Günəş və Ay əfsanələri - Hansına inanaq? Featured

Leyla Səfərova, «Ədəbiyyat və incəsənət”

 

Biri var imiş, biri yox imiş. Səmanın iki ilahəsi var imiş. Günəş və Ay...

Əsrlərdir, milyon illərdir sabahı gecədən fərqləndirən iki möhtəşəm göy cismi var ki, bunlarla bağlı minlərlə rəvayət, minlərlə hekayə, əfsanə var. Əlbət ki, hər birimiz ən azı bir dəfə Günəş və Ay haqda bir əfsanə eşitmişik, oxumuşuq. Ayı Günəşin məşuqu adlandıranlar da olub, Günəşə Ayın dostu deyənlər də. Bəs bunların hansı doğrudur?

Ümumiyyətlə, Ay və Günəş kimdir? Gəlin sizə onların hekayəsini danışım.

 

Ay və Günəş Kainatın ilk aşiqləridir. Günəş işıq saçan gözəl, Ay isə möhtəşəm bir igid olur. Onların sevgiləri o qədər gözəlmiş ki, bütün dünya işığa, aydınlığa qərq olarmış onlar qovuşanda. Lakin hər sevgidə olduğu kimi onların sevgisində də ortada paxıllar varmış. Qalaktikada o qədər peyk, planet varkən Günəşin Ayı sevməsini qəbul edə bilməyibmiş bəzi paxıllar. Onların arasına bir tor salmışlar. Elə bir tor ki, aşiqlər bir-birlərini görməz olmuşlar. Bəs, məsafələr sevgiyə əngəl ola bilərmi? Təbii ki, yox. Ay və Günəş bir-birlərini görməsələr də, daim axtarmış, sevgilərindən vaz keçməmişlər. Günəş öz parlaqlığı, işıqlarıyla Aya yol göstərmişdi, ona gəlib çatsın deyə. Ay gecələri aydınlatmışdı Günəş qaranlıqda qalmasın deyə... Və əsrlərdir iki aşiq bu dairəvi kainatı gəzir bir gün qovuşmaq ümidiylə...

 

Bu mənim "Ay və Günəş" deyəndə öz təxəyyülümdə canlanan bir hekayədir. Bəs oxuduğumuz, keçmişdən gələn hekayələr hansılardır? Bir rəvayətə görə Ay və Günəş bacı-qardaş olur. Ay çox tənbəl, Günəş çox çalışqan olur. Yemək bişirməyə kömək etməyən, amma hazıra nazır olan Aya əsəbiləşən Günəş bir gün tavanı Ayın üzünə vurur. Bundanmış Ayın o gözəl simasındakı ləkələr. 

Bir digər hekayə isə gözəl aşiq Günəş xəyanətkar məşuq Ayı cəzalandırmış, buna görə ondan qaçmış, gecə və gündüz əvəzlənmiş, Ayın üzündə həsrətin izləri qalmışdı.

Real araşdırmalara gəlsək, Ay Günəş sistemində gözlə görülən parlaqlığı olan ikinci cisimdir. Ayı eyni zamanda həsrət çəkən sevgililərin, dərdli insanların da təsəllisi adlandıra bilərik: Gecələr düşünməyi, gecələr dərd çəkməyi sevən bir canlı olaraq əksəriyyətimizin yoldaşı, sirdaşıdır bu gözəl peyk. Günəşi isə daha çox xoş günlərə, ya da, gözyaşlarımızı gizlədiyimiz gülüşlərimizə bənzədə bilərik belə bir halda. 

Bu versiyaların hər birində həm Ay, həm Günəş bizim həm ruhumuz, həm təbiətimiz, həm də gözlərimiz üçün möhtəşəm bir hüzurdur. Elə bu gün, gündüz Günəşi, gecə Ayı izləyin. Bu gözəllikləri daha çox diqqətə almaq lazımdır. Günəş qədər sehrli, Ay qədər bənzərsiz günlər diləyirəm sizlərə.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.