QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci bu gwn yekunlaşır. Xatırladaq ki, roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır və vacibdir.

 

 

 

69-CU DƏRC

 

Zori Balayan tam sıxılmış, kiçilmişdi, elə təəssürat yaranırdı ki, məhz həmin o 10 yaşlı qızın ruhudur, onu əzir, taptalayır, diri ikən canını cismindən  çıxarıb dara çəkmək istəyir.

Bu arada Baş Hakim hökmü səsləndirməmişdən öncə erməni ziyalılarına müraciət etdi, dedi, günü bu gün də erməni uşaqlarını türkə düşmən ruhda böyüdür, zərif varlıqları qana susadırsınız. Və masa üstündəki bir kitabı götürüb söylədi:

-"Ermənilərin törətdiyi kütləvi qırğınlar" kitabından rus diplomat, general Mayevskinin xatirələrini iqtibas gətirmək istəyirəm. Bir görün, sizlər öz gələcəyiniz olan zavallı uşaqları necə tərbiyələndirirsiniz. Mayevski yazır: "Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-kudrət hissini, heç kimə məlum olmayan gələcəyin fantastik illüziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt (3-4 il) ərzində onların yaratdığı illüziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yetişirdi…"

Baş Hakim dərhal hökmü səsləndirdi:

-Divanın qərarı ilə bəşər tarixində oxşarı olmayan vəhşiliklərə rəvac verən antihumanist millətçi fəaliyyətinə, eləcə də konkret cinayətlərdə əli olmasına görə Zoriy Hakkoviç Balayana qeybedilmə cəzası kəsilir! Hökmün dərhal icra olunmasını Divan Heyətindən rica edirəm.

Şər qarışırdı. 18 gün davam etmiş uzun, ağrılı bir prosesə son qoyulmuşdu. İnsanlar hələ də gördüklərinin, eşitdiklərinin təsiri altındaydılar, dağılışmırdılar. İki-bir, üç-bir dayanıb söhbətləşir, prosesin ayrı-ayrı məqamlarını müzakirə edirdilər. Hakimlər, ekspertlər bir ailə kimi bir yerdə toplaşıb bir-birilərinin müsbət keyfiyyətlərini vurğulayır, uğurlu prosesə görə bir-birilərini təbrik edirdilər.

Elə yaxşıdır ki, heç kəs dağılışmamışdı. Bu vaxt bir ağsaqqal şəxs ”dayanın” nidaları ilə özünü Baş Meydana yetirdi, səhnəyə çıxdı, səsgücləndirici sistemi söndürmək istəyən heyəti əl saxlamağa çağırdı. Heyət Baş Hakimə tərəf boylananda Baş Hakim başı ilə onlara razılıq işarəsi verdi. Ağsaqqal təngnəfəsliyi büruzə verilsə belə çox iti və qətiyyətlə danışmağa başladı, dərhal hər kəsin diqqətini çəkdi. 

-Mən Sanuyel Vimsəm, ABŞ-ın Arkanzas ştatındakı eyni adlı şəhərdə yaşayan və təqaüddə olan prokuror və yazıçıyam. Öz təşəbbüsümlə «Ermənistan: Böyük yalan və Xristian terrorist dövlətinin tapmacası» adlı kitab yazmışam. Bəli, mən erməni lobbisinin qondarma soyqırımı ila əlaqədar beynəlxalq aləmdə dəstəklənməsinin qatı əleyhdarıyam. Bu dəstəklənməni iki amillə əlaqələndirirəm. Bunlardan birincisi erməni lobbisinin pulla tanınmış şəxsləri ələ alması, ikincisi isə xristianlıq kartıdır. Ermənilərin qondarma soyqırımı ilə əlaqədar ortaya atdıqları məsələni və bununla bağlı əsl həqiqəti öyrənmək üçün 4 il müddətində müxtəlif ölkələrin arxivlərində gecə-gündüz bilmədən tədqiqat apararaq, tarixdə heç bir erməni soyqırımının olmaması, əksinə, türklərin ermənilərin vəhşiliklərinin qurbanına çevrilməsi, bütün bu işlərdə ermənilərin yalançı və hiyləgər olması qənaətinə gəlmişəm. Yazdığım kitabda ermənilərin iç üzünü sənədli materiallarla ifşa etmişəm. İstanbula  gedəndən və türklərlə yaxından tanış olandan sonra Avropa və ABŞ-ın erməni məkrinin nə olduğunu hələ başa düşmədiyini, anlamadığını tam dərk etmişəm. Xristian təəssübkeşliyinin soyqırımın yalan olduğunu anlamaq istəyən Qərbin gözünü örtməsinə baxmayaraq, haqq və ədalətin öz yerini tapacağına hər halda inanıram.

Uzun illər boyu hüquq-mühafizə orqanlarında çalışdığımdan istər siyasi, istər adi, istərsə də cinayət aləmi ilə bağlı söylənilən hər hansı bir fikir barədə yüz dəfə götür-qoy etdikdən sonra qərar qəbul edirəm. Soyqırımı ilə bağlı kitab yazmağıma səbəb də konqres üzvü olan bir dostumla söhbətim olub. Dostum konqresdə müzakirə olunan bir məsələdən danışarkən məlum olub ki, Rusiya Azərbaycana qarşı Ermənistanı təcavüzə təhrik etmək üçün ermənilərə bir milyard dollarlıq silah verib. ABŞ isə öz növbəsində Ermənistana 1,5 milyard dollar yardım göstərib.

Vims pauza etdi, diqqətlə dinlədildiyinə əmin olduqdan sonra çıxışını davam etdirdi:

-Beləliklə, Amerika və Rusiya birləşərək xristian ermənilərini müsəlman Azərbaycana qarşı təcavüzə şirnikləndiriblər. Ona görə də ermənilər Qafqazda təcavüzkarlıqlarını davam etdirmək, güc yolu ilə bölgəni işğal etmək niyyətindən əl çəkmirlər. Dostum konqresmen müzakirəsinə çıxarılanlara inanmır və «biz kiçik bir Ermənistanı dəstəkləməklə nə üçün Türkiyə kimi güclü bir müttəfiqi itirmək kimi axmaq bir siyasət yeritməliyik ki» deyirdi. Axı Türkiyə istədiyi vaxt Ermənistanı bir andaca uda bilər. Əslində Rusiya hərbi bazalarının Ermənistanda olmasının da bir məntiqi əsası yoxdur. Mən konqresdə müzakirəyə çıxarılan məsələ ilə bağlı materialları oxuduqdan sonra ermənilərin və erməniləri müdafiə edən konqresmenlərin həqiqəti xristian təəssübkeşilyinə qurban vermələrini dərk etdim. Həm ermənipərəst senatorlar, həm də ermənilər türklərə qarşı xristian kartından məharətlə istifadə ediblər və bu gün də edirlər. Yəni əsl həqiqət xristian təəssübkeşliyinə qurban verilir. Axı Həzrəti İsa: «Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın» deyib. Elə isə biz xristianlar Həzrəti İsaya arxa çevirməməliyik. Belə çıxır ki, günümüzdə qondarma «erməni soyqırımını» ortaya atanlar və onları müdafiə edənlər əsl xristian deyillər. Mən başqa cür düşünə bilmirəm.

Bu sözləri, sanki, əsən yel qabağına qatıb uzaq-uzaq ellərə apardı ki, bütün qapanmış qulaqları dəlsin, bütün qıc olmuş beyinləri açsın.

Bu zaman dairəvi gövdəsinin baş hissəsindəki rəngbərəng işıqları mühərrikinin qopardığı uğultunun şiddətinə görə artıb-azalan nəhəng uçan peyk yel qopara-qopara  Əsas dünyaya aparacağı adamları da götürüb səmaya yüksəldi.

İşıqlı dünyaya doğru səmt alan bu nəqliyyat vasitəsinin arxasınca bir az da həsədlə baxan Baş Hakim içinə dolan qüssə həmləsini hiss etdi, amma bu, cəmi bir an çəkdi. Ona yaxınlaşıb “Hakim əmi, o düzdür ki, ilk uçan boşqabla Marsdan gələnlər də ermənilər olub” sualını verməklə onun eynini xeyli açan sarışın uşağın başını sığallayıb həmkarlarına üz tutaraq söylədi:

-Vimsin gəlişi lap yerinə düşdü, eləmi? Bu da ssenaridən kənar bir sonluq! Bundan gözəl proses sonluğunu heç cür təsəvvür etmək mümkün deyildi.

 

 

 (SON)

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.