BİR ŞAİR BİR ŞEİRdə Elçin Mirzəbəylidən “Çıxım gedim, vaxtdı daha” Featured

Xatirələr güllələnib

Son dəfə keçdiyin yerdə.

Təzə dərdlər pöhrələnib

Kəsdiyin, biçdiyin yerdən.

 

 *

 

Ağrı kəsir şaxta kimi

Hər zərrəmdə buzu qalıb.

Qəlbim Urmu gölüdü ey...

Suyu uçub, duzu qalıb.

Ümidimin köşəsində

Bir cüt yetim quzu qalıb...

Günlər qəssab bıçağıdı,

Qəlbim qurbangahdı daha.

O aldığın hava ki, var –

Hava deyil, ahdı daha.

Çıxıb gedim bu dünyadan,

Çıxıb gedim...

Vaxtdı daha...

 

Kirpiyimdə gün qarsıyır,

Bəbəyimdən an süzülür.

Sapı qaçıb...

Ömrümüzün

İlməsindən can süzülür...

Dan yeridi dualarım

Hər sözündən qan süzülür...

Ləpir-ləpir izin qalıb

Ovcumda...

içdiyin yerdə.

 

 

Bu gərdişi fələk salıb?

Şeytan salıb?

Mələk salıb?

Arzuların lələk salıb

Başımdan uçduğun yerdə...

 

İçinə çək son kəlməni -

Alovu yandırsın səni...

Get, Allah qaldırsın səni

Gözümdən düşdüyün yerdən.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.