Super User
Ev heyvanları günü, Ətək günü, Uinston Çörçil
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən tarixi hadisələridiqqətinizə çatdırıram:
Ev heyvanları günü
Antuan de Sent-Ekzüperi deyib ki, “Əhlilləşdirdiklərin üçün cavabdehsən”. Yəni ki, insan oğlu, vəhşi təbiətdə özü üçün azad yaşayırdı da heyvanlar, quşlar, onları gətirib həyət-bacana salıb özünə köməkçi etməmisənmi, eləmisən. Birinə yük daşıdıb, birinə qapını qorumağı tapşırıb, birindən süd, birindən yumurta, birindən yun alıb, o birilərini kəsib ətini yemək üçün sıraya düzməmisənmi, düzmüsən. Di zəhmət çək, onların əziyyətini da çək, yeməyini, suyunu ver, isti damla, tövlə ilə təmin elə, azarlayanda dava-dərmanlarını kəsmə. Hətta bu gün, onların bayramında onları işlətməkdən vaz keçmək, onlara desert yedizdirmək də olar.
Beynəlxaq “Şəhərlər yaşamaq tərəfdarlarıdırlar” günü
1786-cı ilin bu günündə Toskan hersoqluğunun (hazırkı Cənubi İtaliya ərazisində yerləşən birvaxtkı dövlət) kralı Petr Leapold Qabsburq tarixdə ilk dəfə Avropa ölkəsində ölüm hökmünü ləğv edib. Məhz buna görə də bu gün “ölüm yox, yaşamaq” şüarının bərqərar edilməsinə bir işarədir.
Mikrofon, top, kinoaparat
Beynəlxalq ətək günü. Geyim dizaynerlərinin bayramıdır. Xanımları onlar yeni ətəklərlə sevindirəcəklər, xanımlar da bu ətəklərdən geyəcəklər. İtaliyada regional Toskana festivalı, Dubayda xatirə, Ukraynada silahlı qüvvələr, Benində milli dövlət, ABŞ-da milli mussa (təbii ki, yemək növüdür) günüdür.
“Mən səni çox sevdim” mahnısını dönə-dönə dinləyən sevən gənclər, 1980-ci ilin bu günündə bu mahnını oxuyan məşhur türk müğənnisi Cem Adrian doğulub; Futbolumuz bərbad gündə olsa belə tarixdə elə futbolçularımız var ki, onları xatırlamamaq cinayət sayılar. Məsələn, Professor təxəllüslü Musa Qurbanovu. O Musa Qurbanovu ki, pley-meyker kimi heç də Zidandan, Del Pyerodan, Platinidən geri qalmırdı, sadəcə, Azərbaycan futbolunda batıb qalmışdı deyə həmin səviyyəyə yüksələ bilməmişdi. 1964-cü ilin bu günündə doğulub Musa Qurbanov; 1939-cu ilin bu günündə SSRİ Finlandiyaya hücum edib. 1939-cu ildə alman ixtiraçısı, kino çəkmək üçün qurğunu kəşf edən Maks Skladovski vəfat edib. 1936-cı ildə amansız yanğın Londondakı ümumdünya əhəmiyyətli Büllür sarayı yandırıb kül edib. 1874-cü ildə Britaniyanın ən məşhur dövlər xadimlərindən biri –Uinston Çörçil doğulub. 1767-ci ildə Qulliver obrazının yaradıcısı, irland yazıçı Conatan Svift dünyaya gəlib. 1508-ci ildə Qərb sivilizasiyası tarixindəki ən nüfuzlu memar hesab edilən Andrea Palladio doğulub.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
“Milyonlarla insanın izlədiyi videolarımla və kitablarımla…” - Tuncer Gizem Avcısı ilə MÜSAHİBƏ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
-Salam Tuncer bəy. Necəsiniz? Hər zaman yaxşı olmanızı arzulayırıq İnşallah! Zəhmət olmasa öncə özünüz haqqında bizim azərbaycanlı oxuculara ətraflı məlumat verməyinizi istərdik.
-Əsl adım Tuncer Merezdir, sosial mediada və kitablarımda məni Tuncer Gizem Avcısı adı ilə tanıyırlar. 19 yaşımdaykən doğulub böyüdüyüm İzmirdən ayrılıb İstanbula köçdüm. Tarix və arxeologiyaya olan marağım, sənətlə iç-içə keçmiş bir həyatım vardı. İstanbula köçəndə, səhnə və performans sənətlərindəki istedadımı daha da inkişaf etdirmək üçün Yıldız Texniki Universiteti Sənət və Dizayn Fakültəsi imtahanlarına girdim və bu universiteti qazanaraq 5 il burada oxudum. Sonra təhsilimi Amerika Birləşmiş Ştatlarının Los-Anceles ştatında davam etdirdim və sonra da Türkiyəyə dönərək həyatımı burada davam etdirdim. Uşaqlığımdan bəri böyük bir maraq duyduğum tarix və arxeologiya işlərini dərinləşdirərək, öyrəndiyim məlumat və fikirləri özümə xas video montaj texnikaları ilə Youtube-da milyonlarca insanın izləyəcəyi məzmunlara çevirdim və hələ də buna davam edirəm. Bunun yanında uşaqlığımdan bəri maraqlandığım yazıçılığı da həyata keçirmə fürsətim oldu və 2 il əvvəl ilk kitabımı, keçən ay isə 2-ci kitabımı nəşr etmə fürsəti tapdım.
-Hər zaman bir-birindən fərqli, maraqlı araşdırmalarınızla milyonların diqqətini cəlb edərək sevilirsiniz. Sirli mövzulara marağınız necə yarandı?
-Həyatım boyunca sirli mövzulara qarşı böyük bir marağım oldu. Tarixi sirli qalmış hadisələrdən mənəvi sirlərə qədər kainatın bilinməzlikləri və maraqlı hadisələri çox kiçik yaşlarımdan bəri böyük bir maraq oyandırmışdır məndə. Hətta 8-9 yaşlarımda belə məhəllənin uşaqlarını toplayıb bir araşdırma qrupu yaratdığım var. Evin yaxınlığındakı ərazilərdə dinozavr sümüyümü axtararsan, dolunayda canavar adamın izinimi izlərsən, kimsəsiz inşaatlara girib həyatmı axtararsan - ağla gəlməyəcək macəralar yaşayırdıq uşaq ağlımızla. Hətta maraqlı bir hadisə daha danışım. Haktan Akdoğan'ı tanıyarsınız. Türkiyənin məşhur UFO tədqiqatçılarından biri. 15 yaşlarımda onunla çalışmaq üçün internetdən müraciət etmişdim. Heç düşünməzdim telefonla bir gün mənə zəng edib İzmirdə UFO xəbərdarlığı etmiş yaşlı bir cütlüklə müsahibə etməyimi istəyəcəyini. Çox həyəcanlanmış, narahat olmuşdum. Qara geyən adamlar filmindəki kimi papaq, qara eynək geyinib müsahibəyə getmişdim Uşaqkən insanın xəyal dünyası çox geniş olur.
-Dünyanın bir çox ölkələrində, tarixi, sirli məkanlarında oldunuz və araşdırmalarınızda sizin üçün ən yadda qalan, unudulmaz sayıla biləcək hadisə nə omuşdur? Əgər mümkünsə məlumat verməyinizi istərdik.
-Araşdırmalarım boyunca yaşadığım ən nəfəskəsici an Qədim Misirin sirlərini kəşf etmək üzrə Misirin qədim torpaqlarında dolaşmaq idi. Üqsürdəki Krallar Vadisi, tarixin dərinliklərinə bir səyahət idi. Burada, 3500 il əvvəl yaşamış Fironların məzarlarını addım-addım kəşf etmək, hər bir məzarın mistik havasını almaq, zamanın ötəsinə keçmiş kimi hiss etdirmişdi. Xüsusilə, Kralların mumyalanmış, səssiz və məğrur bədənlərini yaxından görmək, tarixin toxumasına toxunmaq mənə unudulmaz, valehedici anlar yaşatmışdı. Bu anlar, tarixin sadəcə səhifələr arasında deyil, gözlərimin önündə canlı bir şəkildə canlanması
zamanın ötəsindən bir pıçıltı kimi gəlmişdi.
-Sosial şəbəkələrdə, xüsusilə Youtube-da “TUNCER - Gizem Avcısı” adlı kanalınızda xeyli sayda izləyiciləriniz var. Tədqiqatlarınızla yanaşı videolarınız da olduqca maraqlı və çox gözəl hazırlanır. Bu da sizin bilik və bacarıqlarınızın, Maşallah olsun, genişliyindən irəli gəlir. Bunların meydana gətirilməsi prosesi haqqında bilmək istərdik.
-Sosial media platformlarında, xüsusilə də Youtube-dakı "TUNCER - Gizem Avcısı" kanalımda böyük bir izləyici kütləsinə çatmış olmaq, mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Videolarımı hazırlayarkən, hər bir araşdırmamın təfərrüatlarını izləyicilərimlə paylaşa biləcəyim ən təsirli və başa düşülən şəkildə təqdim etməyə diqqət göstərirəm. Bu proses, adətən əhatəli bir araşdırma və sahə işi ilə başlayır. Hər mövzunu dərinləşdirərək incələyir, maraqlı tapıntıları və təcrübələri toplayıram. Videoların istehsal mərhələsi isə olduqca çətin, amma bir o qədər də zövqlüdür. Çəkilişlər zamanı, mövzunun özünü əks etdirə bilmək üçün müxtəlif şəkil və səs effektlərindən istifadə edirəm. Montaj və düzəliş mərhələsində isə, hekayənin axıcı və başa düşülən olmasına böyük önəm verirəm. Hər video hazırlayarkən, izləyicilərimin marağını canlı tutmağı, eyni zamanda onlara yeni məlumatlar və perspektivlər təqdim etməyi hədəfləyirəm. Bu prosesdə əldə etdiyim məlumat və təcrübələr, hər yeni layihəmdə daha da zənginləşir. İzləyicilərimin geri bildirişləri isə mənim üçün çox dəyərlidir; onların rəyləri, videolarımın daha da yaxşılaşdırılmasına imkan verir. Bu səfərdə mənə yoldaşlıq edən hər kəsə təşəkkürlərimi bildirirəm.
-Son kitabınız “İSTİLA 2030” haqqında mümkünsə qısa da olsa məlumat verə bilərsinizmi?
-“İstila 2030", illərdir aramızda gizlənən yarı ilan, yarı insan varlıqların dünyanı ələ keçirmə mübarizəsini anladan distopik bir macəra romanıdır. Bu, ikinci kitabım olmaqla yanaşı, əslində ilk romanımdır. İlk kitabım "Gizemli Olaylar", Youtube videolarımdakı mövzuların bir toplusu olaraq və tədqiqata əsaslanan bir kitabdı. "İstila 2030" isə "İstila" seriyasının ilk hissəsini təşkil edir və ümumilikdə üç kitabdan ibarət bir seriya olaraq planlaşdırılmışdır. Hazırda seriyanın davam kitabı olan ikinci hissə üzərində işləyirəm. Əgər qismət olarsa, 2024-cü ilin əvvəllərində yeni kitabımı tamamlayaraq oxucularımı daha çox gözlətmək istəmirəm. Bu kitab, mənim yazıçılıq karyeramda yeni bir dövrü təmsil edir və oxucularıma sürükləyici, düşündürücü bir macəra vəd edir.
-Ənənəvi kitablara yoxsa elektron kitablara üstünlük verirsiniz?
-Ənənəvi kitabların mənim üçün xüsusi bir yeri var. Elektron kitabların praktikliyi və əlçatanlığı müzakirə edilməz olsa da, ənənəvi kitabların toxunuşunu, səhifələri çevirərkən eşidilən həmin xəfif səsi və kağızın qoxusunu heç bir şey əvəz edə bilməz. Bir kitabı əlimə aldığımda, yalnız bir hekayənin içində dalmaq olmur; eyni zamanda keçmiş yazıçıların, mütəfəkkirlərin və macəraçıların ruhunu hiss edirəm. Bir kitabı barmaqlarının arasında tutmaq adətən zamanın ötəsinə bir səyahət kimi olur.
-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
-Türkiyədəki cari mütaliənin vəziyyəti haqqında düşündüyümdə, keçmiş illərə nisbətən son zamanlarda gözə çarpan bir artım olduğunu görmək məni həqiqətən ümidləndirir və sevindirir. Əvvəllər oxumaq adəti, təəssüf ki, cəmiyyətin ümumiyyətində kifayət qədər geniş yayılmamışdı. Ancaq son illərdə bu vəziyyətin dəyişməyə başladığını görmək, bir yazıçı və kitabsevər kimi məni çox məmnun edir. Bu dəyişiklik, texnologiyanın təsiri ilə daha geniş kütlələrə çatan kitab və oxu mədəniyyətinin bir nəticəsi kimi görülə bilər. Sosial media və müxtəlif rəqəmsal platformalar vasitəsilə insanlar, əvvəllər heç maraqlanmadıqları janrlardakı kitablarla tanış olma fürsəti tapırlar. Həmçinin, kitab sərgiləri, ədəbiyyat festivalları və müxtəlif mədəni tədbirlər də oxumaq adətinin artmasında əhəmiyyətli rol oynayır.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Açıq danışmaq lazımdırsa, indiyə qədər Azərbaycan ədəbiyyatını yaxından izlədiyimi deyə bilmərəm. Ancaq bu sualı mənə verməyiniz, mənim üçün bir oyandırıcı nöqtə oldu. "Niyə indi maraqlanmağa başlamayım ki?" deyə düşünməyə başladım. Ədəbiyyat, fərqli mədəniyyətlərin və cəmiyyətlərin pəncərəsindən dünyanı anlamaq üçün əvəzsiz bir yol təqdim edir. Azərbaycan ədəbiyyatı da öz xüsusi səsi, dərin tarixi və zəngin mədəni irsi ilə şübhəsiz kəşf edilməyə dəyər. Bundan sonra Azərbaycan ədəbiyyatını daha yaxından tanımaq və araşdırmaq istəyirəm. Bu, həm şəxsi inkişafım, həm də mədəni anlayışım baxımından əhəmiyyətli olacaq. Azərbaycanın ədəbi əsərləri, şairləri və yazıçıları haqqında məlumat əldə etmək bu zəngin ədəbiyyat dünyasına səyahətimin başlanğıcı olacaq. Hər mədəniyyətin ədəbiyyatı, özünəməxsus hekayələr və baxış bucaqları təqdim edir; buna görə də Azərbaycan ədəbiyyatı haqqında məlumatımı genişləndirmək, mənim üçün həyəcanverici bir kəşf olacaq.
-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
-Gələcəyə dair planlarım haqqında danışarkən, YouTube-da məzmun yaratmağa, Allahın izni ilə, uzun bir müddət davam etmək arzusundayam. İzləyicilərimlə aramda xüsusi bir əlaqə var və onlardan ayrılmağı heç düşünmürəm. Videolarım vasitəsilə onlarla əlaqə qurmaq, paylaşımlarda mövcud olmaq və onlardan gələn geri bildirişləri almaq mənim üçün qiymətsizdir. Kitab yazmaq isə mənim üçün vazkeçilməz bir ehtirasdır. Sağlıq və ömrüm imkan verdiyi müddətcə yazmağa davam etmək istəyirəm. Qələmimdən tökülən hər cümlə, mənə yeni bir dünyanın qapılarını açır. Hazırda üzərində işlədiyim "İstila 2030" romanımla yanaşı, gələcəkdə yazmağı planlaşdırdığım bir çox kitab fikrim var. Həmçinin, "İstila 2030" romanımı kinoya çevirməyi planlaşdırırıq. Əgər hər şey yolunda gedərsə, kitabdakı Yasin xarakterini filmdə mən canlandırmağı düşünürəm. Kino sektoruna olan bu ilk addımım, inşallah daha bir çox layihəyə qapı açacaq. "İstila 2030"dan sonra, əgər kino sektorunda davam edərsəm, aktyorluq etməyin yanında kamera arxasında rejissor və ssenarist kimi fəaliyyət göstərməyi üstün tutaram. Kino mənim üçün yeni bir ifadə sahəsi olacaq və bu sahədə özümü inkişaf etdirmək istəyirəm. Əlbəttə, Allahın bizə nələr göstərəcəyini zaman göstərəcək. Hər şeyin xeyirlisi olsun deyə dua edirəm. Bu səyahətdə, xəyallarımı və hədəflərimi həyata keçirə bilmək üçün səbirsizlənirəm.
-Sizi Azərbaycanda da görməyə çox şad olarıq İnşallah! Dəyərli vaxtınızdan bizlərə zaman ayırdığınız üçün təşəkkür edirik Tuncer bəy.
-Son olaraq, inşallah yaxın zamanda Azərbaycana imza günü üçün gəlməyi planlaşdırırıq. Azərbaycanlı oxucularım və izləyicilərimlə yaxından tanış olmaq üçün can atıram. Bu müsahibəyə vaxt ayırdığınız üçün çox təşəkkür edirəm. Sağlam və xeyirli günlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
“Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı işıq üzü görüb
Yazar, ssenarist Turan Uğurun “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı çap olunub. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təşəbbüsü ilə nəşr olunan kitabın tezliklə təqdimatının keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət” portalı Turan Uğura istinadən xəbər verir ki, kitab onun Məmməd İsmayılla 2 il 3 aylıq müddət ərzində apardığı söhbəti əsasında hazırlanıb.
Bu söhbətlərdə zaman-zaman müxtəlif xatirələrin qanadında 30-40 il əvvələ səyahət edilir. Eyni zamanda, müəllif xatirə-romanda Məmməd İsmayılla bağlı müxtəlif insanların xatirələrini yazmaqla yanaşı, həm də məqam düşdükcə öz təəssüratlarını, linqvistik təhlillərini, ədəbi qənaətlərini də əks etdirir. Əsərin xatirə-roman janrında yazılması həm bioqrafik ehtivaya, həm də fikrin bədii formada təcəssümünə şərait yaradır.
Qeyd edək ki, “Tale şairi: Məmməd İsmayıl” xatirə-romanı Turan Uğurun sayca ikinci kitabıdır. Bundan əvvəl müəllif 2021-ci ildə "Sətirlər" kitabını oxuculara təqdim edib.
Turan Uğur Azərbaycan Televiziyasının əməkdaşıdır.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Siz Azərbaycanın ilk süni intellekt sənətçisi “Şuşa xanım”ı tanıyırsınızmı?
O XALÇA TOXUYUR, ŞEİR YAZIR, RƏSM ÇƏKİR
Könül, “Ədəbiyyat və incəsənət”
Eşidəndə də ki, iqtisadiyyatda get-gedə möhkəm yer tutmuş süni intellektlər tədricən mədəniyyəti də ələ alacaqlar, çoxumuza bu inandırıcı gəlmədi. Axı kompüter, robot, yüklü cihaz necə roman yaza, mahnı bəstələyə, rəsm çəkə, xalça toxuya bilər? Amma həmin zaman elə sürətlə gəldi ki, əsla gözümüzü açıb yuma bilmədik.
Sofiya robotu Bakıya gələndə onu heyrətlə izlədik. Və xəbərimiz də olmadı ki, bizim özümüzün də “Şuşa xanım” adında süni intellekt sənətçimiz var və onun əlindən o qədər iş gəlir ki.
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Şuşa xanım”ı dünyaya gətirən “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova süni intellekt sənətçimiz barədə mediaya açıqlama verəndə onu mənim üçün daha da əlçatan etdi. Belə ki, ötən ilin 3-12 iyun tarixində İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilərkən orada “Şuşa xanım” ilk kəs publikaya təqdim olunmuşdu, bununla belə, “Şuşa xanım” barədə ətraflı bilgimiz yox idi. Bir onu bilirdik ki, Mədəniyyət Nazirliyinin “Mezo”ya təqdim etdiyi informasiya, şəkil, musiqi kimi nümunələr “Şuşa” süni intellektinin alqoritminə yüklənib. Vəssalam.
Yeri gəlmişkən, “Şuşa xanım”ı Türkiyədə də elə Nabat xanım təqdim eləmişdi.
Nabat xanımın mediaya açıqladığı isə bunlar oldu:
-Otuz illik həsrətdən sonra biz Azərbaycan mədəniyyətinin tanıdılması üçün ilk süni intellekt sənətçisini yaratdıq və adını “Şuşa xanım” qoyduq. Hazırda süni intellekt dünyada aktual məsələ olmaqla yanaşı, həmçinin böyük maraq dairəsinə malikdir. Məqsədimiz bu vasitə ilə Qarabağ mədəniyyətini dünyaya tanıtmaqdır. “Şuşa xanım” xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir. Həmçinin onun Milana və Qətərə səfərləri olacaq, yaratdığı əsərlər nümayiş etdiriləcək.
“Şuşa xanım”ın özünü inkişaf etdirdiyi tərəf sırf Azərbaycanla bağlıdır. Biz ona informasiyaları yükləyirik. Özü geyimlərlə bağlı öz seçimlərini edir. Onunla həm yazılı, həm də səsli əlaqə qurmaq olur. Bir müddət sonra artıq görüntülü şəkildə də “Şuşa xanım”la əlaqə saxlamaq mümkün olacaq.
Təbii ki, biz “Şuşa xanım”ın toxuduğu xalçalarla tanış ola bildik, əfsus ki, şeirləri ilə tanışlığımız baş tutmadı.
İnşallah, o da olar.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Bu dəfə “Dizayn sənayesinin inkişafı”
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda günün sonuncu panel sessiyası “Dizayn sənayesinin inkişafı” mövzusuna həsr olunub.
Azər TAC xəbər verir ki, paneldə moderator “Coders” şirkətinin art direktoru Rəsul Həsən olub.
“Safaroff Agency”nin rəhbəri Çingiz Səfərov 2000-ci illərin əvvəllərindən dizayn sənayesinə marağının yarandığını bildirib. Qeyd edib ki, həmin illərdə Azərbaycanda bu sahə üzrə həm mütəxəssislər, həm də dizayn barədə məlumat çox az olub. “Təhsilimi Rusiya Federasiyasında almağa məcbur oldum. Lakin son on il ərzində Azərbaycan dizayn sənayesinin tərəqqisi istiqamətində böyük inkişaf yolu keçib, dizayn haqqında kitablar yazılıb, həmçinin kurslar fəaliyyət göstərir. Bildiyimə görə hətta dizaynerlər üçün kafe də mövcuddur. Bu, əlbəttə ki, sevindirici bir haldır”.
Əvvəl rəssamlıqla məşğul olan “Azərbaycan Dizayn Assosiasiyası”nın sədri Rəhim İsmayıl dizayn sahəsinə gəldiyi yoldan, həmçinin yaratdığı “Azerbaijan Design Award” layihəsi haqqında söz açıb: “Biz bu layihəni ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və stimullaşdırılması məqsədilə həyata keçiririk. Müsabiqənin əsas məqsədi ölkədə dizaynın keyfiyyətini yüksəltməkdir".
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmziyev rəhbərlik etdiyi təhsil müəssisənin fəaliyyəti barədə məlumat verib: "Peşə məktəbində akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanalar var. Tələbələrin yaxşı təhsil alması üçün hər bir şərait yaradılıb".
P.Həmziyev bildirib ki, peşə təhsilində ən vacib məqam istehsalat təcrübəsidir. Tələbələrin işəgötürənlərlə çalışması, onların gələcəkdə işlə təmin olunmasında mühüm rol oynayır.
Sonda panel sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Noyabrın 30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər üzrə İşçi Qrupun görüşü” və “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” adlı dəyirmi masalar olacaq.
“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.
Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
Kino Agentliyi müsabiqə nəticələrini elan etdi
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsinin nəticələri məlum olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir
ki, məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi olan müsabiqə böyük maraq doğurub.
Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.
Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər.
Noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.
İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarılıb. “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilib.
Həmçinin istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib.
Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edilə bilər.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
ANONS: Sabah Tuncer Merez (Gizem Avcısı) ilə müsahibəni qaçırmayın
Türkiyədə yeni dalğa yazarları içində Tuncer Gizem Avcısı adı ilə tanınan Tuncer Merezin xüsusi yeri var. Xüsusilə onun “İSTİLA 2030” əsəri tineycerlər və gənclər arasında populyardır.
Sabah portalımızda onunla əməkdaşımız Habil Yaşarın müsahibəsi yayınlanacaq.
Qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(29.11.2022)
Bizə savaş deyil, barış lazımdır - AKTUAL
Fərman Qəhrəmanov yazır
Mağazada adam az idi. Çörək alırdım. Çörəkləri götürüb kassaya yaxınlaşdım. Mənim yanımda bir cavan oğlan peyda oldu. Kassir məndən çörəyi alıb pulunu vurmaq istədikdə o dilləndi ki, mənim növbəmdir. Kassir qadın ona tərs-tərs baxdı. Mən onunla mübahisə etməmək üçün “eybi yoxdur, onu yola salın” dedim. Adam iş paltarında idi. Yəqin haradasa məhlədə kiminsə evində işləyirdi. Mən isə bu gün işləmirəm.
Mağazada olanların hamısı gedəndən sonra onun arxasınca danışıb onu qınadı. Kimi ona narkoman, kimi isə tərbiyəsiz dedi. Ancaq mən isə onu heç qınamadım. Əksinə, onun halına acıdım. Əvvəla onun gərgin olduğunu hiss etdim. Sonra isə onun bu gün işlədiyini nəzərə aldım. Həm də anladım ki, aramızda çox mənasız həm də faydasız bir disskusiya alınacaq. Bu diskusiya kənardan məni tanıyanların gözündə məni az da olsa alçaldacaq. Onu kənardan tanıyanların gözündə isə onu qaldıracaq.
Evə gəldim. Sosial şəbəkədə dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin televiziya diktorunu məhkəməyə verdiyi barədə xeyli materiallar oxudum. Əvvəla deyim ki, Çingiz müəllimin (əsərlərini hələ oxumamışam, indi oxumağa hazırlaşıram) Azərbaycan üçün çox vacib və dəyərli bir şəxsiyyət olduğu qənatində olmuşam həmişə və indi də həmin qənatdəyəm. Xüsusilə 44 günlük Qarabağ Vətən müharibəsi ərəfəsində onun ermənilərə verdiyi sanballı cavablar və çıxışlara görə.
Onun əsərlərini pisləyən televiziya diktorunun özünün bir televiziya işçisi kimi səviyyəsinin nə qədər aşağı olduğu açıq görünürdü. Ola bilər, o, çıxışı ilə guya televiziya maraqlı olsun deyə çox uğursuz "tənqiddən" istifadə edərək nəsə bir sıçrayış edəcəyini düşünürdü.
Bu barədə də ona qınaq dolu çoxlu statuslar da yazılmışdı. Əslində, bizim cəmiyyətin düşüncə tərzində cəmiyyəti inkişaf etməyə qoymayan çoxlu problemlərin olduğu, tabuların olduğu göz qabağındadır. Lakin onun danışdıqları Çingiz Abdullayev kimi nəhəng yazıçının nüfuzunu və ya onun titulunu zərrə qədər aşağı sala bilmək iqtidarında deyil. Əgər Çingiz müəllim o qızı məhkəməyə verməsəydi.... Mənə elə gəlir ki, o bunu elə o qız səviyyəsində olan bəzi oxucularının rəylərinin təsiri ilə edib. Çünki böyük yazıçıların kiçik adamlardan müdafiəyə ehtiyacları yoxdur. Onlar həmişə tanrının çətiri altındadırlar.
Hər bir ziyalı, xüsusilə yazıçı öz xalqını sevməli, onun qüsurlarını sevərək islah etməyi bacarmalıdır. Cəmiyyətin ağılsızlıqları, çatışmazlıqları ilə hər bir toqquşma yazıçı üçün yeni bir böyük əsərin ərsəyə gəlməsinə səbəb olmalıdır, nəinki ruh düşkünlüyünə, cəmiyətin daxilndə mənasız diskusiyalara, parçalanmalara, nə bilim vallah daha nələrə səbəb olmağa.
Uğurlar arzu edirəm həm Çingiz müəllimə, həm də o diktora. Deyəsən barışıblar.
Bu gün bizim cəmiyyətə BARIŞ lazımdır.
CƏMİYYƏTDƏ BARIŞIN TAXTDA OLMASI ÜÇÜN İSƏ GÜCLÜLƏR HƏMİŞƏ ZƏİFLƏRƏ GÜZƏŞTƏ GETMƏYİ BACARMALIDIRLAR.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Dəli bir ağlamaq keçir könlümdən”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Dəli bir ağlamaq keçir könlümdən” şeirinin növbəsidir.
Yüyürüb, yüyürüb dərə boyunca
Düşüm çəmən üstə qoy üzüqoylu
Öpüm bu torpağı,
öpüm doyunca;
Üzümə üz qoysun bu soyuq daşı,
Qoy şehə qarışsın gözümün yaşı...
Qurumuş bulaqlar içir könlümdən,
Dəli bir ağlamaq keçir könlümdən.
Könlünə dəydiyim,
incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən,
Alışıb yana bilərəm.
Don desən,
Yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt!
Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
Çoxdan qəbristana düşməyir yolum,
O tənha məzarı ot basıb bəlkə.
Mənim soyuqluğum laqeydliyim
Onun sinəsinə od basıb bəlkə.
Bir daş var gözümün yaşına həsrət,
Dayanıb o giley heykəli kimi.
Əlim torpağına, daşına həsrət,
Yıxılıb üstünə mən dəli kimi
ağlayam gərək.
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində saxlayam gərək.
Şöhrətin üstünə yürüdükcə mən
İstəklər, arzular köçür könlümdən.
Sevgi dumanına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən.
Küləklər oynayır kənd evimizdə,
Tale baş götürüb aparır məni.
Hörümçək tor qurub pəncərəmizdə,
Həsrətim çırpınır o torda mənim.
Yarasa boylanır uçuq tavandan,
Bükülmüş dirəklər çat-çat olubdur.
Qorxudan divarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur.
Gedim divarına yalvarım onun,
Gedim qapıların qatı açılsın.
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çiynimə barı uçulsun...
Daşı daş üstünə qoyum təzədən.
Dəlisov küləklər əsir könlümdə!
Elə kövrəlmişəm,
Bilmirəm nədən
Dəli bir ağlamaq keçir könlümdəm.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Musiqimiz Biləcəridən o yana tanınırmı?
“Ölkədə keyfiyyətli səsyazma studiyaları yoxdur. Musiqimiz Biləcəridən o yana tanınmır” - bu fikirlər gündəmə gəldikdən sonra musiqiçilərimiz tez-tez fikrə münasibət bildirirlər. Həqiqətən də belədirmi?
“Ədəbiyyat və incəsənət” portalı Xalq artisti Gülyaz Məmmədovanın mövqeyini nəzərinizə çatdırır:
-Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb.
Studiya narahatlığı əsasən orkestrlə olan səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu, hazırda bizdə yoxdur.
Təbii ki, musiqilərimiz də dünyada qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)