KİTAB BƏLƏDÇİSİndə “Bəyaz gecələr” Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Haradan və necə başlayacağımı, həqiqətən, bilmirəm, çünki əsərlə o qədər doğmalaşdım ki, son səhifəyə çatdığım an özümü ən əziz dostumu itirmiş kimi hiss etdim. Dostoyevski mənim üçün hər zaman əziz idi, fəqət bu əsərdən sonra onun mənim qəlbimdə olan yeri "əziz" kəliməsi ilə ifadə edilməyəcək qədər böyükdür. 

 

Əsərdə tənha yaşayan, xəyalpərəst bir gəncin nakam sevgisindən bəhs edilir. Kitabı oxuduğunuz zaman Nastenka obrazına həm yazığınız gələcək, həm də əsəbiləşəcəksiniz və ən sonda isə məncə nifrət edəcəksiniz. Amma əgər dərinlərə nəzər salsaq, nifrət etməyə də gücünüz yetməyəcək. Ona nə ad verə bilərik? Sevgi qurbanı, yaxud qayğı dilənçisi? 

İki nüansa diqqət edək. 

1. Bəzən qəlbimiz bizim üçün o qədər imkansız birinə bağlanır ki, yaranan hər bir situasiyada özümüzü dünyanın ən bədbəxt adamı hesab edirik. Halbuki yaşadığımız hər şeyə səbəbkar olan ən başlıca özümüzük. Çünki nə qədər arzu və xəyallarımızın sərhəd tanımadığını söyləməsək də, bu belə deyil. 

2. İkinci nüans isə biz öz imkansız xəyallarımızın ağırlığı altında əzilərkən hiss və duyğularını önəmsəmədiyimiz adamlara yaşatdığımız ağrılı duyğularla bağlıdır. Məncə əsas məsələ budur ki, biz bizi kitab edəni xitab edənə dəyişirik.

.... 

 

“Nastenka, bəzən mən elə darıxır, elə darıxıram ki... Belə dəqiqələrdə mənə elə gəlir ki, heç bir zaman özüm üçün həqiqi həyat qura bilməyəcəm, buna mənim qabiliyyətim yoxdu, mənə elə gəlir ki, yer üzündə həqiqət adına nə varsa hər şeyin ölçüsünü itirmişəm, həqiqi varlığı duymaq, dərk etmək iqtidarından məhrum olmuşam; nəhayət, mən öz-özümə nifrət edirəm; çünki yuxusuz keçirdiyim şirin, xəyali gecələrdən sonra mən artıq ayılmağa başlayıram, bunun necə bir dəhşət olduğunu düşünürsüzmü? Ayılıb görürsən ki, dörd tərəfini bürüyən insan kütləsi həyat burulğanı içərisində mütəmadiyən fırlanır, uğuldayır, hara isə baş alıb gedir, insanların necə gözüaçıq, işgüzar yaşadıqlarını görür və eşidirsən, onlar sifarişlə yaşamırlar, onların həyatı bir yuxu, bir kölgə kimi keçib  getməyəcəkdi, o, həmişə gəncdi; bu həyat tez-tez dəyişir, yeniləşir, hər keçən saat özündən sonrakına oxşamır... 

Puç bir xəyalın məhsulu olan həyat isə son  dərəcə qaba və yeknəsəkdi. Baxın, o, günəşin üzünü qəflətən örtən qara bir bulud qədər cansıxıcıdı, bu buluda baxarkən öz sevimli günəşini görməyən həqiqi Peterburq sakininin ürəyi kədərlə sıxılır, belə kədərli insandan nə xəyal gözləmək olar!? Sən onun bu tükənməz xəyalın ağır bir gərginlik içərisində, nəhayət, yorulduğunu, tükəndiyini hiss edirsən, çünki sən artıq əvvəlki adam deyilsən, yetişib möhkəmlənmisən, köhnə fikir və arzularından uzaqlaşmısan; onlar toz kimi havaya sovrulmuş, parçalanıb dağılmışdı; əgər başqa bir həyat yoxdusa, sən onu bu parçalardan, bu qırıntılardan qurmağa məcbursan”.

 

Çox uzatmayacağam. Bu kitabı sizə əmanət edirəm. Ona yaxşı baxın!

Xoş mütaliələr! 

 

 “Ədəbiyyat və incəsənət”

(23.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.