“Deyirlər, Bakı balaca şəhərdir, bir gün qovuşarıq əlbət.." - ESSE Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

O qədər fərqli həyatlar eyni cahana toplanıb ki, insan hətta özünü tapa bilmir bəzən, nəinki sevgisini, sevgini. Yarım qalmış ruhlar donur kainatın şimal qütbündə. Nə vaxtsa qovuşmaq ümidiylə, "gəlsə tapsın məni" düşüncəsiylə qərq edirlər özlərini şaxtaya.

 

Bir sual verin. Güzgü önünə keçin və bir sual verin. Kiməm mən? Nə üçün varam bu dünyada? Tanıyın özünüzü. Həyatda çalışmalı, əldə etməli olduğumuz çox şey var, bilin. Hətta öz həyatımız bir yana, başqalarının da həyatına toxunuruq, olduqca çox.

 

İnsan... Varlıq və yoxluq arasındakı həm ən böyük, həm ən kiçik zərrə. Qorxunu, sevgini, mərhəməti, məhəbbəti özündə birləşdirən tək bir qəlb. Nə üçün gəlirik dünyaya? Nə məqsədlər güdürük? Bəs yaxşı, sadəcə öz dünyamıza aidik, yoxsa hər kəsin dünyası ortaqdır? Sadəcə bir həyata, bir xarakterə, bir keçmişə sahibik?

 

Deməzdim. Hər qəlbdə başqa insanam mən. Bəzilərində mərhəmətin timsalı, bəzilərində nifrətin. Bəzi ruhlarda əbədiyyət daşıyıram, bəzilərində bəlkə də çoxdan ölmüşəm. Bəlkə də tam tərsi, mən kimlərisə öldürmüşəm varlığımda, varlığımla.

 

Ən böyük itki ölüm deyil əslində. Ən böyük itki yaşayan birini öldürməkdir qəlbində, ruhunda, hislərində. 

 

Bəzən getmək gərəkər, öz dəyərini anlamaq üçün. O qədər sürətlə getmək ki, izin tozun qalmasın keçmişdə. Getməlisən, əzizim. Arxana baxmadan, şübhə duymadan... Get, istəklərinin və xəyallarının ardınca get. Lazımsa hətta xəyallarını da qoy geridə get. Çünki xoşbəxtlik bəzən tərk edişlərdə gizlənir. Çünki xoşbəxtlik cəsarətlə tilsimlənib.

 

Mən... Mən nəfəs almaq üçün gedirəm indi. Təkliyimi, hüzurumu qoyuram çantama və gedirəm yenə. Hüzuruma, keçmişimə dönürəm, gələcəyimə gedirəm. Sənli günlərimi alıram yanıma, xatirələrimlə sənsizliyə gedirəm. Xoşbəxtlik sənin olsun, mən əsir qalan mənliyimi alıb gedərəm.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.