Gənclik ömrün ən gözəl çağıdır. Gəncliyin poeziyası da təbii ki, gözəl olur. Gənc istedadlar rubrikasında “Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc və həddən artıq istedadlı şair Elroman Əlizadənin şeirlərini təqdim edir.
Belə deyir El Roman:
Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...
Bu gün 3 şeir, bir o qədər də sabah.
“Adam bilmir”
Zaman daha insafsızdı,
Zaman ölüm-itim bilmir.
Evinizi, qapınızı
Küçənizin iti bilmir.
Hardan bilsin yetim, bilmir.
Göyün yeddi qatı var? Var!
Göyləri məskən bilirsən.
Ölümün saatı var? Var!
Mən bilirəm, sən bilirsən,
Əzrayıl saatı bilmir.
Daha mən də qocalmışam.
Daha atam da qocalıb,
Siqareti ata bilmir.
Daha anam da qocalıb
Corabımın tayı itir,
Ha axtarır, tapa bilmir.
Səndən sonra təkliyimi,
Mənim nələr çəkdiyimi
Sən bilirsən, Allah bilir,
anam bilir, atam bilmir...
Külək əsir həzin-həzin,
Qulağımda sənin səsin.
Neyləsin, qızım, neyləsin,
Adam bilmir, adam bilmir...
“Altıncı hiss”
Bağışlama gedəni,
çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni
sənə xitab edənə
nə haqla dəyişmisən?
Təkliyə öyrəşmirəm,
təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı,
ikimizi bir Tanrı
yaratmış ola bilməz.
Sən ki gündüz getmisən,
məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb
“səni verənə şükür"
necə deyim, əzizim?
Bu sevda nə sevdadır,
əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm,
gülü sulu da dərsəm,
səni mənə verməzlər.
Altıncı hissim susub,
saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti
iki gündə unudub
bir dəfəlik getmisən...
“Ağac”
İncimədi kağızım,
indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim,
bir vaxt sənə yazırdım,
indi səni yazıram.
Həsrət bükdü belimi,
barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım,
kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.
Alnımda bir ləkə var,
səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin,
tanrı səni pozanda
yerində ləkə qaldı.
Ağaca səni yazdım,
yağış yerə düşdükcə
göyə buxarı qalxdı.
Hər ağac böyüdükcə
ağacdakı adın da
bir az yuxarı qalxdı.
Qızarmış gözlərim də
adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy,
dördüncüdə açmasam,
bil ki, səni unutdum...
“Ədəbiyyat və incəsənət”
(19.10.2021)