“Cümə günü Əbülfəzqızının 10 sualı"nda İqbal Nəhmət Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı" ilə rubrikasının budəfəki qonağı İqbal Nəhmət (Nəhmətov) 3 noyabr 1976-cı ildə Yardımlı rayonu Urakəran kəndində anadan olub. Bu günə qədər onun 4 şeir kitabı nəşr edilib. Şeirləri,  "Azərbaycan''  "Ulduz", "Sözün işığı'' "Məhsəti'', "Şəfəq" və.s jurnallarda, "Ədəbiyyat qəzeti”ndə, “Ədəbiyyat və incəsənət” portalında, Təbrizdə "Sancaq'' qəzetində və digər mətbuat orqanlarında dərc olunub. Bir neçə şeiri özbək dilinə tərcümə edilib. Sözlərinə bir neçə mahnı bəstələnib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

 

-Xoş gördük, dəyərli İqbal bəy. Əminəm ki, bu dəfə də sual və cavablar maraqla oxunacaq və mənəm- mənəm" deyən sualımızı Sizə ünvanlayıram.

 

1) Mən heç nəyə bənzəmədim...

Külək kimi əsməyim yox,

Bulud kimi yağmağım yox,

Yerə- göyə sığmağım yox,

Bənzətdilər, biri gözə, biri yaşa,

ağlatdılar, demədilər yaşa! Yaşa!

Bənzərimi axtarmağa döndüm başa. 

( İqbal Nəhmət)

İqbal bəy,  biz öz bənzərimizi tapmaq üçün çoxmu əziyyət çəkməliyik, ümumiyyətlə, bənzərimiz varmı, yoxsa, hər vücuddakı ruhun heç kəsdə olmayan özünəməxsusluğu var?

 

-Bilirsiniz, bədən ruha geyindirilmiş bir paltara bənzəyir. Yəni bizim cismimiz sadəcə, bir göstəridir. Bu göstərinin rəngi oxşar ola bilər. Ancaq içimizdəki gözəgörünməzliyin oxşarı varsa da onu tapmaq, göstərmək - bu mümkünsüzdür.

 

2) "İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir." ( Ömər Xəyyam)

 İqbal bəy, insanı əzəmətli və cılız edən hansı cəhətləridir?

 

-İnsan yalnız Allahı dərk edəndən sonra əzəmətli olur, çünki Allahı dərk etmək özünü dərkdir. İnsanı cılız edən cəhət isə yaltaq olmasıdır. Məncə, yaltaq insanlar ən cılız insanlardır.

 

3) Gəl sevgi qoymayaq bunun adını,

Eləcə biz- bizə vurğunuq deyək.

Daha savaşmayaq ayrılıq ilə,

Çəkilək kənara yorğunuq deyək.

(İqbal Nəhmət)

İqbal bəy, sevgiyə öz adı ilə müraciət edəndə ayrılıq onu məhv edir, ya da ki, etiraf edilmiş sevgilərin çoxunun mükafatı elə ayrılıq olur?

 

-Mən başqa bir şeirində yazmışam ki, 

Səni sevmək bir ağacı sən bilərək 

gövdəsinə sarılmaqır,

budaq -budaq qırılmaqdı,

yorulmaqdı, yox olmaqdı.

Səni sevmək 

bəlkə, bir az da ölməkdir...

 

4)" Həyat tamaşaya bənzəyir: bəziləri ona yarışmağa, bəziləri alış- verişə, ən xoşbəxtləri isə baxmağa gəlirlər." ( Pifaqor)

İqbal bəy üçün həyatın anlamı nədədir?

 

-Həyat,

gözündəki yaş qədər qısa imiş,

ağlarsan, ağlarsan,

sonra ağladığın şeyə gülərsən,

Sevdiyin günü xatırlarsan,

sevildiyin günü unudarsan,

tənhalaşarsan, bitərsən!

Anlam sadəcə yaşaya bilirsənsə, yaşamaqdır!

 

5) Bilmədiyin nə varsa,

Bilsəm, bağışla məni.

Sevgimizi yarıya, 

Bölsəm, bağışla məni.

Burnuna qoxu kimi,

Yuxuna yuxu kimi,

Ömrünə çoxu kimi,

Gəlsəm, bağışla məni. 

(İqbal Nəhmət)

 

6) Dəyərli Yazarımız, məhəbbət üçün hər şeyi qurban  vermək düzgündürmü?

 

-Xeyr, düzgün deyil Ülviyyə xanım, qurban tələb edən məhəbbət sonda səni də qurban edəcək. Əgər bir şey sənə darıxmaq öyrədirsə, onu dayandırmaq lazımdır, yoxsa bir ömür peşman yaşamaq qorxusu var.

 

7) Bu gün cümə, sabah şənbə,

Həftənin neçəsindəyəm?

Gecəni gündüz etmişəm.

Gündüzün gecəsindəyəm.

Mən necə darıxım sənsiz?

İlin, günün bu vaxtında.

Söylə necə yaşayırsan?

Həsrətimin paytaxtında?

İqbal bəy, şeirinizdən anladıq ki, darıxmağın zamanı yox..

İqbal bəy üçün  "darıxmaq" sözünün sinonimi nədir?

 

-Bunlar darıxmağın lügətimizdə olan sinonimləridir:  Bezikmək, sıxılmaq, əsəbiləşmək.

Mənim üçünsə darıxmaq, dağılmaqdır, parçalanmaqdır.

 

8) "Qüsur axtarırsan, bütün aynalar sənin." ( Mövlanə)

Dəyərli Yazarımız, yaxın dostumuzun  qüsurunu onu incitmədən necə söyləməliyik? Olub ki, qüsuru deyib peşman olmusunuz?

 

-Mən bütün dostlarıma əgər qüsurları varsa, birbaşa deməyi xoşlayıram və deyirəm də. Məni çox səmimi qəbul edirlər, çünki dostluqda çox etibarlı olduğumu yaxşı bilirlər.

Mən dostlarımı seçmirəm, onlar məni seçirlər.

 

9) İqbal bəy, 5 söz: " "Cənnət", " Sevgi", 

" Ürək", " Nakam", əYad" - bu sözlərdən istifadə edib poetik cümlə istəsək, İqbal bəyin təxəyyülü hansı cümləni yaradardı?

 

-Cənnət  sevginin özü olduğu üçün, nakam sevgililər yad bağçasında belə ürəkdən oxuyarlar!

 

10) Bu gün matəm saxlayım mən,

qara geyib ağlayım mən.

Qara külək götür məni,

o yerə ki,

Ədalətin dəmir, polad məngənəsi,

yıxsın, boğsun yaltaqlığı.

Silkələsin insanlardan qaçaq düşmüş insanlığı. 

(İqbal Nəhmət)

İqbal bəy, insanlığın birinci göstəricisi nədir?

 

-İnsan kimi yaşamaq! Sənə ağlamaq öyrətmək istəyən insanlara gülməyi öyrətməkdir!

 

-Dəyərli Yazarımız, ömrünüzdən rubrikamıza pay ayırdığınız üçün Sizə təşəkkür edirik. Yaradıcılıq uğurları arzulayırıq. Ən çox hansı sualımızı bəyəndiniz?

 

-Müsahibə üçün sizə çox təşəkkür edirəm. On sualın onu da gözəl, düşünməyə vadar etdi. Sonuncu sualınızı daha çox bəyəndim. İnsanlıq haqqında olan.

Uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.