“Ədəbiyyat və incəsənət” portalının Sual-cavab rubrikasında bu gün I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində keçirilən yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı panel barədə sualı cavablandıracğıq. Rubrikanı Könül aparır.
SUAL:
Hörmətli “Ədəbiyyat və incəsənət”!
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı olduqca maraqlı panel keçirildi. Panellə bağlı geniş bilgi verməyinizi xahiş edirəm.
Hörmətlə: Tubu İsmayılova.
CAVAB:
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində yaradıcı sənayelərin və innovasiyaların mədəniyyət sahəsində inkişafı ilə bağlı panel keçirilib.
Paneldə fərqli ölkələrdən nümayəndələr, yaradıcı sənayelərin nümayəndələri, assosiasiyaların üzvləri, rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Mədəniyyət və Yaradıcı sənayelər sahəsində türk dövlətlərinin əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən panel sessiyası ilə bağlı məlumatları bölüşüb.
O bildirib ki, yaradıcı sənayelərin inkişafı olduqca vacib bir istiqamətdir. Hazırda mədəniyyətin təbliğatı, inkişafı barədə sessiyada təcrübə mübadiləsi aparılıb, maraqlı layihələr barəsində məlumatlar paylaşılıb. Artıq Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumu yeni layihələrə, təşəbbüslərə start verir.
Rəşad Əzizov qeyd edib ki, eyni zamanda, innovasiyalara da xüsusi önəm verilir. İndiki dövrdə bu texnologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi, mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutur.
“Bu sahədə əməkdaşlıq artırılmalıdır və Mədəniyyət Nazirliyi hazırda bu proseslərə xüsusi diqqət yetirir. Qısa müddətdə nəinki ölkədaxili, eyni zamanda, digər türkdilli ölkələrlə birgə müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulub", - deyə şöbə müdiri qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)