Bəzi qəribəliklər və onlardan doğan qeyri-müəyyənliklər barədə Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Ölkəmizdə müxtəlif sahələrə yüksək diqqət və qayğı nəticəsində onun gələcək perspektivləri, hərtərəfli inkişafı diqqəti cəlb etsə də, lakin bir neçə nüanslar da nəzərə çarpacaq qədər diqqət mərkəzindədir...

Xüsusilə son zamanlar  ölkəmizin flora (bitki) və faunası (heyvanlar aləmi) öz qəribəlikləri ilə daha çox diqqət mərkəzindədir...

 

Belə ki, itlər daha öz sahibini basqınçıdan, sürülərdə qoyunu qurddan qorumur, əksinə, yeri gəldikdə öz sahiblərinə və hətta sürülərdəki qoyunlara, toplumdakı insanlara  hücum edərək onları yaralamağa başlamışlar... Lakin həmin itlər kənardan hələ də qoruyucu mələk simasında və insanın ən yaxın dostu görünümündə qalmaqdadırlar...

Meşənin Aslanına, başçısına çip taxılaraq və ya hər hansısa təlimçi sayəsində bir şeylər öyrədilərək ondan sirkdə müəyyən hərəkətlərin nümayişi üçün, eyni zamanda meşədəki digər heyvanların idarəsi və meşənin vəziyyətini nəzarətdə saxlamaq üçün də istifadə edilir...

Göstərilən fəaliyyətdən, heyvanların bu addımından daha çox təsərrüfat sahibləri faydalana bilirlər...

Mal naxırlarında, qoyun sürülərində qoyunların, malların sayı getdikcə artmaqdadır. Mallardan sağılan süd sayəsində çobanlar öz istədiklərini, zəruri tələbatlarını ödəməkdədirlər. Qoyun sürülərindəki qoçlar isə müqəddəs bayramlarda və ya əhəmiyyətli günlərdə "bismillah" deyilərək kəsilərək ehtiyacı olanlara verilir...

Bəzi ilan növləri öz sahiblərinə sarılaraq onların ölçülərini nəzərdən keçirir və hətta bu yaxınlarda öz sahibini bir ilanın udmağa cəhd göstərdiyi də qeydə alınmışdır...

Eyni zamanda orintologiya (quşları öyrənən elm sahəsi) sahəsində də müəyyən fərqliliklər müşahidə edilir. Ölkədə keçən sərt hava şəraiti nəticəsində, havanın temperaturuna dözə bilməyib məhvə məhkum olan bayquşlar da artıq ölkəni tərk edərək başqa diyarlara üz tuturlar...

Sərçələr yenə əvvəlki kimi eyvanlarda, evlərə daha yaxın yerlərdə məskən salmışlar...

Bəzənsə onlar haqqında şayiə gəzir ki, evin sirrlərini məhz onlar yayaraq, "yerin də qulağı var" məsəlini arabir yada salırlar...

Dənizlərdə xırda balıqlar nəhəng köpəkbalıqlarına yem olur, onlardan bəzənsə qorunmağı bacarır...

Yağan yağışdan sonra yeraltındakı göbələklər baş qaldırmağa başlayır...

Bəzi göbələklər yeməli, bəziləri isə yemək üçün yararlı görünərək diqqəti cəlb etsə də insan həyatı üçün zərərlidirlər. Onlardan zəhərlənmə halları qaçılmazdır.

Təsərrüfatda tərəvəz bitkilərindən xiyarın qiyməti xarici bazarda artmaqdadır. (Bizdə qiyməti münasibdir).

Onlardan bəzən bir tağda 8-10 ədəd müşahidə etmək mümkündür və bu da ölkədəki təsərrüfata göstərilən diqqətin əsas göstəricilərindən biri kimi qiymətləndirilir...

Kənardan cəlbedici görünən xurmalar isə ağız büzüşdürməklə, yemək zamanı boğulmalarla öz mövsümünün hələ gəlmədiyini, yetişmədiyini bildirir...

Bu qədər. 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.