“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yeni yazdığı və yaxın günlərdə işıq üzü görəcək romanından bəhs edəcək.
Ondan başlayaq ki, tamam başqa sahənin adamı olsa da ədəbiyyat sahəsində də kifayət qədər uğurlu iş ortaya qoymağı bacarıb. Onun son romanı - “N” saylı qəhrəmanlıq” bu cəhətdən xarakterikdir. Mövzu olduqca aktual mövzudur – 44 günlük müharibə!
Azərbaycanın zəfəri təbii ki, bədii əsərlərdə, digər mədəniyyət artefaktlarında kifayət qədər tərənnüm olunmlıdır. Müharibə mövzusu günümüzdə bir trendə çevrilməlidir. Ancaq əksər yazarlarımız bu ağır yükün altına girməkdən çəkinirlər, belə məqamda da Sadiq Qarayevin ortaya “N” saylı qəhrəmanlığ”ı çıxarması əsl alqışa layiqdir.
Roman mürəkkəb quruluşlu romandır, özündə bədiiliklə sənədliliyi bir araya gətirir. Romanda müəllif 44 günlük müharibədə ön və arxa cəbhəni, beynəlxalq arenada vəziyyəti, xalq-dövlət-ordu-Ali Baş Komandan birliyinin gücü olan “Dəmir Yumruğ”u və “N sayda qəhrəmanları və “N” saylı qəhrəmanlıqları” işıqlandırmışdır.
“Müharibə tumurcuqları” adlanan I fəsildə 44 günlük müharibəyə qədərki uzun yoldan: müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı, I Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığı, Azərbaycan xalqının “Şəhidlik məktəbi”ndən bəhs edilmişdir.
II fəsildə 44 günlük müharibəyə hazırlıq, döyüşün planlamaları, başlanması, 2-ci ordu korpusunun timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunmasından bəhs edilmişdir. Onlarla şəhid və qazinin döyüş yolu, göstərdikləri qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında təsvir edilmişdir.
III fəsildə Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması, Cıdır düzündə “Sərxoş qarğa rəqsiərinin” “Xarıbülbül” festivalıyla əvəz olunması fonunda mövcudluğun dəyişilməsi təsvir olunmuşdur: Azərbaycan şəhidlik, qəhrəmanlıq məktəbi 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çalır. Ermənilik ideyaları yoxluğa, keçmişə səpələnir.
Mən Sadiq Qarayevə belə ağır bir mövzuda roman yazmaq cəsarətinə görə minnətdarlıq bildirirəm. Təbii ki, 44 günlük müharibə mövzulu romanlar bundan sonra daha çox yazılacaq, xüsusən tanınmış nasirlərimiz ortaya sanballı işlər çıxara biləcəklər.
Bu roman isə ilk qaranquşlardan biri olduğu üçün təqdirəlayiqdir.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)