Bu gün İtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək

Bu gün İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı iTicet-ə istinadən xəbər verir ki, maraqlı proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.

Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.

Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.