Super User
Bakıda UNESCO-nun subregional konfransı keçirilir
Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi: Birinci İllik Subregional” konfrans öz işinə başlayıb.
Tədbirdə ölkəmizlə yanaşı Qazaxıstan, Türkmənistan, İngiltərə, Yaponiya, Rusiya Federasiyasının Tatarıstan Respublikası və İrandan olan nümayəndələr iştirak edirlər.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfransın təşkil olunmasının məqsədi “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunmasıdır.
Konfransda layihəyə daxil olan ölkələrin rəsmiləri, Ümumdünya İrs Mərkəzi, Yaponiyanın Teikyo Universiteti, Böyük Britaniyanın London Universitet Kolleci və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) ekspertləri arasında nominasiyanın sənədləşməsi haqqında fikir mübadiləsi aparılıb.
Tədbirdə UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının əhəmiyyətindən danışılıb. Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanaraq, bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici və mövcud olduğu dövrdə keçdiyi ölkələrin həyatında vacib rolu qeyd olunub.
Daha sonra Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan ekspertlər layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış ediblər.
Konfrans oktyabrın 25-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir
Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə, həmçinin XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır.
AzərTAC xəbər verir ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.
Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa sən azadsan!” və digər filmlər yer alır.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Filarmoniyada Xalq artisti Vasif Allahverdiyevin 60 illik yubileyi qeyd edilib
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan AzərTAC-a bildiriblər ki, bəstəkarın yaradıcılığı haqqında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov qonaqlara ətraflı məlumat verib.
Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solistlər - Əməkdar artist Anar Şuşalı (tenor), Ayan Tohidi (mezzo-soprao) və Zabitə Alıyeva (xanəndə) öz ifalarının musiqisevərlərə təqdim ediblər.
Proqramda Vasif Allahverdiyevin əsərləri səslənib.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Qadağan Olunmuş Musiqi Aləti - Şüşə Armonika
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizlərə qeyri-adi çalğı aləti barədə danışacağıq. O aləti niyə qadağan ediblər?
1740-cı ildə İrlandiyalı musiqiçi Riçhard Puckeridge tərəfindən hazırlanan bu musiqi aləti fərqli səviyyələrdə mayelərə malik olan şüşə qədəhlərdən ibarət idi.
Şüşə armonika Benjamin Franklin tərəfindən mexaniki olaraq təkrar hazırlandı. Beləcə, hər kəsin diqqətini çəkməyi bacardı.
Bu musiqi aləti getdikcə məşhurlaşarkən insanlar bu səslərin ruh hallarına pis təsir etdiklərini söyləməyə başladı. Dinləyicilər yuxusuzluq və qulaq cingildəməsi kimi problemlərin olduğunu qeyd etdilər. Hətta dəliyə döndüklərini ifadə edənlər belə var idi.
Bu təsir araşdırıldı və alətin 1000-4000 Hertz arasında səs çıxatdığı, ancaq insan beyninin 4000 hz. Altındakı səsləri dərk edə bilmədiyi üçün belə problemlər ortaya çıxdığı nəticəsinə varıldı. Musiqi aləti vizual və hissiyyatla qəbul edilirkən səs frekansı dəri edilə bilmədiyi üçün insanların boşluğa düşməsinə səbəb olurdu. Həmçinin hazırlanarkən qurğuşun kristalı istifadə olunduğu üçün bir çox insanın zəhərlənməsinə yol açan şüşə harmonika qadağan olunmuş bir musiqi aləti halına gəldi.
Əgər dinləyərkən psixologiyanıza təsir etməsindən qorxmursunuzsa, linkı keçid edə bilərsiniz. Amma musiqinin təsiri altında qalmağı çox da məsləhət görmürük...
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
“Deyirlər, Bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət.." - ESSE
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
O qədər fərqli həyatlar eyni cahana toplanıb ki, insan hətta özünü tapa bilmir bəzən, nəinki sevgisini, sevgini. Yarım qalmış ruhlar donur kainatın şimal qütbündə. Nə vaxtsa qovuşmaq ümidiylə, "gəlsə tapsın məni" düşüncəsiylə qərq edirlər özlərini şaxtaya.
Bir sual verin. Güzgü önünə keçin və bir sual verin. Kiməm mən? Nə üçün varam bu dünyada? Tanıyın özünüzü. Həyatda çalışmalı, əldə etməli olduğumuz çox şey var, bilin. Hətta öz həyatımız bir yana, başqalarının da həyatına toxunuruq, olduqca çox.
İnsan... Varlıq və yoxluq arasındakı həm ən böyük, həm ən kiçik zərrə. Qorxunu, sevgini, mərhəməti, məhəbbəti özündə birləşdirən tək bir qəlb. Nə üçün gəlirik dünyaya? Nə məqsədlər güdürük? Bəs yaxşı, sadəcə öz dünyamıza aidik, yoxsa hər kəsin dünyası ortaqdır? Sadəcə bir həyata, bir xarakterə, bir keçmişə sahibik?
Deməzdim. Hər qəlbdə başqa insanam mən. Bəzilərində mərhəmətin timsalı, bəzilərində nifrətin. Bəzi ruhlarda əbədiyyət daşıyıram, bəzilərində bəlkə də çoxdan ölmüşəm. Bəlkə də tam tərsi, mən kimlərisə öldürmüşəm varlığımda, varlığımla.
Ən böyük itki ölüm deyil əslində. Ən böyük itki yaşayan birini öldürməkdir qəlbində, ruhunda, hislərində.
Bəzən getmək gərəkər, öz dəyərini anlamaq üçün. O qədər sürətlə getmək ki, izin tozun qalmasın keçmişdə. Getməlisən, əzizim. Arxana baxmadan, şübhə duymadan... Get, istəklərinin və xəyallarının ardınca get. Lazımsa hətta xəyallarını da qoy geridə get. Çünki xoşbəxtlik bəzən tərk edişlərdə gizlənir. Çünki xoşbəxtlik cəsarətlə tilsimlənib.
Mən... Mən nəfəs almaq üçün gedirəm indi. Təkliyimi, hüzurumu qoyuram çantama və gedirəm yenə. Hüzuruma, keçmişimə dönürəm, gələcəyimə gedirəm. Sənli günlərimi alıram yanıma, xatirələrimlə sənsizliyə gedirəm. Xoşbəxtlik sənin olsun, mən əsir qalan mənliyimi alıb gedərəm.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
“Bu günün özündə də minlərlə ailə itkin düşmüş balasının taleyindən xəbərsizdir”
“ÖĞUL” FİIMİ İLƏ BAĞLI DÜŞÜNCƏLƏR
Aslan İsmayılov yazır
Nizami Kino Mərkəzində “Oğul” sənədli filminə baxdım. Filmdə söhbət Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, qəhrəmanlığı on illər sonra bəlli olan Natiq Qasımovdan gedir. Natiqin qətli prosesinə başçılıq edən Ermənistanda qəhrəman, general kimi tanınan, bu gün də yaşayan Vitaliy Balasanyandır. Film barədə ətraflı yazmaq fikrim yoxdur, sadəcə hamının baxmasını arzulayıram. Əminəm ki, bu filmə çoxları baxacaq, müsbət fikirlərini bölüşəcək, çoxlarının hələ də tanımadığı qəhrəmanları yada salacaq, imkanı olanlar onları cəmiyyətə tanıdacaq, peşəkarlar isə bu gözəl ənəni davam etdirəcəklər. Bəri başdan filmin ərsəyə gəlməsəndə əməyi olanların hamısına təşəkkür edirəm.
Filmdən irəli gələn bəzi fikirlərimi Sizinlə bölüşürəm.
Birinci Qarabağ müharibəsini yaxından bildiyimdən bu günə qədər məni narahat edən bir məsələni bir daha diqqətinizə çatdırmaq istəyirəm. Əlbəttə, Vətən uğrunda həlak olanlara nə edilsə də azdır, çünki bizim Vətən adlandırdığımız, uğuruna sevindiyimiz, harada olsaq da darıxdığımız Vətən torpağı məhz onların qanı bahasına qorunub və qorunur. Bütün varlığımla Birinci, İkinci Qarabağ Müharibəsi iştirakçılarının bölünməsinə, onlara fərq qoyulmasının əleyhinəyəm. 44 günlük Şanlı Qələbəmizin iştirakçılarına, şəhidlərinə mümkün olan diqqət yetirildi. Əlbəttə, hamımız bu diqqətin daha çox olmasını arzulayırıq. Ancaq Birinci Qarabağ Müharibəsi iştirakçıları, şəhidləri, onların ailələri demək olar ki, diqqətsiz qaldı, çünki o vaxtlar ölkəmizdə sözün əsl mənasında bir başsızlıq var idi. Həm hakimiyyətdə, həm də Orduda əksəriyyət baş verənlərin mahiyyətini belə anlamırdı. O vaxtlar Dünya da bugünkü kimi deyildi, internet, məlumatın yayılması üçün bu günkü resurslar yox idi, düşmənlərimizdən fərqli olaraq bizim dünyaya məlumat çatdırmaq imkanlarımız yox dərəcəsində idi.
Qətiyyətlə bildirirəm ki, Natiq Qasımov kimi bizim bu gün də qəhramanlıqlarından xəbərimiz olmayan yüzlərlə igidlərimiz var. Bu günün özündə də minlərlə ailə itkin düşmüş balalarının taleyindən xəbərsizdirlər. Onlar unudulmamalı, onları axtarışı bü gün də davam etdirilməlidir.
Bunun üçün Birinci Qarabağ müharibəsi haqqında Rusiya, ABŞ, Avropa və digər ölkələrdən olan jurnalistlərin yazıları, fotoları araşdırılmalı, həmin əcnəbi jurnalistlər axtarılmalı, onlarda olan materiallar böyük vəsaitlər hesabına olsa belə alınmalıdır. Bu iş bizə yeni-yeni qəhrəmanlarımızı, onların qatillərini tanıdacaq.
Bundan başqa, bu günlərdə Birinci Qarabağ qazisi Rey Kərimoğlunun “Telli Mədət və Xankəndində torpaq satan dəli qadın” sənədli hekayəsini oxudum. Günlərlə o hekayənin təsiri altında oldum. Hesab edirəm ki, Birinci Qarabağ Müharibəsi iştirakıları gözləri ilə gördüklərini yazsalar, yaxud jurnalistlər özləri onları tapıb danışdırsalar Vətən uğrunda həlak olmuş onlarla igidlərimiz haqqında sənədli, bədii filmlər çəkmək olar. Bu həm də bizim şəhidlərimizə qarşı qansızlıq etmiş, bu gün də sağ olan çox qatilləri üzə çıxardar. Bu isə bizim şəhidlərimiz, onların doğmaları, Vətən qarşısında olan borcumuzdur.
Torpaq uğrunda ölən varsa, Vətəndir! Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
“Bəzi məqamlarda risk etməmək daha risklidir…”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda filosof Seren Kyerkrqorun gözəl bir deyiminə rast gəldim. O demişdir ki: "Risk etmək-bir anlıq öz dayaq nöqtəni itirməkdir, risk etməmək -özünü itirmək deməkdir".
Bu fikirlər mənim çox xoşuma gəldi və dərindən düşündürdü. Doğrudan da, bəzən elə anlarla üzləşirik ki, elə qərar üzərində qalırıq ki, bilmirik ki, düzmü edirik, ya səhv. Elə bu anda ürəyimiz və beynimiz mübahisəyə girir. Beyin çox vaxt səssiz qalır və düşünür ki, şans faizi azdır. Amma, qəlbimiz cəsurluq göstərib yaxşı olacaq, irəli get- söyləyir. Görəsən, hansı haqlıdır?
Həyat ətalətdən uzaq, hərəkətə aşiq bir məkandır. Bu məkanda isə səssiz və hərəkətsiz oturmaq şansı uzaqlara ötürmək deməkdir. Hər şeyi şansa bağlamaq nə dərəcədə düzgündür?
Düşünürəm ki, heç bir şey oturduğumuz yerdə ayağımıza gəlmir. Biz arzularımız uğrunda var gücümüzlə mübarizə aparmalıyıq. Qarşımıza konkret hədəf qoyub və bu hədəfə çatmaq üçün “iradə vurulsun əzm” düsturunu tətbiq etməliyik. Həyati prinsiplərimizi bu düsturla tənzimləsək, əminəm ki, uğur bizdən yan keçməz. Süstlükdən bacardığımız qədər uzaq olmalıyıq, çünki uğursuzluqların kökündə süstlük və özünə inamsızlıq dayanır. İnsan birinci növbədə özünə özü inanmalıdır ki, ətrafdakıları da inandıra bilsin. Cəhd etmək, risk etmək və "nə olar-olar" deyimini dəfn etmək lazımdır. Uğur qazanmağın yollarından biri də risk etməkdir. Əgər seçim qarşısında qalmışıqsa, risk etməliyik.
Risk odur ki, etdiyin addımın nəticəsini əvvəldən bilmirsən. Bilsən, bu risk sayılmaz ki... Ən çox risklər biznes sahəsində atılır. Çoxlarına uğur da gətirir. Müasir dövrümüzdə riskli addımlar çox atılır. Risk olmasa, inkişaf olmaz. Və riskləri edərkən hərtərəfli də düşünmək lazımdır. Zəkamızdan maksimal dərəcədə yararlanaq ki, ağır fəsadlarlarla üz-üzə gəlməyək.
Amma bəzən də risk etməliyik, bəzi məqamlarda risk etməmək daha risklidir.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
Tam qələbədən sonra müharibə ədəbiyyatı daha da aktuallaşıb - AZƏRBAYCAN ƏDƏBİYYAT FONDUNUN TƏŞKİL ETDİYİ DİNLƏMƏ FAYDALI OLDU
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, şənbə günü Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında Azərbaycan Ədəbiyyat Fondu və “Azərbaycan–Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Müharibə dövrü ədəbiyyatı” mövzusunda dinləmələr keçirilib.
“Nəyimiz var və nəyə ehtiyac duyulur” altbaşlığı ilə keçirilən dinləmələrdə ölkənin tanınmış yazıçıları, jurnalistləri, ictimai xadimləri, şəhid ailələri iştirak ediblər.
BƏS DİNLƏMƏNİN NƏ KİMİ FAYDASI OLUB?
Dinləmələrin ümumi ruhunda özünü qabarıq göstərən başlıca amil o olub ki, bugünkü zəfərimizin gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayan keyfiyyətli ədəbi nümunələrin ortaya qoyulması zəruridir, eləcə də gənclərin vətənpərvərlik ruhunda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə olunmasında dövlət siyasəti ilə paralel olaraq, milli ədəbiyyatın da mühüm rolu var. Məhz Azərbaycan ədəbiyyatı xalqımızın Vətən müharibəsində tarixi Zəfər qazanmasına mənəvi stimul verib. Ali Baş Komandanımız İlham Əliyevin rəhərliyi ilə hər cür igidlik nümunəsi göstərməyə hazır olan yeni nəslin təmsilçiləri üçrəngli bayrağımızı Xankəndinin, Şuşanın, Laçının, Kəlbəcərin ən uca zirvələrinə taxıblar. Bu isə həm də müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması yönümündə milli ədəbiyyatımızın xalq qarşısında xidməti kimi dəyərləndirilir.
Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, tanınmış yazıçı, Əməkdar jurnalist Varis dinləmələrin məqsəd və məramını açıqlayaraq qeyd edib ki, 30 illik bir dövr ərzində torpaqlarımızın işğaldan azad olunması mövzusu daha da aktuallaşıb. Bu gün Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, əsrlər boyu müharibə, qələbə mövzularında qələmə alınan “Hərb və sülh”, “Əlvida, silah”, “Qərb cəbhəsində dəyişiklik yoxdur”, Ali və Nino” kimi dünya ədəbiyyatı inciləri ilə bir sırada dayanacaq, Şanlı Zəfər tarixini bütün çalarları, qalibiyyəti ilə təsvir edəcək nəzm və nəsr nümunələrinin yazıldığını və gələcəkdə də yazılacağı əminliyini dilə gətirib.
“Son illərdə bu barədə çoxlu dəyərli əsərlər yazılıb, amma müqəddəs savaşı, xalqımızın mübarizə əzmini, ordumuzun qəhrəmanlığını dünya ədəbi platformasına çıxara biləcək bədii nümunələr hələ yetərincə deyil. Biz bu gün müharibə mövzusunun ədəbi müstəvidə daha dolğun işıqlandırılması ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq bu vəzifələrin reallaşdırılması yollarını aramalıyıq”.
Sonra “Azərbaycan-Türkiyə Sosial Tərəqqiyə Yardım” İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO nəzdində Beynəlxalq Professional Rəssamlar Ittifaqının üzvü Nigar Helmi Abbasbəyli çıxış edərək Qarabağ həqiqətlərinin dünyada tanınması işində mədəniyyətin ümdə vəzifələrindən bəhs edib, örnək olaraq özünün bir sıra Avropa ölkələrində nümayiş olunan “Qarabağ mirası” sərgisindən danışıb. Qeyd edib ki, mədəniyyətin bütün sahələrində, o cümlədən də bədii ədəbiyyatda müharibə mövzusunun aparıcı rolu daha da gücləndirilməli, bizə qarşı mənfur düşmənin apardığı mədəni soyqırımı faktları hər vasitə ilə ifşa olunmalıdır.
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Filologiya üzrə elmlər doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı müharibə dövrü ədəbiyyatından bəhs edərkən İkinci Dünya Müharibəsi dövründə Azərbaycanda yaranan ədəbiyyatı bir nümunə kimi qəbul etməyin vacibliyini vurğulayıb, həmin dövrdə ən məhsuldar yazıçı olan görkəmli ədib Mir Cəlalın yaradıcılığından bəhs edib, ədibin müharibə mövzusunda qələmə aldığı əsərlərinin, xüsusən “Vətən yaraları”nın hazırkı ədəbi nəsil üçün əsl örnək olduğunu konkret misallarla əsaslandırıb.
Xalqımızın mübarizələrlə dolu şərəfli tarixi haqqında bir neçə sanballı əsərin müəllifi olan, 44 günlük müharibə barədə “Cığır” kimi sanballı bir roman ortaya qoyan yazıçı, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz müasir ədəbi prosesdə müharibə mövzusunun tutduğu yer, yazılan əsərlərin təbliği, xarici dillərə tərcüməsi kimi ümdə məsələlərdən danışıb. Eyni zamanda ölkə kinematoqrafiyasının müharibə mövzulu ədəbiyyata biganəliyindən söz açıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müharibə dövrü ədəbiyyatı mövzusunu daha geniş anlamda qavramağın vacibliyinə diqqət çəkib. O, hazırkı Qarabağ müharibəsi, ötən əsrdəki İkinci Dünya Müharibəsi çərçivəsini bir qədər də genişləndirərək ötən əsrin əvvəllərində Azərbaycanın öncə Çar, ardınca bolşevik Rusiyası ilə apardığı mücadilələrə toxunub. Arxiv materialları əsasında araşdırdığı bu dövrdə mücadilələrdə fərqlənmiş Mirzə Nəsrulla Əmirov kimi fədailərən obrazlarını yaratmaqla bədii ədəbiyyatın gənc nəslin vətənpərvərlik və qəhrəmanlıq ruhuna gətirəcəyi töhfələrdən bəhs edib.
Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parça itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin, polad iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin qələmə alınmasından danışıb. Və kitabxananın nəşr etdirdiyi, 44 günlük müharibəyə həsr olunmuş, 20-ə yaxın gənc yazarın qələminin məhsullarınln toplandığı “Sən azadsan” kitabı haqqında məlumat verərək, bu kimi dəyərli əsərlərin gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün əvəzsiz dərslik olacağını qeyd edib.
Filologiya elmləri doktoru, “Bütöv "Azərbaycan bədii təfəkküründə Şuşa” kitabının müəllifi Esmira Fuad, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan ədəbiyyatı bölməsinin müdiri Sayman Aruz, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü, Səbail rayon Mərkəzi Kitabxanasının direktoru, Şəhid Polkovnik-Leytenant Vidadi Xəlilovun xanımı Nərmin Xəlilova, Dövlət Qulluğu Müşaviri, Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist, 1ci və 2ci Qarabağ müharibəsi ilə bağlı çoxsaylı kitabların, eyni zamanda “44 günlük savaşın 444 cəngavəri" 2 cildliyinin müəllifi Əntiqə Qonaq, tanınmış tele-jurnalist, "Xəzərin sahilində" layihəsinin rəhbəri, Sənətşunaslıq üzrə Fəlsəfə doktoru, 1ci Qarabağ müharibəsi Şəhidi Zahid Bayramovun bacısı Fəxriyyə Lilpar, Şəhid Bakir Quliyevin qızı, Milli Qəhraman Seymur Məmmədovun bacısı, Azərbaycan Televiziyasının "Ədəbi abidələr” proqramının müəllifi, 8 il Hərbi vətənpərvərlik Proqramları Baş redaksiyasının redaktoru olmuş, döyüş bölgələrindən reportajları ilə tanınan jurnalist Təranə Bakirqızı, araşdırmaçı jurnalist, Qarabağ müharibəsi Şəhidləri barədə silsilə kitabların müəllifi Aida Eyvazlı çxışlarında mövzuya dair fikirlərini bölüşüblər, maraqlı təkliflər irəli sürüblər.
Habelə, 44 günlük müharibə ilə bağlı ortaya çıxan ən ciddi layihələrdən biri, müharibə iştirakçıları olan şairləri bir araya gətirən “İgidlərin SÖZÜ” layihəsindən söz açılıb, layihənin rəhbəri, tanınmış şair, Dünya Poeziya Hərəkatının koordinatoru Nigar Həsənzadənin bu layihəni yaratmaq zərurəti qabardılıb, layihə üzvü Cavid Qasımov öz səngər şeirlərini səsləndirib.
Tədbirdə həmçinin Naxçıvanın Şərur mahalının Yaycı kəndində doğulan, Bakıda böyüyüb orta və ali təhsil alan, heç vaxt üzünü görmədiyi Qarabağ uğrunda gedən 44 günlük Vətən savaşında tarix yaradanların sırasında yer alan, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşaraq müxtəlif medallarla təltif olunan Abbas Qasımov öz döyüş xatirələrini danışıb, onun anası İlkanə Qasımova isə bir əsgər anasının çəkdiyi iztirabları, məşəqqətləri dilə gətirərək müharibə ədəbiyyatı üçün yazıçılara yeni mövzu verib.
Dinləmələr zamanı müharibə mövzusunun ədalət və sülh problemi ilə vəhdət təşkil etdiyinə və yazarların bədii nümunələrə məhz bu aspektdən yanaşmalı olduqlarına da diqqət çəkilib. Qələbəni bədii dillə əsaslandıran, təsəlli verən müharibə ədəbiyyatının qəlbləri tərpədə bilməsi, hər kəsi yaxşı mənada həyəcanlandırması üçün yazarların bütün istedad və bacarıqlarını səfərbər etməsinin vacibliyi dönə-dönə vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)
“Əynimə nəvaziş geyindirərsən…” - Osip Mendelştam
BU GÜN BAKIDA MENDELŞTAM GECƏSİ KEÇİRİLƏCƏK
Könül, “Ədəbiyyat və incəsənət”
Zərif bir axşamdır… Alaqaranlıq…
Çırpınan ləpələr yorur dənizi.
İslaq külək əsib hərdən bir anlıq
Duzlu bir örpəyə bürüyür bizi.
İşıqlar qaralır, qarışır aləm,
Dalğalar sahili meyxoş eyləyir…
Yersiz sevinc kimi səbəbsiz bu qəm
Ağır bir yük olub qəddimi əyir.
Gəzir qulağımda dəniz nəfəsi,
Hava da məst edir, gecə də qara…
Mahnı sədaları, musiqi səsi
Sanki layla çalır yorulanlara…
Bu ölməz misralar dahi yəhudi şairi Osip Mendelştama aiddir. Moskvada yaşayan həkim-şairə həmyerlimiz Afaq Şıxlının tərcüməsində təqdim edilən bu şeirlər Mendelştam yaradıcılığına xasdır - qürbətin iztirabları, vətən həsrəti, misilsiz kədər burulğanı.
Bu gün saat 19:00-da “Libraff” kitab mağazası məkanında “İranə Qasımova ilə klassik poeziya” layihəsi çərçivəsində Osip Mandelştamın yaradıcılığına həsr olunmuş ədəbi gecə keçiriləcək. Tədbirdə şairlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, eləcə də poeziya sevənlər görkəmli şairin şeirlərini oxuyacaqlar.
Tədbirin təşkilatçısı və layihənin müəllifi şair, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya toplusunun müəllifi İranə Qasımovadır.
İranə Qasımovanın “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, “İranə Qasımova ilə klassik poeziya” 2019-cu il iyunun 25-dən mütəmadi olaraq keçirilir. Layihənin keçirilən hər gecəsi bir klassik şairə həsr olunur. Tədbirlər “Baku Book Center”, “Libraff” kitab evi, “Azerkitab” kitab mağazası, “Art Tower Gallery”, Azərbaycan Yazıçılar Birliyi, Səməd Vurğunun Ev-muzeyində keçirilib.
Layihənin reallaşdırıldığı dörd il ərzində A.S.Puşkin, M.Y.Lermontov, V.V.Mayakovski, M.İ.Tsvetayeva, S.A.Yesenin, Səməd Vurğun, Nizami Gəncəvi, Y.A.Yevtuşenko, İ.A.Brodski, A.A.Blok, A.A.Axmatova, B.L.Pasternak, Mikayıl Müşfiq, N.S.Qumilyov, K.D.Balmont, Mirzə Şəfi Vazeh, İ.Severyaninə həsr olunmuş ədəbi gecələr keçirilib.
“Bu dəfəki gecəmizin qəhrəmanı “Gümüş əsr” poeziyasının ən parlaq nümayəndələrindən biri olan Osip Mandelştamdır. Onun yaradıcılığı bu günə kimi aktualdır”, - deyə İranə Qasımova qeyd edib.
Əlbəttə ki, aktualdır.
Ay gecə! Nəyinə gərəyəm ki, mən?..
Mən ki, həsrətlərə hədəf kimiyəm.
Bəyaz mirvarisi çıxmış əlindən,
Sahilə atılmış sədəf kimiyəm.
Sən ilham alarkən gur ləpələrdən
Duymaq istəməzsən söz-söhbətimi.
Amma ki, salarsan yadına birdən,
Lazımsız bildiyin məhəbbətimi.
Uzanıb yanımda qumlar üstünə,
Əynimə nəvaziş geyindirərsən.
Bunca ayrılığın durub qəsdinə,
Könlümü doyunca sevindirərsən.
Atılmış sədəfin səni bağışlar,
Sevgi nəğməsini oxuyar sular. Dənizlə, şəfəqlə, mehlə, yağışla
Kimsəsiz qəlb evim isinər, dolar.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)