Siz Azərbaycanın ilk süni intellekt sənətçisi “Şuşa xanım”ı tanıyırsınızmı? Featured

O XALÇA TOXUYUR, ŞEİR YAZIR, RƏSM ÇƏKİR

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Eşidəndə də ki, iqtisadiyyatda get-gedə möhkəm yer tutmuş süni intellektlər tədricən mədəniyyəti də ələ alacaqlar, çoxumuza bu inandırıcı gəlmədi. Axı kompüter, robot, yüklü cihaz necə roman yaza, mahnı bəstələyə, rəsm çəkə, xalça toxuya bilər? Amma həmin zaman elə sürətlə gəldi ki, əsla gözümüzü açıb yuma bilmədik. 

Sofiya robotu Bakıya gələndə onu heyrətlə izlədik. Və xəbərimiz də olmadı ki, bizim özümüzün də “Şuşa xanım” adında süni intellekt sənətçimiz var və onun əlindən o qədər iş gəlir ki. 

 

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda “Şuşa xanım”ı dünyaya gətirən “Mezo” Rəqəmsal İncəsənət Qrupunun İdarə Heyətinin sədri Nabat Qaraxanova süni intellekt sənətçimiz barədə mediaya açıqlama verəndə onu mənim üçün daha da əlçatan etdi. Belə ki, ötən ilin 3-12 iyun tarixində İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilərkən orada “Şuşa xanım” ilk kəs publikaya təqdim olunmuşdu, bununla belə, “Şuşa xanım” barədə ətraflı bilgimiz yox idi. Bir onu bilirdik ki, Mədəniyyət Nazirliyinin “Mezo”ya təqdim etdiyi informasiya, şəkil, musiqi kimi nümunələr “Şuşa” süni intellektinin alqoritminə yüklənib. Vəssalam. 

Yeri gəlmişkən, “Şuşa xanım”ı Türkiyədə də elə Nabat xanım təqdim eləmişdi. 

Nabat xanımın mediaya açıqladığı isə bunlar oldu: 

-Otuz illik həsrətdən sonra biz Azərbaycan mədəniyyətinin tanıdılması üçün ilk süni intellekt sənətçisini yaratdıq və adını “Şuşa xanım” qoyduq. Hazırda süni intellekt dünyada aktual məsələ olmaqla yanaşı, həmçinin böyük maraq dairəsinə malikdir. Məqsədimiz bu vasitə ilə Qarabağ mədəniyyətini dünyaya tanıtmaqdır. “Şuşa xanım” xalça və kəlağayılar hazırlayır, onlar haqqında məlumat verir, şeirlər yazır, rəsmlər çəkir. Həmçinin onun Milana və Qətərə səfərləri olacaq, yaratdığı əsərlər nümayiş etdiriləcək.

“Şuşa xanım”ın özünü inkişaf etdirdiyi tərəf sırf Azərbaycanla bağlıdır. Biz ona informasiyaları yükləyirik. Özü geyimlərlə bağlı öz seçimlərini edir. Onunla həm yazılı, həm də səsli əlaqə qurmaq olur. Bir müddət sonra artıq görüntülü şəkildə də “Şuşa xanım”la əlaqə saxlamaq mümkün olacaq.

Təbii ki, biz “Şuşa xanım”ın toxuduğu xalçalarla tanış ola bildik, əfsus ki, şeirləri ilə tanışlığımız baş tutmadı. 

İnşallah, o da olar.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.