“Bəzi məqamlarda risk etməmək daha risklidir…” Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu yaxınlarda  filosof Seren Kyerkrqorun gözəl bir deyiminə rast gəldim. O demişdir ki: "Risk etmək-bir anlıq öz dayaq nöqtəni itirməkdir, risk etməmək -özünü itirmək deməkdir".

 

Bu fikirlər mənim çox xoşuma gəldi və dərindən düşündürdü. Doğrudan da, bəzən elə anlarla üzləşirik ki, elə qərar üzərində qalırıq ki, bilmirik ki, düzmü edirik, ya səhv. Elə bu anda ürəyimiz və beynimiz mübahisəyə girir. Beyin çox vaxt səssiz qalır və düşünür ki, şans faizi azdır. Amma, qəlbimiz cəsurluq göstərib yaxşı olacaq, irəli get- söyləyir. Görəsən, hansı haqlıdır?

Həyat ətalətdən uzaq, hərəkətə aşiq bir məkandır. Bu məkanda isə səssiz və hərəkətsiz oturmaq şansı uzaqlara ötürmək deməkdir. Hər şeyi şansa bağlamaq nə dərəcədə düzgündür?

Düşünürəm ki, heç bir şey oturduğumuz yerdə ayağımıza gəlmir. Biz arzularımız uğrunda var gücümüzlə mübarizə aparmalıyıq. Qarşımıza konkret hədəf qoyub və bu hədəfə çatmaq üçün “iradə vurulsun əzm” düsturunu tətbiq etməliyik. Həyati prinsiplərimizi bu düsturla tənzimləsək, əminəm ki, uğur bizdən yan keçməz. Süstlükdən bacardığımız qədər uzaq olmalıyıq, çünki uğursuzluqların kökündə süstlük və özünə inamsızlıq dayanır. İnsan birinci növbədə özünə özü inanmalıdır ki, ətrafdakıları da inandıra bilsin. Cəhd etmək, risk etmək və "nə olar-olar" deyimini dəfn etmək lazımdır. Uğur qazanmağın yollarından biri də risk etməkdir. Əgər seçim qarşısında qalmışıqsa, risk etməliyik.

Risk odur ki, etdiyin addımın nəticəsini əvvəldən bilmirsən. Bilsən, bu risk sayılmaz ki... Ən çox risklər biznes sahəsində atılır. Çoxlarına uğur da gətirir. Müasir dövrümüzdə riskli addımlar çox atılır. Risk olmasa, inkişaf olmaz. Və riskləri edərkən hərtərəfli də düşünmək lazımdır. Zəkamızdan maksimal dərəcədə yararlanaq ki, ağır fəsadlarlarla üz-üzə gəlməyək.

Amma bəzən də risk etməliyik, bəzi məqamlarda risk etməmək daha risklidir.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.