Super User
“Son baharda aramızı kəsdi duman…”
MUSİQİ BƏLƏDÇİSİNDƏ “NƏ BƏXTİYARDIQ” MAHNISI
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Bəzən cismin yaşı ruha yüngül, ruhun yaşı cismə ağır gələr!
Jalə İslam
-Əgər xatirələrimiz yaddaşımızdan kaş adlı bir daş olub asılarsa, keçmiş, əslində, keçməmişdir. Keçən zaman qalıcı izlər qoymağı çox yaxşı bacarır. Həmin izlər sayəsində nəzərlərimiz daima keçmişimizə boylanır. Bütün xatirələr ürəyimizdən hökm etməyi bacarır, düşüncələrimiz hislərimizə təslim olduğu təqdirdə xəyal dünyamızda itmək belə əsassız olur. Bir zamanlar xoşbəxt, bəxtiyar idim deməklə qarın doyurmaq hər zaman doğru seçim olmur. Artıq yağmur belə kefsiz olduğun zaman yağır. Artıq sənin üçün parlayan ulduzu tapmaq yerinə milyonlarla ulduz arasında baxışlarını itirirsən. Zamanın ən qüvvətli dərman olmadığını bizə aşılayan, qəlbimizin illər əvvəl tərk etdiyimiz yurd yerimizə bənzədiyini bizə öyrədən elə zamanın özü deyilmi?!
Bəs belə olan halda bizə xatirələri xatırladan İlahi qüvvə hansıdır?!
+Sualın cavabını elə sənin öz dilindən eşitmək istəyirəm.
-Taqətsizlik.
+Xeyr!
-Sevgi.
+Xeyr!
-Xəyanətlər.
+Xeyr!
-Bəs nədir?
+......
Saat 22.00, onun tarix qoxan radiosu yeni intizar dolu eyni mahnını zümzümə edirdi. Həmin vaxt bizim ailənin bizdən bəxtiyar, başıboş, içi dolu min cür kədərlə lərzəyə gələn radiosu səhərin oğlan çağında çalan zəngli saat təsiri bağışlayırdı. Lakin zəngli saatla aralarındakı tək fərq bu idi ki, biz indi gecənin ağır zülmətini salamlayırdıq.
Mahnı sözləri bir-biri ardınca asimana qarışdığı bu dəmdə onu zamanla mübarizədə məğlub olarkən və eyni sözləri kədərli bir pıçıltı ilə təkrar edərkən tapırdım:
Gül baxçalar arasında qoşa gəzdik,
Axşamacan yorulmazdıq, inciməzdik,
Bulud ötər, ulduz axar, biz baxardıq,
Nə bəxtiyardıq!..
Qapının ardından onun tərəddüd dolu ayaq səslərini eşidirəm. Hər zaman olduğu kimi pəncərəyə doğru yaxınlaşır. Bir az sonra yanılmadığımı mənə aşılayan pəncərənin ciyiltili səsi qulaqlarımda cingildəyir. Payızın şiddətli axşam küləyi pəncərənin sağ qolunu səs-küylü bir təlaşla geriyə qaytarır. Bu zaman nazlı Flora xanım mahnının tam olaraq aşağıdakı hissəsindədir:
Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..
Bir daha eyni ağrı-acı dolu cümlə öz məqamında qəlbimizə iz salır və onun arxasınca nidanın şiddətli naləsini eşidirəm. Elə məhz bu an anlayıram ki, o, nəqarəti dinləyərkən gücünü itirməsin deyə açıq pəncərə kənarından hər iki əli ilə bərk-bərk yapışır.
Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...
Nəqarət bitir, o, tərləmiş ovuclarını pəncərə kənarından ayıraraq baxışlarını boşluqdan aləmə doğru çevirir. Biz isə eyni hisləri fərqli sözlərlə yenidən yaşayırıq.
Hərdən, hərdən o günlərim düşür yada,
Şana tellər zaman-zaman ağarsa da,
İllər ötür, o günləri xatırlaram,
Nə bəxtiyardıq!..
Onun içindəki kədər burulğanının fərqindəyəm. Birazdan bu otaq yenə həmin nəqarətin əzazil tonları ilə boğulacaq. Son bir bənd...
Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
O günləri xatırlaram, xatırlaram,
Nə bəxtiyardıq!..
Bu səfər onu pəncərə kənarının belə qoruya bilməyəcəyini sezirəm. Tələsik addımlarla radio qarşısındakı kresloya yaxınlaşır. İndi onu qorumaq üçün ayaqları belə aciz qalıb.
Ey alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...
Siz onun titrək və boş qalan ovucları üçün təlaşlanmayın. Onlar öz xilaskarları ilə qovuşacaq qədər güclüdür. Heç nəyə əmin olmasam belə, bir məqama çoxdan əminəm ki, kreslonun toz tutmuş hər iki qolu onun nəm ovucları arasında öz paklığına qovuşdu...
+Hələ də fikirləşirsən?
-Nəyi?
+Son sualın cavabını deyirəm.
-Mənə bir az zaman ver.
-Doğru deyirsən, zaman xatirələri oyadar.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
26-CI DƏRC
Bu vaxt yaşlı hakim müdaxilə etdi:
-Mən xahiş edirəm ki, arayış oxunmazdan əvvəl mənə icazə verilsin, mən qısa bir şərh vermək istəyirəm. Belə ki, türklərin sıxışdırılaraq ermənilərin Qafqazlara yerləşdirilməsi kimi uzun və ziddiyyətli bir prosesə bu şərh tam işıq tuta bilər.
Baş Hakimin “Buyurun” razılığından sonra yaşlı hakim şərhini səsləndirdi:
-Proseslə bağlı bizə düz 6 ay öncədən xəbərdarlıq edilib, şəxsən mən bu 6 ayda 30 qalın kitab, 240 iri məqalə oxumağa macal tapmışam. Mənbələrin birində çox maraqlı bir məlumat dəyib gözümə, oxumuşam ki, ”18-ci əsrin birinci yarısında Rusiyanın taxt-tacında əyləşmiş 1-ci Pyotr hakimiyyətə gəlişindən Qara dənizə, Ağ dənizə, Qafqazlara və Xəzəryanı ərazilərə yönəli bir imperialist siyasət yürüdürdü ki, bu siyasətin də sonucunda Şimali və Cənubi Azərbaycanın Dərbənd, Gilan, Mazandaran kimi əraziləri zəbt olunmuşdu. 1711-ci ildə Prut yürüşü əsnasında Pyotr türk qoşunlarının mühasirəsinə düşür, sağ qalmaq üçün paşalara yalvarır. Danışıqların effektiv olması üçün o, türk sərkərdəsi Mehmet paşanın yanına arvadı 1-ci Yekaterinanı yollayır. Paşanın hərəmində 3 gecə qalan Yekaterina Pyotrun azad edilməsini təmin eləyə bilir.”
Bu epizodla türklərə qarşı bir işğalçı siyasəti yürüdən 1-ci Pyotr həm də bir qisas və nifrət siyasəti də yeritməyə başlamışdır.
Yerdən kiminsə “Sübutunuz varmı” nidasına yaşlı hakim əlindəki kağız qalağını yuxarı qaldırmaqla cavab verdi:
-Buyurun, bud a sübütlar. Bir yox, bir neçə. Götürüb baxa bilərsiniz.
Sonra çıxışını davam etdirdi:
-Rusların Qafqaza yönəli siyasətinin bir faktı da 1-ci Pyotrdan sonra hakimiyyətə gəlmiş 2-ci Yelizavetanın 1796-cı ildə Azərbaycana yürüş etmiş ordunun başında dayanan rus generalı Qraf Valerian Zubova belə bir tapşırıq verməsi idi: ”Muğanı ələ keçirdikdən sonra orda bir qala tikdir, adına Yelizavetaserd (Yelizavetanın ürəyi) qoy, orada iki min cavan rus əsgəri məskunlaşdır, hamısını da erməni və gürcü qızları ilə evləndir, xüsusi torpaq sahələri ilə təmin elə.”
Türkiyə və İran üzərində növbəti illərdə qazanılan qələbələr, 1813 və 1828-ci il müqavilələri ilə Çarizmin Şimali Azərbaycana yiyələnməsi Pyotrların, Yelizavetaların arzularına çatmasını təmin etmişdi. Sonrakı illərdə, Divan boyu təbii ki, bu barədə geniş şərhlər olacaq, ermənilərin məskunlaşdırılması ilə bu torpaqların azərbaycanlı əhalisinin sıxışdırılması isə rusların Qafqazdakı bir imperiya siyasətinin astar tərəfi olmuşdur. Xüsusən bolşevikləşmə dövründə - 19-cu əsrin əvvəllərində bu siyasət daha geniş vüsət almışdır. Mərkəzi bolşevik hökumətinin nümayəndəsi rus hərbçisi N.Y. Solovyovun bolşeviklərin lideri Vladimir Leninə 1920-ci ilin may-iyun dövrü barədə yazdığı hesabatı isə bu mübarizənin ilk tam nəticəsi sayıla bilər: ”Ermənistan Respublikası yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuşdu. Onların hamısı məhv edilmişdir, artıq bir müsəlman kəndi belə qalmamışdır.”
Yaşlı hakim şərhini bitirdikdən sonra Baş ekspertin tapşırığı ilə ekspertlərdən biri, ortayaşlı türk qovluqdan ən üstdəki sənədi götürərək tribunaya çıxdı və oxumağa başladı:
-Arayış. Osmanlı İmperiyası zamanında düzənlənmiş vergi listələrindən əldə edilən bilgilərə görə, Çukursedin (İrəvan və Naxçıvan əyalətlərinin) əhalisi 1590-cı ildə 120 min nəfər, 1728-ci idə isə (İrəvan, Naxçıvan ve Şuragel əyalətləri) 183 min nəfər olmuşdur. 1590-ci ildə bütün əhalinin 77,5 faizini türklər, 22,5 faizini ermənilər təşkil ediblər. 1728-ci ildə isə 76,5 türklerin faizi, 23,5 ermənilərin faizi olmuşdur.
1801-1811-ci illərdə Pembek və Şurageldə 100-dən çox Azərbaycan (Türk) köyü boşaldılmışdır. 1801-ci ildə Pembekdən İrəvana 14 Türk köyü (5-6 min nəfər) köç etmiş, 1803 və 1804-cü illərdə isə bir o qədər əhali də diğər bölgələrə köç etmək zorunda qalmışdır. Pembeklilərin bir bölümü Qarsa və Şuragelə qaçmışlar.
Eyni zamanda tərk edilmiş köylərə İrəvan və Qarsdan gətirilən ermənilər yerləşdirilirdi. 1804-cü ildə ruslar İrəvandan 357 erməni ailəsini Pembekə köçürdülər. Bir il sonra isə buraya İrəvandan 40 erməni ailəsi daha gətirilmişdir. Yenə 1807-ci ildə Qars səfəri zamanı ruslar Pembekə 500, Şuragelə isə 170 erməni ailəsi gətirmişlər, 1810-cu ildə isə 40 erməni ailəsi daha bu bölgələrə köç etdirilmişdir. 1823-cü ildə Türkiyədən Şuragelə daha 368 Katolik erməni ailəsi gəlmişdir.
1804, 1805, 1826, 1827 və 1832-ci illərdə rus qaynaqları, erməni ruhanilərinin əhalinin siyahıyaalınma listələri və 1801-1823 illərindəki köçlər də diqqətə alınaraq 1801-ci ildə Pembek ve Şuragelin etnik tərkibi bəlirlənmişdir: Azərbaycan türkləri 87,3 faiz, ermənilər 12,7 faiz.
1801-1823 illəri arasında 6.000 Azərbaycan türkünün ailələri ilə buradan qovulmaları və onların yerinə 1.500 erməni ailəsinin yerləşdirilməsi Azərbaycan türklərinin 27,5 faizə qədər azalmasına səbəb olmuşdur.
1829-1832 illəri arasında rusların hazırladığı əhali sayı listəsində Çukurseddə 196.450 nəfər, Pembek ve Şurageldə 32.000 nəfər qeydə alınmışdır. 1832-ci ildə vergi listələri düzənlənirkən Çukursed sakinlərinin 45 faizi, Pembek Şuragel əhalisinin isə 50 faizi – məhz Azərbaycan türkləri siyahıdan kənarda qalmışlar.
XV-XIX yüzildə Azərbaycanın bu bölgələrində ermənilərin kiçik bir azlıq təşkil etməkləri tarixi bilgilərlə isbatlanmışdır. Bugünkü Ermənistan ərazisində belə ermənilər tamamən azlıqda idilər. Osmanlı idarəçiliyi zamanında düzənlənmiş vergi listələrindən götürdüyümüz bilgilərdəki rəqəmləri təkrarən diqqətinizə çatdırırıq: Bir diqqət edin: Çukursedin əhalisi 1590-cı ildə 120 min nəfər, 1728-ci ildə isə 183 min nəfər olmuşdur. 1590-cı ildə bütün əhalinin 77,5 faizini türklər, cəmi 22,5 faizini ermənilər təşkil etmişlər. 1728-ci ildə bu rəqəmlər hələ oxşar olmuşdur: 76,5 faiz türklərin, 23,5 faiz ermənilərin olmuşdur. Çox təəssüf ki, XIX yüzilliyin başlarında Rusyanın Qafqaza soxulması Çukursedin ve onunla sərhəddə olan diğər Azərbaycan əyalətlərinin yüz illərcə öncədən formalaşmış olan etno-demoqrafik tarazlığını pozmuşdur. Bölgədə hüquqlarını əzən yeni hakimiyyətə tabe olmamaq istəyi, eləcə də tətbiq edilən zor Azərbaycan türklərinin buradan toplu surətdə çıxıb getmələrinin əsas səbəbi olmuşdur.
Təbii ki, ermənilər əyləşən sıra bu qədər sakit qala bilməzdi, vəkillərdən biri əhalinin say nisbətinin erməni mənbələrindən oxunması barədə vəsadət qaldırdı, Baş Hakim “Biz erməni saxtakarlığını ifşa etdiyimiz prosesdə erməni saxtakarlığından mənbə kimi necə istifadə edə bilərik?” ritorik sualı ilə vəsadəti rədd etdi. Ekspert mətn oxunuşunu tamamladı:
-1827-1828-ci illərdə yaşadıqları Çukursedi tərk edərək sərhədin o tərəfinə keçmiş mühacirlərin sayı indiyə qədər əsla bəlirlənməmişdir. Bu problemi, ilk olarak İ. Şopenin verdiyi bilgilər əsasında G. Bournoutian dərindən araşdırmışdır. O, İrəvan Xanlığında öldürülmüş və ya köç etmiş olan müsəlmanların sayını 5.000 ailə və ya 26.000 nəfər olaraq qeyd etmişdir. Bu, xanlığın toplam müsəlman sayının 1/3-ni təşkil etmişdir. Amma Qafqazın ordu komandiri Paskeviçin, sadəcə 1827-ci ilin birinci yarısında 2.000 köçkün Azərbaycan türkü ailəsinin və 3.000-dən artıq kürd ailəsinin İrəvanı tərk etdikləri haqqında verdiyi bilgilər G. Bournoutianın diqqətindən qaçmışdır. Bu bilgilərin qarşılaşdırılması 1827-1828 illəri arasında İrəvanın müsəlman əhalisinin 10.000 ailədən çox azalmış olduğunu anladır.
Naxçıvan Xanlığı (2.400-ə qədər ailə), Pembek ve Şuragellə birlikdə Çukursedin öldürülmüş ve köç etmiş olan Türk-Müsəlmanlarının toplam sayı 13.500 ailəyə və ya 75-80 min adamlıq bir rəqəmə çatmışdır. 1801-1831 illəri arasında Quzey Azərbaycanı aşağı-yuxarı 112.000 Azərbaycan türkü ve 35.000 kürd tərk etmişdir.
Eyni zamanda ruslar müsəlmanların tərk etdikləri yerlərə dışarıdan gətirdikləri xristianları (əsasən erməniləri) yerləşdirirdi. Böyük dəyişikliklərə uğrayan rəsmi bilgilərə əsasən ruslar İrandan 1828-ci ilin Mart ve Sentyabr aylarında 8.249, Türkiyədən isə 1829-cu ilin sonları və 1830-cu ilin əvvəllərində 14.044 ailəni bu torpaqlara köçürmüşlər. Köçürülənlərin say hesablamalarında hər bir ailənin ortalama 5-7 nəfər olaraq qəbul edilməsi ilə əlaqədar dəyişik rəqəmlər ortaya çıxmışdır. İrandan 40 min ilə 60 min arası ve Türkiyədən 84 min ilə 100 min arası - dəqiq olmayan rəqəmlərin göstərilməsini nəzərə alsaq, demək, 1828-1831-ci illər arasında Cənubi Qafqaza köç etmiş bütün xristianların sayı haqqında çeşidli fikirlər (150.000 nəfərdən 200.000 nəfərə qədər) mövcüddür. Bunun da, 90 faizi ermənilər olmuşdur. Arayış tamamlandı.
Baş Hakim türk ekspertə minnətdarlıq bildirib üzünü Yepiskop Mesropa tutdu:
-Kifayətdir?
Yepiskop Mesrop özünü bilməzliyə vurdu, guya bu arayışın haradan peyda olması ona qaranlıqdır, guya burda faktlar təhrif olunub, guya burdakı rəqəmlər havadan götürülüb, belə olanda Baş Hakim ona başa saldı ki, adətən insan miqrasiyası və irriqasiyası barədə ən dəqiq rəqəmləri tarix kitabları deyil, ərazi idarəçiliyinin insan məskunlaşması siyahıları verir, ona görə də bu siyahını təkzib etmək qeyri mümkündür. Və əlavə də etdi ki, Divanda ermənilərin Qafqaza məhz Çar Rusiyası tərəfindən köçürülməsi barədə daha 1008 səhifəlik mənbə var, təkid edirsinizsə bunlar da oxunsun.
Yepiskop Mesrop saymazlıqla “Oxunsun” söyləyəndə tamaşaçılar hiddət və qəzəblə yerbəyerdən səslərini ucaltdılar, əlbəttə ki, görünən dağa bələdçi nə lazım, fakt açıq-aşkar sübut olunduğu halda keşişin bu dirənişi, əlavə sənəd oxutdurmaq tələbi xoşagəlməz idi, bu qədər vaxt itirmək və bu qədər cansız rəqəm dinləmək yorucu idi.
Baş Hakim tamaşaçıları “Yalançını mənzilinə kimi qovmaq” lüzumuna görə bir qədər səbr göstərməyə çağırdı, sonra da ekspertlərdən əlavə sənədlərin oxunuşunu təmin etmələrini xahiş elədi.
Bu sənədlərin oxunuşu tam 4 saat çəkdi, arada fasilə də elan olundu. Sənəd oxunuşu bitdikdən sonra yorğun Baş Hakim Yepiskop Mesropdan fikrini soruşdu, həmsöhbəti fikir bildirmək istəməyəndə o, dəqiq bildiyi bir faktı söyləməklə məsələnin nöqtəsini qoymuş oldu:
-Diqqətlər monitora. Xahiş edirəm Dağlıq Qarabağın hazırda adı dəyişdirilərək Mardakert qoyulmuş Ağdərə rayonunun Marağa kəndindəki abidənin görüntüsü monitora gətirilsin.
Dərhal monitorda 30 kvadratmetrlik nəhəng bir abidə canlandı. Adi qırma çay daşlarından bulaq başında qızların əks olunduğu bir mozaika idi. Mozaikanın hər iki tərəfində sütün və bulaq var idi. Birinci sütuna 1828, ikinciyə 1978 rəqəmləri həkk olunmuşdu. Abidənin önündə isə erməni əlifbası ilə yazı və 150 rəqəmi həkk olunmuşdu. Monitor abidənin görüntüsünü bir müddət saxlamış oldu, həmin müddətdə Baş Hakim sözünü davam etdi:
-Rusiya-İran müharibəsi 1828-ci ilin 10 fevralında Türkmənçay adlı ərazidə sülh müqaviləsi bağlanması ilə sonuclananda İran dövlətinin tabeçiliyində olan ovaxtkı Azərbaycan əraziləri ikiyə bölündü. Cənub hissəsi İranda qaldı, Dağlıq Qarabağ da daxil olmaqla müasir Azərbaycanın ərazilərindən ibarət Şimal isə qalibiyyət yaşamış Rusiyanın işğalına keçdi. Müsəlmanların say nisbətini xristianların hesabına azaltmaq məqsədi ilə elə həmin müqavilə əsasında da İranda yaşayan erməni əhalinin bir qismi 1828-ci ilin fevralının sonlarında Dağlıq Qarabağa köçürüldü – tam 200 erməni ailəsi. Bu, Qarabağın erməniləşdirilməsinə yönəli Rusiya İmperiyası siyasətinin başlanğıcı oldu. Həmin bu abidəni də ermənilər Qarabağa köçürülmələrinin 150 illiyi münasibəti ilə inşa ediblər, azərbaycanlılara bu abidə vasitəsi ilə sonsuz minnətdarlıq bildiriblər. 1992-ci ildə Qarabağ müharibəsi alovlananda ermənilər bu abidəni partladıblar, bununla da tarixin izini itirdiklərini düşünüblər. Amma dəvəquşu başını qanadları arasına soxanda necə ki, gizləndiyini zənn edir, əslindəsə tam göz önündə qalırsa, erməni millətçiliyi də eləcə, bu yollarla tarixi saxtalaşdırdıqlarını düşünsələr də gülüş hədəfinə çevrilirlər.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
“Nəğməmə inan” nümayiş olundu
Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan və yeni səhnə əsərlərindən olan “Nəğməmə inan” tamaşası nümayiş olundu.
Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsusdur, səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.
Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
DEBÜT: Fatimə Sadıqova, “Havadan danışır gözəl bir xanım"
“Ədəbiyyat və incəsənət” portalının DEBÜT rubrikasında əməkdaşımız Nigar Həsənzadə sizlərə yeni imza təqdim edir: tələbə Fatimə Sadıqovanın özü haqda qısa məlumatı və “Havadan danışır gözəl bir xanım" hekayəsi ilə tanış ola biləcəksiniz.
Günümüzdə haqsızlıqlar az olmur. Bəs onlarla üzləşəndə nə etməli? Hekayənin qəhrəmanı məhz belə bir dilemma ilə qarşı-qarşıyadır.
MƏLUMAT
Mən Fatimə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisası, dördüncü kurs tələbəsiyəm. Yaradıcılığa uşaq vaxtlarından şeir yazmaqla başlamışam, sonradan esse , hekayə, povestlə davam etdirirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən “Meh” Ədəbi Dərnəyinin Nasirlər bölməsinin sədri olaraq çalışır, eyni zamanda bədii qiraətlə məşğul oluram .
HEKAYƏ
- Of bezdim, nə qədər olar ee, bir dəfə də olsun mənim şansım gətirmir, bu dəfə də müsabiqədən keçə bilmədim - deyə Röya əsəbi halda bədii qiraət müsabiqəsinin divardan asılan nəticələrinə baxırdı.
Çox əziyyət çəkmişdi bu müsabiqədə qalib olmaq üçün. Bəlkə də ona təqdim edilən şeir onun ürəyincə olmadığı üçün ruhsuz səsləndirmişdi şeiri, ya da müsabiqədə tamaşaçı qismində onu izləməyə kimsə gəlmədiyi üçün həvəssiz idi? Qalib gələ bilməməsinə səbəb axtarırdı.
Heydər Əliyev Sarayının böyük səhnəsi ona adi, kiçik bir yer kimi gəlmişdi. Orada əyləşən qonaqlar - mədəniyyət və incəsənət sahəsinin tanınmış adamları, tələbələr, zabitlər və Polis Akademiyasının kursantları idilər. Yalnız qalib olmaq üçün qatılmışdı bu yarışa, pul mükafatı verilirdi, nə az, nə çox, 1000 manat. Bu, ona anasının müalicəsinin ödənişini ödəmək üçün ən yaxşı fürsət idi, lakin qismət olmadı.
Təsadüf zərurətdən doğar. Azərbaycan Texniki Universitetinin həyətindən çıxanda qalib olmuş qızın bir oğlanla danışığını eşitdi.
- Eldəniz, görürsən də, adamın arxalı adamı olanda belə olar.
- Sən, Nuranə, hər zaman əminin hesabına qabağa gedirsən.
- (gülür) Bəs nə? Mən elə-belə adam deyiləm e, bircə dedim ki, Fazil müəllimin qardaşı qızıyam, birinci yer, bir də min manat oldu mənim.
- O min manatdan mənə də verərsən?
- Yoxaa, gedib özümə brend paltarlar alacam, universitetə gedəndə hamının gözünü odlandırmaq gərəkdir. Hər nə də olsa, qalibəm, onsuz da mən hər işdə qalibəm.
Röya qızın danışığından müsabiqənin qiymətləndirilməsinin ədalətsiz olduğunu anlayıb onların arxasınca gəlmək istəmədi, onları ötüb keçdi.
Elmlər Akademiyası stansiyasındakı eskalatordan aşağı düşəndə, sanki bayaq eşitdiyi dialoqla bütün indiyədək keçirilən müsabiqələr, yarışmalar onun gözündən düşdü.
Necə yəni, istedadı olmayıb, amma arxası, adamı olan birisi qalib olur, amma istedadı olan şəxs heç nə qazana bilmir?
Əsəbdən Röyanın əlləri əsirdi. Başına sağ tərəfdən ağrı gəlmişdi. Vaqonda adam çox idi. Bəziləri bir-birinə baxırdı, bəziləri telefona. Bir qadın kitab oxuyur, iki qız laqqırtı vurur, bir oğlan da yuxarıdan aşağı Röyanı süzürdü.
…”Xalqlar dostluğu” stansiyasından çıxıb üzü yuxarı evə gedirdi. Yorğun idi.
Evə gələndə yeməyə bir şey tapmayıb çörəklə pomidor yedi. Əsəbindən nə edəcəyini bilməyib başladı ağlamağa. Gözünü yumub, ağzını açıb “mənim şansım yoxdur, mən bəxtsizəm” deyə hey şikayətləndi. Yastığı ağzına tutub qışqırmağa başladı. Nəhayət, yorulub yatdı.
…Axşam anası xalasigildən gəldi. Xalası onun üçün yemək bişirib qoymuşdu. Röya yeməyi yeyib anasının yataq yerini düzəltdi. Anası maşın qəzasında sol qolunu itirmişdi, həm də qaraciyər serrozundan əziyyət çəkirdi. Röyanın atası isə onları atıb Rusiyaya getmişdi.
Addımbaşı ehtiyac duyurdular. Ərzaq almağa, anasının müalicəsinə, əyin-başa pul çatdırmaq olmurdu. Bina evində qaldıqlarına görə yuxarı mərtəbədəki qonşunun evindən axıdılan su tavanlarını pis günə qoymuşdu. Bu da bir problem.
Dərslərinə də yetəri qədər diqqət ayıra bilmirdi. Filologiya üzrə təhsil alsa da əsas istəyi siyasətçi olmaq idi. Yenə də istədiyinə nail ola bilməmişdi.
Röya elə fərz edirdi ki , harda nə pis hadisə varsa, hökmən onun başına gəlməlidir. Yol gedəndə, universitetin dəhlizində, Milli kitabxanada, mağazada, hər yerdə uğursuzluq, bədxahlıq onu qarabaqara izləyirdi…
*
Ertəsi gün yenə də Röya üçün uğursuz günlər sırasına yazıldı. Dərsdə ola-ola müəllim ona qayıb yazdı. O biri dərsdə səhvən qrup yoldaşının aldığı “4“ bal qiyməti onun adının qarşısına yazıldı. Tənəffüsdə pilləkəndən düşərkən ayağı büdrəyib yıxıldı. Yaxşı ki, ciddi bir xəsarət almadı. Bir yandan Röya üçün “yaxşı olan“ o oldu ki, yıxılan zaman onu heç kim görmədi.
Evə gəlib “Instagram“ da şəkillərə baxırdı . Birdən qarşısına “Səsin gəlsin“ adlı bədii qiraət müsabiqəsi çıxdı. Əvvəlcə gözlərində bir işıltılı göründü, ancaq sonra parıldayıb sönən ulduz kimi gözlərindəki işıq söndü.
– Əşşi, yenə də keçməyəcəm neynirəm e bunu ehhh.... – dedi, sonra yenə fikri dəyişdi – Bəlkə nəsə oldu... ??
Sonra yenə qara-qura fikirlər beynini işğal etdi:
-Az başın xarabdıye sənin, hardan nəsə ola bilər?
Əllərini cütləyib başına vurdu.
-Qızım, yaa, sən bəxtsiz varlıqsan, guya burda o qədər millətin içindən səni seçəcəklər? Hmmm… Ölmüşdü Xankişi .... – deyə-deyə başladı ağlamağa.
Bəzən çıxılmaz vəziyyətdə qalanda insan hər şeyə əl atır. Suda batan saman çöpündən yapışan kimi.
Sonra qəti fikirləşib “Ya Allah“ deyərək link vasitəsilə qeydiyyatdan keçdi.
Və səbirsizliklə gözləməyə başladı.
*
Bir həftə sonra Röyaya müsabiqədə iştirak edəcəyi barədə zəng gəldi.
- Alo, salam, Röya xanımla danışırıq ?
- Alo, salam, bəli.
- Siz, “Səsin gəlsin“ adlı şeir müsabiqəsində qeydiyyatdan keçmisiz. İştirak edəcəksinizmi?
- Əlbəttə.
- O zaman martın 5-i, saat 13:00-da sizi Bakı Gənclər Mərkəzində gözləyirik.
- Oldu, təşəkkür edirəm.
- Biz təşəkkür edirik, sağolun ....
5 marta 5 gün qalmışdı. Hansı şeiri deyəcək? Yenə də keçə bilməyəcəkdi?
Röya güzgünün önünə keçib həmişəki kimi deyinməyə başladı:
- Az, həqiqətən nə gündəsəne, bir özünə bax, kimdiye səni müsabiqədən keçirən…
-Heç bilmirəm də, qalibə nə mükafat verilir…
-Get şeir de, çıx gəl, özünü biabır elə. Offff bəlkə getməyim, yenə secilməsəm sınacam axı.
-Nə şeir deyim? Amma səsim məlahətlidir, nəsə oldu bəlkə?
Telefonu əlinə alıb şeir qruplarına atılan şeirlərə nəzər salmağa başladı. İlk öncə Bəxtiyar Vahabzadənin “ Yaman darıxmışam “ şeirini özü üçün səsləndirməyə başladı:
Yaman darıxmışam səninçün yaman
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək yamanmış demə...
- Yoxe , alınmır , gərək başqa şeirlərə baxım…
Məni gözəl xatırla
Bunlar son misralar
Fərz et ki...
-Offf yenə də alınmır, bunu çox adam deyə bilər, nəsə fərqli bir şey olmalıdı…
Birdən Baba Vəziroğlunun “ Hava haqqında” şeirini gördü. Bu şeiri müəllifin ifasında eşitmişdi. Axır ki, bu şeirin tam yazılmış versiyasını tapa bildi. Qəlbinə , ruhuna tam yaxın olan bir şeir idi.
Havadan danışır gözəl bir xanım
Yağış yağacaqdı, qar yağacaqdı.
Gah günəş çıxacaq, gah ay doğacaq
Havalar tutulub açılacaqdı.
- Əlaaa, bu şeir. Bunu desəm partladaram . İnanmıram bunu kimsə səsləndirsin. Ay Allah, bircə bəyənsəydilər, amin, amin…
*
Necə gün güzgünün qabağında məşq edəndən sonra nəhayət müsabiqənin keçirildiyi gün gəlib çatdı. Zalda çoxlu gənc toplanmışdı. Hər kəs əlində şeir vərəqləri şeirləri təkrar edirdilər. Birinin görünüşü çox iddialı idi. Qızların geyim-kecimləri alışıb yanırdı.
Röya ürəyində “Mən hara düşmüşəm? Hələ bunun simasına baxe, çox qəşəngdir, paltarları necə gözəldir, yoxe mən bura niyə gəldim?”
Amma sonda “Görək də nə olur?” düşüncəsi ilə özünə təskinlik verməyi bacardı.
Nəhayət, 27-ci sıra Röyaya çatdı. Münsiflər heyəti çox səmimi və mehriban görünürdülər. Röya ilk öncə özünü təqdim etdi:
- Salam, mən Səlimova Röya. Səsləndirmə edəcəyim şeir Baba Vəziroğlunun “ Hava haqqında“ şeiridir.
- Salam, Röya xanım , buyurun sizi dinləyirik!
Mikrofonu həyəcansız tutan Röya öz səsini o qədər bəyəndi ki, içindən burda saatlarca danışmaq fikri keçdi. Gözlərini yumub, üzündəki təbəssüm ifadəsi ilə deyirdi:
Havadan danışır bir gözəl xanım.
Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır…
Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyğacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.
Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki gözünə yaş gəlir sənin.
Söz var, dolu kimi yağır başıma,
Söz var, duman olub yolumu kəsir.
Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimdə sop-soyuq küləklər əsir.
Havadan danışır bir gözəl xanım.
Hardasa qar tökür, ya yağış yağır,
Hardasa ay batır, ya günəş çıxır.
Mənim Günəşim də, Ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı?!
Son kəlmələr və zalın gurultulu alqışları…
- Braaavvvooo, Röya, əhsən, mükəmməlsən!
- Çox təşəkkür edirəm...
- Hansı sahə üzrə təhsil alırsan?
- Filologiya.
- Deyirəm axı, mükəmməlsən, diksiyan əladır, şeir seçimində də çox gözəl şeirə müraciət etmisən, sən mümkünsə müsabiqə bitənədək burada gözlə, məncə, səninlə böyük işlər görə bilərik!
- Bəli, Səməd bəy, mən də sizinlə razıyam , bu xanımın incə görkəmi də gözəldi.
- Çox təşəkkür edirəm, minnətdaram.
- Biz sizə minnətdarıq, Röya xanım .
Kulisin arxasından çıxan qızın həyəcandan bütün bədəni əsirdi. Yanaqları qıpqırmızı idi. Kənarda oturub müsabiqənin bitməsini gözləyirdi. Orda olan iştirakçılar müsabiqə barədə öz uydurmalarını edirdi. Röya da hansı birinin düz dediyini anlaya bilmirdi.
- Hə də, qalib olana pul verəcəklər.
- Mən elə bilirəm ki, kitab və qiymətli hədiyyələr verəcəklər.
- Diplom verilməlidir
- Diplomu neynirəm ?
Röya çox həyəcanlı idi, başını telefonla qarışdırmağa davam elədi. Saat 17:30-da müsabiqə bitdi, nəticələrin nə zaman açıqlanacağı barədə iştirakçılara məlumat verildi . Münsiflər heyəti artıq oradan çıxdılar, üzlərindən yorğunluq yağırdı, biri də gözlərini ovxalayarkən gözü Röyaya sataşdı. Yanına dəvət elədi.
- Hə Röyaa, burdasan ?
- Bəli, siz demişdiz axı gözləyim
- Gəl, gəl, sən inan, neçə vaxtdı ki , beynimdə canlandırdığım obraz idin, biz şirkət olaraq hava haqqında proqnoz verən aparıcı axtarırdıq. Sənin səsin, görkəmin tam uyğundu . Neçə yaşın var ?
- Nə gözəl, mənim 18 yaşım var.
- Əlaa, o zaman əlaqə nömrəni mənə ver, mən səni studiyaya dəvət edim .
Röya əlaqə nömrəsini verdikdən sonra içinə sanki heç vaxtı kecirmədiyi bir xoşbəxtlik doldu. Axır ki bu dəfə fərqlənə bilmişdi. Evə uça-uça gəlib anasına olanlar barədə danışdı, üzündəki gülüş üzünə nur çiləmisdi . Səhəri gün – bazar günü Elgiz bəy Röyanı studiyaya dəvət elədi. Təbii ki, Röya birbaşa olaraq çəkiliş meydançasına keçə bilməzdi . Bunun üçün dərslər keçməli idi. Müəyyən müddət çəkilişləri izləməli idi və təcrübə toplamalı idi ...
6 ay sonra ...
-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeronda gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə…
Həyatda çox yerə dağılmağın mənası yoxdur. Çox şeylə maraqlanmalısınız, ancaq enerjinizi istədiyinizə nail olmağa cəmləşdirmək üçün bir şeyə ciddi diqqət yetirməlisiniz. Hədəf seçimi böyük əhəmiyyət kəsb edir.
Bu andan etibarən insan qarşında tamamilə ayrılmaz bir şəkil görməyə başlayır və buna görə də qarşısına lazımi addımlar düzülür. Yolun istiqamətinə qərar verdikdən sonra hərəkət etməyə başlaya bilərsiniz. İnsan xəyalına nə qədər çox vaxt ayırsa, xəyalı o qədər tez gerçəkləşə bilər. Öz fikri ilə maraqlanan biri üçün əlavə həyat motivasiyası tələb olunmur. Bu bənd, şəxsin hərəkətlərinə görə məsuliyyət götürməsini nəzərdə tutur. Onun nailiyyətləri ifadə olunan ambisiyalara tam uyğundur. Müəyyən bir anda inkişaf etmək istəyən bir insan mütləq özünü reallaşdırmaq haqqında düşünəcək. Sonra istədiyinizə çatmaq üçün əlavə enerji görünür. Seçdiyiniz istiqamətdən yayınmamağınıza, vaxtınızı xırda şeylərə sərf etməməyinizə və uğursuzluqlara qapılmamağınıza imkan verməməlisiniz. Hər kəsin şikayətləri var, ancaq onlara diqqət yetirməyə dəyməz. Yalnız müvafiq nəticələr çıxarmalı və irəliləməlisiniz. Həyatda hər zaman uğur qazanan üçün ən yaxşı motivasiya: Həyat tamaşaçı qismində olan insanları alqışlamır , alqış səhnədə olanlar üçündür...
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Ankarada qəhvə festivalı keçirildi
Sentyabrın 22-24-də Ankarada qəhvə festivalı keçirilib. Festivalda böyük qəhvə markaları, maşın və avadanlıq istehsalçıları və digər qəhvə sənayesi müəssisləri bir araya gəliblər.
“Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən xəbər verir ki, iştirakçılar, həmçinin festival çərçivəsində xüsusi dequstasiya və seminarlarda iştirak ediblər, canlı konsertlər və səhnə tamaşalarına baxmaq imkanı əldə ediblər.
Peru, İndoneziya, Qvatemala, Vyetnam və Rusiyadan olan qəhvə şirkətlərinin də qatıldığı festivalda İtaliya və Yunanıstandan mütəxəssislər müxtəlif tədbir və seminarlarda qəhvə həvəskarları ilə görüşüblər.
Bəli, dünyada bir Türk qəhvəsi brendi var və Türkiyə qəhvəçilik sənayesində üstün mövqeyini daim sərgiləməlidir.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
"Qəhrəmanlar ölmür, sadəcə şəkil dəyişdirir"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
İnsanlığın milliyyəti olmur, hamımız eyni soydan, Adəmin soyundan gəlmiş "Habillər" və "Qabillər"ik.
Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı deyən şairin sözünə qüvvət, vətəndaş olmaq üçün millyyət şərt deyil.
Bu gün sizlərə heç bir məcburiyyəti olmadığı halda bu xalq, bu millət üçün əvəzsiz xidmətlər göstərmiş, Mir Şahinə verdiyi o unudulmaz müsahibə şirin danışığı və tərifəlayiq dünyagörüşü ilə hamının qəlbində böyük rəğbət qazanmış, insan şücaətinin ən gözəl timsalı, ən gözəl nümunələrindən biri olan milli qəhrəmanımız Albert Aqarunov haqqında danışmaq istəyirəm.
Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində anadan olmuşdur. Doqquz qardaşı və iki bacısı olan Albert ailəsinin sonbeşiyi olub. Əslən dağ yəhudisi olan Aqarunovun ailəsi Quba rayonunun Qırmızı Qəsəbəsindən sonradan Əmircana köçmüşlər. Albertin atası Aqarun neftçi olub, uzun illər Suraxanıdakı neft mədənlərində çalışıb.
Anası Lio sovet hökuməti tərəfindən "Qəhrəman Ana" adına layiq görülmüşdür; bu titul çoxsaylı uşağı olan analara verilirdi.
Albert uşaq yaşlarından musiqi ilə maraqlanmış, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirmişdir. Aqarunov Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. O, 1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.
1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi başlayanda Azərbaycanın bütün yəhudi sakinləri həm zorakılıqdan, həm də hərbi xidmətdən yayınmaq üçün İsrailə, Avropaya və ya ABŞ-a mühacirət etmək imkanına malik idilər. Lakin ailəsinin digər üzvləri ölkədən xaricə köçsə də, Aqarunov Azərbaycanda qalmış və 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi. O, sonra Elçin Məmmədovun başçılıq etdiyi 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə tank komandiri təyin edilmiş və Şuşa cəbhəsinə göndərilmişdir. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində erməni qüvvələri ilə gedən intensiv döyüşlərdə iştirak etmişdir. Aqarunov 1991-ci ilin dekabrında erməni qüvvələrinə aid bir neçə tankı və zirehli vasitəni zərərsizləşdirmişdir. Həmçinin, onun erməni qüvvələrinə aid iki tank bir-birinə yaxınlaşan zaman bir mərmi ilə iki tankı vurması dillər əzbəri olmuşdur. Buna görə də bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını almışdır. Ermənilər bu səbəblərə görə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
1992-ci ilin yazında müharibənin episentri Şuşaya keçdi. Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi. Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yola sürür və bu əsnada Aqarunovun tankı peyda olur. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başlayır. Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışır, özü isə lyuku açıb çölə atlanmağı bacarır, lakin sürücüsü və atıcısı həlak olur. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir. Bu, Birinci Qarabağ müharibəsi zamanı ilk tank döyüşü idi və dövrün mətbuatında geniş işıqlandırılmışdı. Müharibədən sonra ermənilər Avşaryanın T-72 tankını bərpa edib yenidən rəngləyərək onu Xankəndi–Şuşa yolunun üstündəki qayada abidə kimi ucaldacaqdılar… Və elə bugünlərdə Qarabağın Dağlıq hissəsində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zamanı tank ordan götürüləcək və hərbi qənimət kimi Bakıya gətiriləcəkdi…
…Aqarunov daha sonra Şuşa–Laçın yoluna doğru irəliləmişdir. O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur. Artıq ermənilərin hücumu dayandırılmışdı, Azərbaycan hərbi komandanlığı isə ermənilərin geri çəkildiyini düşünmüşdü. Onlar bu fasilədən şəhəri tərk etmək üçün istifadə etdi və erməni qüvvələri 8 mayda, səhər saatlarında boş olan Şuşanı işğal etdilər…
Aqarunovun nəşi xəstəxanaya göndərilmiş, oradan isə helikopterlə Bakıya aparılmışdır. Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda molla və ravvin tərəfindən keçirilmişdir…
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Aqarunov həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.
Milli qürur simvoluna çevrilmiş Aqarunovun şəhadətindən sonra azərbaycanlı əsgərlər tanklarına "Albert" adını yazmışdır. Həmin tank hal-hazırda Azərbaycan Hərb Tarixi Muzeyində yerləşir. Vaxtilə təhsil aldığı 154 saylı məktəb Albertin adını daşıyır və məktəbin önündə büstü qoyulmuşdur. Bakıda və Qubada onun şərəfinə lövhələr qoyulmuşdur.
2004-cü ildə Bakıda Xabad-Or-Avner təhsil mərkəzində Aqarunovun xatirəsinə muzeyin açılışı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2019-cu ildə Bakıda küçələrdən birinə Albert Aqarunovun adı verilmiş, həmin küçədə onun heykəli ucaldılmışdır.
2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən Aqarunov haqda "Dostuma məktub" adlı filmi çəkmişdir. 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkmişdir. 2020-ci ildə Moskvada 30 illik müharibə ərzində Qarabağ müharibəsi barədə ilk dəfə dərc edilən azərbaycanlı yazıçının romanı (“AMİN”, müəlliflər Varis və Əlibala Məhərrəmzadə) Alabert Aqarunova həsr edilmişdir.
Bir dəfə belə bir ifadə oxumuşdum. "Qəhrəmanlar ölmür, sadəcə şəkil dəyişdirir". Necə ki, Albert də tankçılarımızın, yəhüdi qardaşlarımızın, ümumən bütün vətənpərvərlərin simasında hələ də yaşayır və yaşamaqda davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 23-də açdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı builki 96-cı mövsümünü ayın 23-də səhər və axşam tamaşaları ilə açdı.
Saat 12.00-də Kiplinqin “Mauqli”, saat 19.00-da isə İlqar Fəhminin “Balaca kişilər” tamaşaları nümayiş olundu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş, İlqar Fəhminin “Balaca kişilər” pyesi əsasında tamaşaya qoyulmuş eyni adlı tamaşanın premyerası 95-ci mövsümdə reallaşıb.
“Balaca kişilər” teatrın ən çox rəy alan və ən çox bəyənilən tamaşaları sırasında yer tutur.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Opera və Balet Teatrı mövsümü “Arşın mal alan” musiqili komediyası ilə açacaq
Bu gün - sentyabrın 25-də Azərbaycan Opera və Balet Teatrı Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını təqdim edəcək.
Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Atəş Qarayev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöhrə), Xalq artisti Gülyaz Məmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asiya), Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa edəcəklər.
Səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Biletləri Mərkəzləşdirilmiş və "ASAN xidmət"in kassalarından və Itıcket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, “Arşın mal alan” 1913-cü il oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev Teatrının səhnəsində Hüseyn Ərəblinskinin rejissorluğu ilə tamaşaya qoyulub. O, həm də librettonun müəllifidir.
Səhnə əsəri dünyanın bir sıra ölkələrində – ABŞ, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, Misir, Polşa, Çin, Bolqarıstan, Rusiya və digər ölkələrdə nümayiş edilib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” 1997-ci ilin sentyabrında Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tərəfindən səhnəyə qoyulub.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Ədəbi tənqidimizin cavan şiri…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onu cəmi bir dəfə görmüşəm, yaxından tanımıram. Odur ki, bir fərd kimi xüsusiyyətlərini tam xarakterizə edə bilməyəcəm. Amma müşahidələrimin nəticəsini, onun haqqında eşitdiklərimi sizinlə bölüşməyə hazıram.
1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib. Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “"Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən də 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.
2010-cu ildə “Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub.
Deyir ki,- “Hamı dayanmadan yazır, hərə bildiyini, hərdən də bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə də, istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır və nəticədə şablon alınır. Mən daha çox filologiya aləmində “müşahidə edirəm” demirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biri “Ədəbiyyat nəzəriyyəsi” yazırsa, ardınca ən azı 10 nəfər də bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna nə ad qoymaq olar? Əlbəttə cahillik...”
Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma nə yaxşı ki, yorulmayıb, hələ də axtarışdadır...
“Yaxşı şeirdə söz, "Uliss"də olduğu kimi, sərhəd situasiyasında yerləşməlidir. Hiss, duyğu işartısını tapıb itirdiyin eyni anın içindən keçən sərhəd keçmişlə gələcəyin dəli sularını bir-birinə qatır, dəqiq tapılan şeyin üstüylə gedib onu sanki yer üzünün yaddaşından silir, bütün parametrləri görünməyən nəsnəni son dərəcə konkret əşya biçimində nümayiş etdirir, beləliklə Neklyudovun "güzgü" nümunəsində güzgünün hər iki tərəfi həmin sərhəd zolağında qarışıb çat verir, dünya bu çatın ən dərin yerinə gömülür, göy üzündəki ulduzlar, bir az öncə salavat çəkdiyim ay göz yaşıtək damcılayır...”- söyləyir.
Zahirən qayğılı, məşğul adama bənzəyir, fikirli görünür. Sanki öz aləmində nələrisə çək-çevir edir, qaranlıqlara işıq tutmağa çalışır…
“Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş-altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe - kontekstinin tapılması və mətnin hüdudlarını, eləcə də “sıxlıq dərəcəsini” göstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri də odur. Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala aiddir. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:
“Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir. Və heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən də tanıyıram. “Əli Kərim xəstəliyi” ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir və hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır. Onun şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” bölünür və hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm...”
Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin və həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız...
Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək...
Dünən - sentyabrın 24-ü Cavanşir müəllimin 65 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edirik. Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)
Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir
Anqolanın Luanda şəhərində Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının və Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə “Birləşmiş səslər” xeyriyyə layihəsi həyata keçirilir.
AzərTAC xəbər verir ki, təşkilatın təsisçisi və prezidenti, uzun illərdir Afrikada yaşayan Billurə Bayramova - Bernardın sözlərinə görə, layihə çərçivəsində Anqolanın Camunga musiqi məktəbinin Simfonik Orkestrinin musiqiçiləri, İncəsənət və Mədəniyyət Fondunun tələbələri ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadənin beşgünlük ustad dərsləri baş tutub.
Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatı, Azərbaycan Diasporuna Dəstək Fondu, Anqolada fəaliyyət göstərən İncəsənət və Mədəniyyət Fondunun birgə dəstəyi ilə həyata keçirilən ustad dərsləri zamanı yerli tələbələrə Azərbaycan musiqisi və tar ilə bağlı məlumat verilib, tarın tarixi və sirləri öyrədilib.
Layihənin məqsədi musiqiçilərə professional musiqinin sirlərini aşılamaq, onlara dünyaşöhrətli musiqiçilər ilə eyni səhnəni paylaşmaq imkanını, mədəniyyətlər arasında körpü və yeni ölkələrdə tar sinfini yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(25.09.2023)