Şəkillər canlı xatirələrdir, deyilmi?

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ön cəbhədə döyüşən, mübarizliyi, əzmkarlığı ilə düşmənin canına vəlvələ salan oğullar. Şəkil Vətən Müharibəsinin qızğın döyüşlər gedən günlərindən bir xatirədir. Bu şəkil həm də bir Tarixdir.

 

Şəkildə görünən ərazi Füzuli rayonu, Horadiz yaşayış məntəqəsidir. 1993-cü il sentyabrın 3-də Qarabağ müharibəsi zamanı erməni qəsbkarlarının işğalına məruz qalan Kənd Horadiz Müzəffər Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatı nəticəsində düşmən tapdağından azad olundu. Bu şəkildə səhv etmirəmsə bir Şəhid var. Şəhid kapitan Elçin İsmayılovun ruhu şad olsun. İnşallah, digər Qəhrəmanlar sağ salamatdır.

Bəzən zabitlərin etdiyi Qəhrəmanlıqlar səbəbsiz yerə unudulur. Vətən isə öz mərd oğullarını unutmur. Şəkillər həm də tarixi yaşadan əksimizdir. Zəfərdə İmzası olan oğullar var bu şəkildə.

Bu şəkildə Qazax mahalının iki Qəhrəman oğlu var. Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Xüsusi Təyinatlı Qüvvələrinin Polkovniki Eldəniz Namazov Qazax torpağından boy atan, Azərbaycan Ordusuna şərəf gətirən şəxsiyyətlərdir. Sizinlə fəxr edirik. Qürur duyuruq.

Bu şəklə baxanda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın "Qazax yetirir" şeiri yadıma düşdü.

 

Bu torpağın mayasında nə varsa

Bilirsənmi nə insanlar yetirir.

Düşməninə qan udduran oğullar,

Dost-yoldaşa mehribanlar yetirir.

 

Haqdan gələn haqqı-sayı itirməz,

Bir məclisi sazsız-sözsüz ötürməz.

Elə-belə adamları yetirməz,

Ya dahilər, ya azmanlar yetirir.

 

Tarixlərdə övladları duyulub,

Ürəklərdə heykəlləri qoyulub.

Şan-şöhrəti bu dünyaya yayılıb,

Top Allahı, komandanlar yetirir.

 

Barat, Qazax tərlanlara yuvadır,

Dostuna dost, düşməninə bəladır.

Vurğun kimi şairlərə anadır,

Ramiz kimi pəhləvanlar yetirir.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.