Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənə”
Salam, əsgər qardaşım, necəsən? Orada vəziyyət necədir?
Sənə bir az bizdən bəhs edim.
Atamız özünü soyuqqanlı aparsa da, sənin üçün çox narahat olur, darıxır. O dəfə telefonda şəkillərinə baxırdı, gözləri dolmuşdu. Məni görən kimi, bir qədər qaşlarını çatıb; "Get mənə çay gətir" - dedi. Çünki onun bu vəziyyətini görməyimi istəmirdi.
Anamızı desən, o hamımızdan çox darıxır.
Hər gün yuxularına girirsən. Röyalarında danışır hər gün səninlə.
Gözü elə hey qapıdadır. Hər qapı döyüləndə, telefon çalınanda tez həyacanla qaçır, elə bilir ki, sənsən.
Sən və əsgər yoldaşların üçün corablar, şərflər toxuyur. Balam orada üşüyür -deyir. Otağına girib gizli-gizli ağlayır.
Çox vaxt köynəyini qucaqlayıb qoxlayaraq yuxuya gedir.
Hər gün xəbərlərə baxır. Şəhidlərin adları oxunanda hər birinə ayrı rəhmət oxuyaraq ağlayır, sənin adın çıxmadığı üçün əllərini göyə açaraq Allaha şükür edir və yenə ağlayaraq məni bağrına basır.
O sənin sağ-salamat qayıdacağına çox ümidlidir. Amma anamı bilirsən də, mövzu biz olduqda həmişə həddindən artıq həssas olur.
Gələk mənim GƏLİNBACIMA...
Onu hər nə qədər sevməsəm də, (zarafat edirəm haa) ondanda danışım. O da sənin üçün çox darıxır. Şəkillərinizdən videolar hazırlayıb paylaşaraq oxudur həsrətini.
Yanına gələndə taxdığın, əl əməyin yaşıl qolbaq hələ də qolundadır. Onu gözündən də qoruyur, sənin ətrini hiss etdiyini deyir.
Bizə baş çəkməyi də unutmur. Anamla birlikdə səndən danışırlar. Narahat olma, mən araya girib onları güldürməyi bacarıram.
Atam deyir ki, sən gələn kimi toyunuzu edəcək. Evlənəcəksən!
Baldızlıq etmək üçün səbirsizlənirəm.
Bir gün bunu deyəcəyimi düşünməzdim, lakin sənin üçün çoxca darıxmışam. Hətta "Çirkiin" deyə məni çağırıb gülməyin, yerdən bir şey götürəndə əlini başıma qoyub “xoşbəxt ol mənim balam”,
nəsə gətirəndə “sağ ol, nökər” deməyin üçün də. Sənsiz ev sanki bomboşdur.
Anamızın; "Ayrı qalanda biləcəksiniz bir-birinizin qədrini" sözlərini indi anlayıram.
Sənin üçün narahatam, düzdür, ancaq əsgər bacısı olduğum üçün çox qürurluyam.
Nə qədər dava-dalaşımız olsa da, birimizin dediyi o birimizin boğazında ilişib qalsa da o günləri heç nəyə dəyişmərəm. O xatirələr daha maraqlıdır, doğmadır.
Sən mənim üçün çox yaxşı qardaş olmusan. Sənin bacın olduğum üçün ikimiz də şanslıyıq. Varlığın hər zaman mənə güc verir, qüvvət verir. Yaxşı ki, varsan, Qardaşım!
İnşallah tez bir zamanda, qələbə ilə sağlam və güclü şəkildə qayıdarsan.
Səninlə bərabər biz də günləri sayırıq.
Son 36 gün.
Ailən səni sevir, səninlə qürur duyur, Əsgər!
Yazan : Bacın
“Ədəbiyyat və incəsənət”
(16.10.2023)