İstanbulda Gəncə Dövlət Dram Teatrının təqdimatında “Kral ölür” tamaşası oynanılıb

İstanbulda Azərbaycanın Gəncə Dövlət Dram Teatrının təqdimatında Ejen İoneskonun “Kral ölür” adlı absurd komediyası oynanılıb.

 

AzərTAC xəbər verir ki, tamaşa İstanbulda keçirilən V Beynəlxalq Maltepe Teatr Festivalı çərçivəsində, şənbə günü nümayiş olunub.

Əsərdə hadisələr Beranje krallığında birinci Beranjenin sarayında baş verir. Günlərin birində kral bir neçə saatdan sonra öləcəyini öyrənir. Ölümün adi sözlə, iki-üç kəlmə ilə çatdırılması Beranje üçün gülməli və qeyri-təbii təsir bağışlayır. Lakin zaman keçdikcə kral vəziyyətin ciddiləşdiyini, ətrafındakı insanların onu taleyi ilə baş-başa buraxdıqlarını anlayıb məyus olur. Bu məyusluq o qədər güclü olur ki, bir az əvvəl “ölmərəm” deyib hayqıran Beranje ölümə öz xoşu ilə razılıq verir.

Tamaşanın quruluşçu rejissoru S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayevdir.

Əsas rollarda Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov iştirak edirlər.

Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikaranın təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna olmaqla 22 ölkədən 200-ə yaxın teatr işçisi iştirak edir. Beş gün davam edən festivalda ümumilikdə 20 səhnə əsəri oynanılır.

Azərbaycanı tədbirdə aktyorlarımızla yanaşı, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov və festivalın beynəlxalq münsiflər heyətinin tərkibində Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir.

“Kral ölür” tamaşasının festival çərçivəsində İstanbulda ilk təqdimatı oktyabrın 12-də reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.