Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Doğrudan nə çoxmuş dünyanın yükü?
Bəzən sevgisi yükmüş, bəzən nifrəti.
Bəzən nəfsi yükmüş, bəzən xisləti.
Görüşəndə söhbəti yükmüş, ayrılanda həsrəti.
Torpağına ağacı, səmasına buludu yük.
İnsanı dünyaya yükmüş, dünyası insana yük...
Bəlkə elə ona görə durmadan dönürdü bu dünya?
Bəlkə insanı atmaq istəyirdi o, çiynindən, cazibə qüvvəsindən xəbərsiz.
Bəlkə də qaçmaq istəyirdi o, özündən eyniylə insan kimi.
Hansı ki, nə içinə sığırdı insan, nə içində olduğuna.
Bacardıqca qaçırdı hər ikisindən, amma nə var ki, çıxa bilmirdi heç birinin içindən.
Cazibə qüvvəsi nə dünyaya, nə də insana macal vermirdi, ikisi də dönüb dolaşıb yenə eyni nöqtəyə gəlirdi.
Tısbağa kimi yükü hər daim onların belində idi. Getdiyi hər yerə özləriylə daşıyırdılar onu.
Nə qəribədir, insan elə özü də hər yola çiyninə yükünü atıb elə çıxırdı, lakin məsuliyyətlərini, vicdanını, məramını təəssüf ki, çox zaman bilərək unudurdu.
Və dünyanın yükünü öz çiynlərində daşıyanlara sanki öz yükləri azmış kimi bir də kimlərinsə bilərək çiynindən atdığı, unutduğu məsuliyyətin, vicdanın boşluğu yük olurdu.
Görəsən şığıyıb limanı yuyan bu dalğalar da yükdürmü dənizə? Ya bəlkə elə onlar da hər fürsətdə dənizdən qaçmağa can atırdı...
Bu çisələyən yağış da hər halda buludlardan baş götürüb torpağa sarı qaçırdı.
Bəs yağışda islanan o balaca uşaq nə edirdi görəsən, heç qaçana oxşamırdı axı, yerimi rahatıydı?
Halbuki yağışı çox sevirəm deyib yağınca damlarının altına qaçmaq insanların adətidir.
Sevgisimi bu qədər saf idi onun? Yoxsa yağış günlərdir yumadığı çirkli, hisli əl-üzünü, aylardır dəyişmədiyi sökülmüş üst-başını yusun deyə qaçmırdı ondan?
Bir parça quru çörək də var idi əlində, hardan idi görən?
Tapmışdı, almışdı, bağışlanmışdı, ya bəlkə oğurlamışdı?
Bəs səma niyə öz başını bulamışdı?
Deyəsən yaxınlıqdakı dönərxanadan yüksələn isti qoxu ürəyini bulandırmışdı...
“Ədəbiyyat və incəsənət”
(07.12.2023)