Super User
Mir Cəlal yaradıcılığı Almaniyanın ədəbiyyat jurnalında yer alıb
Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Elgün Niftəliyevdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Signaturen.de” elektron ədəbiy¬yat jurna¬lı mütəmadi olaraq səhifələrində Andreas Qrifius, Frans Kafka, Kristian Morgenştern, Pablo Neruda, Stefan Malarme kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
İtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək
İstedadlı italyan pianoçu Lorenso Banyati Bakı tamaşaçıları qarşısında çıxış edəcək. “Suda əks olunanlar” konserti oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Maraqlı proqramda Ferens List, Moris Ravel, Klod Debüssi və digərlərinin əsərləri səsləndiriləcək.
Lorenso Banyati – dünya fortepiano səhnəsinin parlaq yüksələn ulduzudur. O, 1998-ci ildə Milanda istedadlı musiqiçilər ailəsində dünyaya gəlib. Artıq 4 yaşında fortepianoya olan həvəsi aşkar olunub və 7 yaşında Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasının tələbəsi kimi ilk konsertini verib. Gənc pianoçu konservatoriyanı 17 yaşında əla qiymətlərlə bitirərək, təhsilini Qnesinlər adına Rusiya Musiqi Akademiyasında davam etdirib. Hazırda Lorenso ustalığını maestro Eliso Virsaladzenin rəhbərliyi altında təkmilləşdirir. Onun çıxışları virtuoz texnikanın və dərin emosionallığın simbiozudur.
Anton Rubinşteyn adına müsabiqə və bir çox başqa beynəlxalq müsabiqələrin qalibi Lorenso Banyati “Karneqi Holl” (Nyu-York) və La Feniçe Teatrı (Venesiya) da daxil olmaqla, mötəbər dünya səhnələrində solo konsertlərlə çıxış edir. Tanınmış musiqiçi bir neçə nüfuzlu müsabiqələrin münsiflər heyətinin üzvüdür.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Bir direktor və bir şagird” layihəsində 39 nömrəli məktəb
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 39 nömrəli məktəbin direktoru Milli Qəhrəman Şahlar Şükürovun bacısı- Tahirə Şükürovadır. O, 09.09.1961-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. 01.09.1984-cü ildə Zülfüqarlı kənd orta məktəbində İngilis dili müəllimi və direktor müavini işləyib. 1993-cu ildən Kəlbəcər rayonu 17 nömrəli məktəbdə direktor müavini, 1996-cı ildən Bakı şəhəri 47 nömrəli məktəbdə İngilis dili müəllimi və direktor müavini kimi fəaliyyət göstərib. 2011-ci ildən isə 39 nömrəli məktəbdə direktor vəzifəsində çalışır. Tahirə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür.
Daxili dünyasının zənginliyinə görə müəllim, şagird və valideynlərin rəğbətini qazanıb. Rubrikamızın budəfəki istedadlı şagirdi həmin məktəbin 8-ci sinif şagirdi Aydan Aslanzadədir. Aydan Ədəbiyyatı çox sevməklə yanaşı, gələcəkdə həkim olmağı arzulayır.
Beləliklə, Aydan Aslanzadənin yazısını Sizlərlə paylaşırıq.
Zəfər tariximiz.
Azərbaycan! Nə qədər doğma, nə qədər əziz bir söz. Söz deyil, bir dünya, igidlərimizin canını, qanını qurban etdiyi bir kəlmə!
Doğma Vətən, qədim və zəngin tarixin, mədəniyyətin, sərvətlərin daim düşmənlərə yağlı tikə görünmüşdür. "Başıbəlalı" torpağım. Sənin gözəl, dilbər güşələrini "qəddar ovçular" hədəf etdi. Biz onlara süfrə başında yer verdik, mənəviyyatımızın zənginliyəndən süfrə açdıq. Amma nə bilərdik ki, suyumuzdan və çörəyimizdən qidalanıb özümüzə düşmən kəsiləcəklər. Nə bilərdik ki, bu vicdanını itirmiş qonaqlar öz torpağımızda bizi yada çevirmək cəhdi edəcəklər. Düz otuz il biz öz doğma torpaqlarımıza həsrət qaldıq. Məcburi köçkünlərimiz öz doğma yurdundan didərgin düşdü. "Qarabağ adlı" dərdlə neçə atamız, anamız öz dünyasını dəyişdi. İllərin həsrəti ürəkdə dözülməz bir ağrıya səbəb oldu.
Lakin biz inamımızı heç itirmədik ki, bizim olan bizimdir. Qarabağ həmişə bizim idi. Ali Baş Komandanımız bizə həmişə atasının vəsiyyətini gerçəkləşdirəcəyini söyləyirdi. Prezidentmiz informasiya müharibəsində də qətiyyətli addımlar atırdı. Əsgərlərimiz ön cəbhədə döyüşürdü, Ali Baş Komandanımız bütün dünyaya Azərbaycan həqiqətlərini əyan edirdi. Cəsur Prezidentmizin duruşunda, sözündəki qorxmazlıq bütün xalqımızda inam və ruh yüksəkliyi yaratmışdı. Bu inam və "Dəmir yumruq" xalqımızı Zəfərə apardı.
30 illik ağrı 44 gün əzrində yox edildi.
30 illik həsrət 44 gün ərzində yerini sevincə, qürura verdi.
30 illik xəyallar 44 gün ərzində gerçəyə çevrildi.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Qorxmaz, cəsur Sərkərdəmiz İlham Əliyev cənablarının və müzəffər ordumuzun səyi nəticəsində biz öz doğma torpaqlarımıza qovuşduq.
Bu şanlı tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Biz bu tarixi "Zəfər Günü" kimi yaddaşımıza yazdıq. Bu gün düşmənin əbədi yas tutacağı bir günə döndü...
Mənfur düşmən əvvəldən anlamalı idi ki, torpaqdan pay olmaz. Cəsur sərkərdəmiz qətiyyən öz torpağından bir ovuc belə düşmənə pay verməzdi.
Müzəffər və rəşadətli Azərbaycan ordusu min bir əziyyətlə-canı ilə, qanı ilə torpaqlarına sahib çıxdı.
Vətən uğrunda ölən varsa, Vətəndir.
Torpaqla qan qarışırsa, Vətəndir. Azərbaycanın mübariz ruhlu oğulları bunu öz qanı və canı ilə sübut etdi.
Allah bütün Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə şəfa versin. Millətimiz onların borcunu əsla ödəyə bilməz və heç vaxt unutmaz!
Qəhrəman Şəhid anaları "Zəfər Günü"-nü Sizə borcluyuq. "Oğlum Vətənə qurban"- deyən dilinizə qurbanıq, mərd Azərbaycan qadını!
Baxıram dalğalanan müqəddəs bayrağıma,
Oğul, deyirəm mən də qurbanam torpağıma.
Səninlə fəxr edirəm, ruhuna baş əyirəm,
Yaşasın Azərbaycan, bax qürurla deyirəm!
(Ülviyyə Əbülfətqızı)
Ali Baş Komandanımız və müzəffər ordumuzun bizə yaşatdığı "Zəfər Günü"-nü xalqımız heç vaxt unutmayacaq.
"Bir igid oğul" ata vəsiyyətinə əməl etdi Azərbaycan xalqı isə Qarabağına qovuşdu. Yaşasın Ali Baş Komandanımız!
Yaşasın müzəffər ordumuz! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Dantenin yubileyi”nin premyerası ayın 20-də olacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyera tarixi açıqlanıb.
Səhnə əsərinin premyerası oktyabrın 20-də və 21-də gerçəkləşəcək.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur. Səhnə əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Sənubər İsgəndərli, Elşən Rüstəmov, Mətləb Abdullayev, Anar Heybətov, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Məhsəti Tahirzadə, Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Elsevər Rəhimov, Tural İbrahimov, Nəzrin Abdullayeva və Lalə Süleymanova çıxış edəcəklər. Tamaşanın dəvət olunmuş iştirakçıları Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
“Dantenin yubileyi” özünə düzgün peşə tapmayan insanın kədərli taleyi haqqındadır. İnsan həyatda öz peşəsini düzgün seçməlidir. Seçim düz olmayanda, insan bütün həyatı boyu əziyyət çəkir. Tamaşanın qəhrəmanı Feyzulla Kəbirlinski həyatda qalibdir, sənətdə məğlub. Çünki seçimi doğru olmayıb.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Qənirə Paşayeva barədə rekviyem - Firuz Mustafa
“Ədəbiyyat və incəsənət” portalı Firuz Mustafanın Qənirə Paşayeva ilə bağlı “Qənirə xanım haqqında bir neçə kəlmə” yazısını diqqətinizə çatdırır. Yazı müəllifin Gündəliyindən sətirlərdir.
28.09.2023
Bu dəqiqələrdə, yəni bu günün 2-ci yarısında, deputat Qənirə Paşayevanın dünyasını dəyişməsi xəbəri yayildı...
Qənirə Paşayeva parlamentin ən fəal üzvlərindən biri idi. Türk dünyasında yaxşı tanınırdı. Sadə adamlar tərəfindən sevilirdi. Gülərüz, nikbin, həyatsevər bir xanım idi. İncənətə böyük rəğbəti vardı. Arada şeir və esselər yazırdı. İxtisasca həkim idi. Bir xeyli müddət jurnalistlik fəaliyyəti ilə məşğul olmuşdu. Çox kasıb-kusubun qəlbinə yaxın və hakim idi. Eşitdiyimə görə, çox adama əl tutmuşdu. Hər mövzuya açıq idi. Maraqlı həmsöhbət kimi diqqəti cəlb edirdi. Aydın nitqi vardı. Emosional idi. Çalışırdı ki, imkanı daxilində həqiqətin, ədalətin, doğrunun yanında olsun. Bir rayondan deputat seçilsə də, bütün ölkədə nüfuzu vardı. Mən yaxın xaricdə- Türkiyədə və Özbəkistanda səfərlərdə olarkən onu çox adamın soruşurduğunun şahidi olmuşam. Məmləkətimizdə isə onu sevənlər lap çox idi. Həmişə kiməsə kömək etməyə tələsərdi. Adama elə gəlirdi ki, o, ölkənin bütün vətəndaşlarını adbaad tanıyır... Hələ ailə qurmasa da, hərəkətlərində bir müdrik ağbirçək, ana, qadın, xanım-xatun ədası, jesti duyulurdu. Eşitmişdim ki, mənəvi qızı var.
Qənirə xanımla hələ onun ANS-dəki “dövründən” tanış idik. Bir çox tədbirlərdə iştirak etmişdik...
Təəssüf, min təəssüf... Doğrusu, bu dərin təəssüf hissimə indi, bu anlarda bir başqa bir hiss də əlavə olunmaqda. Bu, nəsə bir az da mənimçün narahatlığa bənzər bir hissdir... Belə ki, ötən ilin (2022-ci ilin) əvvəllərində MM-dən, Qənirə xanımım adından mənə istedadlı şair və ictimai xadim Əkbər Qoşalı zəng etdi. Ad günümü təbrik etdi. Sonra bildirdi ki, Qənirə xanım da Sizi sabah rəhbərlik etdiyi Mədəniyyət komitəsi adından təbrik etmək istəyir və bununçün MM-ə dəvət edir. Deyəsən hədiyyə də təqdim ediləcəyini bildirdi.
Həmin günlərdə xəstə idim. Düzü, bu cür sınıxmış və “sıxılmış” bir vəziyyətdə getməyi özümə yaraşdırmadım... Həmin anlarda növbəti iynəni venama vurmağa hazırlaşan tibb bacısı Qənirənin adını eşidəndə qeyri-ixtiyari: “Qənirə yaxşı qızdır”,-deyə əlavə etdi...
Mən reallığı Əkbər bəyə izah etdim. O, dedi ki, oldu, onda nə zaman istəsəniz gələ bilərsiz...
Sonralar bir müddət Gədəbəydə oldum, Türkiyəyə müalicəyə getdim...
Son aylarda müxtəlif tədbirlərdə Qənirə xanımla bir neçə dəfə görüşdük. Üzümə vurmasa da sonuncu dəfə onunla bu il sentyabrın əvvəllərində, haradasa bu faciəvi gündən yarım ay əvvəl, mədəniyyətlə bağlı bir toplantıda rastlaşdıq. Mənə elə gəldi ki, o, hədsiz dərəcədə arıqlayıb, sınıxıb. Uzun bir yolu piyada gəlmiş yorğun adam təsiri bağışlayırdı. Olsun ki, hansısa ciddi əməliyyatdan çıxmışdı. Amma hiss olunurdu ki, iradəsi hesabına bu “yorğunluğun” içindən sıyrılmaq durumundadır. Özünəməxsus bir yumor və təbəssüm hissi iə üzümə baxaraq əlimi sıxdı və asta, məxməri səslə:
-Gəlmədiniz də,-dedi.
-Onda imkan olmadı, inşallah, bir gün mütləq gələrəm, Qənirə xanım, -deyə, cavab verdim...
Nur içində yat, əzizimiz qənirsiz Qənirə xanım.
29.09.2023
Qənirə Paşayeva bu Vətənin hər qarış torpağını canından çox sevirdi. Onun cismi bu gün 2-ci Fəxri xiyabanda Vətən torpağına tapşırıldı...
Təzyiqimi ölçən tibb bacısı doluxsunmuş halda dedi: “Heyif Qənirədən. Ondan bir də çətin ola... Nədənsə yaxşılar tez gedir”... Bəli, doğrudan da yaxşılar həmişə tez gedir, hətta ömrün ən ahıl çağında, yüz yaşında olsalar belə. İnsan sevgisinin və insana sevginin yaşı isə, yaşın miqyası ilə yox, ürəyin hökmü ilə ölçülür...
Son günlər sosial şəbəkələr, bütövlükdə media, daha çox torpaqlarımızın işğaldan azad olunmasından və Qənirə Paşayevanın dünyasını dəyişməsindən yazır. Əminəm ki, indi onun Vətən göylərində dolaşan ruhu sakitdir, -azadlığa qovuşan torpaqlarımıza görə...
Yatdığı torpaq nurla dolsun...
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
DEBÜT-də Əlizadə Əlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalında bu gün növbəti Debütdür, Əlizadə Əlinin şeirləri ilə tanışlıqdır.
Əli klassik üslubda yazır, bu da günümüzdə az rast gəlinən haldır. Çoxəsrlik klassik poeziyamızın ənənələrini gənclərin davam etdirməsi, əlbəttə ki, gözəldir.
Bu gün
Dağılıb mülki-cahanım, olubdur viranə bu gün,
Divarları kədər olan qurmuşam qəmxanə bu gün.
Oturduğum qəmxanəyə yenə yağır qəm yağışı,
Sevinc yağan o günlərdən qalmayıb nişanə bu gün.
Gül üzünə əsir düşən hislərimin atəşində,
Kül eləyir öz canını gör neçə pərvanə bu gün.
O misilsiz gözəlliyin bu şairi edib dəli,
Sərsəritək fırlanıram, olmuşam divanə bu gün.
Hüsnünə aşiq olmuşam, gözlərinin məhbusuyam
Gözlərində xəstə düşüb ölmüşəm mərdanə bu gün.
Həkk olmusan yaddaşıma, unutmuşam varlığımı,
Qaldırıram şəninə mən badeyi-peymanə bu gün.
Üz-gözümdən yağır kədər sənə heyran olan gündən
Sən Əlinin bu halına qalmısan biganə bu gün.
Gəlməmişəm
Yuxu getməz gözlərimə, ağlayaram sübhə qədər,
Gözlərimdən yaş yerinə axar qüssə, axar kədər.
Ruhum artıq çox qocalıb cavanlığım olub hədər,
Hədər olan cavanlığın qiymətini bilməmişəm,
Mən dünyaya yas tutmağa, qəm çəkməyə gəlməmişəm.
İşlədiyim günahlarım gecə-gündüz sıxır məni,
Xaricimdən dik göstərib daxilimdən yıxır məni,
Bilirəm ki, bu günahlar öldürəcək axır məni,
Mən ölümün belə ucuz olduğunu görməmişəm,
Mən dünyaya az yaşayıb çox ölməyə gəlməmişəm.
Mən zamanla anladım ki, budur doğru, budur gerçək,
Bəxtimin də bəxti yoxdur, üz çevirib məndən fələk.
Çün yerinə yetməyibdir nə bir arzu, nə bir dilək,
Bir diləyim yoxdur daha, mən ki, ona yetməmişəm,
Mən dünyaya varlığımı heç etməyə gəlməmişəm.
İstənilən çətinliyə tab gətirib mənim sinəm,
Tanımırsan bəlkə məni? İcazə ver deyim kiməm.
Nəsiminin beytindəki zərrə mənəm, günəş mənəm,
Mən günəşin zərrəsiyəm, içim yanır sönməmişəm,
Mən dünyaya tez alışıb tez sönməyə gəlməmişəm.
“Ədəbiyyat və incəsənət”
(02.10.2023)
7-ci “DokuBaku” Sənədli Filmlər Festivalının qalibləri elan olundu
Azərbaycan Resöublikası Mədəniyyət Nazirliyinin dəstək verdiyi 7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatıb.
Daim festivalı gündəmdə saxlayan “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival boyu 29 ölkədən 60-dan çox film təqdim olunub. Bu il festivalın əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olub və təqdim edilən filmlərin əksəriyyəti sənədli film ustalarının dövrümüzün çağırışları ilə bağlı baxışlarına həsr edilib. Festivalın sponsorları Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyindən başqa həm də Nizami Kino Mərkəzi, Almaniya və Fransa səfirlikləri olub.
İndi isə qaliblər barədə:
-“Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında festivalın qalibi Anastasiya Şubina və Timofey Qlininin (Rusiya Federasiyası) “Piblokto” filmi seçilib.
-Rejissor Nəzrin Ağamalıyevanın çəkdiyi “Hədis” filmi ən yaxşı qısametrajlı Azərbaycan filmi elan edilib.
-Rejissor Leyla Qənbərlinin “Sanatoriya melodiyaları” filmi “DokuDarvin” nominasiyasında ən yaxşı qısametrajlı film nominasiyasına qalib olub.
-Hindistanlı rejissor Nistha Jainin “Qızıl iplik” filmi bu kateqoriya üzrə ən yaxşı xarici film nominasiyasına layiq görülüb.
-Danimarkalı rejissor Maykl Qraversenin “Mr. Qraversen” filmi ən yaxşı tammetrajlı film kimi tanınıb.
-Ən yaxşı “No Main” nominasiyasında mükafata italyan rejissorlar Davide Rizzo və Marsia Toscananın “Körpüdən sonra” filmi layiq görülüb.
-Aşağıdakı filmlər müxtəlif nominasiyalar üzrə münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüblər. Livanlı rejissor Siril Arisin “Vulkanın kənarında rəqs”, Rajan Kathet və Sunir Pandeyin (Nepal) “Qış tətili yoxdur”.
-Üç Azərbaycan filmi: “Hasarların arxasında” - Azad Əlizadə, “Dog Doc” Dadaş Musayev və Sitarə İbrahimbəyli, Səbinə Abubəkirovanın “Evdən səsləri eşidin” filmləri də münsiflərin xüsusi mükafatına layiq görülüblər.
-Qeyd edək ki, qaliblərin elan edilməsi ilə yanaşı, Rəhman Bədəlov və Toğrul Cuvarlıya kinematoqrafiyada xüsusi xidmətlərinə görə xüsusi “iCyborg” mükafatları da təqdim edilib.
2017-ci ildə Bakıda əsası qoyulan festival dünyanın hər yerindən sənədli filmləri nümayiş etdirmək məqsədi daşıyan ilk müstəqil beynəlxalq sənədli filmlər festivalıdır.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Turanın "Altun qələm"li övladı...” - İntiqam Yaşarın doğum gününə
İstedadlı gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, “Ədəbiyyat və incəsənət” ailəsinin üzvü İntiqam Yaşar ötən gün növbəti doğum gününü qeyd etdi. Bu münasibətlə Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızının yazısını diqqətinizə çatdırırıq.
Cənnətməkan Musa Dədəmin sağlığında tez-tez Buynuza ziyarətinə gedərdim… Həmişə mənə elə gəlirdi ki, İsmayıllının hər bir kəndi öz təbiətinə görə nə qədər füsunkar olsa da, Buynuz təkcə təbiətinə görə yox, həm də daşıdığı mənəvi dəyərə görə bizlər üçün çox doğmadır… Hətta bir qədər poetik yanaşanda elə bilirdin ki, o kənd özü də Musa Yaquba bənzəyir və Buynuz bu oxşarlıqdan, doğmalıqdan qürrələnib başını bir az da dik tutur. Haqqı da çatır əslində. Axı Azərbaycan coğrafiyasında Yazıçılar İttifaqının qeyri- rəsmi filialına çevrilmək hər kəndə, hər elə-obaya nəsib olmur…
Musa Dədəmin torpağı sanı yaşasın, uzun zamandır ki, İntiqam Yaşarın həyat tərzini müşahidə etdikcə ürək arxayınlığı ilə qələm dostlarımıza dedim ki, Yazarlar Birliyimizin bir mənəvi filialı da indi Gədəbəyin Çobankəndindədir… Şen olsun!
Böyük Məhəmmədhüseyn Şəhriyarın dilimin əzbəri bir misrası var. Yazır ki: “Mənim atam süfrəli bir kişiydi…” Əslində, insanın xasiyyətinin də, istedadının da ən gözəl yanı süfrəli olmağı bacarmağıdı… Bu gün dəyərlərin aşındığı, duz-çörək kəsməyin, ülfət bağlamağın unudulduğu bir məqamda İntiqam Yaşarın xarakterinin elə yaradıcılığı kimi özünəməxsus tərəfi süfrəli kişi olmağı bacarmağı, süfrəsindən dost bildiklərinə, özü bildiklərinə pay bölməsi, çörək kəsib, kəsdiyi çörəyin bin-bərəkətini qorumağı bacarmasıdı... Dağlar keşikçisi Gədəbəyin o ucalıqlarından süzülüb gələn büllur sutək dumduru qəlbi olan İntiqamın özü kimi, sözü kimi halal olan çörəyini kəsmək özü də bir səadətdir…
İntiqamın Türküstan boyda ürəyi var… O, təkcə, dağlar qoynundakı yurdunu, böyüyüb boşa-başa çatdığı kəndini deyil, Alagöldən, Çolpandağdan, Elləroyuğundan, Şahdağdan, Babadağdan, Murovdağdan, Haçadağdan Tanrı dağa yol alan bütün Türk dünyasını köksünə sığdırıb… Mən İntiqam Bəyin bu yaşına qədər “məsumiyyət muzeyi” kimi qoruduğu, körpə gözü təkin o dumduru ürəyindəki bu izahsız Turan sevgisini körpə bir yavrunun Anaya olan məhəbbətinə bənzədirəm... İntiqam Bəyin ürəyində göz açdığı beşikdən – Çobankənddən Tanrı dağa bir Yol uzanır və İntiqam Yaşar o Haqq yolunun ən halal yolçusudur... Yolu aydın olsun!
“Bizim yolumuz tikanlıdır, ayağını sevənlər bizimlə gəlməsin.” - deyir Seyid Qütbi... Bu gün İntiqam Yaşar Turan məfkurəli böyüklərimizin bizə mənəvi miras qoyub getdiyi o cəfalı Yolun tikanına, çökəyinə, kələ-kötürünə, çala-çuxuruna baxmadan yorulmadan, yenilmədən, ləyaqətlə, şərəflə o Haqq yolunu yürüməkdədir...
Məhəmməd Əmin Rəsulzadənin Cumhuriyyət işığını, İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” amalını, Əli bəy Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” yandıran türkçü düşüncəsini, Bütöv Azərbaycan məfkurəsini günümüzə daşıyan və hər daim gündəm olmasını qoruyub sağlayan milli məfkurəli, türk qanlı, islam imanlı, Turan sevdalı sağlam Əqidə Adamıdır İntiqam Yaşar...
Onun başqanı olduğu – canının parçası, övladı kimi əzizlədiyi, qoruduğu Dünya Gənc Türk Yazarlar Birliyi hər nə qədər Ədəbiyyat qurumu olsa da, qurumun gördüyü hər bir işdə Böyük Məhəmməd Əmin nəfəsi, gerçəkləşdirdiyi hər layihədə türkçülük hərarəti, Turan sevdası duyulmaqdadır.
Bakı küləklərinin hansı səmtə əsməyindən asılı olmayaraq İntiqam Yaşar Dağlar oğlu olduğunu, dağ əyilməzliyini, onurlu və məğrur duruşunu, yenilməzliyi, küləyin istiqamətinə yön dəyişməzliyi, peşə vicdanına, yoluna, qələminə sədaqətini öz dəsti-xətti ilə çoxdan ortaya qoyub – həm də ən gözəl hüsn - xətlə...
Bu dünyada dürüstlüyün, təmiz sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu...Tanrı bu Ucalığı ona nəsib edib, Tanrı bu Ucalığı İntiqamın alnına yazıb, həm də gözəl xətlə yazıb.
Böyük Mirzə Ələkbər Sabir yazırdı ki: Həqiqi Valideynin ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur. İntiqam Bəyin Azərbaycan mühitində qazandığı bütün statuslardan daha ucada dayanan bir adı da var: Bütün addımlarıyla ailəsinə baş ucalığı gətirən ləyaqətli övlad olması... Mən İntiqam bəyi dünyaya gətirən, bu cür mükəmməl tərbiyədə və düşüncədə yetişdirən Anamızın əllərindən öpürəm, Var olsun! – deyirəm. İntiqam bəyə həyata atdığı ilk addımlarından dili, sözü, əməli bir olmağı öyrədən, İntiqam bəyi bu cür mətin, dürüst, təmiz əxlaqda, böyüyə hörmətli, uşağa məhəbbətli, dosta sədaqətli yetişdirən Yaşar Atamızın qarşısında sayğıyla baş əyirəm!
Anamız o qədər böyük ürəkli qadındır ki, onu məhz bu gün 3 Ekim – Türk dünyası günü dünyamıza bəxş edib – Türk dünyasına ərməğan edib… Mən o anamıza həm də öz adımdan bir təşəkkür borcum var. Gədəbəydə Milli Yaylaq festivalı keçiriləndə Bakıdan gedən qonaqları İntiqam Yaşar adəti üzrə ata yurduna qonaq dəvət etmişdi. Qələmdaşlarımız səhər yeməyi süfrəsinin şəklini çəkib paylaşmışdılar ki, İntiqamın gözəl anası bizim üçün “köppəcə” bişirib. O şəkli görən balaca qızım “Ana, mənə də köppəcə bişir, - dedi. Həmin gündən “köppəcə” bizim də süfrəmizin əziz bir yeməyinə çevrildi. Bu yazımla alnının təri, əlinin qabarı , halal çörəyi ilə İntiqam kimi bir oğul böyütdüyü üçün Anamıza ürəkdolusu minnətdarlıqla gözüdolusu övlad səadəti diləyirəm ulu Tanrıdan!
Bütün bağlılıqların – dostluqların, doğmalıqların özəyində, təməlində güvənmək, inanmaq ehtiyacı dayanır. İntiqam Yaşar özü böyüklükdə güvən duyğusu sağlayan Adamdı... O varlığı, saf enerjisi ilə insana elə bir güvən bəxş edir ki, onunla Tanrı dağlarına qədər çiyin-çiyinə piyada yürümək olar...
Yaxşı ki, Varsan, Əzizim!
“Altun qələm”inlə iz açdığın Böyük ədəbiyyat yolunda yaradıcılıq uğurları, şərəflə yürüdüyün böyük Turan yolunda Tanrıdan Sənə güc, sarsılmaz iradə, möhkəm can sağlığı diləyirəm!
Doğum günün mübarək!
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Həmin gənc bizim ədəbiyyatı dünyaya tanıdacaq" - MÜSAHİBƏ
Uraqan Abdullayev, "Ədəbiyyat və İncəsənət"
Bu dəfə "Ədəbiyyat və İncəsənət" portalının ən gənc üzvü olan Nigar Həsənzadə ilə söhbət etdik. Mənim üçün sözün həqiqi mənasında yaş sadəcə bir potensial göstəricidir. İnsanları yaşına yox, bilgilərinə, müdrikliyinə görə dəyərləndirmək lazımdır. Şah İsmayıl Xətai 14 yaşında taxta çıxanda böyük deyildi. Eləcə də bir çox məşhur sayılacaq şəxs hələ gənclik illərində məşhurlaşıb. Sadəcə, illər ötdükcə bəzən fikirlər dəyişə bilir. Düşünürəm ki, bu müsahibəmiz də Nigar xanım üçün ən xoş təəssüratlarla yadında qalacaq. İllər keçsə belə, bu müsahibəni açıb oxuyanda üzündə bir təbəssüm tumurcuqlanacaq.
-Xoş gəldiniz, Nigar xanım. Sizi tanımayanlar üçün özünüzü təqdim edin zəhmət olmasa.
- Təşəkkürlər, Uraqan bəy. Müsahibə təklifiniz də xoş oldu. Mən Nigar Həsənzadə. Bakı şəhəri Maştağa qəsəbəsində doğulmuşam və yaşayıram. 3-cü sinifdən bəri öz istedadımı anlamışam. İlk vaxtlar şeirlər səsləndirirdim, daha sonra maraqlı esselər və sərbəst şeirlər yazdım. Hal-hazırda da kiçik hekayələr, esselər, məqalalər, sərbəst və heca vəznində şeirlərin müəllifiyəm. Ən çox sevdiyim isə qiraətdir, şeir səsləndirərkən ruhum dincəlir və bunların içərisində özümü ən çox tapdığım da məhz qiraətdir, lakin başlayanda ağlımda şeir yazma qabiliyyətimi gücləndirmək idi. Gənclərdən ibarət könüllü birliyin - OYB-nin sədriyəm. "44 Gün və Əbədiyyət" adlı kitab nəşr edilib Maştağada, o kitabda iki şəhidmiz haqqında yazılarım, jurnallarda şeirlərim çap edilib. Həm öz qəsəbəmizdə, həm də kənarda tədbirlərdə iştirak etmişəm və uğurla qiymətləndirilmişəm. Hal-hazırda sizlərlə birgə "Ədəbiyyat və İncəsənət" portalında fəaliyyət göstərmək mənə xoşdur.
-Kumir kimi gördüyünüz biri varmı? Hansı ki, həm böyüklüyü, həm yazı stilini ondan öyrənirəm deyirsiniz.
- Təbii ki, hər kəsin həyatında nələrisə öyrəndiyi, özünə nümunə kimi bildiyi insan ola bilər, amma mən tam olaraq birisini özünə nümunə götürüb onun yoluyla getməyi düzgün bilmirəm. Hər kəsin öz yolu, öz izi olmalıdır. Bəli, elə biriləri var ki, nələrisə onlarla məsləhət etdiyim olur, əsasən də bu ədəbi dəryada.
-Həyatınızda var olan ən çox nə üçün özünüzü minnətdar hesab edirsiniz?
- Yaranan şanslar üçün özümü minnətdar hesab edirəm. Çünki şans, məncə, çox böyük şeydir, bizə nə zaman qonaq gəlirsə, çox sevinməliyik. İnsan olaraq isə ailəm, bəzi müəllimlərim və bəzi insanlar var əhatamdə, onların varlığına minnətdaram.
-Əgər böyümə təbiətinizlə bağlı bir şeyi dəyişdirə bilsəydiniz, bu nə olardı?
- Çox diqqətciləm, əslində, bu çox gozəl bir şeydir, amma "çox həssas və çox diqqətcil insanlara bu həyat cəhənnəmdir" deyirlər. O səbəbdən, bir az həssaslıq səviyyəm az olsun istəyərdim. Amma bunlarla bərabər, həm də çox güclüyəm, mənəvi cəhətdən bir şeyə inada düşərəmsə əldə etməmiş dayanmaram, amma yenə də bəzən həssas olmaq insanın gücündən alır.
-Əgər öyrənmək istəyəcəyiniz hər şeyi söyləyə bilən bir kürəyə sahib olsaydınız, amma öyrənmək üçün sadəcə bir şansınız olsaydı nəyi bilmək istərdiniz?
- Özümdən sonra iz qoymağım üçün hansı addımı atmalıyam? "Bu həyat fanidir, əbədi yaşamaq üçün nə edə bilərəm?" də bu sualın sinonimidir.
-Koçing fəlsəfəsi deyilən bir fəlsəfə var. Bu fəlsəfə çətin vəziyyətdə olan insanları tövsiyələrlə xilas etmir, vermək istədikləri suallar verərək cavabları özlərinin tapmasına kömək edir. Əgər bütün insanlara sual vermək şansınız olsaydı, onlara hansı sualı vermək istərdiniz?
- Niyə ədalət axtarırıb ədalətsiz olursunuz, niyə yaxşı kəslər axtarıb, yaxşı olmaq üçün addım atmırsınız?
-Oxuduğunuz kitablar arasında ən çox sevdiyiniz janr hansıdır?
- Romantika, detektiv.
-Azərbaycanda kitab industriyasının inkişafı üçün edilməsi gərəkən işlər hansılardır? Necə bir layihələr başladılmalıdır, sizin fikrinizcə?
- Bu işə müəyyən kəslər seçilməlidir, onlar rayon-rayon, lazımsa kənd-kənd gəzməli, istedadları üzə çıxarmalı, maddi kömək göstərməlidir, çünki bu gün maddiyyata görə çox istedadlar geri qalır, üzə çıxa bilmir. Eləcə də öz hesablarına kitab çıxaran gənclər var, onların uğurlularını müəyyənləşdirib diqqətə almaq, motivasiya olaraq ikinci kitablarına dəstək olmaq olar. Və çıxarılan kitablar geniş yayılmalıdır. Beləcə, bəlkə, elə bir kitab olacaq ki, seviləcək və həmin gənc bizim ədəbiyyatı dünyaya tanıdacaq.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Parlamentdə dövlət ehtiyatları ilə bağlı yeni qanun layihəsi müzakirə olunub
Oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. AzərTAC xəbər verir ki, iclasda 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin xalqımızın həyatında əlamətdar tarix olduğu bildirilib və ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.
Sonra komitə sədri Tahir Mirkişili iclasın gündəliyini təqdim edib. Bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Birinci məsələ “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.
Komitə sədri qeyd edib ki, son illər dünyada baş verən kataklizmlər iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin təminatı üçün dövlətin əlavə funksiyaları üzərinə götürmək zərurətini yaradıb. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmini üçün dövlət ehtiyatlarının və ərzaq balansının yaradılması istiqamətində atılan mühüm addımlardan söz açan T.Mirkişili 4 fəsil 14 maddədən ibarət yeni qanun layihəsində dövlət ehtiyatlarının yaradılması və ərzaq balansının təmin edilməsi üçün müasir və mütərəqqi tənzimləmələrin təsbit olunduğunu vurğulayıb.
Qanun layihəsi ilə bağlı danışan Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov əvvəlcə dövlət ehtiyatları sahəsində mövcud qanunvericilik, dövlət ehtiyatları sahəsində effektiv tənzimləmə sisteminin təmin edilməsi üzrə dövlət başçısı tərəfindən verilən tapşırıqlar və atılan addımlar barədə məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsinin ölkəmizdə dövlət ehtiyatları sahəsini tənzimləyən vahid normativ hüquqi aktın, bu sahə üzrə vahid konseptual yanaşmanın qəbul olunması zərurətindən irəli gələrək hazırlandığını bildirib. Layihənin ümumi strategiyasından bəhs edən agentlik sədri sənəddə dövlət ehtiyatlarının strateji, fövqəladə və səfərbərlik olaraq 3 bloka bölündüyünü bildirib, onların əhatə dairəsi, strukturu barədə danışıb. O, deputatlara, dövlət ehtiyatlarının təyinatı və layihədə təsbit olunan digər tənzimləmə mexanizmləri barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin məqsədi dövlət ehtiyatlarının dayanıqlılığını və onlardan düzgün istifadəni təmin etməkdir.
Layihənin müzakirəsində çıxış edən komitə sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Mahir Abbaszadə, Vüqar Bayramov, İqbal Məmmədov və Aydın Hüseynov sənəddə nəzərdə tutulan dövlət-özəl sektor əməkdaşlığının mexanizmləri, dövlət ehtiyatlarının hüquqi statusu, strukturu və dinamikası, yerli məhsulların tədarük şərtləri və qiymətləri kimi məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
S. Sadıqov deputatların suallarına və qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra “Dövlət ehtiyatları haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra deputatlar “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanan “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçirərək, birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)