“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əli Qayıbın şeirlərini təqdim edir.
Əli Qayıb
Şeirlərində Qayıb təxəllüsü aparan Əli Rəştbər, 1980-cı ildə Qaradağın Gal kəndində dünya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınırlar.
Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür, onların adı: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.
Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.
MƏN
Söz mülkündə nakam qalan,
Diləklərin dəmiyəm mən.
Haq sevdalı ürəklərin,
Sızıldayan simiyəm mən.
Qəmkeşəm qəmə qatlaşan,
Fərhadam, dağları aşan,
Köç etməyə hazırlaşan,
Qərib quşlar kimiyəm mən.
Olmasa da yaşım yetmiş,
Yetmişinə yolum yetmiş,
Hasılı talana getmiş,
Bir yiyəsiz zəmiyəm mən.
Bax ahına, amanına,
Dalğasına, tufanına,
Yanını son limanına,
Söykəyəcək gəmiyəm mən.
Dərd qəddini əyənlərin,
Ox bağrına dəyənlərin,
Araz-araz deyənlərin,
Gözlərinin nəmiyəm mən.
Mən Qayıbam, yaram dərin,
Dərdim qaynar, odum sərin,
Vətən dərdi çəkənlərin,
Dağa dönmüş qəmiyəm mən.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)