Super User

Super User

“Ədəbiyyat və incəsənət”in Siz bilirdinizmi? rubrikasında bu gün bir zamanların ən çox kitabı satılan yazıçısı Əlibala Hacızadə barədə bir fakt açıqlanacaq. Söhbət ondan gedir ki, “İtkin gəlin” trilogiyasını yazan tanınmış yazıçı həm də gözəl şeirlər yazırmış. 

Onun şeirıərindən birini - “Yandı məktublarım”ı diqqətinizə çatdırırıq. 

 

Yandı məktublarım...Sən yandırdın, sən,

Bilmədim bu səndə nə həvəs idi?

Yaralı könlümə yaralar vurdun,

Mənə əzabların, gülüm, bəs idi.

 

Yandı ürəyimin səsi, fəryadı,

Gözümdən sel-sular axıb çağladı.

Ömürümün sütunu qopub laxladı,

Mən sonra anladım o nə səs idi.

 

Ağladım, dözmədim göz yaşına mən,

Səni bağışladım candan ürəkdən,

Peşəm yanmaq olub, özün bilirsən,

Taleyim əzəldən mənim nəhs idi.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” (ADTM) seriyasından maraqlı kitablar nəşr etməsi barədə sizləri bilgiləndirmişdik.

Budur, növbəti nəşr – dünyaşöhrətli Amerika yazıçısı Cerom Devid Selincerin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

 

Tərcümə Mərkəzindən verilən məlumata görə, yazıçının “Yalnız özümçün yazıram...” sərlövhəli müsahibəsi ilə başlayan kitaba “Çovdarlıqda uçurumdan qoruyan” romanı, “Qarşılıqlı razılaşma”, “Eddi ilә görüş”, “Yeniyetmәlәr”, “Eleyn”, “Çәllәkdә siyәnәklәr”, “Yad adam”, “Lәnәtә gәlmiş qırx birinci il”, “Domye-Smitin mavi mövsümü”, “Teddi” kimi məşhur hekayələri və qızı Marqaret Selincerin atası haqqında yazdığı “Xәyallarda uçurumdan qoruyan” memuarı daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Tehran Vәliyev, Nəriman Əbdülrəhmanlı və Rәbiqә Nazimqızıdır.

Kitabı yaxın günlərdə “Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Centre”, “Çıraq” kitab evi, Prezident Kitabxanası, Azərbaycan Dillər Universitetinin satış köşkü kitab evlərindən və mağazalarından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Xatirələr güllələnib

Son dəfə keçdiyin yerdə.

Təzə dərdlər pöhrələnib

Kəsdiyin, biçdiyin yerdən.

 

 *

 

Ağrı kəsir şaxta kimi

Hər zərrəmdə buzu qalıb.

Qəlbim Urmu gölüdü ey...

Suyu uçub, duzu qalıb.

Ümidimin köşəsində

Bir cüt yetim quzu qalıb...

Günlər qəssab bıçağıdı,

Qəlbim qurbangahdı daha.

O aldığın hava ki, var –

Hava deyil, ahdı daha.

Çıxıb gedim bu dünyadan,

Çıxıb gedim...

Vaxtdı daha...

 

Kirpiyimdə gün qarsıyır,

Bəbəyimdən an süzülür.

Sapı qaçıb...

Ömrümüzün

İlməsindən can süzülür...

Dan yeridi dualarım

Hər sözündən qan süzülür...

Ləpir-ləpir izin qalıb

Ovcumda...

içdiyin yerdə.

 

 

Bu gərdişi fələk salıb?

Şeytan salıb?

Mələk salıb?

Arzuların lələk salıb

Başımdan uçduğun yerdə...

 

İçinə çək son kəlməni -

Alovu yandırsın səni...

Get, Allah qaldırsın səni

Gözümdən düşdüyün yerdən.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Cümə axşamı, 19 Oktyabr 2023 12:00

Bu Yazarı Tanıdınızmı?

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Bu məqaləni Barış Özcanın eyni adlı podkastı əsasında tərcümə etmişəm. 

 

İndi sizə anladacaqlarım yaşamaqda olan bir yazarın yaşam hekayəsidir. Lakin onun adını ilk başda deməyəcəyəm, çünki onun həyat hekayəsində özümə və sizlərə yaxın hesab etdiyim bəzi nöqtələr var. Haqqında danışdığım bu adam milyonlarca nüsxə kitab satmadan öncə də bir yazar idi. Lakin kitab yox, kod yazarı, yəni kompüter proqramçısı idi. Hətta 1995-ci ildə “Warcraft 2” oyununun hazırlanma proqramında yer də almışdı. Təbii ki, hər iş əfsanəvi oyunları kodlaşdırmaq qədər əyləncəli olmaya bilər. Eynilə daha sonralar çalışdığı “mobileiron” şirkətində məşğul olduğu iş kimi:

"Korporativ sistemlərin ofis işçilərinin mobil telefonları ilə sinxron işləməsinə imkan verən android proqram təminatı üçün kodların yazılması" – İşin adını söyləyəndə belə adamın ürəyi sıxılmağa başlayır. – İnsan özünə sual verir, – məktəb vaxtı sıxıcı dərsləri oxuyuruq, sonra da universiteti bitirib sıxıcı işlərdə çalışmağa başlayırıq. Bu nə yaşamdır? – Bax belə düşünüb bədbinliyə qapandığınız anlarda özünüzü, həqiqətən də, xoşbəxt edən şeyin nə olduğunu düşünün və o şeyi bacara bilmək üçün həyatınızın bir qırağında kiçik də olsa bir mühit yaratmağa çalışın. Haqqında danışdığım yazar tam da bunu etmişdir.

 

 

Özü üçün yaratmış olduğu o balaca mühit isə bir veb saytıdır.

Galactanet – belə bir dizaynı görüb o dəqiqə tənqid atəşinə tutmayın, çünki 2000-ci illərin əvvəllərində həvəskar veb sayt dizaynları məhz bu cür olurdu. Yazarımız öz xəyallarını bir cizgi romanı formasında həftədə iki-üç dəfə bu saytda paylaşmaqla başlamışdır. 2008-ci ildə bu cizgi romanın son bölümünü yayınladıqda altına bu sözləri qeyd edir:

"I never imagined? When I started this all those years ago, that I would ever have so many people listening my ramblings in any my form. So to all of you? Thank you  so very much". – Yəni "bunlara illər öncə başladığımda bu qədər insanın səfeh düşüncələrimi hər hansısa bir tərzdə dinləyəcəyini heç düşünməmişdim. Hamınıza çox təşəkkür edirəm."

 

 

6 il müddətində yüzlərcə cizgi romanı yazıb, sonra rəsmini çəkib öz veb saytında yaratdığı o kiçik mühitdə paylaşdıqdan sonra hər halda çox məşhur oldu deyə düşünürsünüz, bəlkə də. Lakin, xeyr, bu qədər insan dedikdə onu izləyən bir neçə yüz nəfər insandan bəhs edir sadəcə. O zaman “yəqin çoxlu pullar qazanıb, 6 il müddətində 600-dən çox cizgi romanı insan boş-boşuna etməz hər halda” düşünərsiniz, bəlkə də. Lakin, xeyr, bunların hamısını tamamən ödənişsiz olaraq öz saytında yayınlayıb və sizlər hələ indi də gedib onun yazdıqlarını oxuya bilərsiniz.

 

 

Hətta 564-cü bölümdən sonra Adobe İllustratorda çəkdiyi rəsmlərin orijinal fayl formalarını izləyicilərinin istəyi ilə arxivləşdirərək öz saytına yerləşdirmişdir. Bir növ rəsmlərinin kodlarını hər kəslə bölüşmüşdür. Bax mən buna sənət deyərəm. Sadəcə çəkdiyi o rəsmlərə deyil, sözün açığı onlar o qədər də ahım-şahım şeylər deyil, mən onun etdiyi bu işə davranış şəklinə sənət deyirəm. Yaşamaq sənətidir bu.

Bir tərəfdən sıxıcı belə olsa, işləyib özünü dolandırarkən, bir tərəfdən sevdiyi bir mövzuda bezmədən, usanmadan bir şeylər emal etmək. İllərcə, gözləntisiz bir şəkildə o işlə məşğul olmaq, məhz onu sevən az sayda da olsa, bir neçə nəfəri xoşbəxt etdiyi üçün.

Yazarın bu saytında bir də yaradıcı yazarlıq bölümü var. O bölümdə qısa hekayələrini yazıb paylaşmışdır. Bu hekayələrdən özəlliklə bir dənəsi var ki, həqiqətən də, çox təsir edicidir. Adı: “Yumurta” – Sonralar bir çox adam tərəfindən başqa dillərə də tərcümə edilən, qısa film və animasiyalara dönüşdürülən bu hekayəni biz də sizlər üçün saytda paylaşmışdıq. İstəyənlər aşağıdakı linkə keçid edərək hekayənin özünü də oxuya bilər:

 

https://www.edebiyyatveincesenet.az/index.php/ru/edebiyyat/item/11060-dunya-aedaebiyyatindan-andy-weir-yumurta-hekayaesi

 

Həyatının bir küncündə açdığı bu mühitdə yazarımızın etdiyi bir iş daha var. Uzun hekayələrini parça-parça olmaqla (“davamı sabah” şəklində) yayınlamaq. 2008-də cizgi roman ideyasını bitirdikdən sonra 2009-da aşağıdakı formada hekayələrini yayınlamağa başladı:

 

 

 

Yazdıqca da bölüm-bölüm veb saytına yerləşdirdi. Beləcə, bitirdiyi zaman bir roman halına gəlmdi. Şəxsi veb saytından paylaşdığı və sadəcə 3 min adamın oxuduğu bir roman alındı.

Daha sonralar oxucuları demişlər ki, “biz bunları saytdan oxumaqda çətinlik çəkirik, sən onları çap etdirsən oxunması daha rahat olar bizim üçün.” Nəşriyyat məsələlərini bilən adamlar yaxşı başa düşür ki, bir kitabın çap olunması necə çətin bir prosesdir. Özəlliklə ad-san qazanmamış bir yazıçısınızsa o ilk filtrlərdən keçib kitabınızı çap etdirmək olduqca çətin və zəhmətli bir mərhələdir.

Hekayəsini danışıb adını demədiyim yazar da, o zamanlar, həqiqətən, ad-sanı olmayan bir yazar idi. Öz veb saytında yazıb çəkdiklərinin xaricində heç bir yerdə varlığını hiss etdirməzmiş. Buna görə də o, birbaşa nəşr texnologiyasından istifadə etmək qərarına gəlmişdi. Təbii ki, hər hansısa nəşriyyatla çalışmayıb birbaşa mətbəə texnologiyası ilə çalışsanız belə, bunun bir xərci var, ödənişsiz satışa buraxa bilmirsiniz. Bizim yazar da platformanın icazə verdiyi ən aşağı qiyməti qoymuş kitabının etiketinə. 0.99 dollar, yəni 99 sent. Və sentyabrdan dekabr ayına qədər ümumilikdə 35 min tiraj satılmış, üstəlik özünün veb saytında ödənişsiz variantı olduğu halda hər kəsə açıq ikən.

Əgər üzərində çalışılmış, oxunmağa, dinlənməyə və izlənməyə dəyər bir fikriniz varsa, o elə, ya da belə bir şəkildə yolunu tapıb ortaya çıxar. Yetər ki, daha çox dinlənilməyə, daha çox oxunulmağa, daha çox sevilməyə və daha çox məşhur olmağa çalışMAYIN. Sadəcə xəyallarınıza, fikirlərinizə diqqət ayırın, onlara əmək sərf edin.

Kitablarının çox satıldığını gördükdən sonra bir nəşriyyat və bir menecer onunla əlaqəyə keçmiş və sadəcə 4 gün içində əvvəlcə nəşriyyatla və sonra da bir film şirkəti ilə razılaşma imzalamışdır. Bir şeyi də qeyd etmək istərdim ki, film şirkətləri ilə razılaşma imzalamaq həmən bu dəqiqə kitabınıza filmin çəkiləcəyi anlamına gəlmir. Özəlliklə Amerikadakı film şirkətləri zatən yeni çıxan uğurlu müəlliflərin kitablarının müəllifləri ilə əlaqəyə keçib onları rəqiblərinin əlinə qapdırmamaq üçün tez bir zamanda kontrakt imzalamağa çalışırlar. Amma razılaşma imzaladıqları kitabların 90 faizini əsərin xərclərinin çox olması ilə əlaqədar filmə dönüşdürməzlər.

 

Bu gerçəyin fərqinə varan bizim yazarımız da sıxıcı kodları tənzimləmə işiylə məşğul olarkən “Cloverfield”, “World Z war” kimi ssenariləri yazan Drew Goddard onun kitabını ssenariləşdirməyə başlayır. Beləcə, ssenari yazılarkən Matt Damon mən bu filmin baş rolunda oynamaq istəyirəm deyir.

Bizim yazarın bir özəlliyini deməyi unutdum. Özündə uçmaq qorxusu var. Təyyarə görəndə ürəyi düşür. Yəni səyahət əngəli olan belə bir adam üçün yaşamaq demək olar ki, öz evinin yaxınlıqlarından ibarətdir. O da uça bilmədiyi üçün hər şeyi evindən etməyə başlayır, nə meneceri ilə, nə yayın evi ilə, nə bu filmi çəkməli olan komanda ilə, nə də Matt Damon ilə üz-üzə görüşmür, həmişə yazışaraq əlaqəyə keçir.

 

 

Bax belə əlaqəyə keçdiyi bir zamanda bir gün telefonuna bir zəng gəlmiş və yazdığı kitabı filmə dönüşdürəcək olan rejissorun Ridley Scott olduğunu demişlər. Hansı ki, içində Blade Runner kimi məşhur filmləri çəkmiş olan Sir Ridley Scott!

“Məzələnirsiz mənnən?!” – deyərək bağırmış telefonun digər tərəfinə, çünki bu insanların artıq bir yerdən sonra onu doladığını düşünməyə başlamış. Amma, xeyr, kitabını özü-özünə yayınladığı 2012-ci ildən hardasa 2 il sonra 2014-ün noyabrında uça bilmədiyi üçün ziyarət edə bilmədiyi Macarıstanın paytaxtında filmin çəkimləri başlamış.

 

 

Gündəlik işlərinə davam edərkən öz həyatının balaca bir yerində özü üçün açdığı mühitdə yazdıqları yığılaraq 2014-ün ən yaxşı elmi-fantastik romanına və 2015-in ən yaxşı elmi-fantastik filminə çevridi.

“Marslı” – Kitabının yazarı Andy Weir-in hekayəsini danışdım sizlərə. Kompüter oyunlarına və cizgi romanlara marağı olan öz halında bir proqramçı olan yazıçı. İronik olan şey isə uçmaqdan dəli kimi qorxan birinin yaratdığı obraz – buraxın uçmağı, Marsa enən ilk insanlardan biri olur. Lakin bir bədbəxtlik yaşanır və getdiyi digər astronavtlar dönərkən o, orada təkbaşına qalır. Susuz bir adada yalnız qalanların hekayəsini çox eşitdik. Bax bu dəfə də nəhəng bir planetdə yalnız başına qalan obrazın duyğularını onun yazmış olduğu gündəliyindən izləyirik:

"Heç bir şeydə ilk olmağı gözləmirdim. Halbuki indi nəhəng bir planetdə təkbaşına qalan ilk insan mənəm." – Andy Weir-in yazdığı planet, əlbəttə ki, Marsdır. Lakin biz bu planeti bir də metaforik olaraq oxumağı sınasaq?

O planet Mars deyil də, bizim ən dəyərli varlığımız olsa. Andy Weir sadəcə o varlığı işlədərək öz planetinin içində vaxt keçirərək bütün bunları yazdı, xəyal etdi. Ona güc verən şey içindəki maraq duyğusu idi. Kosmosla, astronomiya ilə, fizika ilə heç bir təhsil almadan bu kitabı yazarkən, heç bir astonavtla tanış olmadan sadəcə özünün etdiyi araşdırmalarla, öz planetində yaşayaraq elmi baxımdan bu günə qədər yazılmış ən real romanlardan birini ortaya qoydu.

 

 

“Qəribə bir hissdir, həqiqətən də. Hara getsəm, ilkəm. Raketdən qırağamı çıxdım, ora gələn ilk adam mənəm. Bir təpəyəmi dırmaşdım, o təpəyə dırmaşan ilk adam mənəm. Bir daşamı təpik atdım? O daş bir milyon ildir heç yerindən tərpənməmişdi.” – Bax öz beynimizdəki planetimizdə də belə daşlar var. O daşların altında gün işığına çıxarılmağı gözləyən neçə cövhərlər var. Yetər ki, nə qədər soyuq və nə qədər əlçatmaz görünürsə görünsün oraya getməkdən, orada vaxt keçirməkdən qorxmayalım. Çünki sizin planetinizdəki təpələri dırmanacaq ilk adam, elə sizdən başqası olmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Cümə axşamı, 19 Oktyabr 2023 15:30

Rəsm qalereyası: Elşən Əzim, “Mənzərə”

Rəsm qalereyası: Elşən Əzim, “Mənzərə”

Cümə axşamı, 19 Oktyabr 2023 16:00

Mədəniyyət qurban tələb edir.

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

+ Demək, sabah xarici qonaqlarımız var, konsertdi. Zal böyükdür. Ora adam yığmaq lazımdır. Demək, belə edirsən. Zəng vurursan bir iki universitetin rektoruna, tələbələri gətirsinlər, gəlməyəni də ənənəvi üsullarla idarə etsinlər. Daha sonra bizim bu işçilərə də deyirsən, birbaşa Vaqif müəllimin tapşırığıdır, sabah konsertə getməlidirlər. İşdi gördün ağız-burun əyirlər, deyərsən  maaşınızdan tutulacaq, töhmət yazılacaq. 

 

- Vaqif müəllim, bəs işi olanlar nə etsinlər ? Məs; Aynur xanımın övladı körpədi, ona baxmaq üçün getməlidir. Nəcibə xanımın evində yoldaşı xəstədir, ona baxır. Murad bəyin də sabah qızının ad günüdür. Hələ digərlərini demirəm. Belə işlər könüllü olacaq işlər deyilmi sizcə ? 

 

+ Sən nə danışırsan ?! Xaricdən gələnləri 5-10 nəfər izləsin deyirsən ? Bəs bizə nə deyərlər ? Deməzlər hanı sizin mədəniyyətiniz, yüksək bədiiliyiniz, estetikanız? Yox, gəlməlidirlər. Mədəniyyət qurban tələb edir. 

 

- Vaqif müəllim, qurban niyə bizlər olmalıyıq axı? Xaricdən gələnlər qoy görsünlər ki, həqiqətən marağı olanlar gəlib, onların izləyici bizdə bu qədərdir. Onlar bu az sayı gördükdən sonra hansısa addımlar ataraq bu sayı yüksəltmək üçün düşünməlidirlər. Çünki zövqlər, düşüncələr müxtəlifdir. Kimisə zorla nəyəsə məcbur etmək doğru deyildir. Konsert üçündə zalı məcburiyyətdən doldurub, süni görüntü yaratmaq lüzumsuzdur. Necə ki, küçə musiqiçilərini kimin üçün maraqlıdırsa, kimin zövqünü oxşayırsa onlar izlədikləri kimi. Eyni zamanda kəmiyyətdən öncə yüksək keyfiyyət də önəmlidir. 

 

P.S. Sizcə, haqlı olan işçi haqsız olan Vaqif müəllimi razı sala bildimi? Yoxsa danlaq yiyəsi oldu?

Cavabı özünüz müəyyənləşdirin. 

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

19 oktyabra təsadüf edən əlamətdar hadisələri qeyd edirik:

19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü

Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.

Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:

Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;

-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?

Deyir, Sidorovam.

-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?

-Məgər bu yaşamaqdır?

 

19 oktyabr. Napoleonun qara günü

Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.

1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.

 

19 oktyabr. Veronika Kastro günü

Veronika Kastro kimdir? Meksika aktrisası, müğınniisi, teleaparıcısı. Dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki, kmişilərinin sevimlisi. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.

1952-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Amma sonradan daha sivil parıldama yolunu seçdi. Marianna rolunu oynadığı  “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrildi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. On minlərlə pərəstişkarı başına toplaşmışdı.

Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

42-Cİ DƏRC

 

Baş Hakim növbəti replikasını atdı:

-Hətta belə!

Baş ekspert oxuduğu tarixi mənbələrə o qədər alüdə olmuşdu ki, sanki prosesin içində idi, gözü ilə görüb hər bir epizodu nəql edirdi:

-Hadisələr ərəfəsində Qubada şəhər başçısı və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski öz hərbi dəstəsini də götürərək, Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə Bakının girəcəyində idi, Bakıda və Şamaxıda baş vermiş mart hadisələrindən dərhal sonra onlar gəlib Bakını və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı.

Bolşevik adı altında daşnakların Bakı və Şamaxıda törətdiklərindən sonra kifayət qədər qorxu içində olan Quba sakinləri Gelovaninin ultimatumu qəbul etdilər və 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Qubada - şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olundu, Gelovani özünü Qubanın qəza komissarı elan etdi. Lakin yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin ləzgi əhalisi hadisələrə müdaxilə etdi. Qubada Sovet hakimiyyətinin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin  silahlı hücumu başlandı. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəldi. Üç gün davam edən şiddətli döyüşlərdən sonra cəsur ləzgi dəstələri bolşevikləri Qubadan qovub çıxardı. Bolşeviklərn məğlubiyyəti ilə nəticələnmiş bu mübarizədə hər iki tərəf itkilərə məruz qaldı, ləzgilərdən 200 nəfər öldürüldü, həmçinin dinc sakinlərdən 70 nəfər həlak oldu. Qubanı tərk edərkən ermənilər məntiqə sığmayan addım atdılar, Ağacanyanın əmri ilə onun əsgərləri xristian əhalisini, əsasən erməniləri şəhərdən çıxarmaq məqsədilə ev-ev gəzərək bir yerə topladılar, lakin atışma zamanı yarı yolda ataraq qaçdılar. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla çıxarılan dinc xristian əhalisindən onlarla rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri  həlak oldu. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırdı, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirdi. Bolşeviklər geri çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına od vurdular.

Bu yerdə yaşlı hakim müdaxilə etdi, Baş ekspertə xahiş ünvanladı:

-Ağacanyanın dəstəsinin məğlubiyyətindən sonra Qubaya daha güclü və daha təcrübəli erməni dəstəsi – gördüyünüz bu cani Hamazaspın dəstəsi göndərilib. Az qüvvə ilə qalibiyyət planı baş tutmayanda daşnak-bolşevik müttəfiqlər Qubaya qisas batalyonu yollayıblar. Bu məqamda çoxlu bufer hadisələri var, çoxlu şəxs adları var. Mən Baş Hakimin icazəsiylə Baş ekspertdən xahiş edərdim ki, bu bəhs etdiyim epizodlardan vaz keçib bilavasitə Hamazaspa keçsinlər, çünki burda velosiped ixtira etməyə lüzum belə yoxdur, təfərrüatsız da hər şey aydındır, Hamazaspın cinayətləri ovcumuzun içi kimi aydın görunur.

Baş Hakim Baş ekspertdən mövqe bildirməyi xahiş etdi, o da yaşlı hakimlə razı olduğunu söylədi, az keçmiş o, artıq məlumatı oxumaqda idi:

-Şaumyan dərhal Bakıda qisas planı hazırladı. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdu. Dəhşətli çaxnaşma və təlaş başlandı. Elə birinci gün, şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürüldü. İkinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildılər.

Ermənilər elə ilk hücum vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla qətlə yetirməkləri ilə diqqət çəkdilər. Onlar küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra evlərə soxularaq südəmər körpələrə belə rəhm etmədən, bütün ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların pulunu, qiymətli əşyalarını qarət edirdilər. Onlar evləri və mağazaları qəddarcasına yandırırdılar.

Qətlə yetirilənlərin meyitləri küçələrdə, evlərdə qalıb çürüməkdəydi. Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə Hamazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız qətliamın dördüncü günündə erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlməyə və meyitləri basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra çıxdı, lakin heç biri geri qayıtmadı – onların hamısı güllələndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı.

Hamazasp şəxsən özü də qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü o, qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara aşağıdakı məzmunda nitqlə müraciət etdi: “Mən əslən Osmanlıdanam, Ərzurumdan. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet hakimiyyəti tərəfindən iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Sizin müsibətiniz mən sabah Şahdağa qalxdıqda başlayacaq. Sabah mən dağa qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək yer üzündən siləcəyəm. İndi mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra, sizlərə od vuraraq, Üçgün və Kimil kəndlərinə keçəcəyəm, Şahdağa çatacağam və siz onda anlayacaqsınız ki, erməniləri öldürmək nə deməkdir.”

Baş Hakim Hamazaspdan nitqini təhrif edib etmədiklərini soruşdu, o da laqeydliklə düzgünlüyünü təsdiqlədi.

Sonra diktorlar mətnin davamını oxudular:

-Amazaspın belə bir açıqlaması ilə şəhər başçısı Ə.Əlibəyovun dinc əhaliyə qarşı erməni qoşunlarının azğınlığı haqqında Bakıya şikayət etməsinə cavab vermiş oldu, onun bu açıqlamasını həm də Hamazaspın ona uzatdığı əlini rədd edən Quba şiə müsəlmanlarının dini lideri Molla Hacı Baba Axundzadənin “Bu hakimiyyət deyil. Siz bolşevik deyilsiniz, siz oğru, qatil, vəhşi və soyğunçusunuz. Biz sizə müqavimət göstərməmişik. Nəyə görə bu qədər insan öldürmüşsünüz və öldürməkdə davam edirsiniz?» – sualına cavab da hesab etmək olardı.

Sadəlövh müsəlmanlar doğrudan da, yaxşı padşah nağılına inanan olurlar. Ermənilər Qubadan getdikdən sonra Əlibəyov Hamazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi Sovetlər tərəfindən göndərdiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara “dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün” Bakıya gedib. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.Əlibəyov sonradan xatirələrində yazacaqdı: “Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze isə mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya heç də cəza dəstəsi göndərməyiblər”.

Yeri gəlmişkən, Gelovani də Qubaya cəza dəstəsinin göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərmişdi: “Hamazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnak idilər, Hamazaspın özü də qatı daşnakdır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi”.

Prosedə növbəti məqam qətliamın necə dayandırılması barədəki məlumatların oxunmasından ibarət oldu:

-Quba qətliamının 9-cu günün tamamında dayandırılması isə bu səbəbdən baş verdi. İş ondadır ki, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman qubalı Mir Cəfər Bağırov da Gelovani və iki yəhudi ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. Bu həmin Bağırovdur ki, sonradan uzun müddət Azərbaycan Sovet Respublikasına rəhbərlik edəcəkdi. Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görübmüş. Amma Bağırov hadisələrin gedişinə təsir edəmmir, həmyerlilərinin vəhşicəsinə qətlə yetirilməsinə əngəl ola bilmirdi. Özü sonradan bunu belə etiraf edəcəkdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.

Beləliklə, Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olub, o dəhşətli mənzərənin qarşısını ala bilməyib, amma hər halda, onun “dayandırılması” üçün cəhd göstərib. Bu faktı Gelovaninin sonrakı izahatı da təsdiqləyir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Hamazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi”.

Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə Qubaya gələn Gelovaninin qəti tələbi əsasında Hamazaspın dəstəsi Quba qırğınlarının 9-cu günü, hələ yalnız şəhərin özündə talan etdiyi dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ilə Qubanı tərk etdi.

Hamazaspın 3 minlik cəza dəstəsinin Quba qəzasına yürüşü olduqca ağır fəsadlarla tarixə yazıldı. 1918-ci ilin əvvəlində Quba qəzasında qışlaqlar da daxil olmaqla 540 kənd var idi və bu kəndlərin 171 248 nəfər əhalisi 55 cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində Hamazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə – yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən – talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Hamazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və yaralanmışdı. Burada bir faktı da nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən qəza komissarı Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər. Erməni quldur dəstələrinin hücumlarının miqyası qarşısında insan tələfatının sayının nisbətən az olması da bununla bağlı idi. Eyni zamanda qeyd olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Ə.Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov, Şıxlar bəylərindən – Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Hamazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər getmişdi. Sayca bir neçə dəfə üstün olan ermənilər, sonda  qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürümüşdülər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən ibarət olan dəstə isə burada qanlarına qəltan edilmişdi. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adını almışdı.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında  Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəllinin şeirlərinin dərcinə davam edirik. Bu gün “Qocalığın son nəğməsi” şeiri təqdim edilir.

 

 

QOCALIĞIN SON NƏĞMƏSİ

 

Güzgüdə gördüyüm qocadan soruşdum: bu dünyanın axırı necə olacaq?

Cavab verdi ki, axıra qalanlar bilər.

 

Paltar da ağırlıq edir,

Alığımı alın, gedim.

Əyni yuxa, başı açıq,

Ayaqları yalın gedim.

 

Qayalardan atın məni,

dəryalara qatın məni.

Nə on əlli tutun məni,

nə ardımca gəlin,

gedim.

 

Dəhmərləyir zaman atı,

Gümanımız iman adı...

Olun Allah amanatı,

Di salamat qalın,

gedim.

 

Zəhmətimi itirməyin,

minnətimi götürməyin.

Məni yola gətirməyin,

məni yola salın,

gedim.

 

 “Ədəbiyyat və incəsənət”

(19.10.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamalın ədəbiyyatşünas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan barədə qeydlərini təqdim edəcəyik.

 

                 

AZƏR TURAN: MƏFKURƏNİN VƏ SÖZÜN İŞIĞI                                                                                    

...Bundan əvvəl də Azər Turan haqqında iki-üç xırda yazı yazmışam. Burda yazdıqlarımı təkrarlamaq niyyətim yoxdu. Arada bir geriyə baxıb, uzaqdan və yaxından tanıdığın insan haqqında qənaətləri ümumiləşdirmək lazımdır. Düşüncələrimi tezis-fraqment şəklində bölüşmək istəyirəm.                                             Nə gizlədim, mən öz üslubu olan, öz üslubunu tapan “stilist” müəllifləri sevirəm. Azər Turan “düşünən stilistlərdən” (B.Paskalın “düşünən şəkərqamışı” metaforasına istinad etmişəm) biridir. Onun yazı və düşüncə stili tempramentinə, poetik ovqatına və hətta səs tembrinə tam uyğun gəlir.                                                       Azər poeziya bilicisidir. Bunu deməklə, güman edirəm ki, heç də mübaliğəyə yol vermirəm. Yazılarında və söhbətlərində poeziya tariximizin elə detallarını və faktlarını elə söyləyir ki, poetik yaddaşının və zövqünün  məntiqinə heyrətlənməli olursan.                                                                                                      Bəlkə, ona görə də onun yazılarında nəsr və poeziya, təhkiyə ilə lirizm iç-içədir.Lirizm su kimi onun bədii esselərinə də, publisistik məqalələrinə də dərindən hopub. O, analitik təhlillərini belə lirizmlə “doyuzdurur”, filoloji yazılarının strukturuna  subyektiv avtobioqrafik başlanğıcın daxil olması da bu üzdəndir.Onun esselərində şeir və nəsr bir ritmik məxrəcdə (qovşaqda), bir ümumi sintaksisdə üzvi surətdə birləşir. Rus alimi B.V.Tomaşevski deyirdi ki, “ritm sintaksisin spektridir”. Mətnlərdə prozaik cümlələr misralar havasında olur. Onun prozaik misraları daim poetik ritm və deyim tərzi üçün darıxır, “şeir üfüqünə” tələsir. Azərin esselərində poetik ricətlərin və ovqat düşüncələrin, duyğusal obrazların, metaforaların zənginliyi, inanın ki, fərasətli bir şairin şeiri üçün “tikinti materialı” da ola bilərdi.                                                                                               Həmişə bu fikirdə olmuşam ki, o, yazılarını şair kimi yazır, şair kimi düşünür və yaşayır. Bu düşüncə ilə “Ölüm süvarisi” essesinin sonunu sərbəst şeir prinsipi ilə sıralamaq da istədim.                                                                           Qardaşım Azər məni bağışlasın, icazə almadan mətninə müdaxilə edirəm.            

Göylər yenə də buludlu.                                                                             Mart həmin mart,                                                                                      aprel həmin apreldir.                                                                                           Şifonerdəki sahibsiz paltarlar da                                                                          papaq və qırx iki ölçülü                                                                              ayaqqabı da onunkudur...                                                                                    ...Vaxt buz kimi soyuyur.                                                                                    Soyuduqca soyuyur.                                                                                           

Azərin yaddaşı keçmişə çox bağlıdır. Keçmiş isə artıq ötüb keçmiş, geridə qalmış bir zamanın adı deyil, fərdi və ya toplum yaddaşına inteqrasiya ola biləcək bir konstruksiyadır – alman yazıçısı Bernhard Şlinki təxminən belə deyirdi.              Azərin arxivində nə varsa, yaddaşın bərpası və diriliyi üçündür, zamanlararası əlaqəni yaratmaq, keçmişi bu günə və sabaha daşımaq üçündür. Fotoqrafiya Azər Turan yaradıcılığında vacib vizual element olmaqla yanaşı, həm də mistik simvolikadır, “başqa” dünya ilə əlaqə yaratma üsuludur.             
          Azər Turan mənim tanıdığım nadir yazarlardan biridir ki, müdrik, el ağsaqqalı, böyük ziyalı İmamverdi Əbilovun – atasının, yaddaşını (keçmişini) özünü yaddaşına adekvat şəkildə birləşdirə bilir. Bu da ona atasının müasirlərindən, dostlarından öz müasirləri və dostları kimi rahatca danışmağı və yazmağa imkan verir.                                                                                               Atasına və özünə ünvanlanmış məktublar, maqnitofon lentinə “qısılıb qalmış” (A.Turan) səslər, şəkillər ruhların (R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, X.Məmmədov və b.) maddiləşmiş obrazlarıdır.                                    
          Əslində,  Azər bu üsulla onlarla, əminəm ki, mistik-spiritual prosedur keçirir, yəni ruhlarla söhbət edir.                                                                          Bu cür yazıları ancaq kədərli adam yaza bilər. İnsanların taleyini şəkillər, xatirələr, səslər vasitəsilə oxuya bilən adamın ruhu mütləq göydən “nəm çəkməlidir”.                                                                               

“Ölüm süvarisi” essesi sevimli, əziz dostu nakam taleyinə, Faiq İsmayılovun unudulmaz xatirəsinə həsr olunub. Faiqlə xəyali söhbətlər, Faiqin şeirləri xatirə qırıntıları, gündəlikdən qeydlər həkimlərin söylədikləri, lirik ricətlər –  hamısı “historia morbi” latınca: (“ölüm tarixi”) üçündür. Tarixçəsi Faiqin şeirləri ilə “süslənir”. Məndən olsa, bu yazıya Moris Blanşonun “Kafka və yaradıcılıq tələbatı” essesindən bu sözləri epiqraf qoyardım: “və o öz ölümü hesabına yaşamağa məcbur idi...”. “Ölüm süvarisi” essesi Azərin yalnız dərdini danışıb, “içini boşaltmaq” aktı deyildi, həm də Uca Yaradanla dialoqu idi, dua aktı idi (Emil Çoran deyirdi: “İnsan duasız yaşaya bilər, amma dua etməməsi heç vaxt – mümkünsüzdür”).     
          Turançılıq və türkçülük Azər Turan üçün məfkurə – əqidə hadisəsidir. Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Yusuf Akçura, Fuat Köprülü, Nital Atsız onun üçün türkçülük məfkurə babaları deyil, həm də bir millətin inanc – iman kultlarıdır.                                                                                  Azər Turan üçün Turan mifoloji məkan adı deyil, sivilizasiya tipidir. O, dəyərli araşdırmaları ilə həmin sivilizasiya tipinin coğrafi-mədəni, məfkurəvi-estetik hüdudlarını müəyyənləşdirir və qəti inanır ki, bu gün ölkəmizdə çağdaş türkçülük fəlsəfəsinin təntənəsində Hüseyn Cavid, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə kimi fikir dühalarının irsinin öyrənilməsinin və təbliğinin böyük əhəmiyyəti var. Millət sevdalısı kimi artıq özü bu uzun mücadilənin içindədir.    Beləcə, otuz ilə yaxındır ki, Azər Turan türk məfkurəsinin böyüklərindən yazıb, oxucularını da böyüdür.                                                                               
          Azərin 2002-ci ilin dekabrında yazdığı və böyük musiqiçi Vaqif Mustafazadəyə həsr etdiyi “Ayın 18-i” adlı bir essesi var. Bu yığcam (səhifəyarımlıq) poetik mətn maraqlı struktura malikdir. Bu yazıda Azər poeziyanın arxaik priyomunun birindən  – təkrirdən istifadə edərək, yəni bir mətnin əvvəlində və sonunda iki fotoşəkil ilə bağlı xatırlamalar verir. Həmin xatırlamalar essenin  leytmotivi – nəqaratı kimi səslənir: “Qarşımda bir fotoşəkil var. XX yüzil Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcılarından biri Vaqif Mustafazadənin anası Zivər xanımla yanaşı dayanan 21 yaşlı oğlan – mənəm.

Üstündən 18 il keçib”. Yazının sonunda fotoşəkil məsələsi yenidən təkrarlanır: “Qarşımda 1984-cü ilin 27 aprelində çəkilmiş bir fotoşəkil var.Üstündən 18 il keçib. Vaqif Mustafazadənin isə “Ayın 18-i” adlı bir əsəri vardı. 1969-cu ildə, 29 yaşındaykən, iyul ayının 18-də keçirdiyi infarktla əlaqədar özünə ithaf etdiyi “Ayın 18-i” ni Zivər xanımla qoşa dayanıb çəkdirdiyimiz şəklə baxarkən bir daha xatırladım”. Beləcə, bu fotoxatırlatmalar da “18” simvolik mistik məna qazanır.
          2005-ci il idi. Azər təzəcə çapdan çıxmış “İrfan çobanı” kitabını gözəl xəttilə  avtoqraf yazıb mənə bağışladı: “Əzizim Rüstəm Kamal. Nə yaxşı ki, bu dünyada varsan. Sənsiz bu fikir dünyamız necə də kasıb olardı. Tanrı səni bizə çox görməsin. Böyük sevgilərlə. Azər Turan”.                                       

Qəribədir, aradan 18 il keçib. Səmimi deyirəm: bu avtoqrafa heç fikir verməmişdim. Amma bu günlərdə – qardaşım Azər Turanın yubileyi ərəfəsində onun kitablarını vərəqləyib, gözdən keçirirdim və mənə elə gəldi ki, bu avtoqraf-dua onun özünə ünvanlanıb. XXI yüzilin bədii – estetik, kulturoloji, ictimai fikir dünyamızı Azər Turansız təsəvvür etmək qətiyyən olmaz.                          

Yenə 18 ildən sonra böyük Azər Turanı təbrik etmək arzusu ilə:        Rüstəm Kamal!

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

                    

                                                                   

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.