YAZIÇI SÖZÜ: “100 il ərzində ilk dəfədir ki, Azərbaycan öz müstəqilliyini tam bərpa edir” Featured

“Ədəbiyyat və incəsənət” portalının Yazıçı sözü rubrikasında tarixi romanlar müəllifi Yunus Oğuz bu dəfə müasir tarixdən danışacaq. Müsahibəni Süleyman İsmayilbəyli aparır. 

 

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla ərazi bütövlüyümüzün tam bərpa edildiyinin mesajını həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə vermis oldu. 2020-ci il, 27 sentyabr tarixindən qarşısına qoyduğu hədəfləri mərhələ-mərhələ həyata keçirən Azərbaycanın heç şübhəsiz ki, bundan sonrakı mərhələdə də müəyyən hədəfləri yox deyil. Bəs, həmin hədəflər hansılardır? Bu və digər suallara yazıçı-publisist Yunus Oğuzla aydınlıq gətirdik.

 

-Yunus bəy, bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xankəndidə bayrağımızı ucaltmaqla ərazi bütövlüyümüzün bərpasını tam təmin etmiş oldu. Bundan sonrakı hədəflər hansılardır və qarşıdakı müddətdə regionda hansı proseslər cərəyan edəcək?

 

-Xankəndidə Azərbaycan bayrağı ucaldılmaqla faktiki olaraq Azərbaycanın bütövlüyü de-fakto və de-yure tamamlandı. De-yure mövcud idi, de-fakto isə Azərbaycan Ordusu və Ali Baş Komandan təmin etmiş oldu. Təbii ki, bu bizim yaxın hədəfimiz idi. Bəs bu proses bizə hansı dividentləri qazandırır? Əvvəla, 1923-cü ildən bu günə qədər ilk dəfə olaraq həmin ərazidə Azərbaycan dövlətinin idarəçilyini bərpa etdik. 100 ildir ki, oraya faktiki olaraq formal xarakterli rəhbərlik edirdik. Ermənilər həmişə orada dominant rolunu oynayırdılar. 100 il ərzində ilk dəfədir ki, Azərbaycan öz müstəqilliyini tam bərpa edir və özünün istədiyi şəkildə, Azərbaycan Konstitusiyasına uyğun idarəetməni həyata keçirir. Azərbaycanın daxili üçün bu çox vacib şərtdir.

İkinci vacib məqam ondan ibarətdir ki, 27 sentyabr, 2020-ci ildən başlayaraq ölkədə milli bütövlüyün əsası qoyulub. Digər tərəfdən, psixoloji olaraq öz qürurumuzu qaytardıq. Ordumuzun gücünə arxayın olaraq bunları həyata keçirdik. Üçüncüsü, ən əsas məqamlardan biri ordumuz Qarabağda yerləşəcək, xalqımız öz dogma torpaqlarına qayıdacaq. Bu da nəticə etibarilə, iqtisadiyyatımızın inkişafına təkan verəcək. İşğaldan azad edilən ərazilərimizin hesabına Azərbaycan iqtisadiyyatının dördə birinin güclənməsi gözlənilir. Ölkə üzrə ən münbit torpaqlar Qarabağ və onun ətrafında işğal edilmiş 7 rayonumuzda idi. Digər tərəfdən turizmin güclü bazası oradadır. Qızıl yataqları, sənaye, kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirini göstərəcək. Mümkündür ki, həmin ərazilərdə taxılçılığın inkişaf etdirilməsi ilə xaricdən ölkəyə idxal edilən taxılı azalda bilərik. Çünki həmin ərazilər həm məhsuldarlıq, həm də keyfiyyət baxımından əhəmiyyətlidir. Bütün bunlar bizim yaxın hədəfimizdir.  Eyni zamanda yaxın hədəflərimiz sırasında 7+1-də var. Yəni, Qazaxın 7 və Naxçıvanın  Kərki kəndinin işğaldan azad edilməsi. Təbii ki, bu istiqamətdə zaman-zaman müəyyən problemlər ortaya çıxacaq. Ancaq həmin problemləri də mərhələ-mərhələ aradan qaldıra biləcəyik.

 

-Problemlərdən biri də ərazilərimizdə hələ də mövcud olan mina problemidir. İşğaldan azad edilən ərazilərdə tezliklə turizm infrastrukturunun yaradılacağı, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacağını qeyd edirsiniz. Lakin mina problemi bu prosesi ləngidir. Eyni zamanda beynəlxalq aləm, müvafiq beynəlxalq təşkilatlar da bu prosesə biganə yanaşırlar. Belə olan halda azad edilən ərazilərdə görüləcək işlər yubanmır? 

 

-Beynəlxalq təşkilatlartəkcə mina probleminə biganə yanaşmırlar. Guya dağıdılmış tarixi abidələrimiz, dini ibadət məkanlarımız, məscidlərimiz, kənd və şəhərlərimizə bir reaksiya verdilər? 30 ildir ki, heç bir reaksiya vermirdilər. Əgər BMT-nin 4 qətnaməsini həyata keçirmək cəhdində olmasaydıq, bundan sonra da heç bir reaksiya olmayacaqdı. Ancaq baş aldatmaq, regiona formal xarakterli səfərlər etməklə məşğul idilər. Odur ki, onlardan heç nə gözləmək lazım deyil. Minaları da  özümüz təmizləyəcəyik, ərazilərimizi də özümüz qurub-yaradacağıq. Təbii ki, burada bizə dost, qardaş olan ölkələrin dəstəyini də qeyd etmək lazımdır. Azərbaycan son 3 ildə azad edilən ərazilərə 6 milyard manat investisiya qoyub. Avropa Birliyi əvvəlcə 2 milyard dollar yardım edəcəyi vədində bulunsa da, sonradan onlardan da səs çıxmadı.  

 

-Bəs, uzaq hədəflərimiz nələr ola bilər?

 

-Qeyd etmək istərdim ki, xarici siyasətdə orta, uzaq və daha uzaq hədəflərimiz var. Xarici siyasətdə ənənəvi olaraq bizə müəyyən təzyiqlər edilir. Bu prosesdə Fransa daha aktiv rol oynayır. Amerika isə proseslərdə nisbətən orta mövqe tutur. Ancaq hərdən Vaşinqton da müəyyən atmacalar atır. Bütün bunların fonunda Roma Papasının da müəyyən fikirləri ilə rastlaşırıq. Məlum olduğu kimi bu günlərdə Roma Papası Qarabağdakı kilsələrin qorunmasının vacibliyini bildirib və bu barədə xahiş edib. Birincisi, Roma Papasına xatırlatmaq lazımdır ki, Azərbaycan yeganə ölkədir ki, burada bütün dinlərin nümayəndələri sərbəst şəkildə yaşayır, öz ibadətlərini həyata keçirir. Bütün bunlar azmış kimi qeyri-islam dininə aid olan ibadət məkanları, tarixi abidələr, kilsə və sinaqoqlar da məhz Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmir olunur, yenidən qurulur. Digər tərəfdən, Roma Papası doğrudan da dini məkanların toxunulmaz olduğundan yanadırsa, o zaman ermənilərin Qarabağda 67 məscidi dağıtması, orada donuzların saxlanmasına nə üçün ötən 30 il ərzində heç bir reaksiya bildirmirdi? Təbii ki, burada xristian təəssübkeşliyi var. Bir sözlə görünən odur ki, Azərbaycana təzyiqlər böyükdür. Azərbaycanın həyata keçirdiyi düzgün və balanslaşdırılmış xarici siyasət kursu bizi üstümüzə gələn dalğalardan, təzyiqlərdən xilas edə bilir. Bu istiqamətdə hazırkı xarici siyasət idarəsi rəhbəri Ceyhun Bayramovun və  Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin kifayət qədər güclü fəaliyyətləri xüsusi qeyd edilməlidir.

Hesab edirəm ki, qarşıda bizim orta hədəfimiz var və həmin orta hədəfimiz Zəngəzurdur. Zəngəzur təkcə dəhlizin açılması demək deyil. Zəngəzur həm də 70 min azərbaycanlı qaçqının oraya qayıtması deməkdir. BMT-nin də belə bir tövsiyəsi var ki, həmin şəxslər Zəngəzura köçürülməlidir. Eyni zamanda yuxarıda da qeyd etdiyim kimi uzaq və daha uzaq hədəflərimiz də var ki, onlara da mərhələli şəkildə nail olacağıq. Düşünürəm ki, həmin hədəflərə də zamanında xalqın həmrəyliyinin daha güclü olması və Ali Baş Komandan ətrafında daha sıx birləşməyimiz sayəsində nail olacağıq. Ancaq onu da qeyd etmək lazımdır ki, geosiyasət uğrunda mübarizə gedir və bu mübarizədə Azərbaycan üçün də yer var. Siyasətimiz də həmin istiqamətdə qurulmalıdır.

 

-Bu arada erməni baş naziri Nikol Paşinyanın Fransaya səfəri elə həmin geosiyası mübarizənin bir həlqəsi kimi xarakterizə edilə bilərmi?

 

-Hər kəsə gün kimi aydındır ki, erməni baş nazir Nikol Paşinyan Rusiyadan qopmaq istəyir. Əslində Paşinyan Fransaya məsləhətləşməyə gedib. Paşinyan Makronla onu məsləhətləşəcək ki, növbəti addımım nə olsun. Azərbaycanla sülh müqaviləsi imzalayım, ya yox. Digər tərəfdən Paşinyan Makronla ermənilərin Qarabağa qayıdıb-qayıtmamaq məsələsini də məsləhətləşə bilər. Çalışırlar ki, ermənilərin Qarabağdan getməsini hansısa yolla Azərbaycanla əlaqələndirsinlər. Bunun adını etnik təmizləmə qoya bilmirlər, çünki BMT-nin missiyası iki dəfə regionda olub və səfərin yekunu olaraq bu prosesdə etnik təmizləmədən söhbət getmədiyi vurğulanıb. İndi də Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Myatoviçin regiona səfəri nəzərdə tutulur. Ancaq nə etmələrindən asılı olmayaraq heç bir problem tapa bilmirlər. Həm də indiki halda ermənilərin geri qayıtmaq söhbəti də var. Azərbaycan əvvəlcədən bəyan etmişdi ki, getməyin və Azərbaycan qanunları çərçivəsində Qarabağda rahat halda yaşayın. İndi də kim istəyirsə, qayıda bilər. Ancaq ermənilərdən qayıdan yoxdur. Ancaq bunu siyasi alver predmetinə çevirə bilərlər. Hesab edirəm ki, bu da keçib gedər.

Paşinyan özbaşına deyil. Əvvəllər Moskvadan məsləhət alırdı, indi isə öz ağasını dəyişib və Fransadan məsləhət alır. Bu gün Amerika necə Gürcüstanda oturuşubsa, eləcə də Fransa Ermənistanda eyni rolu oynamağa çalışır. Çünki Afrikanın 3 ölkəsindən Fransanın əli çıxıb. Ona görə də Fransa həmin boşluğu doldurmaq istəyir. Fransanın Ermənistanda oturması isə onun Rusiya ilə baş-başa gəlməsi deməkdir.

Hesab edirəm ki, bundan sonra Paşinyanın Parisə səfərləri intensiv xarakter alacaq. Ancaq Rusiyanın da Ermənistandakı rolu, mövqeyini nəzərdən qaçırmaq olmaz. Rusiya hazırda da Ermənistanda çox güclüdür. Düzdür, hazırda Moskvanın başı Ukrayna müharibəsinə qarışıb, ancaq düşünürəm ki, Rusiya Ermənistandakı prosesləri nəzarətdən kənar qoymayacaq. İndiki halda Paşinyan Rusiyanın başının Ukraynaya qarışmasından bir növ istifadə edir. Bir gün ayılıb görsək ki, Rusiya 10 noyabr, 2020-ci il üçtərəfli bəyanatının şərtlərini həyata keçirmək üçün Zəngəzur dəhlizinə qoşunlarını yerləşdirib, o zaman təəccüblənməməliyik. Gec-tez Zəngəzur dəhlizinin açılması baş tutacaq. Bunu Azərbaycan dövləti və onun lideri, Cənab Prezident İlham Əliyev gözəl bilir. Milyardlar xərcləyib Qərbi Zəngəzur dəhlizinə qədər dəmir yolu çəkmək, magitral yol inşa etmək və s. boşuna deyil və deməli Cənab Prezidentin bildiyi bir şeylər var. Bu mütləq həyata keçiriləcək. Sadəcə müəyyən zamana ehtiyac var.

 

-Gürcüstanda Amerikanın, Ermənistanda Fransanın oturuşması Cənubi Qafqazı yenidən supergüclərin mübarizə poliqonuna çevirməyəcək?

 

-Əslində həmin güclər məhz bunu istəyirlər. Region üçün təhıükələr kifayət qədər ciddidir. Təbii ki, bu həm də İsrail-HƏMAS müharibəsindən də asılı olacaq. Əgər sözügedən problem lokallığından çıxıb ona digər dövlətlər də cəlb olunacaqsa, o zaman Azərbaycan da təbii ki, bu prosesdə ehtiyatlı olmalı, öz düşünülmüş siyasətini həyata keçirməlidir. Hələ ki, Azərbaycan özünün normal siyasətini həyata keçirir və sözügedən konfliktdə heç bir işi yoxdur. Ancaq proseslər böyüyə bilər. Çünki İran bəyan edib ki, Qəzzaya girilsə, o da proseslərə müdaxilə edəcək. Ancaq düşünürəm ki, proseslər ona gedib çıxmayacaq və hadisələr yoluna qoyulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.