Super User
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Biri vardı, biri yox”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirinin növbəsidir.
Uşaqlar neçə ki körpədirlər, ana
laylasına uyuyurlar. Elə ki bir az böyüdülər, axşamlar atalarından nağıl istəyirlər.
Mənim bildiyim nağıllar isə çox deyil.
Axşamların birində nağıllarım qurtaranda
fikirləşdim ki öz taleyimin nağılını söyləyim...
Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.
Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.
Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.
Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...
Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə “evlən” dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: “biri vardı, biri yox!”
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
ÖTƏN İLLƏRDƏ BU GÜN – Vaqif Aslanın ümidləri və ümidsizliyi
İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri- Vaqif Aslandan götürdüyüm müsahibənin üstündən keçən bu müddətdə qocaman yazarın ümidləri doğrulubmu? Bəs ümidsizlikləri necə? Adətən biz müsahibələri isti-isti oxuyuruq. Amma zaman keçdikdən sonra onlara yenidən göz yetirmək çox faydalıdır.
Vaqif Aslanın ümidləri və ümidsizliyi barədə suallara cavabı isə müsahibəni oxuduqca tapacaqsınız.
- Salam Vaqif müəllim, 2021-ci il necə keçdi sizin üçün? 2022-ci ildən gözləntilər?
-Salam, əziz İntiqam. Sizinlə həmsöhbət olmaq, mənə görə, gəncliklə ahıllığın polemikası kimidir.
2021-ci il mənim üçün sevinc ili oldu: ona görə ki, hələ 2020-ci ilin 8 noyabrından etibarən erməni işğalı altında olan torpaqlarımızın əksər hissəsi azad edilmişdi.
2021-ci il mənim üçün qürur ili oldu: ona görə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə havası ilə 2021-ci ilə keçdim.
29-31 avqust 2021-ci il tarixdə Respublika Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada oldum. Oraya “Zəfər Yolu” ilə getdim.
“Anam, mən şəhid oldum”, “Salam, Tanrıkut əsgər! Tanrıkut əsgər, salam”, “Azıx mağarası” (“Ruhlarla söhbət” poemasından) kimi şeirlərim “Ədalət” ( №11 (5843) 30 yanvar 2021.Səh.14) qəzetində, Şuşada “Vaqif Poeziya Günləri”ndən təəssüratlarım isə “Gediş”, “Ziyarətin qəbul olsun, Məhərrəm”, “Şuşada əsən külək”, “Əzizə xanım”,”! -Onlar kimlər idilər? - Ermənilər idilər” adlı şeirlərim nümunəsində “Ədəbiyyat qəzeti”ndə (Şənbə, № 36 (5322),11 sentyabr 2021-ci il. Səh.19), “Ədəbiyyat qəzeti”ndə çap edilən şeirlərim də daxil olmaq şərti ilə “Çağır, Fəxrəddin, çağır”, “Şəkili İlham” şeirlərim ”Şəki Bələdiyyəsi” qəzetində ( (№ 09 (204). Sentyabr 2021. Səh.8-9) çap edilmişdir.
Sözügedən şeirlərim Bakı, “Nurlar” N/P Mərkəzində çox nəfis şəkildə nəşr edilən “Bütün yollar Şuşaya aparır” (Bax.Səh. 243-251) kitabına daxil edilmişdir. Xalq yazıçısı Elçin Əfəndiyevin “Ön söz”ü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşada M.P. Vaqifin türbəsi önündəki çıxışı ilə başlayan tarixi bir kitabda təmsil olunmaq qürurvericidir.
2021-ci ildə “Ədəbiyyat və zaman dilemması qarşısında” adlı kitabım ADPU Tədris-Metodiki Şurasının qərarı ilə dərs vəsaiti kimi nəşr edilmişdir.
2021-ci ildəki uğurlarımdan biri də budur ki, 1997-ci ildə işıq üzü görmüş “Ruhlarla söhbət” poemam özbəkcə və Anadolu türkcəsində çap edilmişdir. Poemamın özbəkcəsini ünlü şair Gülzirə xanım Şaripova, Anadolu türkcəsini isə istedadlı şair Yusif Aslan həyata keçirmişdir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən sifarişi və tərcüməsi reallaşdırılan bu hadisə məni sevindirir və qürurlandırır.
21yanvar 2022-ci ildə moderator.az İnformasiya Agentliyinin verdiyi xəbərə görə Təbrizdə “Xarı bülbüllər” adlı şeirlər toplusu ərəb əlifbası ilə və 1000 tirajla çap olunmuşdur. Orada Güney və Quzey Azərbaycanın 110-na yaxın şairinin Qarabağı vəsf edən şeirləri toplanmışdır. 604 səhifə həcmində olan bu topluda mənim şeirlərimə də yer verilmişdir.
2022-ci ildən gözləntilərimə gəlincə, onu deyə bilərəm ki, vətənimizlə bağlı qürurverici hadisələr baş versin və bizi daha da şərəfləndirsin.
-Vaqif müəllim, Şəkidən paytaxtın ədəbi mühiti necə görünür?
-Uzaqdan baxdıqca uca dağlar necə görünürsə, eləcə - parlaqlığı və qaranlıqları ilə.
Paytaxtda çox ünlü yazıçılar, şairlər, dramaturqlar, tənqidçilər, publisistlər və digərləri yaşayırlar. Paytaxt okean, onlar aysberqlər kimidirlər. Onlar ədəbi qaynarlıqlar içindədirlər. Əyalətdən baxanda paytaxt nəşriyyatlar, qəzet və jurnallar rəngarəngliyində bərq vuran ulduz kimi görünür: ədəbi ulduzları ilə səma təsiri bağışlayır. “Balıq dəryada böyüyər” məsəlinə “ və balina olar” sözlərini də əlavə etmək istərdim.
Bu halda paytaxt ədəbi mühiti cilvəli və cazibəli, iclaslarda, təqdimatlarda, “İmza günləri”ndə, yaxın və uzaq ölkələrə ezamiyyətlərdə və səyahətlərdə olmaq əyalətdə yaşayan ədibə bəxtəvərlik kimi görünür...
Amma bütün bunlarla bərabər “ədəbiyyatın ən qısqanc qadından da qısqanc olduğunu” nəzərə alsaq, onda paytaxtın ədəbi mühiti ədəbi qısqanclıqlar, ədəbi ehtizazlar və ehtiraslar səhnəsidir qənaətinə gəlmiş olarıq. Onda paytaxt ədəbi mühitinə yaxınlaşıb, özünü işə salmaq istəmirsən. Böhtandan və şərdən uzaq olmaq istəyi səni o mühitə yaxınlaşmağa qoymur.
Bu halda isə paytaxt ədəbi mühiti qorxunc və qəddar görünür.
- Haçansa düşünmüsünüzmü gərək Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım. Yoxsa elə Şəkidə yazıb-yaratmaq daha xoşdur Vaqif Aslana?
-“Gərək Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım” düşüncəsi ilə yaşadığım vaxtlarım da olmuşdur. Kömürçü ailəsində doğulmağım, atamın qabarlı əllərinin halal qazancı ilə boya-başa çatmağım həmişə məni ana torpağa daha da yaxınlaşdırmışdır. Bir də ki:
Fərq etmir kim razı, kim narazıdır...
Necə var, elədir alın yazısı.
Ən incə yazıdan incə yazıdır...
Taleyin, iqbalın qalın yazısı.
*
Yarpaq yaşıldırsa, xəzəl sarıdır...
Yaşıllıq, sarılıq yarı-yarıdır.
Nə olsun toplayan, yığan arıdır...
Çiçəklə yazılıb balın yazısı.
*
Çaşanda günah yox, tale çaşdırır.
Təpədən qorxana dağlar aşdırır.
Qapqara olsa da, göz qamaşdırır
Al yanaq üstündə xalın yazısı.
*
Elə bilməyin ki, mən dərdə yadam...
Varmı bu dünyada dərdsiz bir adam?
Saniyə-saniyə yazılır, atam!
Əhvalın yazısı, halın yazısı.
*
Uyma, Cumayoğlu, məqama, yaşa!
Toxuma özünü qayaya, daşa!
Ayaqlara deyil, yazılıb başa
Papağın, örpəyin, şalın yazısı!
Ətə-qana dolduğum yerdə yazıb yaratmağı xoşbəxtlik sayıram. Axı, nəyim varsa, onu Yaradan mənə əmanət olaraq vermişdir.
- Şəkidə ədəbi mühit ürəyinizcədirmi? Çatışmayan, yaradıcı sferaya mənfi təsiri olan amillər varmı?
-Şəki qədim yerdir. Burada prototürkün anatomiyası və genetik yaddaş kodları qorunmaqdadır. Şəkilinin “gözünü yeyim” müraciəti ilə “öz başını özün yeyəsən” ifadəsi arasında bir insan tipindən digər insan tipinə keçidin izləri, min illər boyunca formalaşan düşüncə və təfəkkür tərzimizin evolyasiyası vardır.
Bu günkü Şəki ədəbi mühitində paytaxt ədəbi mühitinin kiçildilmiş modelini görmək o qədər də çətin deyildir. Əlbəttə ki, Şəki ədəbi mühitində hamı Mirzə Fətəli, hamı Bəxtiyar Vahabzadə deyildir. Bu yaxın illərdə dünyasını dəyişənlərdən Şahid Məmmədkərimovun, Mayis Səlimin, Rəsul İlməddinoğlunun, hal – hazırda yaşamaqda olanlardan Musa Həşimovun, Qoca Xalidin, Akif Elşirin, Yusif Şükürlünün və başqalarının yaradıcılığı diqqəti cəlb edir.
Şəki ədəbi mühitində də usta bir plagiatlıq, üstünə təbəssüm qatı çəkilmiş paxıllıq və sair əlamətlər mövcuddur. Bu da zəmanənin bir çox səbəblərdən maddi istiqamətlərə meylli olmasından, bəzi qurumlara yarınmaq və barınmaq xislətindən irəli gəlir. Paytaxt mühiitində olduğu kimi əyalətlərdə də yaradıcı sferaya mənfi təsiri olan amillər vardır. Az qala, hamının bir-birini tanıdığı Şəkidə mənfi təsirə malik olan amillər üstünə gün düşən qar kimi tez-tələsik əriyib gedir.
- Ədəbiyyat aləmində dostlarınız çoxdurmu?
-“Dostum çoxdur” deməkdə çətinlik çəkirəm. Ona görə ki, dost çoxluğundan şikayət etmək günahdır. Bununla belə “Tanrım, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam” məsəli də vardır. Dostların hamısı eyni olmur. Onların beş günlüyü də olur, on beş günlüyü də... Dostun ərköyünü isə lap qəribə olur.
Öydüm, yenə doymadılar dostlarım...
Söydüm, yenə doymadılar dostlarım.
Acığımdan kəndir aldım özümçün...
Qoymadılar, qoymadılar dostlarım.
*
Bəziləri çevrildilər, döndülər...
Yağı damıb qurtardıqca titrəyən
Çıraq kimi öləziyib söndülər.
Bəzi vaxtlar paltar kimi atılıb,
Bəzi vaxtlar geyildilər dostlarım.
Sürtüldülər, yeyildilər dostlarım.
Salam - kəlam yoxa çıxdı bir anda.
Sanki dostum deyildilər dostlarım.
*
Vaxtlı-vaxtsız vaxtımı da aldılar.
Çəkib məni vaxtsızlığa saldılar.
Qarışqatək daraşdılar canıma...
Ac qurd kimi susadılar qanıma...
Doymadılar, doymadılar dostlarım.
Gedib aldım darağacı özümçün...
Deyəcəkdim axır ki, son sözümü.
Öz əlimlə asacaqdım özümü.
*
Qoymadılar, qoymadılar dostlarım.
Ölüm nəydi, axır mənə onu da
Qıymadılar, qıymadılar dostlarım.
Ədəbiyyat aləminə gəldikdə də ümumi mənzərə, demək olar ki, dəyişmir. Burada məzmun gözəlliyi özünü göstərir: polemika, mühakimə, bədii mübadilə, ifadə tərzi , yanaşma üstünlük təşkil edir.
Ədəbiyyat aləmindəki dostlarım sırasında Şöhlət Avşar, Tehran Əlişanoğlu, Ramiz Əskər, Azər Turan, Xəyal, Rza, Vaqif Qurbanov, Vaqif Yusifli, Barat Vüsal, Ramiz Qusarçaylı, Sərvaz Hüseynoğlu, Yusif Savalan, Zabil Pərviz, Əkbər Qoşalı, İntiqam Yaşar, Mahir Cavadlı, Fəxrəddin Əsəd, İsmayıl İmanzadə, Ənvər Əhməd, İnqilab İsaq, Xəzangül, Gülnarə Məmmədli, Əjdər Ol, rəhmətlik Eldar Sibirel, Etibar Etibarlı, Qara Əhnədli və indicə adları dilimin ucunda olan neçələrinin xüsusi yeri vardır.
Cənubdan Şəhrək, Behnaz Xürrəm, Seyid Mahmud İbadi, Seyid Məhəmməd Çavuşian, Səttar Təbrizi, Bəhruz İmani, ABŞ-dan Nasir Əlixani, Türkiyədən Yusif Aslan, Əhməd Qaytançı,Hasan Kallimci, Asim Yekələr, Şevki Dinçal, Özbəkistandan Gülzirə Şaripova, Moskvadan Cəfər Sadiq və başqaları mənim ədəbiyyat aləmindəki dostlarımdır.
- Həm də universitetdə müəllimsiniz, tələbələrdə ədəbiyyata maraq necədir?
-Tələbə işıqlı sabah deməkdir. Mən gələcək dahiləri onların simasında görürəm. Bəli, gənclik həmişə istedadlıdır. Tələbələrimə həsr etdiyim şeirimdə aşağıdakı notlar vardır:
Dörd dəfə dünyanın qışından çıxıb,
Dörd dəfə birlikdə yaz yaşamışıq.
Bizləri hər dəfə vaxtsızlıq sıxıb,
Hər dəfə yazları az yaşamışıq.
*
Dayandım xitabət kürsüsündə mən,
Məni dinlədiniz partalarda siz.
İndi bildinizmi nə üçün, nədən
Siz mənim döyünən ürəyimsiniz.
*
Sizə Bilqamısdan söz açanda mən,
Yaman yaşayırdım haqqı, düzlüyü.
Nur kimi yağırdı gözlərinizdən
Öləri olanın ölümsüzlüyü.
*
Ey Bamsı Beyrəklər, Salur Qazanlar!
O – Burla xatundur, bu – Banu Çiçək.
Dastan söyləyənlər, yazı yazanlar
Söyləyiblər doğru, yazıblar gerçək.
*
Gördüm, baxışınız təzədir, tərdir,
Mən də yaddaşımın tozunu sildim.
Sandım ki, oğlanlar Füzulilərdir,
Qızlar da Şirindən şirindir, bildim.
*
Haçan söhbət açdım Yusif Vəzirdən,
Yaş olub yanaqda gilələndiniz.
Sanki qaldırdınız Cavidi yerdən,
Müşfiqlə birlikdə güllələndiniz.
*
Çox mətni oxuyub gözlərinizdən,
Sizə mühazirə söyləmişəm mən.
*
Sizin üzünüzdə yanan işıqlar,
Bu rənglər, naxışlar, bu yaraşıqlar
titrədib məni.
İçimdə oxunan dəli nəğməni
Şəhriyar diliylə demişəm sizə.
Bəxtiyar diliylə demişəm sizə.
*
Məmməd Araz deyib Arazlaşmışam,
Gəncləşib sizinlə tarazlaşmışam.
*
O qədər öymüşəm Dədə Qorqudu
Danışa-danışa Qanturalıdan.
Min dəfə demişəm yaşamaq budu !
Tutsan, sevgini tut, tutma xalıdan.
Gözümü yandırıb qəlbimin odu,
Misal gətirmişəm Aşıq Alıdan.
*
Demişəm boş şeydir əlli də, yüz də,
Yoxsa səadətin şöləsi üzdə.
*
Sizsiniz ən böyük dövlətim, varım,
Mənim əzizlərim, tələbələrim.
Siz mənim bugünkü fəxrim,vüqarım,
Siz mənim sabahkı qələbələrim.
*
Dörd dəfə dünyanın qışından çıxıb,
Dörd dəfə birlikdə yaz yaşamışıq.
Hər dəfə bizləri vaxtsızlıq sıxıb,
Hər dəfə yazları az yaşamışıq.
***
Əgər söhbət tələbələrdə ədəbiyyata maraqdan gedirsə, burada təkcə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” fakültəsində təhsil alanlar deyil, digər ixtisaslara yiyələnmək istəyənlər də iştirak edirlər. Bunu müxtəlif ixtisaslardan gələn ədiblərimizin simasında daha da aydın görmək olar: N. Vəzirov, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, Məmməd Araz, Vaqif Cəbrayılzadə və başqaları...
- AYB-nin Şəki bölməsinin sədrisiniz, nə kimi işlər görürsünüz, nə kimi planlar var?
-AYB-nin Şəki bölməsi müstəqillik illərinin bəhrəsidir. Onun fəaliyyət göstərə bilməsi üçün İ.Nakam adına Şəki şəhər Mərkəzi kitabxanasında yazarlara bir otaq verilmişdi. Təxminən on il bundan əvvəl Mərkəzi kitabxananın bərpa məsələsi ortaya çıxdı. Kitabxana bərpa ediləndən sonra isə biz otaqsız qaldıq. Bunun üstündən illər keçsə də, baş verən hadisə bütün əlaqədar instansiyalara məlum olsa da, nəticə olmadı ki, olmadı....
AYB Şəki bölməsi ictimai əsaslarladır. Hər bir rayonda bölmə yaradılana qədər şimal-qərb bölgəsi üzrə fəaliyyətdə olmuşdur. Yaradıcı insanları ədəbi dərnək vasitəsi ilə birləşdirmişdir. 2006-cı ildə müstəqillik illərimizdə Şəki ədəbi mühitini əks etdirən “Söz, söz, söz” adlı ilk almanaxı çap etdirmişdir. Bir çox ədibin ilk kitabı bu dövrdə işıq üzü görmüşdür.
Gələcək planlardan danışarkən onu deyə bilərəm ki, pərakəndəliyi aradan qaldırmaq zəruridir. Gələcəyə ümidlə baxıram. Yerləşməyimiz və səmərəli fəaliyyət göstərməyimiz üçün paytaxtın bizə kömək əlini uzatması vacibdir.
- Ədəbi cameəni hansı ədəbi orqanlar vasitəsi ilə izləyirsiniz?
-Hansısa bir yerə yığışdıqda “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında dərc edilən yazıların müzakirəsi bizi daha çox məşğul edir. “Ədalət” qəzetində gedən elmi,bədii və publisistik yazıları da bunlara əlavə edirəm. Yenicə işıq üzü görən bədii əsərlərə də baxışlar bir üstəlik. Eyni zamanda yerli müəlliflərin əsərlərinə də diqqət yetiririk.
Şəkidə “Şəki”, “Şəki Bələdiyyəsi”, “Şəki region”, “Şəki təhsili” kimi qəzetlər çap edilir. Yerli yazarların yaradıcılığı “Şəki Bələdiyyəsi” və “Şəki region” qəzetlərində daha çox öz əksini tapır. Bu orqanlarda elmi-publisistik məqalələrə də geniş yer verilir.
- Paytaxt ədəbi qurumlarından gözləntiləriniz, bölgəyə nə kimi dəstəyi vacib hesab edirsiniz?
-Paytaxt ədəbi qurumları bölgələrə, bir çox hallarda, dinləyici auditoriyası kimi baxır. Mən çox istərdim ki, paytaxt ədəbi qurumları bölgəni ən yeni nəşrlərlə təmin etsin. AYB-nin bölmələri arasındakı əlaqələrin gücləndirilməsi üçün ilk növbədə müstəqillik illərində yaranan bölmələrə diqqət yetirsin. Müstəqillik illərində yaranan bölmələrin ictimai əsaslarla fəaliyyəti maddi-texniki imkanların olmaması üzündən bölgənin ədəbi inkişafı ilə uzlaşmır. Paytaxt ədəbi qurumları məhz bu məsələdə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıb, həllinə dəstək verməlidir. Bu məsələ həll olunarsa, bölmələrarası əlaqələr daha da genişlənər.
- Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı?
-Hansı gəncin yaradıcılığında plagiatlıqdan uzaq, məddahlıqdan kənar elementlər varsa, onlara xüsusi rəğbətim vardır. Onu da deyim ki, əsərdə yüksək bədii səviyyə olduğu halda belə, ədəbi sürtüklük ikrah hissi doğurur. Şüarçılıq, hay-küyçülük əsəri gözdən salır. Məqsədli yazılan əsərlər də uzunömürlü olmur. Ədəbiyyat tarixində buna aid yüzlərlə nümunə göstərmək olar.
“Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı” sualına cavab olaraq hazırki mərhələdə bizim milli qeyrət, ədəbi vicdan daşıyıcıları olan onlarla gənc yazıçı və şairimiz vardır. Mən onları həvəslə və qürur hissi ilə oxuyuram. Yaxından tanıdığım, yaradıcılığına bələd olduğum gənclərdən elə sizin özünüzün, Vasif Zöhraboğlunun, Tural Adışirinin, Zaur İlhamoğlunun və başqalarının uğurları məni çox sevindirir.
P.S. Suallara cavab tapdınızmı?
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
BİRİ İKİSİNDƏ – Şəfa Vəlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəfa Vəlinindir.
***
Sonra baxdım, pəncərəmə qar düşür,
Dam altında iki pişik bürüşür,
Armud ağacında "mak-mak" oynayan
Sərçəcik hamıdan betər üşüyür...
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım, qarda xatirə qalıb,
Üzülən də, sevinən də tapılıb...
Oxuduğum son xəbər məhz beləydi:
"asfalt üstə çılpaq körpə atılıb..."
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım, yollarda sürüşən çox,
Ürəkdən qovulan, gözdən düşən çox...
Getdilər... Getməyə yeri olanlar...
Qaldı dərdəcərlər... Dərddə bişən çox...
...mən demədim dərdimi təbiətə...
Sonra baxdım...
Sonraya saxladığım
Bütün “əlvida”lar ömür sandığım,
ağzının kilidi həyam, abırım...
... Əvvəldə ölmüşdü “bəxtdən” umduğum...
...məni dinləməyə üzü gəlmədi
Təbiət Ananın, Tanrı Atanın...
***
“Uç-uç baba” uçurmağa bir ümid,
Zəzzəquma üfürməyə nəfəs qalmadı...
Azaldı ölçülər,
Pozuldu qafiyələr:
“Tanrı” dediyimiz də unuda bilərmiş
Ən gözəl əsərini...
“Uç-uç baba” axtarmağa bir ümid,
Tulça turşusu qoymağa həvəs qalmadı...
...şeirlər duyulmadı,
Hekayələr oxunmadı:
“Tanrı” dediyimiz də ovuda bilirmiş
Əsərindən incimiş ürəyini...
Qışdı...
Yanvardı...
Gündü...
Bayaq çıxdım həyətə...
... “uç-uç baba” tapammadım...
Zəzzəqumanın qaralmış yarpağına
Bir ovuc qar yayxanıb...
Qara da qıyammadım...
... Bizik...
Etdiyimizdi...
Etmədiyimizdi...
Başından sonunadək qaçdığımız ömrün
günahkarı da, xilaskarı da
“Tanrı” dediyimizdi...
***
Şəkinin dumanı nazlanır axı,
Çəkir ürəyimi pişik dalaşı,
Qonşuda söz qalıb: qapıarası,
Qızların göyçəyi piyada gəzmir,
Naza həsrət daşlar küçə həyası...
İndi necə edim, nə deyim ki mən,
Olmayım dumanda nazdan narazı?
Şüşədən rübəndlər dəbə düşəndən,
Gizlənir eyvanlar pərdə dalında...
...Yaman çəkinirəm qara pişikdən
Pusur hənirimi qapı dalında...
Nazın çəkmədiyim boz pişiklərin
“ah” qoxur küsəyən mırıltıları...
Şəkinin dumanı nazlanır axı...
Bir naz da mən atdım xatirələrə,
Bu gün də yadıma salmadım səni...
...Nə eyvan, nə də ki pişik deyiləm,
Qatım abrıma, aldadım səni...
Mənimki, uzağı, bircə tumardı,
Çəkəsən ruhuma, dönəm olam mum...
...bilirəm...
Bilirəm, gözəl axtaran,
Şəkidə eyvan da, qara pişik də,
Bu daşlı yollarda ölən ümid də,
Lap elə Şəkinin özü də məsum...
...Bir mən günahkaram...
Bir də ayrılıq...
Şəkinin dumanı nazlanır axı...
***
Ay qırmızı papaqlı,
Ay hamıdan küsən qız...
Əlləri umacaqlı,
Boy-buxunu süsən qız...
Yenə kimə inandın?
Aldadan tapıldımı?
“Dağ haqqı”ydımı andın,
Dağlarda haqq qaldımı?
Yazdığın “son mesaj”la
Hansı qarğış yol aldı?
Bir sərçə qayğısıyla
Keçmədiyin yol qaldı?
Ay qırmızı papaqlı,
Saçı daraqtanımaz...
Eşqi “başı qapazlı”,
Arzuları gülaçmaz...
Ömrün önündən çəkil,
Nə olacaq, olacaq...
İkimizdən bir şəkil,
Bir xatirə qalacaq...
Aç saçını, tök üzə,
Qocalmaqdan da qorxma...
Bir bayatı çək bizə,
Və də eşqdən oxuma...
***
“Tale” deyib çəpərlədin ömrümü,
Çıl-çırpını qıra-qıra gəlirəm...
Kül qalmayıb ocağımda tökməyə,
Başı daşa vura-vura gəlirəm...
“Ah”larımla uçurtduğum “evlər”i
Vicdanımla hörə-hörə gəlirəm;
Mən səninçün darıxıram, İlahi...
Əminsən, ömürdü mənə verdiyin?
Yaşamağı öyrətməyi unutdun...
İki gilə göz yaşıymış ümidim,
Adına əkdiyim gülü qurutdun...
Gedən-gedənədir xatirələrdən,
“Dost payı” dediyin çayı soyutdun;
O pay üçün darıxıram, İlahi...
Qaçqın düşdüm bələyimdə, bilirsən,
Beşiyimi yada verdin... Öz işin...
Bir noyabr sazağında buzladı,
Canım oldu qar havası-əl işin...
Ağrı-ağrı, sancı-sancı doğulan
Şeirim də, hekayəm də söz işin;
Susmağınçün darıxıram, İlahi...
Mən səninçün darıxıram, İlahi...
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
Əziz oxucu. Bu real həyat hekayəsi səndə həm qəzəb, həm mərhəmət, həm sevgi və həm də nifrət hissləri oyadacaq. Ona görə də, çalış, əsas günahkarların kim olmasının fərqində olub günahsızlara bəraət verməyi bacarasan. Bu, sənin ən böyük ədalətin olar.
Hər gün bir qədər dirçəlməyən məhəbbət hər gün bir qədər ölürmüş.
Xəlil Cübran
1-ci hissə
Əlyazmanın təqdimi
Notariat kontorunda müdirin otağını əməliyyatçı qızların otağından iri şüşə arakəsmə ayırır. Süleyman səkkiz ildi ki, buranın müdiri idi, səkkiz ildi burada monoton iş icra edirdi. Hər səhər qızları yığıb (bu səkkiz ildə heyət, təbii ki, tam şəkildə bir neçə dəfə dəyişilmişdi) iclas keçirir, sonra qızlar öz iş yerlərinə adlayır, o da kabinetində oturub əvvəl qəzetlərə, indi saytlara baxır, katibəsinin gətirdiyi çaydan içir, telefonla dostlardan hal-əhval tutur, qızların gətirdiyi sənədləri imzalayır, təsdiqlədikləri sənəd yiyələrini qəbul edirdi. Axşam iş saatı bitir, piyada evə gedərkən Fəvvarələr meydanından keçir, insanlara göz qoyur, özlüyündə gözünü tutanları saf-çürük edirdi. Geyimlərini, özlərini aparmalarını detal-detal analiz edib vəzifələrini, hansı rayondan olmalarını, xasiyyətlərini, ailəli olub-olmamalarını, sosial vəziyyətlərini – bu sayaq şeyləri tapmağa çalışırdı. Sonra da evinə gedir, bu iş və küçə monotonluğu evdə də iş monotonluğu şəklində davam edirdi. Arvadı qabağına çay-çörək qoyur, hökmən hansısa ehtiyacı üçün ondan pul istəyir, qohum-əqrəbanın, tanış-bilişin hansısa xeyrini, yasını, xoşbəxtliyini, yaxud bədbəxtliyini müzakirəyə buraxırdı. O da ara-sıra “hm”, “belə de” kimi ibarələrlə arvadını yola verir, qızının dərsləri ilə maraqlanır, televizora baxır, sonra da yatırdı. Hərdən də bazar günləri kimsə qonaq gələr, yaxud kimgiləsə qonaq gedərdilər. Özlüyündə öz həyatına “gündüz axıra, axşam naxıra” adını qoymuşdu.
Bu gün də ilk baxışda hər şey adi idi. Katibəsi Zümrüd çay gətirmiş, konfet qabındakı konfetlərin azalması müqabilində qabın üstünü doldurmuşdu. Süleyman da çaydan qurtumlaya-qurtumlaya siyasi xəbərləri “Haqqın.az”, mədəniyyət xəbərlərini də “Ədəbiyyat və incəsənət” portallarından alıb keçmişdi komanda.az saytına, idman xəbərlərinə. Bu vaxt şüşənin o tərəfindən səs-küy gəldi, bir saqqallı gəncin içəri soxulmaq istədiyinin, katibəsinin də “Süleyman müəllim yalnız işlə bağlı kimisə qəbul edir” kəlmələrini söylədiyinin şahidi oldu. Və yenicə istəyirdi ki, durub qonşu otağa keçərək gənci ədəb-ərkana dəvət etsin, bir də gördü gənc özünü içəri atdı.
Gəncin bu özbaşınalığı və həyasızlığı onu özündən aldı, həmişə təmkinli görünsə də, bu dəfə təmkini pozuldu.
-- Ay insan, bu nə özbaşınalıqdır? Bu nə tərbiyəsizlikdir? Sənə içəri olmaz deyirlərsə, demək ki, olmaz da. Sən niyə öz meşə tərbiyəni zorla bura gətirirsən?
Gənc bu hücumdan duruxub qaldı, əlində tutduğu bir qom vərəqi qoltuğuna sıxıb asta səslə dedi:
--Mən sizin yerlinizəm, Bayat kəndindənəm.
Süleyman kəndlərinin adını eşidib azacıq yumsaldı, hətta kövrəldisə də, özünü o yerə qoymadı.
-- Mənim yerlimsən deyə gərək gəlib burda belə həngamə çıxarasan? Az qalırsan başımıza çıxasanee.
Sonra onun saqqalına irad tutdu:
-- Bu nə sir-sifətdi? Bir ülgüc almağa pulun yoxdu sənin?
Süleyman bu yaratdığı məsafəni daha bir müddət saxlamaq istədisə də, maraq ona güc gəldi və oğlanın əsil-nəcabətini soruşdu, “kimlərdənsən” sualı da oğlanı duruxmuş vəziyyətdən dərhal çıxartdı.
--Babaş kişinin oğluyam. Siz kənddən cavan vaxtı çıxmısız, bilirəm, Bakıya oxumağa gəlmisiz. Atam sizdən on yaş böyükdür, o, yəqin, xatirinizdə qalar. Amma anam Suğranı mütləq tanımalısınız. Ana tərəfimin sizinlə qohumluq əlaqələri var. Anamın anası Pərqu nənəylə sizin bibiniz dost-doğma xalauşaqlarıdır.
Süleyman ha fikirləşdisə, deyilən kəslər yadına düşmədi. Belədə oğlana dedi ki, yaxşı, sözünün Mustafasını de, nə üçün gəlmisən?
Oğlan özünü təqdim etdi:
--Mən Elgün Bayatam. Gənc yazıçı. Yeni bir roman yazmışam. Budur. --Qoltuğundakı vərəqləri masanın üstünə qoyub nitqinə davam etdi. --İstəyirəm siz bir həmyerlim kimi sponsorluq edəsiz, kitab çıxarım. Çünki başqa cür mümkün deyil.
Üst vərəqdəki “Fahişə” yazısını görəndə sanki Süleymanı ildırım vurdu, yerindən dik atıldı.
-- Bu nə tərbiyəsizlikdi? Bu nə sözdü bura yazmısan?
Gənc and-aman elədi ki, bu, romanın adıdır, bu sözün izharında da bir tərbiyəsizlik yoxdur. Dilin lüğət tərkibini təşkil edən, jarqon və vulqar sözlər terminologiyasına aid olmayan normal bir sözdür “fahişə”. O dedi, bu, qəbul etmədi, bu dedi, o, rədd etdi, xeyli söz güləşdirdilər.
Hər halda gəncin yalvarışlarının müqabilində “Mən bu adda kitaba bir manat da sərmayə qoymaram” hökmünü çıxaran Süleyman əvvəldən üç abzas oxuyası olandan sonra isə bir maraq duyub romanı evə aparıb tanış olacağına söz verdi.
Üstdən bükmələdi də ki, “Fahişə” sözü gözə soxulmasın, evdə həyat yoldaşı, qızı görməsin.
Evə gedəndə yenidən Fəvvarələr meydanında qız-qadınlara göz qoydu, qoltuğundakı kitab sanki cismini yandırırdı.
Gənc qızların şit, qıcıq gətirən davranışları onu fikirlərə qərq etdi. Yer üzündə gedən prosesləri düşündü, Azərbaycanı düşündü. Xalqların bir-birinə inteqrasiyası sonucda mental köklərdən ayrılmaya aparır, adət-ənənələrdən uzaqlaşdırır. Burada namus, ismət deyilən milli dəyərlər də zərbələrə tuş gəlir. Ölkədə fahişəliyin nə qədər çoxaldığını düşündü. Fahişəlik çoxaldıqca mənəvi aşınmanın nə qədər artdığını düşündü. Diqqət etdi, qaba və vulqar danışanları, dodaqları və sinələri silikonluları, damaqları siqaretliləri, dar retuzla, yaxud gödəkdən-gödək ətəklə vulqarcasına bədən əzalarını çöldə qoyanlarıdigər kütlədən seçdirdi, belələrinin nə qədər çox olmalarının fərqində oldu ilk dəfə. Son illər ölkənin rəsmi statistikası ailələrin dağılması statistikasının sürətlə artmasını ortaya qoyur. Ailələrin dağılmasının həm də bu mənəvi aşınma ilə bağlı olduğunu düşündü.
Evə gəlib çıxanda xeyli süst və halsız idi. İştahası da yox idi. Bir stəkan çay içib yatağa uzandı. Yuxusu ərşə çəkilmişdi. Həyat yoldaşı yuxuya dalanda gətirib yanına qoyduğu romanı əlinə aldı, “Fahişə” yazılı vərəqi suçlucasına hövlnak çevirib növbəti vərəqdən oxumağa başladı.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Yenə də feminist damarım tutdu…
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Tanrının kitablarında sənə əmanət etdiyi, sənin küçə ortasında öldürdüyün..
Gəlin yenə "FEMİNİST" olaraq öz pafoslu çıxışımı edim. Qınamaq, tənqid etmək, qarşı gəlmək, hətta nifrət etmək də sizin seçiminizdir. Oxuduqlarınızı düzgün qəbul edib, düşüncələrinizdə, ifadə və davranışlarınızda lazımi dəyişiklik etmək də, sizin seçiminizdir.
Mən yoruldum artıq, eyni sözləri dəfələrlə fərqli formalarda yazmaqdan,düşüncələrimi ifadə etməkdən, cəmiyyətdə düzəlməyəcək olan bu problemlərdən.
Gəlin bir az son günlərin xəbərindən danışaq.
Yenə bir qadın, övladının gözü önündə həyat yoldaşı tərəfindən öldürülür.
Hə, həyat yoldaşı tərəfindən - pis və ya yaxşı, hər gün bir-birlərinin yanında olacağına söz verdiyi, yeməyini, çayını, geyimini özü-özünə baxmağı belə bacarmayan, qarşısına 15 dəqiqə çay gec gələndə deyinən, onun spermasına həyat verib üstəlik doqquz ay qarnında daşıyıb, nə zülümlə dünyaya gətirib, sonra yenə min bir əziyyətlə övlad yetişdirdiyi bir həyat yoldaşı tərəfindən elə məhz övladının gözü qarşısında öldürüldü. Bir vərəqdə bir ömür yola çıxacağına imza atarkən hardan bilə bilərdi ki, imzaladığı ölüm fərmanıdır?
Yox, əslində mən səhv düşünürəm. Mən hələ uşağam, mənim belə şeylərdən danışacaq yaşım deyil axı.
Yəqin, kişi haqlıdır.
Yəqin, qadın fahişə idi.
Yəqin, o içki içəndə ərini döyürdü.
Yəqin, o siqaretdən bezib nəşə çəkirdi.
Yəqin, o evdə ərini bəyənməyib başqası ilə gəzirdi.
Yəqin, əri onunla yeməyin duzunu çox tökdü, çayını isə gecikdirdi deyə tez-tez mübahisə edirdi.
Yəqin, o, uşaqlar xəstələnəndə, dərsləri zəif olanda ərini günahlandırırdı.
Həə, elə məhz bunlara görə haqlı idi əri.
Yaşamaq yaraşmaz ona.
Ölüm hökmü verilməli!
Edam fərmanı imzalanmalıdır!!
Bizə isə söz demək düşməz, axı, bizlər mental kodları beynimizə çip olaraq taxmış, millətin ailə işinə qarışmayan, öz halında, əsli müsəlman dini islam olan, eyni zamanda məhəllədə semiçka çırtlayıb Firəngiz xalanın qızını oğlanla görəndə, Adil kişinin nəvəsini gödək deyinmiş görəndə indiki cavanların pozulduğunu şiddətlə qınayıb, şiddəti qınaya bilməyən aciz bəndələr idik.
Nə deyim vallah.
"Öldürülməyə layiq idiee, qaqa".
"Məsləhətdi qız deyil, demişdim də, sizə".
"Allah bilir nə yuvanın quşu olub".
Özünüz bilirsiz də, “yaxçı at özünə qamçı vurdurmaz".
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Bu gün son gündür
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır.
Son təqdim olunma tarixi bu gün - 2023-cü il noyabrın 30-udur.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə yağış dərirəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri “Sənə yağış dərirəm” şeiri ilə görüşür.
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından.
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qüruram sənə,
Cəhənnəm əzabıyla...
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Güllərin nəfəsində.
Bir nəğmə yazdım sənə
Axan çayın səsindən...
.. Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından...
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Heydər Əliyev Fondu Dubayda keçirilən BMT iqlim sessiyasında ölkəmizi təmsil edir
Bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 öz işinə başlayacaq.
Ölkəmiz də bu mötəbər tədbirdə iştirak edəcək. Belə ki, Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan pavilyonla təmsil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun sosial media hesabları məlumat yayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası dekabrın 12-ədək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Uğur üçün 15 keyfiyyət - Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Bu gün Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Tqəvim barədə ətraflı sizə məlumat verdim. Amma Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününü özüm qəsdən saxladım ki, bu gün barədə ayrıca danışım. Kibercinayətlər baş alıb gedir, dövlətlər bir-birinə kibermüharibələr elan edir. Demək, bu gün barədə ayrıca danışmağa dəyər.
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 1988-ci il noyabrın 30-dan qeyd olunur. Məhz həmin ilin noyabrında universitetlər, elmi-tədqiqat institutları və hərbi idarələr də daxil olmaqla ARPANET-in minlərlə qovşağını sıradan çıxaran ilk kompüter virusu meydana gəldi və nəhəng itkilərə səbəb oldu. Yaradıcısının adı ilə “Morris soxulcanı” adlandırılan bu virusun vurduğu ziyan təxminən 100 milyon dollar həcmində qiymətləndirilirdi. “Morris soxulcanı” göstərdi ki, informasiya təhlükəsizliyi həqiqətən də çox ciddi məsələdir və insanlar tərəfindən böyük səylər və müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Buna görə də dünya ictimaiyyəti informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladı. 1988-ci ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan etdi. İnformasiya Təhlükəsizliyi Günü çoxdan istifadə olunan parolların yeniləşdirilməsi, sistemdə virusların mövcudluğunun yoxlanması, arxivləşdirilmə işləri, lazımsız informasiyanın silinməsi, vacib informasiyaların mühafizə səviyyəsinin auditi, kompleks təhlükəsizliyin və digər bu kimi tədbirlərin həyata keçirilməsi, ictimaiyyətin diqqətinin artırılması, müvafiq qurumların və mütəxəssislərin məsuliyyətinin xatırlanması və ümumiyyətlə, bir monitorinq günüdür.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)