“ÖĞUL” FİIMİ İLƏ BAĞLI DÜŞÜNCƏLƏR
Aslan İsmayılov yazır
Nizami Kino Mərkəzində “Oğul” sənədli filminə baxdım. Filmdə söhbət Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, qəhrəmanlığı on illər sonra bəlli olan Natiq Qasımovdan gedir. Natiqin qətli prosesinə başçılıq edən Ermənistanda qəhrəman, general kimi tanınan, bu gün də yaşayan Vitaliy Balasanyandır. Film barədə ətraflı yazmaq fikrim yoxdur, sadəcə hamının baxmasını arzulayıram. Əminəm ki, bu filmə çoxları baxacaq, müsbət fikirlərini bölüşəcək, çoxlarının hələ də tanımadığı qəhrəmanları yada salacaq, imkanı olanlar onları cəmiyyətə tanıdacaq, peşəkarlar isə bu gözəl ənəni davam etdirəcəklər. Bəri başdan filmin ərsəyə gəlməsəndə əməyi olanların hamısına təşəkkür edirəm.
Filmdən irəli gələn bəzi fikirlərimi Sizinlə bölüşürəm.
Birinci Qarabağ müharibəsini yaxından bildiyimdən bu günə qədər məni narahat edən bir məsələni bir daha diqqətinizə çatdırmaq istəyirəm. Əlbəttə, Vətən uğrunda həlak olanlara nə edilsə də azdır, çünki bizim Vətən adlandırdığımız, uğuruna sevindiyimiz, harada olsaq da darıxdığımız Vətən torpağı məhz onların qanı bahasına qorunub və qorunur. Bütün varlığımla Birinci, İkinci Qarabağ Müharibəsi iştirakçılarının bölünməsinə, onlara fərq qoyulmasının əleyhinəyəm. 44 günlük Şanlı Qələbəmizin iştirakçılarına, şəhidlərinə mümkün olan diqqət yetirildi. Əlbəttə, hamımız bu diqqətin daha çox olmasını arzulayırıq. Ancaq Birinci Qarabağ Müharibəsi iştirakçıları, şəhidləri, onların ailələri demək olar ki, diqqətsiz qaldı, çünki o vaxtlar ölkəmizdə sözün əsl mənasında bir başsızlıq var idi. Həm hakimiyyətdə, həm də Orduda əksəriyyət baş verənlərin mahiyyətini belə anlamırdı. O vaxtlar Dünya da bugünkü kimi deyildi, internet, məlumatın yayılması üçün bu günkü resurslar yox idi, düşmənlərimizdən fərqli olaraq bizim dünyaya məlumat çatdırmaq imkanlarımız yox dərəcəsində idi.
Qətiyyətlə bildirirəm ki, Natiq Qasımov kimi bizim bu gün də qəhramanlıqlarından xəbərimiz olmayan yüzlərlə igidlərimiz var. Bu günün özündə də minlərlə ailə itkin düşmüş balalarının taleyindən xəbərsizdirlər. Onlar unudulmamalı, onları axtarışı bü gün də davam etdirilməlidir.
Bunun üçün Birinci Qarabağ müharibəsi haqqında Rusiya, ABŞ, Avropa və digər ölkələrdən olan jurnalistlərin yazıları, fotoları araşdırılmalı, həmin əcnəbi jurnalistlər axtarılmalı, onlarda olan materiallar böyük vəsaitlər hesabına olsa belə alınmalıdır. Bu iş bizə yeni-yeni qəhrəmanlarımızı, onların qatillərini tanıdacaq.
Bundan başqa, bu günlərdə Birinci Qarabağ qazisi Rey Kərimoğlunun “Telli Mədət və Xankəndində torpaq satan dəli qadın” sənədli hekayəsini oxudum. Günlərlə o hekayənin təsiri altında oldum. Hesab edirəm ki, Birinci Qarabağ Müharibəsi iştirakıları gözləri ilə gördüklərini yazsalar, yaxud jurnalistlər özləri onları tapıb danışdırsalar Vətən uğrunda həlak olmuş onlarla igidlərimiz haqqında sənədli, bədii filmlər çəkmək olar. Bu həm də bizim şəhidlərimizə qarşı qansızlıq etmiş, bu gün də sağ olan çox qatilləri üzə çıxardar. Bu isə bizim şəhidlərimiz, onların doğmaları, Vətən qarşısında olan borcumuzdur.
Torpaq uğrunda ölən varsa, Vətəndir! Allah şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)