Super User
Bu gün Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi açılacaq
Bu gün Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsinin açılışı olacaq. Builki tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Yaradıcı Həftə" çərçivəsində təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaratma məqsədi güdür.
Qeyd edək ki, layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır. Bundan əlavə, o, moda sektorunun inkişafına təkan verəcək və bütövlükdə moda, dizayn və mədəniyyət sahəsində mövcud problemlərin həlli vasitələrinin təkmilləşdirilməsinə kömək edəcək.
Moda dünyasındakı sürətli dəyişiklikləri nəzərə alaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün master-klassı təşkil olunacaq. Tədbir dekabrın 2-si saat 12:00-da "Creative hub" Təhsil-İnkubasiya Mərkəzində keçiriləcək.
“Azərbaycan Moda Həftəsi” dekabrın 3-ü saat 19:00-da “The Ritz-Carlton” otelində keçiriləcək 15-ci Yubiley moda nümayişi ilə başa çatacaq. Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də yaxın xaricdəki Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən olan dizaynerlər təqdim edəcəklər.
Azərbaycanda moda həftələrinin keçirilməsinə start verən “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.
Qeyd edək ki, moda həftəsinə dekabrın 3-də yekun vurulacaq.
“Ədəbiyyat və incəsənət”
(29.11.2012)
Uğur üçün 15 keyfiyyət - Yüksək səviyyəli təhsil ala bilmək
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar
Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Yaradıcı Sənayelər Forum”unda” Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar” mövzusu müzakirə edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi, “Q Gallery Baku” və “Q Gallery Berlin”in təsisçisi Emin Məmmədovun moderatorluğu ilə keçirilən paneldə çıxış edən YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli məkanın xarici əlaqələri ilə bağlı məlumat verib. “İnsanların incəsənət biliklərinin inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçiririk. Biz rəssamlara onların fikirlərini reallaşmasında dəstək oluruq, həmçinin xarici rəssamların əsərlərini Bakıda nümayiş olunması üçün köməklik göstəririk”, - deyə F.Ələkbərli vurğulayıb.
Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova özünün fəaliyyəti barədə söz açıb. Son beş ildə çağdaş incəsənət sahəsində çalışdığını qeyd edən platformanın təsisçisi, kuratoru olduğu azərbaycanlı rəssamların sərgilərinin xarici ölkələrdə təşkil olunduğunu diqqətə çatdırıb.
Azərbaycanlı rəssam, incəsənət xadimi Faiq Əhməd “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” layihəsində iştirakından danışıb. Layihənin xarici əlaqələrin qurulması, fikir mübadiləsinin aparılmasında böyük rol oynadığını bildirib. Qeyd edib ki, rəssam mütləq incəsənət institutları ilə əlaqədə olmalıdır.
Rəssamın əsərlərinin ikinci bazara çıxarılması barədə söz açan F.Əhməd, bunun mühüm nailiyyət olduğunu vurğulayıb.
İncəsənət kuratoru, sənətşünas Məhbarə Abbasova bölgələrdə çalışan rəssamların xaricə çıxışının, həmçinin kolleksiyaçı sənəti üzrə tədrisin Azərbaycanda olmaması barədə danışıb. O, sadəcə Bakıda deyil, həmçinin bölgələrdə yaşayan yaradıcı insanların da sərgilərdə aktiv iştirakının vacibliyini vurğulayıb.
Sonda panel sessiyası müzakirələrlə davam edib.
Bu gün və sabah Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar olacaq. Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil ediləcək.
“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Mədəniyyət və Yaradıcı Sənayelər Forumundan nə gözləyək?
BU GÜN FORUMUN İKİNCİ GÜNÜDÜR
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyətin əsas qolunu təşkil edən yaradıcı sənayelər, bir qayda olaraq diqqətdən kənarda qalır, necə deyərlər, öz başını saxlayaraq inkişaf edirdi. Halbuki yaradıcı sənayelər çoxşaxəli şəbəkəyə malik olaraq əsasən mənəvi təlabatı ödəyən və daha çox təmənnasız xidmətə köklənən, humanitar məzmunlu olan mədəniyyətin maliyyələşməsini təşkil edə bilirlər. Yəni, dünya mədəniyyəti tək patronlar hesabına deyil, həm də yaradıcı sənayelər hesabına maliyyələşirlər.
Kiçik bir arayış təqdim edim: Məlum olduğu kimi, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. YMS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual - video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.
Çox yaxşı haldır ki, Azərbaycanın yeni mədəniyyət naziri və onin komandası heç nəyin kölgədə qalmasına imkan vermir.
Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi oldu.
Əvvəlcə iştirakçılar kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilmiş Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) ilə tanış oldular. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli çıxış etdi və forumdan gözləntilərin böyük olduğunu bildirdi. Nazir söylədi:
“Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".
Sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev keçirilən forumun ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini diqqətə çatdırdı. Bildirdi ki, İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır və sözügedən layihə dövlət orqanlarında razılaşdırma mərhələsindədir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğuladı. Qeyd etdi ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa imkan yaradır.
Dünən həm də “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya təşkil olundu.
Qeyd edim ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyəti barədə danışdı, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi.
“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva “Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı” adlı layihənin uğurla həyata keçirildiyini vurğuladı, bildirdi ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.
Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu bildirdi. O, insanların düşüncə tərzini dəyişərək, bu sahənin gəlir mənbəyinə çevirməyin vacib olduğunu söylədi.
Qırğızıstanda Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev, ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında danışdı.
Tədbirdə digər çıxış edənlər - Beynəlxalq Biznes və Texnologiyalar İnnovasiyaları üzrə israilli ekspert Tal Catran və Marketinq və Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov kreativ sənayenin inkişafının iqtisadiyyata töhfəsi barədə danışdılar.
Üç gün davam edəcək forumun bugünkü ikinci günündə də müvafiq dövlət qurumlarının rəhbərlərinin və yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar keçiriləcək.
Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.
Sonda bir xatırlatma da edim. Məhz 2021-ci ildə - BMT tərəfindən elan edilmiş “Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat Beynəlxalq İli”ndə təşəbbüs qrupu uzun müddətdir ki, üzərində çalışdığı bir ideyanın həyata keçirilməsi sevincini ictimaiyyətlə bölüşdü. Belə ki, nəhayət yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşları əlaqələndirəcək Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis olundu.
Elə hazırkı Forumda bu federasiya da fəal iştirak etməkdədir.
Bir sözlə, bizləri çox maraqlı və faydalı daha iki forum günü gözləyir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)
Bu gün Ümumdünya Təəssübkeşlik günüdür
Payız öz son günlərini yaşayır. Cəmi iki gündən sonra qış gələcək. İlin sonu daha aşkar hiss edilir, ömrün daha bir ilini sona vurmaq üzrəyik.
Bu gün 28 noyabrdır — Qriqorian təqvimi ilə ilin 332-ci günü (uzun illərdə 333-cü). İlin sonuna 33 gün qalır.
Bu günə təsadüf edən əhəmiyyətli hadisələrlə “Ədəbiyyat və İncəsənət” portalı olaraq sizləri tanış edirik.
1627 — İsveç İmperiyası və Reç Pospolita arasında Oliva donanma müharibəsi baş vermişdir.
1943 — İkinci Dünya Müharibəsinin məşhur Tehran konfransı keçirilmişdir: ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın baş naziri Uinston Çörçill və Sovet İttifaqının rəhbəri İosif Stalin müharibə strategiyasını müzakirə etmək üçün Tehranda görüşmüşlər.
1964 — Mariner proqramı: NASA Marsa doğru Mariner 4 zondunu buraxaraq Marsın tədqiqində bir ilkə imza atmışdır.
1967 — Kiçik Tülkü bürcündə ilk pulsar astronomlar Coselin Bell Bernell və Antoni Hyuiş tərəfindən kəşf edilmişdir.
1975 — Şərqi Timor azadlığına qovuşaraq Portuqaliyadan müstəqilliyini elan etmişdir.
1991 — Cənubi Osetiya Rusiyanın müdaxiləsi ilə Gürcüstandan qoparılaraq müstəqilliyini elan etmişdir.
Bu gün dünyaya gəlmişlər:
1489 — Marqarita Tüdor, Şotlandiya kraliçası
1592 — Abaxay xan, Mancuriya hökmdarı
1632 — Jan-Batist Lülli, Fransa bəstəkarı
1757 — Vilyam Bleyk, İngiltərə şairi
1772 — Lük Hovard, Böyük Britaniya kimyagəri
1820 — Fridrix Engels, Almaniya filosofu
1857 — XII Alfonso, İspaniya kralı
1863 — Şarl Filije, Fransa boyakarı
1880 — Aleksandr Blok, Rusiya şairi
1881 — Stefan Sveyq, Avstriya yazıçısı
1887 — Ernst Röm, Almaniya hərbi zabiti
1892 — Tərlan Əliyarbəyov, Azərbaycan general-mayoru
1907 — Alberto Moravia, İtaliya yazıçısı
1908 — Klod Levi-Stross, Fransa antropoloqu
1915 — Konstantin Simonov, Rusiya yazıçısı
1940 — Alqayıt, Azərbaycan aşığı
1943 — Rəfael Abbasov, Azərbaycan boyakarı
1960 — İlqar Cəfərov, Azərbaycan fotoqrafı
1982 — Yuliya Əhmədova, Rusiya aktrisası
Bu gün vəfat etmişlər:
1859 — Vaşinqton İrvinq, ABŞ yazıçısı
1870 — Frederik Bazil, Fransa boyakarı
1907 — Həsən bəy Zərdabi, Azərbaycan jurnalisti və maarifçisi
1949 — Vladimir Obraztsov, Rusiya alimi
1954 — Enriko Fermi, ABŞ və İtaliya fiziki
1962 — Vilhelmina, Niderland kraliçası
1993 — Yevgeni Ptiçkin, Rusiya bəstəkarı
1994 — Cefri Damer, ABŞ seriyalı qatili
2010 - Lesli Nilsen, ABŞ və Kanada aktyoru
2010 - Samuel Koen, ABŞ fiziki
2010 - Vladimir Maslaçenko, Sovet futbolçusu və idman şərhçisi
2011 — Sevil Xəlilova, Azərbaycan aktrisası
2016 — Mark Taymanov, Rusiya şahmatçısı
Bu günə təsadüf edən bayramlar və xüsusi günlər isə aşağıdakılardır:
Hiperbazarertəsi – Qara cümədən sonra gələn bazar ertəsi bu adla bayram edilir.
Burundidə — Respublika Günü
Çadda — Respublika Günü
Mavritaniyada — Müstəqillik Günü
Panamada — Müstəqillik Günü
Rumıniyada — Bukovina Günü
Ən nəhayət, bu gün Ümumdünya Təəssübkeşlik Günüdür. Hər kəsi heç olmasa ildə bir dəfə təəssübkeşlik etməyə çağırırıq. Sizin himayənizə, mərhəmətinizə, lap elə bircə xoş sözünüzə o qədər möhtac olan var ki.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)
“Yaşantılarım” hansı yaşantılardan yarandı?
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər tutduq ki, dəyərli söz adamı Bilal Alarlının “Yaşantılarım” adlı yeni kitabı işıq üzü görüb. Bu münasibətlə Cəlilabadda yaşayıb yaradan Bilal müəllimlə əlaqə yaradıb onun fikirlərini aldıq. Buyurub tanış ola bilərsiniz:
-Altmış beşin igid arxasını yerə vurdum, bu yubiley yaşıma halal əmək haqqımla ərsəyə gətirdiyim yeni kitabımı hədiyyə etdim. Kitab "Elm və təhsil" nəşriyyatında çap olunub.
Tanrı fürsət versin, 70 yaşımadək kompüterimdə yatıb qalan, maddi imkansızlıq üzündən nəşrini həsrətlə gözləyən Cəlilabad, Biləsuvar, Yardımlı və Güney Muğan folklor toplularını, folklora və çağdaş ədəbi prosesə dair elmi kitablarımı, povest və hekayələrimi də işığa çıxara bilim!!! Uğurlarım bol olsun! Yeni kitabım xeyirli olsun! Özümü təbrik edirəm!
* * *
İndi isə kitab bəradə zəruri bilgiləri diqqətinizə çatdırırıq:
Bilal Alarlı (Hüseynov). YAŞANTILARIM: Tapınaqlar, minacatlar, biratımlar, təsəllilər, qınaqlar, gileyləmələr, hayqırtılar, göynərtilər.
Redaktor Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, AYB üzvü, tarix elmləri doktoru Bəybala Ələsgərov. Bakı, Elm və təhsil, 2023, 152 s.
Kitabda filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlının 2022 və 2023-cü illərdə yazdığı şeirlər, həmçinin şəhid Vüsal Vəliyevin xatirəsinə həsr etdiyi “Vüsal ağrısı” poeması yer almışdır. Kitab müəllifin 65 illik yubeliyi münasibətilə nəşr olunur. Yubiley günündə müəllifə ünvanlanmış təbriklərin bir qismi də kitaba daxil edilmişdir.
* * *
Onu da qeyd edək ki, “Yaşantılarım” Bilal Alarlının işıq üzü görən sayca otuz doqquzuncu kitabıdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Qabilin ABV-si
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə bir olmuş əhvalatı nəql edəcəyım. Əhvalat mərhum Xalq şairimiz, baməzəliyi ilə tanınan Qabillə bağlıdır.
Bir gün Qabil Yazıçılar Birliyinin kassasına yaxınlaşır. Qonorarını alandan sonra kassir qadına deyir:
- A - Be - Ve.
Yaşlı kassir onun bu sözünü anlamadığından inciyən kimi olur və "Qabil müəllim, bu nə sözdür mənə deyirsiniz" - cavabını verir.
Qabil isə məsələyə aydınlıq gətirir:
- Sədaqət xanım, axı nə pis söz dedim ki? A-Be-Ve. Yəni ki, "Allah bərəkət versin". Hövsələm çatmır, ona görə qısa deyirəm.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Pol Linç: “Mən bu romanda öz yaşantılarımı da qələmə almışam” - BUKER MÜKAFATÇISININ ETİRAFI
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, 2023-cü ilin “Buker” mükafatı faciənin astanasında olan bir ailənin və bir ölkənin hekayətini təsvir edən "Peyğəmbər nəğməsi" (Prophet Song) romanına görə irlandiyalı yazıçı Pol Linçə təqdim edildi. Pol Linçin sayca beşinci olan bu romanı Qərb demokratiyalarındakı iğtişaşları, İrlandiyada hökm sürən totalitar rejimin rəzilliklərini və Suriyada alovlanan münaqişə kimi fəlakətlərə bəşəriyyətin laqeydliyini göstərməyə çalışır.
Romanın süjeti Dublində qurulur, hekayənin mərkəzində qurulmuş demokratik normaları tezliklə pozacaq bəla - yaxınlaşan faşizm şəraitində ailəsini xilas etməyə çalışan tədqiqatçı və dörd uşaq anası Eilish Stakın hekayəsi dayanır.
Yazıçının özü mükafatın təqdimedilməsi ərəfəsində BBC Radio 4 proqramına verdiyi müsahibədə dediyi kimi, İrlandiyanın totalitarizm uçurumuna qərq olması “artıq baş verib".
Müsahibəni şəxsən dinləmişəm və oradakı bəzi məqamları “Ədəbiyyat və incəsənət” oxucularına çatdırmağı özümə borc bilirəm:
"Bu roman keçmişdə baş verən, indi baş verən və gələcəkdə baş verəcək hadisələri modelləşdirir. Mənim vəzifəm baş verənləri dinləmək və məlumatlı nəticələr çıxarmaq idi. İnanın ki, mən bu romanda öz yaşantılarımı da qeydə almışam, romanımdakı bəzi səhnələri sözün əsl mənasında yaşamışam, onları öz üzərimdə sınamışam və daha sonra bu səhnələrin koronavirus və lokdaun pandemiyası zamanı real həyatda necə təkrarlandığını müşahidə etmişəm.
Bu, çox qəribə idi, çünki kitabda dövlətin hər şeyi necə nəzarət altına almağa başladığı, komendant saatının necə tətbiq olunduğu barədə bir təsvir var idi. Bütün bunlar artıq yazılmışdı, 70 il öncənin yaşantıları romana mövzu seçilmişdi. Və 2020-ci ildə həmin şeyləri öz təcrübəmdən yaşamalı oldum."
Dublindəki son şiddət hadisəsi ilə bağlı nə düşündüyünü soruşduqda, Pol Linç baş verənlərdən şoka düşdüyünü və "bunun bizim üçün bir xəbərdarlıq olduğunu" etiraf etdi.
Eyni zamanda "siyasi romanlar"yazmadığını vurğuladı. Suriyadakı vətəndaş müharibəsi və qaçqın böhranı təəssüratı altında bir roman yazan Pol Linç Londonda keçirilən mükafat mərasimində Bukeri "böyük məmnuniyyətlə" evinə - İrlandiyaya aparacağını söylədi, eyni zamanda qələbəyə heç inanmadığını etiraf etdi.
"Maraqlıdır, çünki heç vaxt qələbəyə inanmamışam, beynim bu düşüncəni rədd edib. Ancaq tanıdığım hər kəs mənə deyirdi: "Bax, bu dəfə mütləq qalib olacaqsan, çünki bu inanılmaz bir zaman təsadüfüdür”.
“Qalibi elan etməmişdən 15 dəqiqə əvvəl bir az sarsılmağa başladım, bayıra çıxdım, orada məni Sir Ben Oakry (Nigeriya əsilli məşhur ingilis yazıçısı, Buker Mükafatı laureatı) tapdı, mənə bir neçə həvəsləndirici söz dedi, qayıtdım və bu zaman hər şey gözəl oldu”, - deyir Pol Linç.
Və oxucularıma onu da deyim ki, 46 yaşlı yazıçı Buker mükafatını əlinə alanda onu öpdü. Bu fotonu da redaktorlardan xahiş etdim ki, yazımızın qapaq fotosu etsinlər.
“Bu əsər emosional təsvirin təntənəsidir, ruhlandırıcı və cəsarətli romandır. "Peyğəmbər nəğməsi", hal-hazırda mövcud olan sosial və siyasi təlatümləri əks etdirir. Oxucuları təsirli və həqiqətə yaxın əsərlə tanışlıq gözləyir, onlar kitabda əksini tapan tövsiyələri hələ uzun müddət xatırlayacaqlar” – “Buker” mükafatının təşkilat komitəsi kitab haqqında bu sözləri yazıb.
"Peyğəmbərin nəğməsi" əsəri elə ilk misralardan bizi totalitarizmə qərq olmuş İrlandiyada öz ailəsini qorumağa çalışan qadının dəhşətli həyat şəraiti ilə tanış edir, bizi alışdığımız sakit və durğun vəziyyətimizdən çıxarır” – “Buker” mükafatının münsiflər heyətinin sədri, Kanadalı yazıçı Esi Educan qeyd edib.
Və mükafatçı barədə bu bilgiləri də verim: Pol Linç 1977-ci ildə İrlandiyanın Limerik şəhərində sahil mühafizəsi əməkdaşının ailəsində anadan olub. O, yazıçılıq karyerasına 2013-cü ildə başlayıb, o vaxta qədər isə kino tənqidçisi kimi fəaliyyət göstərib.
P. Linç bir çoxu ədəbiyyat sahəsində mükafatlara layiq görülən “Səhər saatlarında qırmızı səma” (Red Sky in Morning), “Qara qar” (The Black Snow), “Qreys” (Grace) və “Dənizin arxasında” (Beyond the Sea) kitablarının müəllifidir.
İrlandiyalı ədibin sözlərinə görə, onun yaradıcılığına Fyodor Dostoyevskinin “Yer altından məktublar”, Herman Melvillin “Katib Bartlbi”, Cozef Konradın “Tayfun” və Uilyam Folknerin “Mən ölərkən” əsərlərinin çox güclü təsiri olub.
Ədəbiyyat siyasətin içindədir. Ədəbiyyat sentimentalizm və romantizm çalarlarını, ədəbiyyat mistika, fentezi, detektiv və fantastika janrlarını yana itələyib non-fikşn pilləsində dayanıb, ədəbiyyat böyük siyasətin, güc mərkəzlərinin diktə etdiyi siyasətin icraçısı funksiyasını götürüb.
Nə deyək. 3-cü minillik, hər halda, öz abu-havasını gətirməliydi.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
“Möcüzələr şəhəri” beynəlxalq su sirki şousundan möcüzəli görüntülər
Bakı Dövlət Sirkinin yeni payız proqramı - Allahverdi İsrafilovun rəhbərliyi ilə “Möcüzələr şəhəri” beynəlxalq su sirk şousu başa çatıb.
Sirkin səhnəsində inanılmazlar baş verib: ilk dəfə olaraq tamaşaçılara 100 ton su ilə əhatə olunmuş 600 fəvvarənin simfoniyasının müşayiəti ilə çox maraqlı nömrələr nümayiş etdirilib.
Dünyaşöhrətli şou artistləri qəhrəmanların möcüzələr dünyasına nağıl gəmisi ilə getdikləri inanılmaz səyahət haqqında hekayəni təqdim ediblər. Təlxək, akrobatlar, gimnastlar, kəndirbazlar, ayılar, itlər, meymunlar və tutuquşuların çıxış etdiyi əsrarəngiz şou həm uşaqları, həm də böyükləri heyran edib.
"Möcüzələr şəhəri" ilk su sirk şousu xeyriyyə tədbiridir, bilet satışından əldə olunan bütün vəsaitin İkinci Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin ailələrinə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 13-də başlayan şou proqram noyabrın 26-dək davam edib.
"Möcüzələr şəhəri" beynəlxalq su illüziyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
AzərTAC su sirki şousundan maraqlı görüntüləri təqdim edib. Həmin görüntülərlə tanış olun.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)
Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.
AzərTAC xəbər verir ki, Fondun prezidenti Aktotı Raimkulova Türk dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib.
Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.
Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)