbii ki, xəstəxanada da iz qoya bilməzdi. Xəstəxanada iş saat 9-da başlayır. Cinayəti hazırlayarkən Qılınc bunu və başqa öyrəndiklərini əsas götürüb. Lazımi məlumatları öyrənməyə ona sevgilisi Sənəm də kömək edib. Ancaq nə o, nə də Sənəm bilməyiblər ki, təsərrüfat müdiri Mahmud müəllim hər gün işə bir saat tez, saat 8-də gəlir. Hadisədən əvvəlki növbəsində səhərə yaxın Salamın yanına gələn Qılınc, kameranı sıradan çıxardığı üçün arxayınlıqla oturub onunla çay içir. Sonra onun üçün gətirdiyi, dərman qatdığı şirəni dolabına qoymasına əmin olub çıxıb gedir. O, kamera qeydlərinin Mahmud müəllimin otağında olduğunu da bilir və onun hamı kimi saat 9-da və ya 9-a qalmış işə gələndən sonra zədələdiyi naqili calamaqla görüntüləri bərpa edəcəyini düşünür. Həmin vaxta isə, növbəni təhvil verməyə hazırlaşan Salam masanın üzərindəkiləri yığışdırmış olacaqdı. Ancaq Mahmud müəllimin tez gəlməsi vəziyyəti dəyişir və həmin gün saat 8:12-dən etibarən qeydə alınmış görüntülərlə indi dediklərimi öyrənmiş oldum.
-Başa düşdüm, şef. Amma kameranı necə sıradan çıxara bilir dəfələrlə? Əgər ona Salamın növbədə olduğu iki gecə lazım idisə, əvvəlki iki dəfə gündüz də kameranı niyə sıradan çıxarır?
-Bax elə düşünülmüş cinayət deyəndə, onların bu və buna bənzər addımlarını nəzərdə tuturdum. Qulaq as deyim. Qılınc şəhərə gurultu salacaq bir qətlə hazırlaşırdı və bunu kor-koranə edə bilməzdi. Kameranın ona mane olacağını bildiyindən lap əvvəldən lazımi günlərdə, mayın on üçü və on altısı onu sıradan çıxarmağı düşünüb. Bununçün ilkin olaraq aprel ayının on ikisində, gündüz saatlarında xəstəxanaya gəlib, gözətçi otağından Mahmud müəllimin otağına gedən kamera naqilini kəsir. Divar boyu çəkilmiş naqil «siqaret çəkmək üçün» ayrılmış yerdən keçir. Məhz siqaret çəkmək adı ilə, heç bir şübhə doğurmadan oraya yaxınlaşıb bir anda işini görür. Təbii ki, görüntülərin itməsini görən Mahmud müəllim dərhal həyətə çıxar və ya pəncərədən boylanıb onu görə bilərdi. Ona görə də, Sənəm vasitəsilə Mahmud müəllimin kabinetində olmadığı vaxtı seçir. Bundan sonra, ola bilər, elə orada bir kənarda dayanıb, ola da bilər sonradan gəlib, nasazlığı aşkar edən təsərrüfat müdirinin nə edəcəyini öyrənir. Bu onun üçün vacib idi. Çünki növbəti addımlarını buna uyğun atacaqdı. Nasazlıq isə üç cür aradan qaldırıla bilərdi: naqil tam dəyişdirilər, calanıb üstü lentlə bağlanar, ya da sadəcə calanardı. Yəqin ki, hər üç hal üçün onun atacağı addımları hazır olub. Ancaq Mahmud müəllim işin ən asan olanını edir, məftili calayıb görüntüləri bərpa edir. Bundan bir müddət sonra, aprelin on doqquzunda yenidən oraya gələn Qılınc, yenə siqaret çəkmək bəhanəsi ilə kəsik olan yerə yaxınlaşır, lakin bu dəfə naqili kəsməyi heç düşünmür də. Bu artıq şübhə doğurardı. Siqaret çəkə-çəkə sol əlini divara dayaq verməklə əlindəki alışqanı kəsilən yerin altına tutub naqili lazım olan qədər qızdırır. Qızan metal genişlənir və calaq yerində boşluq əmələ gəlir. Naqil soyuduqdan sonra bu boşluq bir qədər də artır. İstənilən kamera naqili isə, tək zədə yox, calaq yerində azca boşluq da olarsa, görüntünü ötürmür. Eyni münvalla təsərrüfat müdirinin yenə calaq yerini bərkitməklə kifayətləndiyini dəqiqləşdirir və ona lazım olanı etdiyi üçün kamera məsələsini bir müddət kənara qoyur. Bu özü də planın bir hissəsi idi. Artıq bu işə məsul olan Mahmud müəllimin yaddaşına kamera naqilinin zədəli olması fikrini yerləşdirir. Bu yolla da, gələcəkdə ona lazım olacaq iki gecə növbəsində kamerada yaradacağı nasazlıqları sığortalayır və onların da naqildəki zədəyə yozulması üçün zəmin yaradır. Əlbəttə ki, nasazlıqların həm gündüz, həm gecə saatlarında baş verməsi də diqqətləri konkret gecə növbəsindən yayındırmağa xidmət edəcəkdi.
-Şef, bəs bunları necə müəyyən etdiniz?
-Naqil məsələsini bir müşahidəm nəticəsində çözə bildim. Elə bundan sonra hər şeyin məntiqi izahı gəldi. Kəsik yerinə diqqətlə baxarkən, naqilin calaq yerinə yaxın hissəsində məftilin üstündəki qoruyucu örtüyün azca əridiyini gördüm. Ərimə lap cüzi idi və adi gözlə zorla seçilirdi. Ancaq mən onu görə bildim. Bundan başqa, qoruyucu örtük yalnız naqilin alt hissəsində büzüşmüşdü. Bu, naqilin alt tərəfdən qızdırıldığına işarə idi. Bu ehtimallarımın doğruluğuna hələ xəstəxanada olarkən əmin olsam da, etdiyim bir eksperiment də hər şeyi təsdiqlədi. Vaxt edən kimi, mikrorayan bazarının yaxınlığındakı mağazalardan birindən eynilə həmin naqildən tapdım. Düzdür, naqildən iyirmi santimetr istədiyimi deyəndə satıcı çox təəccüblə mənə baxdıqdan sonra kəsib verdi və hətta pul da götürmədi. Ancaq əsas olan satıcının təəccübü yox, mənim eksperimentimin nəticəsi idi. Ortadan bölüb, uc hissələrində qoruyucu örtüyü təmizləyib sonra möhkəm-möhkəm bir-birinə caladığım naqil, alışqanla qızdıranda lazımi temperatura çatan kimi dediyim effekti verdi. Elastik metalın calaq yeri boşaldı və əvvəlki möhkəmliyindən əsər-əlamət qalmadı. Sonra soyumasını gözlədim. Metal soyuyaraq yığılanda isə yaranan boşluq bir qədər də artdı. «Dəli» kimi tanıdığımız cinayətkar fizika qanunlarından da xəbərdar imiş. Beləliklə, hər şeyi yoxlamağa öyrəşmiş biri kimi, doğruluğuna əmin olduğum ehtimalımı sadəcə olaraq təsdiqləmiş oldum. Bundan sonra olanları sən də mənim qədər bilirsən. Qubada olduğum müddətdə baş verənləri isə, şəhərə çatandan sonra öyrənərik. Fikrimcə, Qılınc artıq həbs olunub.
-Bir sualım var.
-Soruş.
-Qılıncın iki dəfə gecə gələrkən divardan aşıb naqilə müdaxilə etdiyini demişdiz. İndi mənə məlum oldu ki, bunu naqili qızdırmaqla edib. Yaxşı bəs, qaranlıqda onun alışqanının alovu Salamın diqqətini cəlb etməli deyildimi?
-Sən gözətçi otağının quruluşunu bilmirsən. Otaq dəhlizə açıldığı üçün həmin yer oradan görünmür. Üstəlik də, Qılınc olduqca uzaqgörən biridir. Yəqin ki, pəncərədən Salamı izləyib sonra işini görüb. Bunların hamısını mən təhlil etmişəm, Layiqə. Əsas odur ki, Salamın gözündən yayınmağı bacarıb. Hansı üsulla, artıq bu fərq eləmir.
-Bəs cinayətkarların nəzərə ala bilməyəcəyi o biri məsələ nə id? -Layiqə maraqla soruşdu.
-İndi həmin məsələyə gəlməyin vaxtı çatdı. Ardına qulaq as və bil ki, bayaqdan adını çəkdiyim Qılınc Qabulov hansı yolla maraq dairəmizə düşdü. Əmirxanın ölümündən otuz il müddət keçib. Deməli, həmin cinayət işi ilə bağlı toplanılmış materialın saxlama müddəti çoxdan bitib və arxiv sənədləri məhv edilib. Bunu bilən cinayətkarlar bu istiqamətdən hər-hansı izə düşə bilməyəcəyimizi, şahidləri də müəyyən edə bilməyəcəyimizi düşünüblər. Ancaq Arif müəllimin vaxtilə hansısa yolla əldə edib saxladığı ekspert rəylərinin və şahid ifadələrinin surətləri bu istiqamətdə də iş aparmağımıza imkan yaratdı. Mən, rəyi verən ekspert komissiyasının sədri olmuş Matvey Proxorovla görüşdüm. Əvvəl heç nə demək istəməsə də, onu inandıra bildim və söhbət əsnasında çox səmimi münasibətimiz yarandı. Elə bu səmimiyyətin nəticəsi olaraq, o mənə Əmirxanın ölümü ilə bağlı rəyi təzyiq altında qalaraq saxtalaşdırması ilə yanaşı, əslində deməyə biləcəyi başqa bir şeyi də dedi. Rəyi verdikdən üç gün sonra bir nəfəri ruhi-əsəb xəstəsi kimi üzvü olduğu komissiya vasitəsilə xəstəxanaya yerləşdirdiyini də etiraf etdi. Bunu da, ona təzyiq edən eyni adamlar tələb etmişdilər. Son dedikləri, bəlkə də ondan öyrəndiklərimin içərisində ən vacib məlumat idi. Böyük ehtimalla, cinayətkarlar bu yolla qatili gizlətmişdilər. Matvey Semyonoviç, həmin adamın iyirmi yeddi yaşında olmasından başqa heç nə xatırlamasa da, 90-cı ildə Mərkəzi Ruhi-Əsəb xəstəxanasına yerləşdirilmiş adamların içərisində həmin vaxt iyirmi yeddi yaşı olmuş Qılınc Qabulovu müəyyən etmək mümkün oldu. Onun yeddi il həbs cəzası çəkdiyi də məlum oldu. Həm Əmirxanın, həm də «Karat»ın qətllərində oxşar dəsti-xətlər olduğuna fikir verdim. Rəy saxtalaşdırılıb, Əmirxanın işi onun maşınla vurulması qənaətinə gəlinərək bağlanmışdı. Deməli həmin vaxt sifarişçilərə sərf edən gedişat, bəlkə də ilkin planları bu imiş. Çünki şahidlər də hamısı bir nəfər kimi yüksəkdən gələn mühərrik, sonra isə təkər səslərini eşitdiklərini bildiriblər. Hər halda hadisə yerində hansısa maşın olub. Bunu nəzərə almamaq olmaz. «Karat» da maşınla vurularaq öldürülüb. Birinci halda üç gün sonra bir nəfərin ruhi xəstə kimi xəstəxanaya yerləşdirilməsi tələbi, ikinci halda isə Salamın həmin spesifikalı xəstəxanada işləməsi bu oxşarlığın daha bir əlaməti idi. Bilirsən ki, bizim işimizdə ortaya çıxardığımız belə əlamətlər zil qaranlıqda uzaqdan görünən zəif işıq kimi bir şeydir. Biz bu işığı tutub gedirik. Mən də belə etdim. Fikirlərimi polkovniklə bölüşdüm və o mənimlə razılaşdı. Onda Qılınc Qabulovun məhz bizə lazım olan adam olub-olmamasını yoxlamaq üçün əməliyyatın içində «bağ əməliyyatı» adlandırdığım bir əməliyyat keçirdim. Ancaq bundan əvvəl, Matvey Semyonoviçə zəng edib vaxtilə xəstəxanaya yerləşdirdiyi adamın solaxay olub-olmamasını xatırlmasını xahiş etdim. O adamla bağlı demək olar ki, heç nəyi xatırlamayan ekspert, solaxay olmasını yadına sala bildi. Hətta ətraflı şəkildə xatırladı. Bilirsən ki, təcrübəli ekspertlər küt və ya kəsici alətlə yetirilmiş xəsarətlərin sol və ya sağ əllə yetirildiyini də müəyyən edə bilirlər. Sən demə, ilkin olaraq verdiyi və sonradan dəyişməyə məcbur olduğu həqiqi rəydə də zərbələrin Əmirxana solaxay adamın yetirdiyini yazıbmış. Söhbətimiz zamanı bunu mənə deməyi unudan həkim, sualı eşidən kimi bunu dərhal xatırladı. Maraqlı idi. Həm Əmirxanı vuran, həm də üç gün sonra xəstəxanaya yerləşdirilən adam solaxay imiş. Əlaqəni tuta bildin?
-Tutdum, şef. Belə təsadüflər milyonda bir olur.
-Daha dəqiq desək, dünya əhalsinin cəmi on-on iki faizi solaxaydır. Başqa bir faktı da deyim, biləsən. Solaxaylarda beynin sol yarımkürəciyi ilə sağ yarımkürəciyi arasında əlaqə daha sürətlidir. Bu o deməkdir ki, onlarda məlumat daha tez ötürülür və deməli, daha iti düşünmək qabiliyyətinə malikdirlər. Qılıncın kifayət qədər uzaqgörən addımlar atması təsadüfi deyil. Davam edək. Hələ ki, dediklərim otuz il əvvələ aid yaşlı bir insanın danışdıqları idi. Bu öyrəndiklərimizi faktlarla bərkitməli idik. Qılıncın Kürdəxanı kəndində yaşadığını və həyətlərdə, bağlarda fəhləlik etməklə dolandığını öyrənmişdik. Əməliyyatı Arif müəllimin dostlarından birinin Hövsan qəsəbəsindəki bağında təşkil etdik. Əvvəlcədən Qılıncın qalacağı otağı gizli miniatür kamera ilə təchiz etdim. Otaqda televizor, kiçik kitabxana olması da vacib idi. Bunları da həll etdikdən sonra ən əsas şeyi, bir şəkil albomunu ən gözə gələn yerdə qoydum. Elbrus Cavadov vasitəsilə Salamın bir şəklini əldə etmişdim. Həmin şəkli albomun içinə qoymuşdum. Planın bir şərti kimi, Arif müəllim də başqa bir neçə şəkil tapdırıb gətizdirmişdi. Dostunun oğlu Əmirxanı yaxşı tanıdığı kimi, o vaxtlar onun yaxın dostlarını da tanıyıb Arif müəllim. O dostlardan Saleh adlı birini tapıb ondan Əmirxanla birlikdə olan bir neçə şəklini əldə etdi müəllimim. Həmin şəkilləri də Salamın şəkli olan səhifəyə yerləşdirmişdim albomda. Psixoloqların rəyinə görə, bir adamın fürsəti varsa və ya şərait imkan verirsə, qarşısındakı bir şəkil albomunu vərəqləməməsi ehtimalı bir faizdir. Hətta, insan divara vurulmuş tanımadığı adamların şəkillərinin də yanından laqeyd şəkildə keçmir, ayaq saxlamasa belə, mütləq ən azı çönüb onlara baxır. Başqa müşahidələrimlə yanaşı, Qılıncın bu şəkillərə olan reaksiyası mənim üçün həlledici olacaqdı. Nə qədər soyuqqanlı adam olursa olsun, bir qatil öldürdüyü və başqa birini öldürərək şərə saldığı iki nəfərin şəkillərini gözləmədiyi bir yerdə, eyni albomda yan-yana görərkən buna hansısa formada reaksiya verəcəkdi. Bu isə mənim gözümdən qaçmayacaqdı. Bu hazırlıqlardan əvvəl təbii ki, kənddəki bir makler vasitəsilə Qılıncın həmin bağa gəlib gecə qalmaq şərti ilə ağacların dibini belləyəcəyinə razılığı alınmışdı. Hər şey hazır olanda dostlarımızdan biri onu bağa gətirdi. Mən isə həmin andan sadəlövh bağ sahibinə çevrildim.
Layiqə diqqətlə məni dinləməyində idi.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Hansı kasıbçılıqdan dəm vurursuz?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün Putiniadada sonuncu siyasi lətifə söyləyəcəm. Rusiyada hazırda Putin barədə lətifə qoşmaq dəbdir. Və gülünc bir şey deyim. Rus özü öz prezidentinə şəbədə qoşur, amma Azərbaycanda rus xofu hələ də o qədər güclüdür ki, kimsə bu lətifələri söyləməkdən qorxur.
Nömrə 5
-İnflyasiya çox cüzi, cəmi səkkiz faiz olacaq, - deyə Putin efirdən bəyanat verdi.
-Onun öz inflyasiyası var, bizim öz, - deyə insanlar mağazaların ərzaq rəflərinə göz gəzdirib söylədilər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Bazar günü Perseid meteor yağışı olacaq
İNANILMAZ ANLAR YAŞANACAQ
Göyə baxmağı kim sevməz. Xüsusən aylı-ulduzlu gecələrdə füsünkar səmaya baxmaqdan doymuruq. Və əgər bilsək ki, göydə ara-sıra meteor yağışı da olurmuş…
“Ədəbiyyat və incəsənət” sizlərə bazar gününə təsadüf edəcək inanılmaz bir hadisə barədə danışacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofozika kafedrasının mütəxəssiləri bildiriliblər ki, avqustun 13-də unikal təbii hadisənin - Perseid meteor yağışının maksimumu müşahidə ediləcək.
Maksimumda zenitdə saatda 150-yə qədər meteorun görünməsi proqnozlaşdırılır. Perseid meteorlarının geosentrik sürəti 59 km/s qiymətləndirilir.
Mütəxəssilər bildirib ki, kometlər və asteroidlər keçdikdən sonra onların yolunda qalıqları qalır. Yer kürəsi həmin qalıqlardan keçdikdə meteor yağışları baş verir. Belə yağışların ən məşhurlarından biri Perseid meteor yağışıdır. Perseid meteor yağışları hər il iyulun 17-dən avqustun 24-nə kimi davam edir. Perseidin maksimumu ildən asılı olaraq 11, 12 və ya 13 avqusta təsadüf edə bilər.
Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.
Rəsmi məlumata görə, Bakıda Perseid meteor yağışının mənbəyi həmişə üfüqdən yuxarıda (batmayan) olduğu üçün meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Meteor yağışının avqustun 13-də günorta saatlarında maksimum aktivliyə çatacağı gözlənilir və ona görə də Azərbaycan ərazisindən ən yaxşı görüntüləri həmin gün səhər açılana qədər və axşam Günəş batandan sonra görmək olar. Yerin öz oxu ətrafında fırlanması nəticəsində səhər saatlarında Bakıya gələn meteorların hərəkəti baxış istiqamətində olacaq. Bu səbəbdən meteorların sayı çoxluq təşkil esəcək. Həm də meteorlar atmosferə şaquli istiqamətdə daxil olacaq və ona görə onların buraxdığı izlər çox qısa görünəcək. Səhər saatlarında Bakı üçün meteor yağışının mənbəyi üfüqdən 63°-69° hündürlükdə görünəcək və buna əsaslanaraq demək olar ki, saatda 130-140-a qədər meteor görünəcək. Digər vaxtlarda isə Bakı üzərində yanan meteorlar daha az olacaq.
Zira, bu meteorlar atmosferə bucaq altında daxil olduğuna görə tamamilə yanmazdan əvvəl səmanın böyük bir sahəsini keçə bilən uzunömürlü meteorlar əmələ gətirəcəklər.
Bir sözlə, tamaşa etməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
“Qar yağmasın” - Varisin yeni hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin yeni yazdığı “Qar yağmasın” hekayəsini təqdim edir.
Varis
Qar yağmasın...
Hekayə
Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.
Helen Keller
Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.
Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.
İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.
Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə - öz aləmində ən tutarlılarına cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.
İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.
Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...
Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütlə.
Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.
Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.
O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...
Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat? Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.
Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.
“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”
Səs yolladı: “Mən tam səmimiyəm”.
Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.
Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...
Kəsik qolu sızıldadı.
...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.
Gözlərini yumdu.
Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...
Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.
Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.
Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.
“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.
“Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.
Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.
Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.
Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.
Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.
Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.
“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, Vətənə canım da qurbandır? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik qoxusu gəlirdi...”
Yola düzəldilər.
“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”
Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.
Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...
Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.
...Çatdı.
Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.
Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.
Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.
Bu qadın usanmadımı yazmaqdan?
“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”
Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.
...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:
-Xoş gördük. Necəsən?
-....
-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?
-...
-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.
Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.
Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...
Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.
-Sənin qolundur, elə?
Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:
-Mənim də ayağımdır.
Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...
N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:
-Əzələn durur?
Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.
Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.
Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...
Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?
“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”
Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:
-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.
Üşəndi. Tükləri biz-biz oldu.
Növbəti mesaj özünü çox gözlətmədi:
“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”
Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləməkdəydilər. Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.
Görən, bu qış qar yağacaqdımı...
Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”
Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.
Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
Bax ora səmt aldı.
SON
19 iyul, 2023, Şabran
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
MƏNCƏ... Eltən Törəçinin fikri
“Ədəbiyyat və incəsənət” portalının “Məncə” rubrikasında bu dəfə növbə Eltən Törəçinindir.
Toplumumuzun önünü kəsən, onun irəliləyişini əngəlləyən sıxıntıları əski yanaşmalar ilə çözə bilməyəcəyik.
İllərdir bunu təkrarlayırıq və bir arpa boyu yol getməmişik.
TV verilişlərdə danışdırdığımız aydınların dediklərindən heç nə çıxmadığını görürük. Qərbli kimi geyinib,
davranıb və düşünüb bu torpaqlarda yaşamağı yamsılamaqdan başqa heç nə əldə etməyəcəyik. Düşüncə biçimi dəyişməlidir, özümüzünküləşməli, öz dilimizdə düşünməli, özəyimizə dönməliyik.
Çölçü yaşam biçimi axtardığımız asan çözüm yollarını göstərir, bütün yurd sevər aydınları bizə qoşulmağa çağırırıq. Gərçəkdən yurdunu, elini və Törəsini önəmsəyən hərkəsi gözləyirik.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Tənha evdə tənha adam - Daniel Korbunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
Bu gün siz Daniel Korbunun şeirləri ilə tanış olacaqsınız.
Daniel Korbu
Şair, nasir, ictimai xadim. 1953-cü ildə anadan olub. 1979-cu ildə “Ədəbi Rumıniya” jurnalındakı publikasiyası ilə ədəbi debüt edib. Onlarla poetik toplunun müəllifidir. FEED BACK festivalının direktorudur. Əsərləri əsas Avropa dillərinə çevrilib. Təqdim edilən şeirlər şairin Parisdə nəşr edilən “Les documents du Chaos” (2002) kitabından götürülüb.
Ürəyin kölgəsində
Əgər işıq nurun kölgəsidirsə,
onda nurun kölgəsindən qovulan kimi
ürəyinin kölgəsindən
qovulacam.
Onun şanına sevinəcəm
və ölümü müşayiət edən sözlər
qırmızı sarğıdan boylanan qan kimi seziləcək.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Hər şeyi onu həvəsləndirir və ruhdan salıb iyrəndirir.
Sevgidən nifrətə yol keçib, aldanışları sığallayıb.
Sığal çəkib şehə, sevinib, ağlayıb.
hər dəfə yoxluq özünü göstərəndə
boşluq doğulub,
o boşluqla ürəyini doldurub,
nişan verib məzarını öz-özünə
yoxluğun və boşluğun.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)