“Övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə yetişdirin" - AKTUAL Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Statistikaya görə Azərbaycanda həm erkən nikahların sayı artır, həm də boşanmaların. Bu yazı birbaşa bəhs edilən mövzu ilə bağlanmasa da dolayısı ilə bağlanır. Belə ki, sağlam ailə qurmağın təməl prinsipləri barədə öz yaradıcılıq interpretasiyamla söz açıram. Bu prinsiplrədən ən vacibi, məncə övladla düzgün münasibət qurmaqdır. 

 

Sinqapurda gənc cütlüklər övlad sahibi olmazdan öncə ev heyvanı saxlayırlar.

Təqribi 12-18 ay müddətinə heyvana tam baxa bilirlərsə, yəni yeməyini, suyunu, baxımını və baytar müayinələrini düzgün edə bilirlərsə o zaman 6-8 ay müddətinə sosial-psixoloji və meditativ təlimlər alır, uşaq psixologiyası, tərbiyələndirmə və təhsil haqqında dövlət tərəfindən xüsusi dərslər götürür və daha sonra övlad sahibi olurlar.

Müqayisə etməyi, bizim ölkə belədi, "bizim millət belədir" deyib mənfi rəy bildirməyi hər nə qədər sevməsəm də, situasiya göz önündədlir. Əfsuslar olsun ki, bizim mentalitet çərçivələrimiz və inkişaf etməkdə olan ölkələr arasında olmağımız çoxuşaqlılığın üstünlük təşkil etməsinə şərait yaradır. Çoxuşaqlılıq isə, qayğıların və ailə-məişət problemlərinin artmasına səbəb olur. Bu da, öz növbəsində ailədaxili gərginliklərin artması, övladlar arasında fərq qoyulması ilə nəticələnir.

Məncə, bu tip problemlərin aradan qaldırılmasında əsas iş psixoloqların, valideyn-övlad münasibətləri üzrə mütəxəsis olan sosial işçilərin və bir neçə dərnəyin öhdəliyinə düşür.

 

Valideynlərə öyrədilməlidir:

1."Övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə yetişdirin". 

İlk öncə peyğəmbər əleyihissəlamın bu kəlamı şüurlara aşılanmalıdır, dillər əzbəri olan "bizim vaxtımızda belə deyildi" ifadəsindən kənara çıxaraq övladlar zəmanəyə uyğun təlim-tərbiyə edilməlidir.

2.Valideyn olmaq o demək deyil ki, siz övladınız üçün hər zaman ən doğrusunu bilirsiniz və onların istədikləri peşə seçiminə, təhsilinə daim qarışa bilərsiniz. Bundan əlavə, övladınızın geyim tərzinə, saç stilinə və düşüncə tərzinə (həddi aşılmadıqca) müdaxilə etmək haqqı sizin müqəddəs əməliniz deyildir. Övladını düzgün yetişdirmək istəyən valideyn sevgisinin dozasını artırıb qəzəb və şiddətə yönəlməsini azaldaraq övladının sevgisini qazanmaqla örnək olacaqdır.

3.Ən çox qarşı-qarşıya qalınan problemlərdən biri də, övladlarınızı yarışdırmaqdır. Uşaq sizin üçün sınaq robotu deyil ki, o, müəyyən standartlara cavab versin, müxtəlif düymələri işə salaraq müəyyən tələbləri yerinə yetirsin. Gedib rəssam olmaq istəyən uşağı idmançı edirsiniz, sonra deyirsiniz ki, mənim uşağım bacarıqsızdır, xalxın uşağı bacarıqlı. Fizik olacaq insanı ədəbiyyatçı edirsiniz, sonra o da olur ağzının danışığını bilməyən biri.

Təbii ki, tək problem valideynlə bağlı deyil. Günahkar bəzən sadəcə uşağın özü olur.

Uşaqlar bilməlidir:

1.Valideynlər bəzən əsəbi və kobud olsa da, biz həddimizi aşmamalıyıq.

2.Valideynlər hər zaman haqlı olmasalar da, çox vaxt haqlıdırlar, söz dinləyək, lakin xəyallarımızın arxasınca getməyə davam!!

3.Valideyni sevmək üçün bəhanə yox, səbəb axtarın. Naşükürlük yerinə minnətdarlıq edin. Bir yetimin sizin yerinizdə olmağı nə qədər çox istədiyini təxmin edə bilməzsiniz. 

 

Əlbəttə hər zaman hər kəs haqlı olacaq deyə bir şey yoxdur. Bəzən hər iki tərəf haqsız və qırıcı, bəzən hər iki tərəf bir-birindən bezar, bəzən yorğun, bəzən isə olduqca həssas olur. Hər nə olursa olsun, sağlam valideyn-övlad münasibətlərində sevgi heç zaman bitmir. Sevin, sevilin, qədir-qiymət, xətir-hörmət bilin. İnsanın güvənib söykənə biləcəyi ailəsinin olması Allahın lütfüdür. Naşükürlük bizə yaraşmaz.

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.