Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
“Həyatım palçıqdan və dərinlikdən ibarət idi, amma mən o qaranlıq suların bir parçası deyildim. O suların içində bir varlıq idim."
(Mən Kirke, Madeline Miller)
Bir insanın kimliyini onun irqi, rəngi, milliyyəti, mənsub olduğu ailə və ya yaşadığı sosial mühit deyil, onun xarakteri, davranışları, həyata, insanlara baxışı, düşüncələri, dəyərləri və gördüyü işlər təyin edir.
Əziz oxucu, sən ağ və ya qara dərili, qara və ya rəngli gözlü, sarışın və ya əsmər ola bilərsən.
Sən əzab-əziyyətlərlə dolu çətin bir həyat yaşaya bilərsən, sən pis bir ailədə böyümüş də ola bilərsən, sən ədalətsiz bir cəmiyyətin içində bir fərd də ola bilərsən.
Bəli, nə ağın qaradan, nə də qaranın ağdan heç bir üstünlüyünün olmadığı bu qoca dünyada biz bəlkə gələcəkdə etiqad edəcəyimiz dini, yaşayacağımız yeri özümüz seçə bilərik, amma biz irqimizi, rəngimizi milliyyətimizi, harda və necə bir mühitdə doğulacağımızı özümüz seçə bilmirik.
Amma bütün bunlara rəğmən unutmamağın lazım olan çox vacib bir nuans var ki, bu gün sənə onu xatırlatmaq üçün yazıram bu xitabı.
Əziz oxucu, səni sən edən nə sənin cismin, nə də bu yaşadığın həyat deyil, çünki içində var olduğun bu həyatı sən seçməmisən.
Səni sən edən və eyni zamanda da səni yaxşı və yaxud da pis bir insan edən sənin ruhun, öz şəxsi xarakterin, şəxsi düşüncə və dəyərlərin, həyata, insanlara baxış tərzin, münasibətin, davranışların və gördüyün işlərdir.
Düzdür, insanın necə formalaşmasına içində var olduğu həyat və cəmiyyət də təsir göstərə bilir, məhz elə bunun üçün də iradəli ol və hər zaman çalış ki, yaşadığın həyat sənin mənən gözəl bir insan kimi formalaşmağına mane ola bilməsin.
Və eyni zamanda da yaşadığın həyat sənin ümidsizliyə qapılmağına da səbəb olmasın.
Çünki sən yaşadığın həyat deyilsən, sən yaşatdığın həyatsan.
Səni sən edən bu çirkin və ədalətsiz mühitdə var olmağın deyil, səni sən edən bu çirkin və ədalətsiz mühitdə ədalətli və gözəl qala bilməyindir.
Səni sən edən bir pişiyin başını sığallamağın, yaşlı bir insana yolu keçməkdə, ağır yükləri olan birinə o yükləri daşımaqda kömək etməyin, kiçik bir uşağın simasındakı qəlbdən gələn gerçək bir təbəssüm olmağı bacarmağındır.
Səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində var olmağın deyil, səni sən edən təbiəti zibilləyən bir cəmiyyətin içində bir zibil qabı tapana qədər zibili əlində daşımağındır.
Səni sən edən hər şey və hər kəsdə bir qüsur axtaran insan toplumunun içində var olmağın deyil, səni sən edən hər şeydə bir qüsur axtaran bu insan toplumunda hər şeyə ayn -ür rıza (qədim osmanlıcada qüsur görmədən məhəbbətlə baxan gözlər deməkdir) ilə baxa bilməyindir.
Səni sən edən gücünü qadına, uşağa fiziki və psixoloji şiddət göstərərək nümayiş etdirdiyini düşünənlərlə eyni dünyada yaşamağın deyil, səni sən edən belə bir dünyada gücünü hər zaman qadınları və uşaqları qoruyub, dəstək olmağınla göstərməyindir. Qadına zəif deyənlərin içində qadına zərif davranmağındır səni sən edən.
Bəli, əziz oxucu, öz əlində olmayan səbəblərdən ötrü mühakimə olunan insanlara qarşı ön yarqılı olmayıb, almanların yəhudiləri konsentrasiya düşərgəsində həbs etdiyi kimi, cəmiyyətin də bizi həbs etdiyi irq, rəng və s. kimi qəlibləri sındırıb çıxaraq kim olduğunu öz düşüncələrinlə, hadisələrə, insanlara olan münasibətinlə və gördüyün işlərlə özün seçərək, özün təyin et.
Özünə inanaraq, ümid edərək çalış və öz həyatını özün qur.
Gözəllik və fərqliliyi xarici görünüşdə, gücü şiddətdə, hörməti nüfuzda, əsaləti ailə və sosial mühitdə, müasirlik və sərbəstliyi göstərişdə görən bir insan toplumunun içində, sən gözəllik və fərqi ruhun, gücü qoruyub qollamağın, dəstək olmağın, hörməti təvazükarlığın, əsaləti xarakterin, müasirlik və sərbəstliyi isə elm və əxlaqınla yansıt.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)