Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
- A kişi, yaxın gəl.
+ Nə buyurursan, ay Mirzə ?
- Bir dil ki, qəm düçar ola, ağlar ağlamaz ?
+ Mən nə bilim, ay Mirzə.
- Həndeyü qüssə yar ola, ağlar ağlamaz ?
+ Qurbanın olum Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Bisavad, avam adamam da.
- Doğrudur, avamsan. Bunlar gözəl sözlərdir. Get oğlunu oxut, qoy belə-belə şeylərdən ləzzət alsin.
Rüşvət verirsən ?
+ O biri mirzələr alırlar axı.
- Rüşvət almaq adamı qorxaq, gözükölgəli eliyər nə lazım ?! Ayda 25 manat məvacibim var, o da başımdan girib, ayağımdan çıxır. Xoş getdin. Xoş getdin a kişi !
+ Allah köməyin olsun.
- Götür, çıx get.
-Əhməd bəy, Əhməd bəy. Sizin kağızınız Mirzə Səfərdədir üzünü köçürdür.
+ Mirzə, mənim kağızımı yaz, aparım.
- Gözlə. Bu saat yazaram, əlimdə özgə işim var.
+ Sən yəqin, məni yaxşı tanımırsan Mirzə. Mən Əhməd bəyəm. Parisdən bir ay olar qayıtmışam.
- Gözlə.
+ Bilirsən, mən Həsən ağanın qohumuyam.
- Doğrudan Həsən ağanın qohumusan ?
+ Doğrudan.
- Sən Allah, Həsən ağanın qohumusan ?
+ Vallah, Həsən ağanın qohumuyam.
- Sən Həzrət Abbas, Həsən ağanın qohumusan ?!
+ Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Deginən sən öl Həsən ağanın adamıyam.
+ Sən öl Həsən ağanın adamıyam.
- Onda, gəl min boynuma ! Neyniyim Həsən ağanın qohumusan ?! Gözlə, kağızın vaxtında hazır olar apararsan.
Rejissor: Cahangir Mehdiyev
Ssenari: İsi Məlikzadə, Sabir Əhmədov
"Evlənmək istəyirəm", 1983-cü il.
Bu film 1983-cü il istehsalıdır. Demək olar ki, üzərindən 40 il keçib. Bundan başqa isə nə qədər filmlərimizdə bu və bu tipli fraqmentlər öz əksini tapıb. Əsərlərdə də, sətirlərdə də yetərincə belə təsvirlər verilmişdir. 20-ci əsrin əvvəllərində "Molla Nəsirəddin" jurnalı (1906-1931) və onun kollektivi cəmiyyətin maarifləndirilməsində yetəri qədər rol oynamış, həmçinin avamlıqla, cəhalətlə də mübarizə aparmışlar. Nə qədər görkəmli mütəfəkkirlər, dramaturqlar xalqın rifahı naminə əllərindən gələni əsirgəməyib, hətta öz canlarını belə risq altına atırdılar. Çoxsaylı təqiblər, ittihamlar, təzyiqlər, repressiyalar və daha nələr nələr...
Mirzə Ələkbər Sabir(1862-1911) ailəsini dolandırmaq üçün bir müddət sabun bişirib satmışdır. Xatirələrində A.Şaiq yazır...
Bir gün onun dükanına gedən A.Şaiq uzun müddət söhbətdən sonra deyir:
- Sabir, bizim ayağımız uğursuzdur, - dedim,
- bir saatdan bəri söhbət edirik, dükana bir nəfər də müştəri gəlməyib. O halda siz nə alıb satırsınız ?
Sabir gülə-gülə deyir:
- O, sizin ayağınızdan deyil. Bu avam camaatın daxilini təmizləmək əlimdən gəlmir, heç olmasa zahirini təmizləyim deyə, gördüyünüz sabun dükanını açdım. Neyləyim ki, bu zalım uşaqları təmizlikdən də qaçırlar.
İndi siz deyin, siz qərar verin niyə üzərindən bu qədər illər keçməsinə baxmayaraq hələ də düşüncə, davranış, təfəkkür dəyişikliyi baş verməyib? Biz ki, daim inkişaf edirik. Onda belə çıxır ki, çılpaqlığımızdan başqa hər şey inkişaf edir...
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)