Bu dəfə “Dizayn sənayesinin inkişafı”

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunda günün sonuncu panel sessiyası “Dizayn sənayesinin inkişafı” mövzusuna həsr olunub.

 

Azər TAC xəbər verir ki, paneldə moderator “Coders” şirkətinin art direktoru Rəsul Həsən olub.

“Safaroff Agency”nin rəhbəri Çingiz Səfərov 2000-ci illərin əvvəllərindən dizayn sənayesinə marağının yarandığını bildirib. Qeyd edib ki, həmin illərdə Azərbaycanda bu sahə üzrə həm mütəxəssislər, həm də dizayn barədə məlumat çox az olub. “Təhsilimi Rusiya Federasiyasında almağa məcbur oldum. Lakin son on il ərzində Azərbaycan dizayn sənayesinin tərəqqisi istiqamətində böyük inkişaf yolu keçib, dizayn haqqında kitablar yazılıb, həmçinin kurslar fəaliyyət göstərir. Bildiyimə görə hətta dizaynerlər üçün kafe də mövcuddur. Bu, əlbəttə ki, sevindirici bir haldır”.

Əvvəl rəssamlıqla məşğul olan “Azərbaycan Dizayn Assosiasiyası”nın sədri Rəhim İsmayıl dizayn sahəsinə gəldiyi yoldan, həmçinin yaratdığı “Azerbaijan Design Award” layihəsi haqqında söz açıb: “Biz bu layihəni ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və stimullaşdırılması məqsədilə həyata keçiririk. Müsabiqənin əsas məqsədi ölkədə dizaynın keyfiyyətini yüksəltməkdir".

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmziyev rəhbərlik etdiyi təhsil müəssisənin fəaliyyəti barədə məlumat verib: "Peşə məktəbində akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanalar var. Tələbələrin yaxşı təhsil alması üçün hər bir şərait yaradılıb".

P.Həmziyev bildirib ki, peşə təhsilində ən vacib məqam istehsalat təcrübəsidir. Tələbələrin işəgötürənlərlə çalışması, onların gələcəkdə işlə təmin olunmasında mühüm rol oynayır.

Sonda panel sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Noyabrın 30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər üzrə İşçi Qrupun görüşü” və “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” adlı dəyirmi masalar olacaq.

“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.

Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.