Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Amalı-əməli bütöv insandır Rövşən Babanlı. 33 illik - bir qərinə tarixi olan "Qazax" Xeyriyyə İctimai Birliyinin sütunudur Rövşən Babanlı. Canlı ensiklopediyadır.
Rövşən Babanlı ilə görüş bir ömrə bərabər olan görüşlərdəndir. Şərəfli, keşməkeşli tariximizin canlı şahidlərindəndir Rövşən müəllim. Birinci Qarabağ müharibəsində Qazaxda gedən döyüşlər zamanı Bakıda yaşayan ziyalıların, imkanlı şəxslərin ön cəbhəyə göstərdiyi diqqət və qayğını Rövşən müəllimin dilindən eşitmək özü də həzzvericidir.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Qazax mahalı qarşısında göstərdiyi təmənnasız xidmətlərə, Birinci Qarabağ müharibəsində Qazağın düşməndən qorunması üçün əlindən gələn fədakarlığı əsirgəmədiyinə, bir ziyalı kimi insanlara göstərdiyi diqqət və qayğıya görə Rövşən Babanlıya öz adından, İctimai Birliyin üzvlərinin və Qazax mahalının ziyalılarının adından təşəkkürünü bildirdi.
Uzun illərdir "Qazax" Xeyriyyə İctimai Birliyinin arxivi İctimai Birliyin üzvü, Birinci Qarabağ savaşında Qazax mahalında gedən döyüşlər zamanı ön cəbhədən öz köməkliyini əsirgəməyən İmam Əhmədovun rəhbərlik etdiyi "Bakı Yastıq Zavodu" ASC-də qorunub saxlanılır. Arxiv yaxın vaxtlarda İlham Pirməmmədovun rəhbərliyi ilə təhvil alınacaq. Həmin arxivdən gələcəkdə elmi işçilər, tədqiqatçılar tarixi material kimi istifadə edə biləcəklər.
Sədr İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin arxivinə uzun illərdir yer verərək, qoruyub-saxladığı üçün İmam Əhmədova öz təşəkkürünü bildirdi.
Bu görüşün təşkilatçıları "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri İmam Əhmədov və Valeh Nəsibli oldu.
Hər birinizə təşəkkür edirik. Rövşən müəllimə uzun ömür, can sağlığı arzulayırıq. "Qazax" Xeyriyyə İctimai Birliyinə gələcək işlərində uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)