Super User
Azərbaycan incəsənət ustaları Polşada Musiqi Festivalında iştirak ediblər
Mədəniyyət Nazirliyi və Azərbaycanın Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblər.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) və Vüsal Bayramovdan (nağara) ibarət olan muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.
Azərbaycan bəstəkar və xalq mahnılarının, eləcə də muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Azərbaycanda Türk Abidə Menecerləri Şəbəkəsi təsis ediləcək
Ötən il Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü zamanı təşkilat nəzdində Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılmasına dair qərar verilib və bu, Sammitin yekun bəyannaməsinə daxil edilib.
AzərTAC xəbər verir ki, şəbəkənin yaradılmasında əsas məqsəd Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi statusunda olan ölkələrinin tarixi şəhər və qoruqları arasında mədəni irsin qorunması, bərpası, birgə təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Şəbəkənin təsis edilməsinə dair Bakı Bəyannaməsinin imzalanması oktyabrın 9-13-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil ediləcək “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurdu
Azərbaycan Respublikasının Kino Agentliyinin dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil etdiyi müsabiqənin ilk mərhələsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
İlk mərhələdə müxtəlif janrlarda 87 layihə müraciəti qeydə alınıb. Artıq Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim prosesinə başlanılıb.
Bu il müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd əsas istiqamət üzrə qəbul olunub: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.
Xatırladaq ki, müsabiqənin 1-ci mərhələsinə 18 iyul tarixində start verilib.
Artıq başlanan 2-ci mərhələdə isə Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək.
Müsabiqənin 3-cü yekun mərhələsində Ekspert Şurası qarşısında müsabiqənin finalçıları tərəfindən layihələrin müdafiəsi (pitçinq) təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
“Tomu Cerrisiz qoymaq…” - Bu gün Ümumdünya Heyvanların Müdafiəsi Günüdür
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
“Əgər dünyanın tamamı insanlardan ibarət olsaydı, mən bütün ümidimi itirərdim”
(Mari Thoreau)
"Tom və Cerri" cizgi filmində belə bir epizod var: cənnətin qapısı təsvir olunur və pişiklər sıra ilə gəlib o qapıdan cənnətə daxil olurlar.
Lakin pişiklər cənnətə eyni ilə insanların xəstxanalara daxil olduqları kimi müxtəlif diaqnozlarla, müxtəlif səbəblərlə daxil olurlar. Və qapıda durub onları müşahidə edən başqa bir vəzifələndirilmiş pişik, onların hər birinin ora hansı vəziyyətdə girdiyini bir-bir qeyd edir.
Pişiklərin biri başı əzilmiş, biri əli-ayağı sındırılmış vəziyyətdə cənnətə daxil olarkən, bu vaxt bir məqam xüsusi ilə diqqət çəkir. Ağzı bağlı bir torba sıçrayaraq gəlib qapının ağzında dayanır, torbanın ağzı açılır və oradan üç balaca pişik balası çıxıb sevinclə cənnətə doğru qaçır.
Bu gün insanlar zövq üçün ov edir, orijinal dəri geyimlərin istehsalı naminə diri-diri heyvanların dərisini soyur, yeri gələndə, ehtiyac olduqda bir çox işdə insanlara yardım eləyən, darda olan insanları tapıb xilas edən, yeri gələndə terapiya vasitəsi kimi belə insanların sağalmasına kömək göstərən heyvanlara ehtiyac duymadıqda onlarla pis davranır, işgəncələr verirlər. Bir qab suyu, bəzən sevgi umduqlarından sevgi dolu isti bir sığalı əsirgəyirlər.
Heyvanlar Allahın dilsiz-ağızsız, günahsız qulları, bu dünyada insana bəxş olunmuş nemətlərdən biri və insanların ən vəfalı dostlarıdır. Onlar bu gün insanoğlunun bütün əzablarına, işgəncələrinə susurlar, fəqət unutmayın ki, qiyamət günü gələndə mütləq danışacaqlar.
Peyğəmbərimiz buyurmuşdur ki, mərhəmət etməyənə mərhəmət olmaz, siz bu gün onlara mərhəmət edin ki, sabah qiyamətdə də, Allah sizə mərhəmət etsin.
Bu gün 4 oktyabr ümumdünya heyvanların müdafiəsi günüdür. Bəlkə yer üzündəki bütün heyvanları qoruya bilməzsiniz, amma qapınızın ağzına bir qab su qoyub, küçədə bir pişik və ya bir it görəndə yemək verməsəniz, başını sığallamasanız belə, ən azından zərər də vermədən ötüb keçsəniz, avtomobil idarə edəndə onları vurub küçənin bir qırağına atmasanız, siz bununla belə, onlara çox yardımçı olmuş olacaqsız.
"Heyvanlara yardım etmək və qorumaq hər insanın insanlıq borcudur"
Frida Kahlo
“Ədəbiyyat və incəsənət”
(04.10.2023)
Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub
Azərbaycanın Latviyadakı səfirliyinin Liepaya Muzeyi ilə birgə təşkilatçılığı çərçivəsində Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın “İpək kainatı” adlı sərgisinin açılış mərasimi keçirilib.
Səfirlikdən AzərTAC-a bildirilib ki, Liepaya bələdiyyəsinin nümayəndələri, mədəniyyət xadimləri, jurnalistlər, eləcə də digər sənətsevərlərin iştirak etdiyi sərgidə rəssam İ.Kostina tərəfindən ərsəyə gətirilən və üzərində Azərbaycan mifologiyasındakı simurq quşu obrazları olan batika ipək boyama texnikasına aid əsərlər, kəlağayı kolleksiyası və Abşeron yarımadasının mənzərələrindən ibarət rəsmlər nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Bu gün Türk Dünyası Günüdür
Təqvimimizdə axtarış verəndə 3 oktyabr Alkoqolizmlə mübarizə günü kimi görünür. Halbuki, 3 oktyabr böyük bir bayramdır, özü də məxsusi türk dünyası üçün. 3 oktyabr Türk Dünyası Günüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında 3 oktyabr 2009-cu il tarixində imzalanan Naxçıvan Anlaşması sonucunda bu anlaşmanın imza tarixi olan 3 oktyabrda Türk Dilində Danışan Ölkələrin İşbirliyi Günü elan edilmişdir və bayram edilməkdədir.
Xüsusən Türkiyə türkləri bu günü böyük coşğu ilə qeyd edirlər.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
POETİK QİRAƏTdə Əlizadə Nuri
Uzun fasilədən sonra Poetik Qiraət rubrikasında sizləri yenidən sevilən şair Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə o, “Uzaq” deyir.
“Uzaq”
Əlizadə Nuri
Nə olsun yanımdasan?-
Nə Rumdasan, nə Çində.
Ayrı dünyalardayıq
Eyni evin içində.
Eyni kupelərdəyik,
Amma ayrı qatarda....
Aradakı bu boşluq
Min adama çatar da.
Sən çiçəyə əl açdın,
Mən də kəpənəklərə.
Qoy bahar sənin olsun,
Payız qalsın təklərə.
Elə soyumuşuq ki-
Gec əriyən qarıq biz.
Bir dəryanın içində
Ayrı damlalarıq biz...
Özümlə savaşanda
Özüm girdim araya.
Yanımdasan... özgəni
Çağırıram haraya...
Eşqimiz oğurlanıb-
Boş bir muzey kimiyik.
Günümüz də ayrıdı-
Güney, quzey kimiyik...
Təkcə yaradan bilir
Necə dostuq, yarıq biz.
Bir-birinə bitişik,
Uzaq adalarıq biz.
Dənizi sevmədin sən,
Sevdin isti qumunu.
Nə olsun yanımdasan-
Sənə məktub yazmışam
Gəl, götür məktubunu...
...Nə olsun yanımdasan?-
Nə Rumdasan, nə Çində.
Ayrı dünyalardayıq
Eyni evin içində...
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Məşhur italiyalı bəstəkar Ludoviko Einaudi Bakıda pərəstişkarları ilə görüşdü
Dünyaşöhrətli italiyalı bəstəkar Ludoviko Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşüb.
Ötən gün keçirilən görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biliblər.
Ludoviko Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.
Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.
Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
“Ağ hörüklər” - Ləman Quliyevanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı BDU-nun tələbəsi Ləman Quliyevanın “Ağ hörüklər” hekayəsini təqdim edir.
Günün yeni başlamasına rəğmən demək olar ki, hamı oyanmışdı. Həyətdəki skamyada oturub siqaret çəkənlər, əlində təsbeh çevirənlər, ən çox da tək məşğuliyyətləri qeybət olan nənələr günlərini eynən bu formada yaşayaraq ömür qatarının son dayanacağını gözləməkdəydilər. Ara-sıra qocalar bir-birinə qaynayıb-qarışır, görüb keçirdikləri zamanlardan, gənclərin boş və mənasız həyat sürmələrindən, açıq-saçıq geyinmələrindən, hər şeyin necə də bahalaşmasından, bir sözlə, hər şeydən danışırdılar. Onlardan fərqli olaraq Gülnaz nənə söhbətlərə qoşulmurdu. İlk gəldiyi gündən demək olar ki, heç kim onun kimləsə doğru-düzgün söhbət etdiyini eşitməmişdi. Yemək və xüsusi ehtiyaclar xaricində otağından çıxmır, ömrünün sonunu sanki orada gözləyirdi. Artıq solan mavi gözləri bəlli ki, bu həyatda çox şey görmüş, vaxtilə qapqara olan saçları boşuna ağarmamışdı. Gözəl gözlərinin uzaqlara budağından qopmuş yarpaqtək necə də həsrətlə baxdığını görənlər çox idi, amma kimsə bu günə kimi səbəbini soruşmağa cəsarət etməmişdi. Qocalar evinin müdiri Nəsibə xanım, həmçinin oradakı digər qocalar onun kədərinin səbəbinin oğlu olduğunu düşünürdülər. Hansı ki, minbir əziyyətlə həm ata, həm ana olub böyütdüyü, oxudub bu günlərə gətirdiyi oğlu onu içində bir neçə köhnə-kürüş paltar və dərmanları olan çamadanla Qocalar evinə qoyaraq son model maşınına minib getmişdi. Həmin gün Gülnaz çox ağlamış, amma övladına bir kəlmə söz deməyə belə dili gəlməmişdi. Qaldığı otaqdan günlərlə çıxmamış, sonradan Nəsibə xanımın təkidi ilə yeməkxanada məcbur bir-iki loxma yemişdi. Həmin gündən 3 ay keçməsinə baxmayaraq hələ də söhbət edib, dərdləşdiyi biri yox idi. Ara-sıra Nəsibə xanım ona baş çəkir, nəyə ehtiyacı olduğunu soruşur, Gülnaz isə hər dəfəsində heç nə istəmədiyini bildirirdi. Sanki onun həyatdan istədiyi heç nə yox idi. Amma bir qəribə adəti var idi: İstisnasız hər gün belinə düşən ağ saçlarını iki dənə hörərdi. Nəsibə xanım neçə dəfə səbəbini soruşmaq istəmiş, amma utanaraq bu sualını özünə saxlamışdı.
...Saat 05:30.
Yatağında o tərəf bu tərəfə dönüb dururdu. Keçmişin verdiyi əzablar yenə yuxusuna haram qatmış, qan tər içində oyanaraq səssiz göz yaşlarına boğulmuşdu. Onun lap əvvəlki adəti idi göz yaşlarını hamıdan xəbərsiz içinə axıtmaq. Elə atası oxumağına mane olub ərə verəndə də, anasına yalvarıb mədət umduğuna peşman olanda da, əri yad qadın uğruna tərk edib gedəndə də... Saatlarla bütün həyatı film lenti kimi gözünün qabağından keçdi. Düşündükcə ağlını itirmə dərəcəsinə çatırdı: Nail ola bilmədiyi arzuları, özünə etdiyi hörmətsizliyi, düzələ bilməyəcək günahları...
Əlinə silgi alıb keçmişi silib yenidən başlamağı o qədər çox istəyirdi ki. Amma həyat daha ona yeni karandaş verməyəcək, kabuslu gecələri bitməyəcəkdi...
Bir az olardı ki, Günəş səmadan boylanmışdı. Qapının döyülməsilə diksindi, əli həmişəki kimi gözlərindəki yaşları silmə vəzifəsini yerinə yetirdi. Daha sonra isə bacardığı qədər normal səs tonu ilə “girin”dedi.
Qapı cırıltı ilə yavaşca açıldı, içəriyə doğru boylanan Nəsibə xanım xoş bir təbəssümlə gülümsəyərək: -Sabahınız xeyir, Gülnaz xanım, necəsiniz?, - soruşdu.
-Çox sağ ol, Nəsibə, yaxşıyam, -dedi.
Nəsibə yaxşı olmadığını gözlərinə baxanda hiss etdi. Səbəbini bilmək istəyirdi, soruşmağa isə utanırdı. Amma görünüşü illər əvvəl itirdiyi anasına bənzəyən bu qadının hər gün gözlərinin önündə əriməsinə rəvac vermək istəmirdi. Yəqin ki, bu ağbirçəyin ömür qatarının son dayanacağına elə də çox vaxt qalmamışdı. Odur ki, Nəsibə Gülnazın ömrünün geri qalan hissəsində onu xoşbəxt etməyə, bunu bacarmasa da ən azından dərdlərinə qulaq asıb yüngülləşdirməyə çalışacaqdı.
-Gülnaz xanım, hava bu gün çox qəşəngdir. Deyirəm, bəlkə həyətdəki skamyada oturub bir az söhbət edək.
Gülnazın yox demə ehtimalını sıfıra endirmək üçün əlavə etdi:
-İşlər məni çox yorub. Dərdləşib söhbət edəcəyim heç kim yoxdur. Xahiş edirəm, qəlbimi qırmayın.
Gülnaz tərəddüd etsə də onun xətrinə dəymək istəmədi. Birlikdə həyətə düşdülər. Bir müddət ikisi də susdu. Nəyi necə deyəcəyini götür-qoy etdikdən sonra söhbətə Nəsibə başladı. Anasını itirməsini, qocalar evində işə başlamasını, bir sözlə, yaşadığı hər şeyi ona danışdı.
Gülnaz isə səbrlə dinləyirdi.
Nəsibə çoxdandır demək istədiyi şey üçün fürsətin bu an olduğunu anlayıb dedi:
-Bilirsiniz, siz anama çox oxşayırsınız. Sizi görəndə elə hiss edirəm ki, sanki anam yenidən mənimlədir. Mənə elə gəlir ki, sizi qucaqlasam anamın qoxusunu alacam, bütün acılarım sonlanacaq.
Gözləri dolan Nəsibə ağlamamaq üçün özünü güclə tutdu, amma bacarmadı. Gülnaz nə deyəcəyini, nə reaksiya verəcəyini bilmirdi. Təxminən 35-40 yaşlı qadının körpə qızcığaz kimi ağlaması ürəyini sızlatdı. Demək ki, hər qadının içində körpə qız uşağı yatırmış. Və həmin qızı oyatmağa bir gözyaşı bəs imiş.
Onu qucaqlayıb təsəlli vermək istədi. Amma uzun müddətdir ki, qucaqlaşmanın verdiyi doğmalıq və xoşbəxtlik hissindən məhrum olduğundan əlini çiyninə qoyub dəstək olmaqdan başqa bir şey edə bilmədi.
Nəsibə xəfif bir gülümsəmə ilə qarşılıq verərək dedi:
-Bəs sizin hüznünüzün səbəbi nədir? Görürəm heç kimlə qaynayıb qarışmır, heç otağınızdan da çıxmırsınız. Bəlli ki, bir dərdiniz var. Mən yanınızda olub bacardığım qədər kömək etmək istəyirəm.
Gülnaz özünün belə utandığı keçmişini danışmağa çəkindi. Əlini onun çiynindən çəkib sağollaşdı.
Nəsibə yenə də qarının ürəyinə yol tapa bilmədiyi üçün məyus olmuş, arxasınca baxmaqla kifayətlənmişdi.
Gözləri dolu halda Gülnaz otağa daxil oldu. Əllərini üzünə tutub ağlamağa başladı. Keçmişin qoyduğu dərin yaralar heç vaxt qabıq bağlamamışdı. Ərinin başqa qadına görə onu bir başına qoyub getməsi, atasının bütün günahı onda görüb döyməsi: bütün bunlara baxmayaraq bir şəkildə həyata tutunmağa çalışmışdı. Amma oğlu bir yad qızının sözünə görə onu Qocalar evinə atdığı gün artıq taqəti qalmadığını hiss etmişdi. Həmin gün tale ona yaşatdığını yaşatmışdı. İllər əvvəl işlədiyi o böyük günahının əlbəttə bir cəzası olacağını bilirdi. Amma vurduğu yerdən vurulacağını, ümid bəslədiyi oğlunun ümidlərini puç edəcəyini təsəvvür etməmişdi. Axı o hər kəsə, hər şeyə rəğmən bütün həyatını ona həsr etmişdi. Oxutmuş, evləndirmiş, hətta qaldığı çətin seçimdə belə onu seçmişdi. O günü dünən kimi xatırlayırdı: Çöllərdə qalanda bu şəkildə davam edə, iki uşağa birdən güc çatdıra bilməyəcəyini anlamışdı.
Odur ki, məcbur qalıb oğlunu seçmişdi. Bəlkə də həyatının əzablı günlərindən heç olmasa gələcəkdə qurtulmaq üçün bunu etmişdi. Düşünmüşdü ki, oğul övlad əli pula çatanda ağbirçək anasına baxar. Qızı isə yad evinə gəlin gedəcəyi üçün bacarmaz. Bu fikirləri üçün indi çox utanırdı, amma heç bir faydası yox idi.
Yatağına uzanıb tavanı izləməyə başladı. Tavana baxanda sanki kimsə günahını üzünə vurmaq istərcəsinə proyektor qoşdu və hər şey açıq aydın göründü:
Uzun sarı saçları iki dənə hörülmüş, əynində yarıcırıq bənövşəyi don, qucağında isə nənəsinin düzəltdiyi hörmə gəlinciyi möhkəm-möhkəm tutan 6 yaşlı qızcığaz anasının nə etmək istədiyini anlamırdı:
-Ana, biz hara gedirik?
Gənc Gülnaz fikrini dəyişməmək üçün qızın əlindən tutaraq addımlarını öz addımlarına çatdırmağa çalışırdı.
-Səni məktəbə aparıram.
Körpənin gözləri sevinclə işıldadı. Axı o, bu günü səbirsizliklə gözləmişdi. Birdən forma olmadan məktəbə gedə bilməyəcəyini xatırladı:
-Bəs, bəs məktəb formam. O hanı?
-Orada verəcəklər.
Qızın sevinci yerə göyə sığmırdı. Anasını belindən qucaqlayıb dedi:
-Ana, mən səni hamıdan, hər kəsdən çoox sevirəm!
Gülnazın ürəyi əsdi. Əgər onu bir dəfə qucaqlasa yolundan geri dönəcək, iki uşağı ilə birlikdə məhv olub gedəcəkdi.
Yetimxananın qapısından girəndə balaca qız gözlərini heyrətlə bərəldərək ətrafa baxdı. Əvvəllər qardaşında gördüyü, amma heç vaxt toxunmağına icazə verilməyən kitablardan onda da olacağı üçün çox sevinmişdi. Dərslərini çox yaxşı oxuyacağını, dərsdən sonra isə anasının məktəbdən aparıb ləzzətli yeməklər yedirərək gününün necə keçdiyini soruşacağını, onun da həvəslə hamıdan daha yaxşı qiymətlər aldığını danışaraq qürurlanacağını xəyal edirdi.
Gülnaz lazımi prossedurları surətlə həll etdi. Artıq dözməyə gücü yox idi. Hər şey bir anda olub bitsin istəyirdi. Nəhayət ayrılıq zamanı gəldi. Yetimxana müdürünə balasını adi əşyaymış kimi təhvil verdi. Qız anasının ardınca çox ağladı, çox çırpındı, çox yalvardı. Anasının artıq gəlməyəcəyini anlamışdı sanki. Balaca ürəyi sürətlə döyündü. Əllərini anasının getdiyi tərəfə uzadır, onu tutan kobud əllərdən qurtulmağa çalışırdı.
Amma Gülnaz əhəmiyyət vermədən yetimxanadan çıxıb getmişdi. Eynən oğlu onu Qocalar evinə atanda etdiyi kimi...
Ağlamaqdan artıq taqəti qalmamışdı. Adi tavan onun üçün kabusa çevrilmişdi. Yaşlı ürəyi artıq dözə bilmədi. Diz çöküb əllərini açaraq söylədi:
-İlahi, bilirəm günahım çoxdur.
Mənə cəhənnəm belə azdır. Amma sən mərhəmətlilərin ən mərhəmətlisisən. Yalvarıram mənə balamı yetir, ölməmişdən qabaq bir dəfə görüm, bağrıma basıb doyunca öpüm.
Bu anda birdən qapı açıldı. İçəri bir qadın daxil oldu. Gülnaz başını çevirib onu görməyə çalışdı. Normalda görməyən gözləri indi bu simanı tanıdı. Qızı idi. Hə ,o idi. İllər keçsə belə o balasını tanımışdı. Eyni – mavinin ən gözəl tonundakı iri gözləri, uzun sarı hörüklü saçları... Yeriyə bilməyən ayaqları sanki qanad açdı. “Uçaraq’’ qızının yanına çatıb, doyunca öpdü. İllərin həsrətini, içinə ata-ata boğulduğu hıçqırıqlı gecələrin acısını bir dəfəyə sığışdırmağa çalışdı. Məgər yuxusuz gecələrin, kaşkilərin, yarım qalmışlıqların –bütün hədsiz əzab-əziyyətlərin tək dərmanı övlad qoxusu deyilmiş? Necə də gözəl qoxusu var idi övladının...Cənnət qoxusu idi...Misilsiz qiymətli ətirlərə tay olmazdı ki...
Ömrünün sonuna qədər belə qala bilərdi. Qızı əllərini ondan ayırıb üzünə baxdı, qaynayan bulaqtək şəffaf, amma minlərlə acı sığdıran bir o qədər mürəkkəb yaşları onun gözündən sildi. Ağ hörüklərini, qırışmış üzünü oxşadı. Qabar olmuş əllərini öpərək yanağına qoydu. Dəqiqələrcə heç nə demədən bu vəziyyətdə qaldı. Qoca ana nə deyəcəyini, övladının yaralarını necə saracağını bilmirdi. Bu anı illərcə xəyal etmiş, amma hər xəyalı utancından yarım qalmışdı.
Dəqiqələr gözündə saatlar, hətta günlər, aylar, illər qədər uzanırdı. Özünü toplayıb nəsə deməyə çalışdı, sanki dili tutulmuşdu. Allaha yalvarırdı ki, heç olmasa qızı nəsə desin. Lap danlasın onu, qışqırsın üstünə, amma bir şey desin. İllərin səssizliyi yetməzmiş kimi bu sükut ikiqat əzab verirdi. Nəhayət özünü topladı. Tam ağzını açacaqkən qızı əllərini onun üzündən çəkib, arxasına belə baxmadan çıxıb getdi. Gülnaz yerindəcə donub qaldı. Balası ondan get-gedə uzaqlaşaraq görünməz olurdu. O isə addım belə ata bilmirdi. Bir anda gözləri qaraldı və yerə yıxıldı...
-Həkim, Gülnaz xanıma nə olub axı? - Nəsibə təlaşla dilləndi.
-Narahat olmayın, sadəcə olaraq huşunu itirib.
-Onu otağında tapanda “qızım, getmə” deyə sayıqlayırdı.
-Qızı gəlmişdi?
-Bildiyim qədərilə onun bir oğlu var. O da anasını Qocalar evinə atıb getdi. – Nəsibə söylənməyə başladı.
-Yəqin Gülnaz nənəmiz xəyal, ya da yuxu görüb.
Bunu eşidən Gülnaz birdən ayıldı.
Ağlayaraq: -Qızım gəlmişdi, gördüm onu, sığalladı ağ hörüklərimi, qucaqladı məni, əlimdən tutdu. Yox, yox siz yalan deyirsiniz. Mən xəyal görmürəm. Gələcək, hə yenə balam? Baxın, mən hər gün onun hörükləri kimi hörürəm saçlarımı, bəlkə bir gün gələr deyə. Siz səhv edirsiniz, o gələcək...
Nəsibə bu mənzərəyə dözə bilmədi. Anasına bənzəyən bu qadının övlad acısı ürəyinə ox kimi batdı. Bəlli ki, yazıq qarı xəyal görmüş, övladının gəldiyini düşünmüşdü. Ya da bəlkə də onun ümumiyyətlə qızı yox idi.
Çünki əgər olsa idİ, nankor qardaşı kimi anasını atmazdı. Axı qızlar canıyanan olurlar, mərhəmətli olurlar. Eynən onun özü kimi...
Söhbət etməyə belə çəkindiyi bu qadına yaxınlaşıb bərk-bərk qucaqladı, göz yaşlarını silməyə çalışdı. Amma yaşlar dayanmırdı. Anasının qoxusunu bu qadından aldı, üstünə çökmüşdü sanki. Ağ hörüklərinə baxdı. Birdən əlinin altındakı bədənin artıq nəfəs almadığını hiss edib diksindi. 3 ay əvvəl anasını yenidən tapdığını düşünmüşdü. İndi isə ikinci dəfə onu itirmişdi. Cansız bədəni ehmalca özündən kənara qoydu. Anaya edilən bütün pislikləri üçün oğluna və varlığından belə şübhə etdiyi qızına lənət oxudu. Ağ hörüklərin bu qədər həsrətlə “övladını”gözləməsi ona çox təsir etmişdi. Amma o, cəsədi hələ ip-isti olan Gülnaz nənənin ağ hörüklərinin sadəcə qızının gəlməsi ümidilə deyil, həm də yarım qalan gəncliyinin, uşaqlığının, xəyallarının ifadəçisi olduğunu əsla bilməyəcəkdi...
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)
Ukrayna KİV-də Azərbaycan şairi və tərcüməçisi Abbas Abdulla haqqında məqalə dərc edilib
YUkraynanın nüfuzlu “Çıtomo” ədəbi-internet nəşrinin saytında görkəmli Azərbaycan şairi və tərcüməçisi, Ukrayna ədəbiyyatının tədqiqatçısı, diplomat Abbas Abdulla haqqında geniş məqalə dərc edilib.
Həmin məqalənin müəllifi Marına Qonçaruk yazır ki, Abbas Abdulla (1940-2019) Azərbaycanın görkəmli və məhsuldar tərcüməçisi, Ukrayna ədəbiyyatının tədqiqatçısıdır. O, Ukrayna ədəbiyyatı nümunələrini ən yüksək ədəbi səviyyədə orijinaldan Azərbaycan dilinə tərcümə edib.
Marına Qonçaruk yazır: “Abbas Abdulla Gürcüstanın Bolus Kəpənəkçi kəndində dünyaya gəlib. O, 1958-1959-cu illərdə doğma kəndindəki məktəbdə müəllim işləyib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb (1958–1963). Bundan sonra o, həm də Bakı Neft Emalı Zavodunda fəhlə, eyni zamanda, fabrikin çoxtirajlı “Neftayıran” qəzeti redaksiyasının əməkdaşı vəzifəsində çalışıb. Yalnız Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmağa hazırlaşanda, gələcək Ukrayna ədəbi irsinin tərcüməçisi o vaxt gürcü ədəbiyyatının tədqiqatçısı olmağı planlaşdırır, çünki o, doğma Azərbaycan dili ilə yanaşı, gürcü dilini də bilirdi. Bununla belə, işlər başqa cür oldu. Onun ixtisas imtahanını Azərbaycanın tanınmış dövlət və siyasi xadimi, filologiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsinin müdiri Şıxəli Qurbanov götürüb. O, Abbasın Ukrayna ədəbiyyatı üzrə mütəxəssis olmasında təkid edib: “Gürcü ədəbiyyatı üzrə çoxlu mütəxəssislərimiz var, yaxşıları da kifayət qədərdir. Hətta lazım olduğundan da artıq. Amma böyük xalq var, İttifaqda ikinci ən böyük - əlli milyonluq millət, lakin bizdə, təəssüf ki, onun ədəbi irsinin bir nəfər də tədqiqatçısı yoxdur... Faydalı məsləhətimə qulaq asın, Ukraynaya gedin. Müvafiq sənədləri alacam” deyən Şıxəli Qurbanovun dəstəyi ilə Ukrayna ədəbiyyatının görkəmli tərcüməçisi özünün tədqiqatçı və tərcüməçi yoluna qədəm qoyub. Belə ki, Abbas Abdulla 1964-cü ildə iki il müddətinə Kiyevə köçüb və orada Ukrayna SSR Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Şevçenko irsinin tədqiqi şöbəsində təcrübə keçib. O, Ukrayna dilini öyrənib, dissertasiya yazıb, sonra isə Ukrayna ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə bədii tərcüməsinə başlayıb. Abbas Abdulla Ukrayna xalqına, onun mədəniyyətinə böyük məhəbbət bəsləyib, hərçənd, onun sonrakı həyatı sürətlə dəyişib, inkişaf edib və görkəmli ziyalı Azərbaycanın nəinki ən böyük şairi, tərcüməçi və ədəbiyyatşünaslarından biri olub, həm də nüfuzlu ictimai-siyasi xadimə çevrilib, diplomat kimi fəaliyyət göstərib. Bununla belə, Ukrayna onun həyat eşqinə çevrilib və Abbas onun ədəbiyyatını, mədəniyyətini Azərbaycan xalqına yüksək bədii səviyyədə tanıda bilib. O, 100 il ərzində (1840-1940) Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə dair 200-dən çox əsərin və bir neçə monoqrafiyanın, Azərbaycan “Şevçenkiana”sı haqqında məlumatların və Bakıda inqilabdan əvvəlki Ukrayna “Prosvita” cəmiyyətinin fəaliyyəti haqqında tədqiqatların müəllifidir. Abbas Abdulla, həmçinin bir neçə orijinal şeir almanaxı, o cümlədən “Ata yurdu” (1970), “Ağlı-qaralı dünya” (1980), “Sübhlə üz-üzə” (1984), “Sonsuzluğa gedən karvan” (1987), "Ukrayna naxışları" silsiləsini, Ukrayna mövzularına həsr olunmuş şeirləri də ərsəyə gətirib”.
Tərcüməçi və tərtibçi kimi o, Ukrayna poeziyasının iki antologiyasının – “Bayraq və Günəş” (1978), “Körpülər”, həmçinin T.Şevçenkonun “Fikirlərim, düşüncələrim” şeirlər külliyyatının, “Qızıl buğda” Ukrayna nəsr məcmuəsinin (hamısı – 1979) yaradılmasında mühüm yaradıcılıq səyləri göstərib. Abbas Abdullanın tərcüməsi ilə İvan Kotlyarevskinin “Natalka Poltavka”, Lesya Ukrainkanın “Rusalka” məcmuəsi, Maksım Rılskinin “Susuzluq”, İvan Draxın “Qəlbin görkəmli yerləri” və “Şeirlər və poemalar” əsərləri nəşr edilib. Abbasın bir neçə əsərlərini isə Ukrayna dilinə Nikolay Miroşnıçenko, Pavlo Movçan, Dmitri Pavlıçko, Petro Perebiyinis və başqaları tərcümə ediblər.
Müəllif qeyd edib ki, Abbas Abdulla Ukrayna ədəbiyyatının Azərbaycan dilinə yüksək bədii tərcümələrinə görə 1984-cü ildə M.T.Rılski adına Ədəbiyyat Mükafatının (Ukraynanın tərcüməçilərə verilən ən yüksək dövlət mükafatı) laureatı olub.
(AzərTAC-ın materialı əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)