Super User
ŞƏKLİN TARİXİ -“İnturist”in günləri olub
Azad Əhmədov yazır
Azərbaycanın turizmində kifayət qədər ad-san qazanan Azad Əhmədov Sovet dönəmində də bu sektorda olub, Bakının ən böyük turizm məkanı olan “Azərbaycan” mehmanxanasında çalışıb. Onun gördüyünüz fotoya şərhini təqdim edirik.
Bu, heç də keçmişə nostalgiya deyil, “keçmişinə güllə atanı gələcək topa tutar” nigarançılığıdır.
Əvvələr turizm olmayıb deyənlər hardasınız? “Azərbaycan” mehmanxanasında (Təzə İnturist) bir gündə 700-800 turisti gəbul edib və yola salmışıq...
Mehmanxanada 600 otaq var idi.
Mehmanxananın qarşısında gördüyünüz qırmızı “İKARUS"lar turistləri gözləyirlər...
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
BİRİ İKİSİNDƏ – Şəhriyar del Geraninin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəhriyar del Geraninindir.
KÜLƏK ŞEİRİ
Kirli köynәyimi yumuşdu anam,
külәk bulamışdı... nә bilsin külәk?
Mәnsә hirslәnmişdim anama onda,
anam ağlamışdı... nә bilsin külәk?
Bir gün dalaşmışdım qonşu uşaqla,
Üstәlik, anasın söymüşdüm onun.
Oysa hikkәsindәn bir yekә torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecәsi,
çayım soyuq oldu, atamız qrip,
mәn dedim: “Külәyin işidi, yәqin...”
Anam da inandı,
nә bilsin anam? –
“Yiyәsi ölsün bu külәyin” – dedi.
O vaxtdan yiyәsiz qalıb
külәklәr,
bu yetim külәklәr nә
bilsin axı...
Sәn üşümәyәli ikinci qışdı,
ay Allah, kәs görüm, bu nә yağışdı?!
Yığışdım özümә, elә yığışdım,
para buğdasına söykәnib yatan
qarışqa misalı elә yorğunam...
Soruşma neçәnci qәrib soyuğun,
neçәnci dostumun uzaqlığıyam.
Hәminki qayğıdı bu tifil qayğı,
kirpiyimә qәdәr yorğunam, anam...
Bir pişiyim dә yox qucaqlayası,
qucağım sinәmdә bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı!
Di gәl darvazanı külәk açdımı,
Bu darıxmaq ki var, itin balası!
Hәr gün qapımızda gәlib ulayır.
Yox әşi, nә külәk... nә bilsin külәk?
Kirli köynәyimi yumuşdu anam,
külәk bulamışdı... nә bilsin külәk?
Mәnsә hirslәnmişdim anama onda,
anam ağlamışdı... nә bilsin külәk?
XATIRLANMAĞIN ŞEİRİ
Elə nigaranam – səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına qalıram öz aləmimdə –
nə vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim əlimdə, canım əlimdə
yanına gəlirəm, gülümsəyirəm.
Deyirəm, "Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...
Sən özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən özün bilirsən necə olacaq,
kimin boynunadı kimin günahı.
Şahid çağıraram ora Allahı,
mən sənin üstünə günah almaram.
Nə qədər istəsən,
neçə istəsən,
mən özüm yanaram, necə istəsən,
heç bircə tikə də sənə qalmaram.
Eh... Sənə bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on xatirəyə ümid olmaram,
sən necə istəsən,
hardan istəsən,
yadına düşərəm haçan istəsən.
Mən belə sevirəm, unudulmaram...
DEKABR ŞEİRİ
Nә uzaq küçәlәr vardı uşaqlığımızda,
nә uzaq şәhәrlәr oldu sonralar.
Böyüdükcә dәyişir uzaqlar da,
küçәlәr dә,
küçә-küçә,
şәhәr-şәhәr uzaq olur adamlar...
Sәn dә bir küçә seç getmәzdәn öncә,
bir şәhәr şeç unutmağa,
bir uzaq seç darıxmağa,
sәn dә getmәzdәn öncә
bir az dәyiş,
bir az uzaq ol,
sonra get.
Bu qәdәr yaxşıykәn getmә, nә olar,
bilirsәnmi, çәtin olur yaxşıların gedişi...
Ən sonuncu dostum da әclaf çıxmamış,
bilirsәnmi,
axşam düşmәmiş,
şәr qarışmamış getmә.
Çәtin olur yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmә...
Sәn bilmirsәn,
çәtin olur payızlarda darıxmaq.
Ən sonuncu yarpaqlar da düşmәmiş,
torpağa qarışmamış,
bir az qal, nә olar,
getmә qış çıxmamış,
qış çıxmamış getmә...
Sәn bilmirsәn,
indi mәn,
Allahdan nә üçün yox,
kimin üçün yaradıldığımı soruşuram.
Bir az da sәbrin olsun,
mәni ömrümün sonuna ötür,
sonra get.
Sәn bilmirsәn,
indi mәn adamlarçün yox,
әşyalarçün darıxıram.
Bir az da sәbrin olsun,
qәbrim üstdәn yaylığını götür,
sonra get.
Daha mәn gәlәcәkdәn yox,
keçmişdәn nigaranam.
Bir dә gördün heç kәs yadına düşmür.
İndi sәnә “qal” demәyim
sәninlә bütün keçmişlәrdә
yanaşı görünmәk istәyimdi,
arzular da canavar kimidi – әhlillәşmir!
Sәndәn sonuncu istәyim:
mәni xatırlasan,
kimsәsiz, boş qalmış otaq kimi xatırla.
Sәndәn sonuncu istәyim:
mәni xatırlasan,
uzaqlarda qәzaya düşmüş
sәrnişinsiz qatar kimi xatırla.
Heç bilmirәm, torpaq suyu içirsә,
adamları neynir?
***
Qәfil qәribsәyir adam –
qayıdırsan oturduğun stulun ağac vaxtına,
görürsәn budaqların hәr haçasında bir yuva,
içindәәtcәbalalar civildәşir...
Qәfil qәribsәyir adam –
qayıdırsan sevgilәrin uşaq vaxtına,
görürsәn müharibәdә itkin düşmüş әmin
sol yanağından bir çimdik götürür
vә gülümsәyәrәk çıxıb gedir.
Yanağından bir çimdik dә belәcә itkin düşür...
Qәfil qәribsәyir adam –
qayıdırsan yatağının beşik vaxtına,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir,
görürsәn tәrlәmisәn, anan әynini dәyişir...
Vә qәfil әllәrini tutub saxlayırsan!
MƏNİM İXLASIM
Əlhәmdu-lillahi Rәbbil-alәmin,
dәnizlәrin uzağında gözdәn itәn gәmilәrin,
günәşlәrin, külәklәrin, bihudә keçәn günlәrin
peşmanlığından sığındım sәnә.
Dalğalar da sahilә danışar sirrini dәnizlәrin,
yosunlar necә rәqs edәr balıqların nәğmәsinә?
İhdinәs-siratәl-müstәqim…
Yanlışım yox, mәhzun gözlüm,
mәn daim sәni sevdim.
And olsun yeddi sәmaya,
yeddi rәngә,
yeddi yerә,
getdi ömür birdәn-birә
birdәn otuza, otuzdan әlliyә,
bölündü aylara, günlәrә, tәqvimlәrә,
bölündü qayğılara, havaya, suya vә sairәyә...
İyyәkә nә budu vә iyyәkә nәstәin...
Bax necә dә tәlәsirsәn yanımdan getmәyә,
gözümdәn itmәyә.
Bilirәm, әvvәl-axır unutmalısan mәni,
unutmalısan bu oyuncaq ev-eşiyi,
qollarımdan getmәlisәn әvvәlcә,
atmalısan bu beşiyi.
Böyümәlisәn, tәrk etmәlisәn hamını.
Mәn dә çıxmalıyam axı burdan әvvәl-axır,
daha qorxum da yox adamlardan.
Mәni öldürmәk üçün bu quyuya atanlar
qorudular canavarlardan.
İnnәl insanә lәfi xusr...
Mәn sәni bir yol qazandım, hәr gün itirdim.
Mәn özümü sәndә gördüm, sәndә sevdim,
mәn özümü sәndә tanıdım, sәndә tapdım,
qorxuram bir gün olmasan,
dostlarım, doğmalarım,
nә atam, nә bacılarım,
heç kimsә mәni xatırlamasın.
...Əllәzi yuvasvisufi sudurin nas.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
“ASAN Teatr III” layihəsi baş tutub
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “ASAN Teatr III” layihəsi baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalın “ASAN xidmət”dən məlumat verilib.
Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır” fərdi qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində 4 tamaşa səhnələşdirilib.
Tamaşalarda yazıçılarımız Sabit Rəhmanın “Xoşbəxtlər”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri səhnələşdirilib.
Səhnə işlərində 30 ASAN könüllüsü və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 10 tələbəsi iştirak edib.
Və onu da qeyd edək ki, tamaşalar həqiqətən də bəyənilib.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Günəş və Ay əfsanələri - Hansına inanaq?
Leyla Səfərova, «Ədəbiyyat və incəsənət”
Biri var imiş, biri yox imiş. Səmanın iki ilahəsi var imiş. Günəş və Ay...
Əsrlərdir, milyon illərdir sabahı gecədən fərqləndirən iki möhtəşəm göy cismi var ki, bunlarla bağlı minlərlə rəvayət, minlərlə hekayə, əfsanə var. Əlbət ki, hər birimiz ən azı bir dəfə Günəş və Ay haqda bir əfsanə eşitmişik, oxumuşuq. Ayı Günəşin məşuqu adlandıranlar da olub, Günəşə Ayın dostu deyənlər də. Bəs bunların hansı doğrudur?
Ümumiyyətlə, Ay və Günəş kimdir? Gəlin sizə onların hekayəsini danışım.
Ay və Günəş Kainatın ilk aşiqləridir. Günəş işıq saçan gözəl, Ay isə möhtəşəm bir igid olur. Onların sevgiləri o qədər gözəlmiş ki, bütün dünya işığa, aydınlığa qərq olarmış onlar qovuşanda. Lakin hər sevgidə olduğu kimi onların sevgisində də ortada paxıllar varmış. Qalaktikada o qədər peyk, planet varkən Günəşin Ayı sevməsini qəbul edə bilməyibmiş bəzi paxıllar. Onların arasına bir tor salmışlar. Elə bir tor ki, aşiqlər bir-birlərini görməz olmuşlar. Bəs, məsafələr sevgiyə əngəl ola bilərmi? Təbii ki, yox. Ay və Günəş bir-birlərini görməsələr də, daim axtarmış, sevgilərindən vaz keçməmişlər. Günəş öz parlaqlığı, işıqlarıyla Aya yol göstərmişdi, ona gəlib çatsın deyə. Ay gecələri aydınlatmışdı Günəş qaranlıqda qalmasın deyə... Və əsrlərdir iki aşiq bu dairəvi kainatı gəzir bir gün qovuşmaq ümidiylə...
Bu mənim "Ay və Günəş" deyəndə öz təxəyyülümdə canlanan bir hekayədir. Bəs oxuduğumuz, keçmişdən gələn hekayələr hansılardır? Bir rəvayətə görə Ay və Günəş bacı-qardaş olur. Ay çox tənbəl, Günəş çox çalışqan olur. Yemək bişirməyə kömək etməyən, amma hazıra nazır olan Aya əsəbiləşən Günəş bir gün tavanı Ayın üzünə vurur. Bundanmış Ayın o gözəl simasındakı ləkələr.
Bir digər hekayə isə gözəl aşiq Günəş xəyanətkar məşuq Ayı cəzalandırmış, buna görə ondan qaçmış, gecə və gündüz əvəzlənmiş, Ayın üzündə həsrətin izləri qalmışdı.
Real araşdırmalara gəlsək, Ay Günəş sistemində gözlə görülən parlaqlığı olan ikinci cisimdir. Ayı eyni zamanda həsrət çəkən sevgililərin, dərdli insanların da təsəllisi adlandıra bilərik: Gecələr düşünməyi, gecələr dərd çəkməyi sevən bir canlı olaraq əksəriyyətimizin yoldaşı, sirdaşıdır bu gözəl peyk. Günəşi isə daha çox xoş günlərə, ya da, gözyaşlarımızı gizlədiyimiz gülüşlərimizə bənzədə bilərik belə bir halda.
Bu versiyaların hər birində həm Ay, həm Günəş bizim həm ruhumuz, həm təbiətimiz, həm də gözlərimiz üçün möhtəşəm bir hüzurdur. Elə bu gün, gündüz Günəşi, gecə Ayı izləyin. Bu gözəllikləri daha çox diqqətə almaq lazımdır. Günəş qədər sehrli, Ay qədər bənzərsiz günlər diləyirəm sizlərə.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Tbilisi Dövlət Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub
Noyabrın 28-də Tbilisi Dövlət Universitetində (TDU) "Tolerantlıq Günü"nə həsr olunmuş bayram tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Tbilisi müxbirinə istinadən verir ki, tədbir çərçivəsində Azərbaycan guşəsi də açılıb. Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə açılan guşədə xalqımızın milli mədəniyyət nümunələri, Borçalı xalçaları, milli musiqi alətləri, qədim alətlər, paxlava, şəkərbura nümayiş etdirilib.
Universitetin professoru tədbirdə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, bu cür tədbirlərin təşkili və Gürcüstandakı milli azlıqların burada öz milli mədəniyyətini nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır.
“Alyans” Gənclər Mərkəzinin İdarə heyətinin sədri Rəna Hüseynova universitetə mərkəzin tələbələrinin əl işini hədiyyə edib.
Digər çıxış edənlər "Tolerantlıq Günü" ilə bağlı fikirlərini bölüşüblər.
Sonda milli azlıqların nümayəndələri milli rəqsləri ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
BİR DİREKTOR, BİR ŞAGİRD - Elmira Bayramova və Aida Musayeva
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız hələ ki Qusarda qonaqdır. 4 nömrəli tam orta məktəbdəyik. Direktor Elmira Bayramova və öncül şagird Aida Musayeva ilə görüşürük.
DİREKTOR
Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramova. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini 1986-cı ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.
Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.
ŞAGİRD
Mən- Aida Musayeva Rasim qızı 6 sentyabr 2009-cu il Qusar şəhərində anadan olmuşam. Qusar şəhər 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Arzum Tibb Universitetinə qəbul olmaqdır. Kitab oxumağı çox sevirəm, bu vaxta qədər çoxlu kitablar oxumuşam. F.Dostoyevski, Vilyam Şekspir kimi dahi yazıçıların əsərlərini mütaliə etməyi sevirəm.
ESSE
“Özünüz olun, daha çoxu olmağa çalışsanız, heç bir şey olmayacaqsınız." (Vilyam Şekspir)
Günümüzdə bir çox insanların uğur qazanması bəzilərinin sevincinə səbəb olsa belə, bəzilərinin paxıllığına səbəb olur. Bəzi insanlar isə uğur qazanmaq üçün başqa insanlara bənzəməyə çalışırlar. Əslində bu doğru deyil. Uğur qazanmaq istəyən şəxs əvvəlcə özü olmaldır, başqası yox. Öz fərqli düşüncələri, müxtəlif tərzdə tamamilə özünəməxsus ideyaları ilə seçilməlidir. Uğura gedən yolda sən sadəcə özünü necə yaxşı, necə mükəmməl görürsənsə, həmçinin elə olmalısan. Başqa insanların ideyalarını oğurlamaqla onlar kimi düşünməklə, onlar kimi yaşamaqla biz nə orijinal ola bilərik, nə də həyatda uğur qazana bilərik. İcazə verin siz başqalarına yox, başqaları sizə bənzəməyə çalışsın, başqaları sizi nümunə götürsün. İnsan mütləq özünü sevməlidir. Özünə hörmət etməlidir. İnsan ilk öncə özünə hörmət etməlidir ki, başqalarının da hörmətini qazansın. Hal-hazırda bir çox insan bənzəməyə çalışdığı insandakı xüsusiyyətlər özündə yoxdur deyə özünü pis hiss edir, lakin bu belə olmamalıdır. Biz öz xüsusiyyətlərimiz ilə fərqlənməliyik. Başqa insanlarla özümüzü müqayisə etməməliyik. Bir insan özünü nə qədər sevirsə onda o qədər də özünəgüvən hissi yaranır. Özgüvənli bir insan isə daima irəli gedir. Əgər bir insan özündəki xüsusiyyətləri bəyənmirsə və uğur qazanacağına inanmırsa, həmin insan daim başqalarına bənzəməyə çalışacaq. Başqalarına bənzəməyə çalışan insan isə heç bir uğur əldə edə bilməyəcək.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
284 nəfər!!!
“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq portfel məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətindəndir.
Belə ki, cari ilin aprel ayından başlayaraq ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub.
Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Və çox təəssüf ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir.
“Ədəbiyyat və incəsənət”
(29.11.1022)
Türkcənin qədim ədəbi təzahürü
Nizami Cəfərov yazır
“Ədəbiyyat və incəsənət” portalı akademik, millət vəkili Nizami Cəfərovun çox qiymətli bir tədqiqat işini diqqətinizə çatdırır. Qədim türk ədəbi dilinin hansı ədəbi təzahürləri var? Biz nələrə istinad edib dilimizin qədimliyimizi sübut edə bilərik?
Bu qiymətli əsər tək bizim üçün deyil, bütün türk dünyası üçün əhəmiyyətlidir.
Qədim türk ədəbi dilinin istər tarixi, istərsə də coğrafi koordinatlarının az-çox dəqiq müəyyən edilməsi üçün ilk növbədə qədim türk dili anlayışının özünün nə demək olduğunu aydınlaşdırmaq lazım gəlir. Altay nəzəriyyəsinə əsaslansaq (əslində, ilk ağıla gələn də məhz budur) deyə bilərik ki, türk dili Altay dilinin diferensiasiyası nəticəsində meydana çıxmış üç dildən - türk, monqol və tunqus-mancurdan biridir ki, onların içərisində daha geniş yayılması, sosial nüfuzu, ifadə imkanlarının zənginliyi ilə elə əvvəldən fərqlənmişdir. Dilin mövcudluğunun əsas şərtinin davamlı diferensiasiya prosesi olduğunu nəzərə alsaq, türk dili Altay dilinin məlum dialektlərə (və nəticə etibarilə, dillərə) diferensiasiyasının sona yaxınlaşması türk dilinin ayrı-ayrı dialektlərə (və nəticə etibarilə, dillərə) diferensiasiyasının başlanması arasında qərar tutmuşdur. Və tamamilə təbiidir ki, heç bir şübhə doğurmayan bu təyinat türk dilinin nə zamanı, nə də məkanı barədə konkret bir qənaətə gəlməyə imkan yaratmır. Ancaq düşünmək olmaz ki, Altay dilinin türk, monqol və tunqus-mancur dillərinə, eyni zamanda (və məkanda) Altay xalqının müvafiq xalqlara ayrılması heç cür təsəvvürə gəlməyəcək, təxmini belə müəyyən edilməsi mümkün olmayan bir şəraitdə baş vermişdir.
Müasir ümumtürkoloji fikir belədir ki, türk dili e.ə. III-II minilliklərdən eramızın I minilliyinə qədər türk dili və ya türkcə adlandırdığımız dil-ünsiyyət "stixiya"sının əsaslarını - Ferdinand de Sössürün məşhur terminologiyası ilə desək, işarələr sistemini formalaşdırmışdır. Həmin "formalaşma"nın diaxroniyası üzərində baş sındırmaq, yenə də məhz Ferdinand de Sössür təliminə görə, faydasız olduğundan bütün dil mövcudluqları, "stixiyalar"ı kimi türkcə də bizim üçün sinxron hadisədir.
Türkcənin sinxron konteksti, yaxud semiotik potensiyası bir sıra türk ədəbi dillərinin təşəkkülünə gətirib çıxarmışdır ki, onlardan bizə məlum olan ən mükəmməl təzahür qədim türk ədəbi dilidir.
Qədim türk ədəbi dilinin üç əsas mətni - Bilgə Tonyukuk (720), Kül tiqin (732) və Bilgə xaqan (734) şərəfinə qoyulmuş daş kitabələr olsa da, birincisi, elə bu kitabələr türkcəni onun bütün imkanlarını təsəvvür eləyəcək qədər təmsil edir, ikincisi isə yüzlərlə kiçik həcmli mətnlərin varlığı həmin təsəvvürü ən azı texniki baxımdan genişləndirir.
İlk orta əsrlərdə türklərin yazılı ədəbi dil mədəniyyətinin kifayət qədər "kütləvi" səciyyə daşıması barədə türkologiyanın qənaəti (və ya inamı!) üç fakta əsaslanır:
1) qədim türk "run" yazıları yalnız Mərkəzi Asiyada deyil, bütün Avrasiya boyu bu və ya digər dərəcədə yayılmışdır, halbuki daş kitabələrin hər hansı başqa bir dildə belə geniş ərazidə yayılması müşahidə olunmur;
2) xüsusi peşəkarlara - "bedizçi"lərə (həkkaklara) yazdırılmış yazılardan fərqli olaraq kitabələrin çoxunda müxtəlif həkkakların "xətt"i öz ifadəsini tapmışdır ki, bu, yazanların çoxluğunu göstərir;
3) kitabələrdə nə Tanrıya, nə hökmdara deyil, məhz türk xalqına ("türk budun!") müraciət olunur - bu isə yazanlar və ya yazdıranlarla yanaşı, müraciət olunanların da çoxluğunu əks etdirir.
Qədim türk ədəbi dilinin fonoqrafik norması sadə olduğu qədər də mükəmməldir. Leksik normanın ən əlamətdar cəhəti ondan ibarətdir ki, leksikonun mütləq əksəriyyəti türk mənşəlidir. Morfologiya türk mənşəliliyi ilə birlikdə iltisaqi quruluşun tipologiyasına, demək olar ki, bütünlüklə yiyələnmişdir. Bədii, ictimai-siyasi (hərbi), ailə-məişət və s. üslubların o qədər də diferensial olmayan səciyyəsinə münasib çox modulyasiyalı, təsirli bir sintaksis var ki, müəyyən subyektiv emosiyaları əks etdirsə də, prinsip etibarilə, son dərəcə güclü epik təfəkkür formulları ardıcıllığına tabedir.
*
Qədim türk ədəbi dilinin həm norma, həm də üslub planında heç bir mübahisəsiz söykənəcəyi, şübhəsiz, sözügedən qədim türk (run) yazılı abidələri olsa da, mütəxəssislər həmin abidələrin (deməli, eyni zamanda qədim türk ədəbi) dilinin ən qədim köklərini müxtəlif mənbələrə səpələnmiş süjetlərdə axtarırlar ki, buraya dünyanın yaranması, türklərin törəyişi (Boz qurd), Oğuz kağan, Alp Ər Tonqa, Şu, Ərgənəkon, Köç və s. süjet-dastanlar daxildir. E.ə. III-I minilliklərdən başlayıb ilk orta əsrlərə qədər gələn bu süjet-dastanlar qədim türk ədəbi dilinin təzahürü olmaqla yanaşı, türkcənin bir sistem-struktur olaraq formalaşmasına əhəmiyyətli təkan vermişlər. Dilin fonetik, leksik, qrammatik quruluşu geniş bir coğrafiyaya yayılmış bu cür şifahi xalq yaradıcılığı örnəklərinin dilyaradıcı (və dilyayıcı) enerjisi ilə təsbit olunmuşdur. Həmin prosesi eyni müvəffəqiyyətlə müəyyən bir dil işarələri sisteminin yaranması (və yayılması) baxımından semiotik akt kimi həm də ona görə qəbul (və izah) etmək olar ki, burada söhbət dillə nitqin hələ bir-birindən Ferdinand de Sössür dixotomiyasındakı qədər ayrılmadığı dövrlərdən gedir. O dövrlərdən ki, istər fonetik, istər leksik, istərsə də qrammatik səviyyələrdə dil işarələrinin kütləviliyi (və ümumiliyi) nitq aktının fərdiliyndən (və xüsusiliyindən) az fərqlənirdi.
Qədim türk süjet-dastanlarının bir mətn olaraq bu günə qədər gəlib çıxmış bütün örnəkləri mötəbərdir, ancaq Mahmud Kaşğari "Divan"ında əks olunanlar ona görə daha mötəbərdir ki, müəllif onları ideya-estetik məziyyətləri ilə yanaşı, dahi bir dilçi stixiyası ilə həm də məhz türkcənin yaradıcı (və yayıcı) amili kimi təqdim edir. Məsələn, türklər arasında geniş yayılmış məşhur Şu süjet-dastanının "qısa məzmun"unu verir:
"İsgəndər Səmərqəndi keçib türk torpaqlarına girəndə türklərin hökmdarı Şu adlı bir gənc idi. Balasaqunda Şu qalasında böyük bir ordu ilə oturmuşdu. Kimsədən xəbərsiz bir dəstə göndərmişdi ki, İsgəndər ordusunun hərəkətlərinə nəzarət etsin.
Şunun bir gümüş hövuzu vardı. Içərisində qazlar, ördəklər üzürdülər. Gənc hökmdar isə onları seyr edib dincəlirdi. Ondan soruşanda ki, "İsgəndər gəlir, nə edək, döyüşək, yoxsa?.." cavabında dedi: "Bu qazlara, ördəklərə baxın, görün necə gözəl üzürlər".
Xalq gördü ki, dünya hökmdarın vecinə deyil, nə döyüşə hazırlaşır, nə də bir yana qaçmağa... Şunun göndərdiyi öncüllər gəlib xəbər gətirdilər ki, İsgəndərin qoşunları yaxınlaşır. Hökmdar gecə ilə yürüş əmrini verdi, hazırlıqsız xalq əlinə nə keçdisə minib Şunun arxasınca getdi. Minik tapa bilməyən 22 kişi ailələri ilə yurdda qaldı.
Yurdda qalanlar nə edəcəkləri barədə düşünərkən daha iki kişi ailələri ilə birlikdə oraya yaxınlaşıb dedilər ki, İsgəndər kim olsa da gəldi-gedərdir, yurdumuzu tərk etməyək. Həmin iki kişiyə "qal, aç" dedilər. Onların törəmələri indi "qalac" (kalaç/xalaç) adlanır.
İsgəndər qoşunu ilə gəlib sözügedən 22 kişini görüb üzlərindəki əlamətlərə baxaraq kimsədən soruşmadan "türk manənd" ("türkə bənzəyirlər") dedi. Və İsgəndərin həmin sözü ilə bu kişilərin adı "türkmən" olaraq qaldı. Türkmənlər 24 boydur, onların iki boyu qalaclardır ki, 22 boydan ibarət əsl türkmənlərdən fərqlənirlər.
Türklərin hökmdarı Şuya gəlincə o, Çinə keçdi. Isgəndər də onun ardınca düşdü. Uyğurda Şu İsgəndərə qarşı gənclərdən təşkil olunmuş bir dəstə göndərdi. Onlar gecə basqını edib İsgəndərin öncüllərini darmadağın elədilər.
İsgəndər Uyğurda şəhərlər saldı. Bir müddət oralarda qaldıqdan sonra çəkilib getdi. Şu isə Balasaquna dönüb Şu şəhərinin əsasını qoydu. Onu elə tilsimlətdi ki, indiyə qədər leyləklər həmin şəhərin önünəcən gəlsələr də o yana keçə bilmirlər".
Mahmud Kaşğari bu süjet-dastanı türklər arasından toplamış, ərəbcəyə çevirərək "Divan"da bütün müsəlman aləminə təqdim etmişdir. Və həmin əhvalatın türkcə mətni nə yazılı, nə də şifahi şəkildə qorunub saxlanmasa da, ərəbcədən hər hansı variantda tərcüməsi onun türkcə orijinalını az qala bütün təfərrüatı ilə bərpa etməyə imkan verir.
"Divan"ın (və Mahmud Kaşğarinin) türk dili (xüsusilə qədim türk ədəbi dili!) tarixində əvəzsiz xidmətlərindən biri ədəbi dilin fonetik, leksik və qrammatik normaları barədə müfəssəl məlumat verməsidirsə, birincidən heç də az əhəmiyyətli olmayan ikincisi həmin məlumatları son dərəcə zəngin misallarla təmin etməsidir. Bu misal-mətnlər konkret dil hadisəsinin kontekstual mövqeyini nümayiş etdirməklə yanaşı, bütövlükdə ədəbi dil mətni olmaq etibarilə də mühüm tarixi əhəmiyyət daşıyır. Xüsusilə türkülər barədə onu demək mümkündür ki, başqa heç bir mənbədə qədim türk ədəbi dilinin özünəməxsus şeir texnologiyası bu kəmiyyətdə (və keyfiyyətdə!) əks olunmamışdır.
E.ə. III minillikdən ilk orta əsrlərə qədərki ideal və ya sxematik türkcə bir neçə ədəbi dilin mənbəyi ola bilərdi. Ancaq bizə məlum olan yalnız biridir ki, təxminən min illik dövrü əhatə edir (e.ə. I minilliyin sonlarından b.e.-nın II minilliyinin əvvəllərinə qədər). Bu ədəbi dil təzahürü barədə təsəvvür yaradan əsas illüstrativ material aşağıdakılardan ibarətdir:
1. Həm türkcə (şifahi və yazılı), həm də qeyri-türkcə (Çin, İran, ərəb və s.) mənbələrdə əks olunmuş süjet-dastan mətnləri (artıq qeyd etdiyimiz kimi, onların yaratdığı təsəvvür birbaşa yox, dolayıdır).
2. Mahmud Kaşğari "Divan"ının qoruyub saxladığı zəngin fonetik, leksik, qrammatik və tekstoloji-üslubi örnəklər.
3. Qədim türk (run) yazıları.
4. Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dillərinə keçidi əks etdirən mənbələr (uyğur yazıları, Yusif Balasaqunlunun "Kutadqu biliq"i, Əhməd Yəsəvinin "Divani hikmət"i, Əhməd Yüqnəkinin "Atibətül-həqaiq"i ki, bu mənbələr həmçinin qədim türk ədəbi dilinin necə süqut elədiyini göstərir).
Qədim türk ədəbi dili mənbələrinin nə dərəcədə bir-birinin davamı olduğunu onların dil normaları ilə birlikdə funksional üslubi ruhu da aydın şəkildə ifadə edir. Məsələn, qədim türk poeziyasının nüfuzlu araşdırıcı İya Vasilyevna Stebleva yazır:
"Divan"dakı şeir mətnlərinin (XI əsr) Orxon mətnləri (VIII əsr) ilə tutuşdurulmasının nəticələri yalnız bizi maraqlandıran əsərlərin (Mahmud Kaşğari "Divan"ındakı şeirlərin - N.C.) kompozisiyasının bərpası üçün, hərçənd bu, itirilmiş əsərlərin türk poeziyasına qaytarılmasına imkan verir, zəruri olmaqla qalmır. Bir də ona görə zəruridir ki, ilkin mətnlərdə ortaya çıxan təhkiyə özünəməxsusluğunun sonrakı ənənədə qorunub saxlandığına şəhadət verir. Bu isə o deməkdir ki, türkdilli söz sənətində ədəbi prosesin kəsilməzliyindən danışmaq olar".
Doğrudan da, "Divan"dakı hər hansı döyüş türküsünü alsaq onun mətnində Orxon-Yenisey kitabələrindəki süjet-kompozisiya "təkrar"ını görərik. Tarixi bizə məlum olan kitabələrə istinadən tarixi bizə məlum olmayan türkülərin nə vaxt yarandığını dəqiqləşdirmək üçün bundan daha etibarlı bir istinad təsəvvür etmək çətindir. Və həmin dəqiqləşdirmə ilk orta əsrlər türk ictimai-siyasi tarixi üçün əhəmiyyətli olduğu qədər qədim türk ədəbi dili tarixi üçün də, hər şeydən əvvəl, ona görə önəmlidir ki, ümumən dildən fərqli olaraq onun xüsusi təzahürü olan ədəbi dildə Zaman və Mətn münasibətləri son dərəcə mühümdür, Zaman Mətni, Mətn isə Zamanı müəyyən edir. Məsələn, döyüş türkülərinin birindən örnək verdiyimiz aşağıdakı misralar Zamanına görə ilk orta əsrlərin (bunu bir qədər də dəqiqləşdirib demək olar ki, VI-VII əsrlərin) türk ədəbi dilinin Mətnidir:
Alplar arıq alkeşur,
Küç bir qılıp arkaşur,
Bir-bir üzə alkaşur,
Edgərmədip oq atar.
Öpkəm gəlip oğradım,
Arslanlayu kükrədim,
Alplar başın toğradım,
Emdi məni kim tutar?!
Kəldi bərü arturu,
Birdi ilin arturu,
Munda qalıp orturu,
Büqrü bolup ün bitər.
Elə misraları seçdik ki, orada şəxs və ya yer adları olmasın. Halbuki bu cür adların olduğu mətnlərin meydana çıxdığı illər barədə də düşünmək olar.
*
Qədim (əslində, ilk orta əsrlər) türk şeirinin dili ilə qədim türk (run) kitabələrinin (nəsrinin) dilinin eyni bir ədəbi dil tipinə aid olduğunu göstərən əlamətlərdən ən mühümü nitq formullarıdır ki, görkəmli türkoloq Ədhəm Tenişev türk run kitabaləri əsasında onların hər nə qədər diferensial təsnifatını verməyə çalışsa da, həm mövcud material, həm də təsnifat müəllifinin linqvostilistik erudisiyası sözügedən formulların ideya-məzmunca daha inteqrativ təbiətə malik olduğunu nümayiş etdirir. Təqdim edilən poetik (üzə kök tenqri, asra yağız yir; türk bilgə kağan; türk kara kamuğ budun və s.), natiqlik (tenqri tək tenridə bolmuş türk bilgə kağan, türk oğuz bəqləri, bodunu, eşidin; bunu körü bilin və s.), hüquq (sabımı tükəti eşidgil, ulayı ini-yegünim, oğlanım, biriki oğışım, bodunım, biriyə şad-apıt bəqlər, yıraya tarqat buyuruq bəqlər, otuz... tokuz bəqləri, budunu və s.) və məişət formulları (ilqərü kün toğsıkına, birqərü kün ortısınaru, kurığaru kün batısınaru, yırğaru tün ortısınaru; başlığığ yüküntürmiş, tizliqiq sökürmiş və s.) arasında təsnifat hüdudlarının qoyulması, əslində, elə də asan deyil. Və bu, qədim türk sosial-siyasi həyatının diferensiasiyasının hələ o qədər də dərinləşmədiyi bir dövrün linqvistik mənzərəsini səciyyələndirir.
Ədhəm Tenişev yazır:
"Run kitabalərinin bədii ifadə vasitələrinin dilinin zənginliyi onun əhəmiyyətli işlənməsindən, davamlı cilalanmasından və heyranedici bir üslubi mükəmməlliyindən xəbər verir. Ancaq ali üslubun iştirakı abidələrdə eyni səviyyədə deyil - Kül-tigin, Bilgə Kağan və Tonyukukda o, Ongin, Moyun-Çura, Kuli-Çura mətnlərindəkindən daha yüksəkdir".
Türkologiyada, demək olar ki, ilk dəfə qədim türk (run) kitabələrinin dilini "tayfalar ittifaqının dili" damğasından çıxararaq ona "dialektfövqü" statusu qazandıran Ədhəm Tenişev göstərir ki, "yalnız genetik prinsipləri əldə rəhbər tutaraq sözügedən dili "qədim oğuz dili", "müasir Cənubi türk dillərinin əcdadı" və ya başqa bir dil hesab etmək mümkün olmazdı. O nə bu, nə digəri, nə də hər hansı üçüncüsü deyil, run abidələrinin dili qarışıq (oğuz-uyğur) təbiətə malik qədim türk koyne yazısı, türk dilləri tarixində ilk ədəbi variantdır".
Keçən əsrin 70-ci illərində söylənmiş kifayət qədər cəsarətli bu fikrə yarım əsrdən sonra edilən hər hansı bir etiraz təkcə elmi yox, həm də etik məsuliyyət tələb edir. Türkləri yeni yaranmış xalqlar sayıb onların qədim mədəniyyətini tamamilə inkar edən sovet ideologiyasının hökm sürdüyü bir dövrdə qədim türk dilinin "ilk ədəbi varinatı"ndan bəhs etmək hər türkoloqun işi deyildi. Bu cəsarətin tarixi əhəmiyyətini qiymətləndirməklə yanaşı, tükcənin daha əvvəlki dövrlərdə ədəbi dil törətmək ehtimalına göz yummaq da doğru olmazdı.
Əgər qədim türk (run) əlifbası (və bu əlifbada daşlar üzərinə döyülmüş kifayət qədər zəngin kitabələr!) qalmasaydı, qədim türk ədəbi dili barədə bu qədər ürəklə danışmaq olmazdı. Hətta Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı "Divan"dakı xalq şeiri örnəkləri də həmin ədəbi dilin norma, eləcə də üslub mənzərəsi barədə bəs edəcək qədər təsəvvür yarada bilməzdi.
Ədhəm Tenişev tamamilə haqlıdır ki, "qədim türk cəmiyyətinin ali təbəqəsinə xidmət edən Orxon kitabələrinin ciddi şəkildə normalaşmış dili aristokratik tipli ədəbi dil funksiyasını yerinə yetirmiş və təbii ki, dialekt müdaxilələrini yaxın buraxmamışdır... Yenisey kitabələrinin vəziyyəti bir az fərqlidir. Onlar Orxon kitabələrindən daha geniş sosial təbəqələrə mənsubdur". Və bu mülahizələrin müəllifi onu da əlavə edir ki, Yenisey kitabələrinin dili də həmin koyneyə uyğundur, S.Y.Malovun sözlərinə görə, "ümumi, standart, epitafik - runik"dir, ancaq "hər halda hiss olunacaq qədər dialekt qarışığı vardır".
Qədim türk (run) kitabələrinin sintaksisi son dərəcə məntiqlidir. Və bu özünü onda da göstərir ki, cümlə mətnin üzvi tərkib hissəsi kimi çıxış edir:
"Bilgə Tonyukuk bən özüm Tabğaç ilinqə kılıntım. Türk bodun Tabğaçka körür erti.
Türk bodun kanın bolmayın Tabğaçda adrıltı, kanlantı. Kanın koden Tabğaçka yana içikdı. Tenqri ança timis erinç: Kan bertım, kanın kodın, içiktin. İçikdük üçün Tenqri "Öl" temis erinç. Türk bodun ölti, alkıntı, yok boltı. Türk sir bodun yerintə bod kalmadı.
İda, taşda kalmısı kobranın yeti yüz boltı. Iki ülüqi atlığ erti, bir ülüqi yadağ erti. Yeti yüz kişiq udızığma uluğı şad erti. "Yağıl" tidi. Yağmısı bən ertim Bilgə Tonyukuk".
Artıq qeyd olunduğu kimi, Orxon kitabələrinin hər üçündə, demək olar ki, eyni tipli nitq formullarından istifadə olunur, ancaq Bilgə kağan və Kül-tiqin kitabaləri ilə müqayisədə Tonyukuk kitabəsinin dili daha təmkinli, daha ölçülü-biçili və daha diplomatikdir. Halbuki əvvəlkilərdə emosionallıq güclüdür. Məsələn, Kül tiqin kitabəsində Bilgə xaqan öz xalqına belə bir intonasiya ilə müraciət edir:
"Ol yirqərü barsar, türk bodun, öltəçisən. Ötükən yış olırıp arkış-tirkiş ısar, nənq bunqığ yok. Ötükən yış olursar bənqü il tuta olurtaçısən.
Türk bodun, tok, arık ok sən, açsık, tosık öməzsən; bir todsar, açsık öməzsən. Antağınqın üçün iqidmiş kağanınqın sabın almatın. Yır sayu bardığ, kop anta alkıntığ, arıltığ. Anta kalmış yir sayu kop turu-ölü yorıyur ertiq.
Tenqri yarlıkadukın üçün, özüm kutım bar üçün kağan olurtım. Kağan olurıp yok çığay budunığ kop kobratdım, çığay budunığ bay kıltım, az budunığ üküş kıltım.
Azu bu sabımda iqid barğu? Türk bəqlər bodun, bunu esidinq!"
Xitabların, həmcins üzvlərin, leksik təkrarların (əslində, təkrirlərin) bir-birini izlədiyi bu mətn, hər şeydən əvvəl, ideya-məzmunca bütövlüyü, siyasi əhəmiyyətli strateji bir məqsədə xidməti ilə seçilməklə, xalqın birliyinin, mütəşəkkilliyinin onun xoşbəxtliyi üçün əsas olması (və xaqanın belə bir xoşbəxtliyin Göylərdən endirilmiş qarant missiyasını daşıması) fikrini təlqin edir. Heç şübhəsiz, bu, siyasi natiqliyin mükəmməl örnəklərindəndir.
Bilgə kağan kitabəsindən verdiyimiz aşağıdakı mətn isə xaqanın mərkəzləşdirilmiş Göktürk dövləti uğrunda apardığı mübarizənin tarixini anladır:
"Yeti otuz yaşıma kırkız tapa sülədim. Sünqüq batımı karığ söküpən Köqmən yışığ toğa yorın kırkız bodunığ uda basdım, kağanın birlə Sonqa yışda sünqişdim. Kağanın ölürtim, ilin anta altım.
Ol yılka türqis tapa Altun yışığ aşa, Ertis üqüziq keçə yorıdım. Türqis bodunığ uda basdım. Türqis kağan süsi otça, borça kəlti. Bolçuda sünqişdim. Kağanın, yabğusın, şadın anta ölürtim, ilin anta altım.
...Oğuz bodun tokuz tatar birlə tirilip kəlti. Ağuda iki uluğ sünqüş sünqüşdim. Süsin bozdım, elin anta altım".
Bu deyilənlərin hamısı tarixi faktlardır. Və əslində, sözügedən döyüşlərin nəticəsidir ki, ilk orta əsrlərdə möhtəşəm bir türk dövləti yaranaraq özünəməxsus zəngin siyasi, hüquqi, ideya-estetik və s. mədəniyyət formalaşdırdı. Cəsarətlə demək olar ki, həmin dövlət yaranmasaydı, qədim türk ədəbi dili nə forma, nə də məzmunca bu səviyyəyə yüksələ bilməzdi. Orxon kitabələrində öz əksini tapmış son dərəcə güclü milli təəssübkeşlik hissi göstərir ki, türkcənin türk cəmiyyətində böyük ədəbi nüfuz qazanmasının etnik mütəşəkkilliklə şərtlənən möhkəm siyasi-ideoloji əsasları olmuşdur.
Qədim türk ədəbi dili oğuz koynesi üzərində təşəkkül tapsa da, digər türk tayfa dillərinin (dialektlərinin) xüsusiyyətlərini də özündə ehtiva etdiyinə görə ümumtürk xarakteri daşıyır. Hərçənd Ədhəm Tenişev bu fikirdədir ki, IX əsrdən formalaşan uyğur ədəbi dili də qədim türk ədəbi dilinin - "run koynesinin varisidir", ancaq bu mülahizə, fikrimizcə, müəyyən dəqiqləşmə istəyir. Dil tarixi təcrübəsi bir ədəbi dildən bilavasitə digər ədəbi dilin yaranması ehtimalını istisna etdiyindən, görünür, uyğur ədəbi dili Şərqi Türküstanda fərqli etnoqrafik, coğrafi-mədəni mühitdə təşəkkül tapmışdır. Ancaq türkcənin uyğur koynesinə əsaslanan yeni ədəbi dilin formalaşması prosesində, birincisi, digər türk tayfa dilləri-dialektləri də bu və ya digər dərəcədə iştirak etmiş; ikincisi isə, yeni ədəbi dil artıq tarix səhnəsindən çəkilmiş keçmiş ədəbi dilin ənənəsinə dayanmışdır. Və qədim türk ədəbi dili, göründüyü kimi, türkcənin ədəbi dil törətmək imkanlarının bizə məlum yeganə örnəyi olaraq qalmış, orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə qədər türk (və türkcə) məkanında bir neçə ədəbi dil yaşayıb süqut etmişdir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
13-DƏN BİRİ QALİB GƏLƏCƏK - Bu gün “A-Hub Akselerasiya Proqramı”nın final mərhələsi baş tutacaq
Mədəniyyət Nazirliyinin ərsəyə gətirdiyi, yaxud dəstək göstərdiyi layihələr son vaxtlar o qədər çoxdur ki, bunları ardıcıl izləyib çatdırmaq da mümkün deyil.
Bu gün “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilib.
Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda altı həftəlik akselerasiya keçib və milli finalda komandalar artıq öz startaplarını təqdim edəcəklər.
Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Əli Qayıbdan “Mən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əli Qayıbın şeirlərini təqdim edir.
Əli Qayıb
Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınırlar.
Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.
Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.
MƏN
Söz mülkündə nakam qalan,
Diləklərin dəmiyəm mən.
Haq sevdalı ürəklərin,
Sızıldayan simiyəm mən.
Qəmkeşəm qəmə qatlaşan,
Fərhadam, dağları aşan,
Köç etməyə hazırlaşan,
Qərib quşlar kimiyəm mən.
Olmasa da yaşım yetmiş,
Yetmişinə yolum yetmiş,
Hasılı talana getmiş,
Bir yiyəsiz zəmiyəm mən.
Bax ahına, amanına,
Dalğasına, tufanına,
Yanını son limanına,
Söykəyəcək gəmiyəm mən.
Dərd qəddini əyənlərin,
Ox bağrına dəyənlərin,
Araz-araz deyənlərin,
Gözlərinin nəmiyəm mən.
Mən Qayıbam, yaram dərin,
Dərdim qaynar, odum sərin,
Vətən dərdi çəkənlərin,
Dağa dönmüş qəmiyəm mən.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)