"Cümə günü Əbülfəzqızının 10 sualı ilə"də Təranə Turan Rəhimli Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Cümə günü Əbülfəzqızının 10 sualı ilə"  

rubrikasının budəfəki sevimli yaradıcı qonağı şair, tənqidçi, ədəbiyyatşünas, AYB-nin üzvü, AJB-nin üzvü, DGTYB Məsləhət şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimlidir.

 

Xoş gördük, unudulmaz və tələbələri tərəfindən  çox sevilən şair müəllimimiz. 

Düzdür, indi tələbəniz kimi ADPU-nun auditoriyasında olmasam da, bu dəfə  sualları mən versəm də, yenə məsuliyyətli və həyəcanlıyam. Fəxr və möhtəşəm sevgi ilə Əbülfətqızının birinci sırada "ürəyi çırpınan sualını" meydana dəvət edirəm.

 

1)  Bu qapının dalında uşaqlığım dayanıb,

Bu qapıdan o yanda daha duymazlar məni.

Bir vaxt böyümək üçün bu qapıdan çıxmışam,

Bu qapıdan girməyə indi qoymazlar məni.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım- sevimli müəllimimiz, o qapını açmaq olsaydı,  addımınızı  o qapıdan o tərəfə atan kimi nə edərdiniz? 

 

- İyirmi illik həsrətdən sonra o qapının önündə dayandığım gün içəri girə bilmədim. Ona görə yox ki, mənə mane olan kimsə vardı. Amma içəri addım atsam, özgə adamların yaşadığı o evdə mənə doğma olan hər şeyin kim bilir necə dəyişdirildiyini, bəlkə də, yox edildiyini görəcəkdim. O fərqin, o yoxluğun xatirəmdə diri qalanları öldürməsinə, o evlə bağlı yaddaşımdakı müqəddəs lövhələri zədələməsinə izn verə bilməzdim. Vermədim də... Əgər o qapıdan o yana addım ata bilsəydim, ilk qocaman tut  ağacına salam verərdim. Sonra  əncirin yerə dəyən budaqlarının, yelpazə yarpaqlarının altında gizlənən, heç vaxt içini görmədiyim dərin quyunun yanına özümü çatdırardım. Quyunun ağzındakı gücüm çatmayan o ağır daşı qaldırıb bir kənara atar, əyilib pıçıltı ilə dibsiz dərinliyə "mən gəlmişəm" deyərdim. 

 

2) Mustafa Kamal Atatürk söyləmiş ki: " Bir milləti hürr, müstəqil, şanlı, yüksək bir toplu olaraq yaşadan da pis vəziyyətə, yoxsulluğa salan da təhsildir."

Bəs Təranə xanım auditoriyadakı tələbəsinin təhsildən yayındığını görəndə buna necə  münasibət bildirib?

 

- Təhsil hər bir millətin inkişafında ən önəmli rol oynayan faktordur, bunu danmaq olmaz. Lakin təhsil dedikdə nəyi nəzərdə tuturuq? Lev Tolstoy heç bir universiteti bitirməmişdi. Deyə bilərikmi ki, rusların milli-mənəvi inkişafında önəmli xidmətləri olan böyük yazıçı təhsilsizdir? Əslində özünüinkişaf, həyat universiteti amili həmişə  önəmlidir. Mən hamının mütləq ali təhsilli olması düşüncəsindən uzağam. İnsanın məşğul ola biləcəyi çoxlu peşə yönləri, sənət sahələri var. Əlbəttə, mən təhsili hər zaman Aristotelsayağı -  xoşbəxt günlərin bəzəyi, bədbəxt günlərin sığınacağı hesab etmişəm. Ancaq təhsillə bağlı təcrübə və qənaətim söyləməyə imkan verir ki, təkcə ali məktəb təhsili mükəmməl cəmiyyət qurmaq üçün yetərli deyil. Çalışqanlıqla yanaşı, öyrənənin özünü yetişdirməsi də önəmlidir.  

Təhsildən yayınan tələbə görəndə nə etmişəm? İlk  öncə o tələbənin "dərdi" ilə maraqlanmışam.  Axı heç nə səbəbsiz deyil. Daha sonra birlikdə çözüm yolu axtarıb tapmışıq. Və dönə-dönə bunun ən düzgün yanaşma olduğunu özüm üçün təsdiqləmişəm.

 

3) Fələk namərd oyununda,

Düzün kəndiri boynunda.

Haqq deyib əli qoynunda

Gözləməkdən ağac oldum.

(Təranə Turan Rəhimli)

 

Təranə xanım, haqq olduğunuzu sübut etmək üçün , "düzün boynundakı kəndiri" açmaq üçün Sizə cürət verən hansı qüvvə olur?

 

-  Əgər həyatdayıqsa, daim mübarizə içindəyik. Hətta öləndən sonra da haqqı tapdalananlar var. Sağlığında istedadı, savadı, bacarığı, şəxsiyyəti ilə həsəd doğuran insanlara ölümündən sonra da paxıllıq edən, adının çəkilməsinə maneçilik törədənlər olur. Amma yaşayırıqsa, öz haqqımızı müdafiə etmək şansımız var. Bu mübarizə bəzən nə kimi itkilər bahasına başa gəlir. Hətta bəzən susmaq özü də haqsızlığa etirazın hayqırışı ola bilir. Amma sükütun da mənasını düzgün anlayan gərək:  "Elə susdum daş bildilər, hördülər divara məni."

 "Düzün boynundakı kəndiri açmaq" üçün isə qeyri-adi cürətə yox, ürəyə sahib olmaq yetərlidir. Mən min bir əziyyətlə çatdığım,  uzun illərimi həsr etdiyim ən önəmli  qazancımdan bircə anın içində keçə bilərəm - Haqq üçün. Haqq bildiyim yoldan dönməmək üçün.  Amma mənə görə həyatda hər zaman insana cürət verən qüvvə İNANDIĞIDIR.

 

4) Təranə xanım, yadımdadır tələbə vaxtı mənə oxumaq üçün ədəbiyyat siyahısı yazdırmışdınız.

İndiki gənc yazarlara hansı kitabları oxumağı tövsiyyə edirsiniz?

 

-  Tələbələrimin mütaliə ilə bağlı suallarına həmişə beynimdə hazır siyahı olub. O siyahıya bəzən əlavələr etmişəm, amma əsas yazıçılar və vacib əsərlər daim toxunulmaz qalıb. Bu sualı oxuyanda isə qeyri-ixtiyari bir fraza yadıma düşdü. Xalq yazıçısı Mirzə İbrahimov hələ yaradıcılığa yeni başladığı vaxtlar dövrün görkəmli tənqidçisi Əli Nazimdən yazıçı olmaq üçün hansı kitabları oxumağın vacibliyi haqda soruşur. Əli Nazim  "Get, Lev Tolstoyu oxu" deyir. Təbii ki, mütaliə ədəbi zövq məsələsidir. Hamı eyni əsərləri sevərək oxuya  bilməz. Amma Tolstoy bir başqadır axı. Ümumiyyətlə, dünya ədəbi təcrübəsinin elə şedevrləri var ki, onları qeydsiz-şərtsiz hamı sevir. Mən Viktor Hüqonu, Lev Tolstoyu, Fyodr Dostoyevskini,  Ernest Heminqueyi, Harriet Biçer Stounu, Mişima Yukionu, Onore de Balzakı,  Etel Lilian Voyniçi,  Teodor Drayzeri, Gabriel Qarsia Markesi, Corc Ourelli, Mixail Bulqakovu, Frans Kafkanı, Aleksandr Dümanı... oxumadan yaxşı yazıçı olmağın mümkünlüyünə inanmıram. Əlbəttə, bu siyahı fikrimdəki adların hamısını ehtiva etmir.  Və bu yazıçıların da hər birinin elə əsərləri var ki, onu oxumadan "bu yazıçını tanıyıram" deyə bilməzsən. Məsələn, Tolstoy deyəndə ilk “Hərb və sülh"ün əzəməti,  sonra "Anna Karenina"nın cazibəsi yada düşür. Dostoyevski dünyasının açarı kimi "Cinayət və cəza", sonuncu qapısı kimi "Karamazov qardaşları" cazibəli görünür. Hüqonun "Səfillər"indən başlanan mərhəmət fəlsəfəsi bizi "Paris. Notrdam kilsəsi"nin iç dünyasına çəkib aparır. Mişimanın "Patriot"undakı polad əqidə məsələsi, Markesin "Yüz ilin tənhalığı"ndakı yalqızlıq fəlsəfəsi bəşər tarixi boyunca insana doğma olan ən mübhəm duyğuları anladır. Deyəsən, cavab çox uzun oldu.

 

5) Kəpənək qanadlarımla,

Çəkdim dünyanın yükünü.

Payıza qatdım ömrümü,

İndi də yarpaq tökümü. 

(Təranə Turan Rəhimli)

 

Təranə xanım,  ömrünün yazı qışa dönən, yaz ömründə saralan, qönçə solan ümidini itirib qışa təslim olan "obrazlara" nə söyləyərdiniz?  O cümlələr "Günəşə ümid və sevgi" yaradardı.

 

- Mən bir tək mütləq tanıyıram - Allah. Qalan nə varsa, müvəqqətidir, keçicidir. Kədər, qəm, ümidsizlik, dərd... bunlar hamısı keçicidir, əbədi deyil. İnsanın ümidləri daim solmağa davam edə bilməz. Qış da daimi deyil axı. Ümid itmir, ölmür. Ümid itəndə insan son nəfəsini vermiş olur. Gələn dərdin belə başını sığallamağı öyrənmək lazımdı, çünki ömrümüzdə o da qonaqdı. Həmin obrazlara "Bütün gücünüzlə inanın, sabaha möhkəm inanın" deyərdim.

 

6) Məndən təzə şeir xəbər alan dost,

Bəs yazın gəlməsi şeir deyilmi?!

Gəzməyə çıxanda çölün, çəmənin,

Üzünə  gülməsi şeir deyilmi?! 

( Hüseyn Arif)

Təranə xanım, bilirik ki, Hüseyn Arifi Ustad saymısınız, bəs Təranə xanım üçün şeir nədir?

 

- Xalq şairimiz Hüseyn Arifin mənim ədəbi inkişafımda çox önəmli rolu olub. Dəyərli ustad tövsiyələri ilə həmişə məni daha çox yazmağa  həvəsləndirib. Yazdığım şeirləri telefondaca oxudub əsl ustad məsləhətlərini verərdi. Ana dilimizin incəliklərinə elə dərindən bələd idi ki, yerində olmayan ifadəni, sözü dərhal tutar, dəyişdirməyi məsləhət görərdi. Sözə zərgər dəqiqliyi ilə yanaşır, məndən də bunu gözləyirdi. Şeirdən təbiilik, şairdən səmimilik tələbi vardı. "Dərindən bələd olmadığın heç nə haqqında yazma" deyərdi.  Bir də "yaxşı insan olmayandan yaxşı şair də olmaz" qənaətinə məni möhkəm inandırmışdı. Bu inam sonralar çox dadıma yetdi. Şeir mənim üçün ruhun özüdür. Yazsam da, yazmasam da, o mövcuddur. Amma yazanda o ruhu hamı görür. 

 

7) Hərəmiz bir ruhda. İkiləşməyək,

Ömür qatarında itələşməyək.

Bu sonu görünən yola düşməyək,

Biz bir-birimizçün yaranmamışıq. 

(Təranə Turan Rəhimli)

Təranə xanım, müxtəlif xarakterdə olan  insanları əbədi birləşdirməyə sevginin gücü çatarmı? Yoxsa anlaşılmamaq o sevginin hər saniyə "məzarını qazacaq?"

 

- Məgər həyatı maraqlı edən xarakterlərin müxtəlifliyi deyilmi? Bir anlığa düşünək ki, ətrafımızda öz xarakterimizdə insanlar toplanıb. Bu nə qədər cansıxıcı olardı. Dünyanın da gözəlliyi fərqliliklərin vəhdətindədir. Bir evin içində böyüyən iki övladın xarakteri yerlə göy qədər bir-birindən fərqli ola bilirsə, sevgi telləri ilə birləşən insanlar niyə eyni xarakterdə olmalıdırlar? Anlaşmaqla xarakter yaxınlığının heç bir əlaqəsi yoxdur. İnsan anlamaq istəyəndə buna cəhd göstərir. Əslində həmişə, bütün vəziyyət və situasiyalarda bir-birini anlamaq da mənə real görünmür. Sevgi münasibətlərində, xüsusilə ailədə anlaşmaq qədər qarşılıqlı hörmət də önəmlidir. Ortaq fikrə gəlmədiyin məsələdə belə sayqı, hörmət çərçivəsində davranış hər şeyi yoluna qoyur. 

 

8) Kerriyə görə həyat yoldaşından, mal-dövlətindən vaz keçən və səfil vəziyyətdə küçədə ölən Hertsvud obrazına nə söyləmək istəyərdiniz? 

 

- Herstvud obrazı  Drayzerin Amerika burjua əxlaqına son dərəcə kəskin tənqidi münasibətinin nəticəsi kimi yaranmışdır. Əsər ilk çap olunan vaxt çoxları Herstvudda, Druedə, Kerridə... özünü görmüşdü. Və bu "çoxları" dediyimiz kəslər ölkənin üst təbəqəyə məxsus ən nüfuzlu adamları idi. Ona görə də yazıçı elə bir hücumla qarşılanmışdı ki,  böhrana düşüb qələmini əlindən qoymuş, 10 il heç nə yazmamışdı.  Herstvuda deyiləsi sözü Drayzer kimi heç kim deyə bilməz. 

 

9) F. Dostoyevski söyləyib ki: " Bərabər gülmədiyiniz insanla xoşbəxt ola bilməzsiniz.

Təranə xanım, “xoşbəxtlik düsturu"  necədir, varmıdır? Yoxsa, Siz də xoşbəxtlik nisbidir deyəcəksiniz?

 

-Təkcə gülməkmi?! 

Bərabər gülmədiyiniz, bərabər qəm çəkmədiyiniz... həyatın hər gətirdiyini bərabər bölmədiyiniz insanla nəinki xoşbəxt olmaq, bir damın altında yaşamaq mümkün deyil. Xoşbəxtlik hamıda olan, ancaq çox vaxt başqalarının gözüylə görülən bir məziyyətdir. İnsan öz xoşbəxtliyini görməyi bacarmalıdır ki, xoşbəxt olduğunu anlasın. Mən bir də ona inanıram ki, xoşbəxtliyi heç kəsdən hazır şəkildə gözləmək lazım deyil. Əgər həyatımıza  kimsə belə bir xoşbəxtlik gətiribsə,  həyatımızdan çıxanda onu da özü ilə aparacaq. Xoşbəxtlik həyatda (birgə həyatda) zərrə-zərrə qazanılır, zamanla üst-üstə qalanıb artır, çoxalır, bərəkətlənir...

 

10)" İnsanlara qarşı məsafəli olmaq, peşmanlıqlar yaşamağınızın qarşısını alan və sizi qoruyan bir yaşam sığortasıdır." ( Ernest Heminquey) 

Təranə xanım, heç olubmu,  siması məsum, amma daxili " vəhşi "  xarakterlərə rəhminiz gəlib əl tutmaq istəmisiniz, amma niyyətlərinin " qara" olduğunu anlayıb geri addım atmısınız?

 

-Məsafəli olmaq həmişə insan zərərdən qoruyur. Təkcə Heminqueyin deyil, Həzrət Əlinin, Mövlananın, Yunus Əmrənin, Tolstoyun da belə bir düşüncəsi var: İnsanlarla məsafəni gözləmək. 

 Kiməsə yardım etmək istəyəndə onun nə siması, nə də daxili məni maraqlandırıb. Bunu Allah sevgisiylə, Allah xatirinə  etmişəm. İnsan mürəkkəb varlıqdır, onu bir tam  olaraq anlamaq  bəzən mümkün olmur.  Amma qarşılaşdığımız hər kəsi anlamaq, və ya tanımaq kimi bir məcburiyyətimiz də yoxdur. Əgər yaxşılıq etmək istəyirəmsə, bunu heç nəyə baxmadan edəcəyəm. Məgər Jan Valjan Javerə, Tenardyeyə və başqalarına  məhz yaxşı insan olduqları üçünmü xeyirxahlıq etmişdi? Javerin düşməni olduğunu da, Tenardyenin qara qəlbini də gözəl bilirdi. Amma bütün bu mənfiliklər  onu öz xeyirxahlığından saxlaya bilməzdi.

 

-Dəyərli müəllimimiz, Əbülfətqızı bu dəfə məqbul ala bildimi? Suallarımızdan hansını daha çox bəyəndiniz?

 

- Mənim dəyərli tələbəm olmuş, bu gün əziz dost bildiyim Əbülfətqızı məqbul yox, 10 aldı. Bir vaxtlar olduğu kimi yenə də seçilməyi bacardı.

Suallar bir-birindən maraqlıdır, ən əsası, ənənəvi müsahibə suallarından fərqlidir. Buna görə xüsusi təşəkkür edirəm. Ona görə hansınısa  seçərək digərlərinə haqsızlıq etmək istəmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.