Super User
Xalq şairinin qızının yas mərasimi Təzə Pir məscidində keçiriləcək
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadənin 3-7 mərasimi sabah (9 dekabr) saat 11-dən 14-ə kimi (qadın və kişilər eyni vaxtda) Təzə Pir məscidində keçiriləcək. 3-7 mərasiminin xərcləri "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən qarşılanacaq.
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.
Hüseynzadə Zöhrə Arif qızı 1951-ci ilin 30 sentyabrda Qazax rayonunun Yenigün kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. Zöhrə Hüseynzadə Bakı şəhər 190 N-li tam orta məktəbini, Azərbaycan Tibb Universitetinin Müalicə-profılaktika fakültəsini bitirib. İlk illərdə 3 saylı şəhər xəstəxanasında həkim-kardioloq kimi çalışıb. 18 il Yasamal rayon Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü və YAP Yasamal rayon təşkilatı sədrinin müavini olub.
2000-ci ildən Respublika Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışıb.
Zöhrə xanım yaşadığı ömür müddətində həm həkim kimi, həm də ictimai fəal kimi daim dövlətə, xalqa vicdanla xidmət edib.
Səbinə Yusif fürsət düşmüşkən,
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının Zöhrə xanımın vəfatı ilə əlaqədar olaraq ailə üzvlərinə, əzizlərinə dərin hüznlə verdikləri başsağlığını da səsləndirib.
Uca Allahdan mərhumun doğmalarına və yaxınlarına səbr, dözüm arzulayırıq. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Hansı kitab mütləq oxunmalıdır? - Yazarlar arasında ədəbi sorğu
“Ədəbiyyat qəzeti” yazarlar arasında “Hansı kitab mütləq oxunmalıdır” sualı ilə sorğu keçirib. Cavablarla tanış olmağın nəyi pisdir ki?
Rüstəm Behrudi:
"Bir türk aydını üçün Türklərin yaradılış dastanı".
Etimad Başkeçid:
"Açığı, bu sula cavab verməyə çətinlik çəkirəm. Çünki hara çevirsən, bir növ məsləhət kimi çıxır. Amma yenə də deyim. Yalnız bir kitabdan söhbət gedirsə, bu bədii əsər olmazdı. Bədii əsərdən danışırıqsa, Heminqueyin kitablarını oxuyardım. "Xeyir" və "şər" arasında dəqiq demarkasiya xətti çəkmədiyinə, yarımtonlarına və dərin psixologizminə görə. Bir də ona görə ki, Heminqueyin əsərlərində "tikiş yerləri" görünmür - hər şey kənardan sadə görünür, amma yalnız kənardan. Çünki o, virtuoz sənətkardır və bu şəkildə yalnız o yaza bilir. Bizim yazarların ən xəcalətli tərəfi budur: sənətkarın harda gücə düşdüyünü, harda xoruz buraxdığını, hansı hoqqalardan çıxdığını o dəqiqə hiss eləyirsən. Heminqueydə hər şey bulaq suyu kimidir, zahirən rəngsiz, amma ləzzətli. Bundan başqa Heminquey çox azsaylı böyük sənətkarlar kimi, hansısa insanın əhvalatını yazmır, o, insan tiplərini, onların xarakterini yazır. Bu isə xüsusi qabiliyyətdir və hünər istəyir.
Heminquey və onun bütün yaradıcılığı qanana böyük bir örnək və ibrət qaynağıdır: yazıb tarixdə qalmamaqdansa, yazmayıb tarixdə qalmamaq yaxşıdır. Bu kiçik həqiqət nə şəkildəsə bizim insanımıza əyan olsaydı, heç kəsin oxumadıgı mənasız kitablar yazıb, təşəxxüs satmazdı".
Fəxri Uğurlu:
"Yaş dövründən asılıdır. Uşaqlar üçün bütün dünyada tanınan uşaq ədəbiyyatı nümunələri var. Məsələn, Mark Tvenin əsərləri, "Başsız atlı", "Üç müşkütyor", Jül Vernin əsərləri, Robinzon Kruzo, "Qulliverin səyahəti", Stivensonun, Rodarinin əsərləri və s. Bunları hər bir uşaq oxumalıdır. Böyüklərə gəlincə burada siyahı çox uzundur. Ancaq məsələn, Lev Tolstoy mütləq oxunmalıdır. Oxunması vacib olan müəlliflər kitabla maraqlanan hər kəsə aşağı-yuxarı bəllidir".
Cavanşir Yusifli:
"Rilkenin yazdığı hər şey, Hüqo "Səfillər", Dino Busatti "Tatar çölü".
Azad Qaradərəli:
"Hansı kitab mütləq oxunmalıdır?" sualı bir qədər mediativ cavab tələb edir, əslində. Yəni, birbaşa cavab doğru olmazdı. Çünki zamana görə cavab dəyişə bilər. Məsələn, qədimlərdə səmavi kitablar haqqında "mütləq oxunmalı" hökmü var idi.
Bir daha qeyd edirəm ki, bu sual bir qədər zamanla bağlıdır. Məsələn, 80-90-cı illərdə bu sualın yekdil cavabı, yəqin ki, Sabir Rüstəmxanlının "Ömür kitabı" ola bilərdi. Müstəüilliyimizin ilk illərində bu sualın yekdil cavabı M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" ola bilərdi. Sovet dönəmində paradoksal olsa da, "Hophopnamə" və Leninin əsərləri dəbdə idi...
Bəs bütün zamanlar üçün mütləq oxunmalı kitab hansı ola bilər suzlının cavabı mənim üçün Nizaminin "Xəmsə"sidir. Zənnimcə, hər bir azərbaycanlının mütləq oxumalı kitab odur. Hətta bütün Şərq dünyasında Nizami qüdrətdə ikinci şair olmadığından Şərq xalqlarının hamısının oxumalı kitabdır "Xəmsə". Unutmayaq ki, Göte də daxil, bir sıra qərb mütəfəkkirləri Nizamiyə yüksək qiymət vermişlər. Bir sıra Avropa yazarları, cümlədən Fridrix Şiller "Turandot Çin şahzadəsi" (əslində, turandot - turan qızı deməkdir) əsərinin süjeti Nizaminin "Yeddi gözəl" poemasından alınmışdır. Habelə italyan bəstəkarı Puççininin dünyaca məşhur "Turandot" ("Turan qızı") operası da eyni mənbədən qidalanaraq ərsəyə gəlmişdir və sair və ilaxır...
Bir sözlə, bütün zamanlar üçün Azərbaycan oxucusunun oxumalı olan kitabı Gəncəli Nizaminin "Xəmsə"si olmalı".
Varis:
"Kazuo İşiquronun "Günün qalanı" romanını deyərdim.
İnsan özünə bələd olmadan, özünü tanımadan yaşayır və özünə yad bir işlə məşğul olur. Beləcə ömrünü bada verir.
Bir gün silkələnib ayılmalı, "mən kiməm və yolum haradır" deməli, öz həqiqətini tapmalıdır".
Qismət:
"Don Kixot", "Səfillər", "Karamazov qardaşları", "Anna Karenina" və s."
Mübariz Örən:
"Bir kitab demək çətindir. "Quran, İncil, "İliada", "Odiseya", "Dədə Qorqud", "Don Kixot", "İlahi komediya", "Nizami: "Xəmsə", Füzulinin əsərləri, Hüqo - "Səfillər", Tolstoy -"Hərb və sülh", Dostoyevski "Cinayət və cəza", "Usta və Marqarita", Heminquey "Qoca və dəniz", Markes "Yüz inin tənhalığı", "Gün var əsrə bərabər", "Lolita" kimi əsərləri mütləq oxumaq gərəklidir".
Alpay Azər:
"Qurani-Kərim".
Nicat Həşimzadə:
"Hər bir Azərbaycan gənci mütləq Məmməd Orucun "Köçürülmə" romanını oxumalıdır. Bu kitab bizim yaddaşımızdır, taleyimizdir. Bu əsər əsasında çox əla film çəkmək olar".
Hazırladı: Oğuz AYVAZ
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Türkoloji tədqiqatların dominantlıq zamanı yetişir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Həmişə qonaqlı-qaralı olan Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubu dünən də qapılarını tədbir üçün taybatay açmışdı. Bu dəfə burada bədii yox, türkoloji tədqiqatlara aid elmi kitabın təqdimatı idi.
Tanınmış türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” kitabının təqdimatı keçirilirdi. Qrafikinin sıx olmasına baxmayaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da təüdimatda iştirak edirdi. Anar Tofiq Məliklinin demək olar ki, bütün kitablarını oxuduğunu bildirdi. Xalq yazıçısı bu kitabın türkologiya elmi üçün bir töhfə olduğunu vurğuladı, müəllifə yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.
Tofiq Məlikli çıxışında kitabının necə ərsəyə gəlməsindən danışdı. O, kitabın türkologiya üçün çox dəyərli nəşr olduğunu vurğuladı, qeyd etdi ki, kitabda ümumtürk mədəni irsinin öyrənilməsi, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparıldığını dilə gətirdi.
Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açdı. O, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində T.Məliklinin müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına da çox böyük töhfə verdiyini diqqətə çatdırdı. Firuz Mustafa qeyd etdi ki, T.Məliklinin yeni kitabına son vaxtlar yazdığı türkbilimi (türkologiya) ilə bağlı məqalələrinin bir hissəsi toplanıb. Türklərin ədəbiyyatı, tarixi, dili, mədəniyyətini araşdıran müəllif türkbiliminin həll edilməsi vacib olan önəmli problemlərinə diqqəti çəkib.
Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva T.Məliklinin kitablarının unikallığı ilə seçildiyini bildirdi. O, belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq T.Məliklinin türkologiya ilə bağlı işlərinin təkcə Azərbaycana deyil, ümumilikdə, Türk dünyasına töhfə verdiyini qeyd etdi.
Tədbirdə digər çıxış edənlər Tofiq Məliklinin yaradıcılığı və müəllifi olduğu kitab haqqında fikirlərini bölüşdülər. Bildirdilər ki, Tofiq Məlikli tanınmış dilçi-türkoloqdur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Asiya Xalqları İnstitutunun (sonralar Rusiya EA Şərqşünaslıq İnstitutu adlandırılıb) aspiranturasına daxil olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra ona həmin institutda işləmək təklif olunub. 1985-ci ildə T.Məlikli Sovet Türkoloqları Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildə İstanbul Universitetində rus dili kafedrasının rəhbəri olub, eyni zamanda, Türkiyədə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. T.Məlikli, türkologiya elmində ilk dəfə olaraq, Türkiyənin yeni poeziyasının dolğun sistemini işləyib hazırlayıb. O, həmçinin bədii əsərlərin tərcüməçisi kimi tanınıb. Onun sayəsində rus və Azərbaycan oxucuları Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və başqa məşhur türk yazıçılarının əsərləri ilə tanış olublar.
Mənsə xüsusən qeyd edim ki, Tofiq Məlikli həm də novatordur, yenilikçidir, elə dilimizə hopmuş Qərb kökənli türkoloq sözünü türkbilimi kimi işlətməsi hər şeyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Skorzesenin “Çiçək ayın qatilləri” filmi ilin ən yaxşı filmi seçilib
ABŞ Milli Kino Tənqidçiləri Şurası tərəfindən keçirilən müsabiqədə “Çiçək ayın qatilləri” dramı ilin ən yaxşı filmi seçilib.
“Ədəbiyyat və incəsənət” Kino.ru-ya istinadən xəbər verir ki, sözügedən ekran əsərinin rejissoru Martin Skorzese isə “Ən yaxşı rejissor” kateqoriyasında mükafatın sahibi olub. Neft, macəra, qanqsterlər, kriminal - filmdə nə desən var.
Müsabiqədə Paul Giamatti “Ən yaxşı aktyor”, Lili Qladstoun “Ən yaxşı aktrisa”, “Anatomy of a Fall” filmi “Ən yaxşı beynəlxalq film” nominasiyaları üzrə mükafata layiq görülüb.
Onu da qeyd edək ki, bu seçim çox da nüfuzlu seçim hesab edilmir.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Taylor Sviftin “Time” jurnalının versiyasında İlin adamı olmasına bizimkilərin münasibəti
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
İstəkli oxucular, sizin üçün seçdiyim ən maraqlı xəbər yəqin ki, bu olacaq:
Müğənni-bəstəkar, 33 yaşlı ABŞ vətəndaşı Taylor Svift Amerikanın Time jurnalının versiyasına görə İlin adamı oldu.
Reytinqdə o, Rusiya və Çin liderləri Vladimir Putin və Si Tszinpini, Britaniya kralı III Çarlz və Barbini geridə qoydu.
Əlbəttə, Rusiya və Çin diktatorlarının siyahıya düşməsi və öncül mövqelərdə qərarlaşmaları daha çox onların antiqəhrəmanlığı ilə səciyyələnə bilər.
“Bu mükafat tez-tez iri sənayesi olan dövlət başçılarına və ya titanlara verilir” - deyə Time-ın baş redaktoru Sam Jacobs “Euronews” kanalına açıqlamasında qeyd etdi. Və əlavə etdi ki, amma Svift, sərhədləri aşmaq və işıq mənbəyi olmaq üçün bir yol tapdı və ənənəni pozdu.
"O, həm yazıçı, həm də öz hekayəsinin qəhrəmanı olan nadir bir insandır" dedi Jacobs.
Hal-hazırda Taylor Svift, qadın ifaçı üçün ən gəlirli qastrol turuna çevrilən dünya turundadır.
Bu arada xanım müğənnilərimizdən biri (adını gizli saxlamağı xahiş etdi) Taylor Sviftin bu uğuruna belə şərh verdi:
-Gözəlçəni nüfuzlu reytinqdə birinci etmələri gözəlçənin nüfuzunu qaldırmaqdan çox reytinqin nüfuzunu salır.
Mənsə sizə növbəti dəfə 2023-cü il ərzində Wikipedia-da ən çox izlənilən məqalələr barədə danışacağam.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Bu gün EMİN Bakıda böyük solo konsert verəcək
Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır.
Bu gün müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.
EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.
Qarşıdakı konsert də istisna olmayacaq.
“Ədəbiyyat və incəsənət” iTicket.Az-a istinadən xəbər verir ki, musiqi qrupu ilə məşqlər sürətlə davam edib, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək - EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, "Sinyaya veçnost" kompozisiyasını ifa etmədən tamamlanmır.
Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.
Hələ satışda bilet var və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənlii, “Nə biləydik…”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Nə biləydik” şeirinin növbəsidir.
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək...
Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca sən demə
Can verərmiş qolumuzun üstündə.
Hər görüşə sürünürdü ayaqlar...
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
Ürəyimiz üşüyürmüş deməli.
Əyləncələr qoymadı ki göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.
Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri.
Biz axşamı gözləmişik həmişə...
Yuxu gördük... gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdülər axarı.
Yuxularda əllər gördük birləşən,
Nə yozduqsa hicran oldu axırı...
Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Zaman Paşazadənin “ART intihar” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Zaman Paşazadənin şeirlərini təqdim edir.
Zaman Paşazadə 1979-cu ildə Kərəc şəhərində dünyaya göz açmış, elə uşaq çağlarında atasının işdən təqaüdə çıxdığına görə Xiyav şəhərinə dönmüşlər. Zaman 2005-ci ildə işi ilə bağlı Muğanln Parsabad şəhərinə köçmüşdür.
O, Muğanda bir neçə dövrə Şəhriyar ədəbi dərnəyinin mərkəzi şurasının üzvü olaraq dərnəyin müdərrisi vəzifəsində çalışmış, bir neçə ədəbi yarışma, o cümlədən Mələkan şəhərində qurulan Yaylıq nəşriyyatının ədəbi yarışmasında seçilmişdir. Sonralar isə bir neçə ədəbi yarışmanın juri heyəti çərçivəsində öz ədəbi çalışmalarını davam etdirmişdir.
2020-ci ildə Zaman Paşazadənin ilk şeirlər toplusu “Aynada öl-dirilmək” ünvanıyla ışıq üzü görmüşdür.
ART intihar
Kağızların üzərində uyumuşkən yazıçı,
Romandan baş qaldırıb çıxdı karakter
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Dik atıldı yazıçı
Qələmi götürüb beləcə bitirdi:
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Diskindi qəzetlər
Beləcə titr vurdular:
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
Diskindi oxucu
Divardan asılmış tüfəngi götürdü
Taraq
İntihar etdi…
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Xarici pasport
Sərtyel, “Ədəbiyyat və incəsənət”
“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.
Aydınlıq
Universitetə bu və ya digər şəkildə aidiyyatı olan “Möhtəşəm” şadlıq sarayı kupçada şadlıq sarayı kimi yox, “Şadlıq mərasimlərində xalqın ruh halını və psixoloji durumunu müəyyənləşdirmək üçün universitet laboratoriyası” kimi qeyd olunub.
Olmuş hadisə
Qızla oğlan skamyada otururlar. Oğlan qızı qucaqlayır, saçını oxşayır və s. və i. Qız birdən soruşur ki, sənin xarici pasportun var ?
Oğlan:
- Yox nə olub ki?
Qız:
- Artıq sərhədi keçirsən.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)
Ceyran Haşımova: “Gecə hamı yatandan sonra Nəzakət Məmmədovaya buterbrod yedizdirərdim...”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış musiqi xadimi Ceyran Haşımovadır. Ondan müsahibə1998-ci ilin avqustunda götürülüb.
“MƏN SOLMAYAN LALƏLƏRDƏN BİR ANSAMBL YARATDIM”
“Lalə” qızlar ansamblının bədii rəhbəri, tanınmış tarzən Ceyran xanım Haşımova ilə redaksiyamızda görüşüb söhbət etdik. Ceyran xanıma “Baş redaktorumuzla söhbət etmək istəmirsinizmi?” deyəndə, o, özünəməxsus bir səmimiyyətlə, - “Yox, mənim heç vaxt “baş”larla söhbətim olmayıb” dedi.
Ötən günlərin üstünü kül örtmüş acılı-şirinli xatirələrinə nə qədər meydan verməyə çalışsam da, söhbətimizin əsas məzmunu istər-istəməz “baş”larla dil tapa bilməyən, daha doğrusu, heç buna cəhd də göstərməyən sənətçi bir xanımın ağrı-acıları təşkil etdi.
-Ceyran xanım, niyә daһa zәrif olan kamançanı deyil, tarı seçmisiniz?
-Atam Әsəd Cəfərov bütün musiqi alətlərində çox gözəl ifa edirdi, xüsusilə də, tar və tütəkdə. Beləcə, atamın təsiri ilə bir də gördüm ki, Asəf Zeynallı adına musiqi məktəbində tar şöbəsini bitirmişəm. Səid Rüstəmovun sinfini... Әlaçı tələbə olduğumdan məni burada müəllim saxladılar. Sonra Konservatoriyanın nəzəriyyə şöbəsini də bitirdim. İyirimi ildir ki, musiqi məktəbində tar şöbəsində dərs deyirəm, onlarla tələbələrim var.
-“Lalә” qızlar ansamblı necә yaranıb?
-“Lalə”ni mən yaratdım. O vaxt “Teleradiokomitet’in sədri Әnvər Әlibәylinin yanına gedib fikrimi bildirәndә o, bu ideyanı yaxşı qarşıladı.
-Güllәr çoxdur, ansamblı niyә mәһz “Lalә” adlandırdınız?
-Lalә çox tez solan güldür. Mən qarşıma mәqsәd qoymuşam ki, һeç vaxt solmayan “lalә”lәri Azərbaycan xalqına təqdim edim.
-Buna nail ola bilmisinizmi?
-33 il ərzindә mәn dişimlə-dırnağımla qorumuşam bu ansamblı. Ansamblın üzvlərini öz balam kimi istəmişәm. Әn kiçik problemlәrini belә һәll etməyə çalışmışam. Özümlə mәşğul olmaғa vaxtım da olmayıb. 16 il kirayədə yaşamışam. Qәdrimi bilәn dә olub, bilmәyən də...
- “Qız”larınızdan kimi daһa çox istәyirdiniz?
-(gülür) Hamısını... Nəzakət Mәmmədova, Maһrux Muradova, Nisә Qasımova, Təranə Vәlizadә, Kəmalә Rəһimli, Zöһrә Abdullayeva, Rəһilə Bәndəliyeva... Bunlar sәnәtə gələndə 14-15 yaşlarında, səslәrindən başqa һeç nəlәri olmayan rəndәlənmәmiş qızlar idi. Mәn onların tәkcə özlərinin deyil, valideynlәrinin də rəһbәri olmuşam. O vaxt çoxları razı olmurdu ki, qızı günlərlə rayonlarda, aylarla başqa respublikalarda və xarici ölkələrdə qastrolda olsun. Onları razı salmaq üçün bütün məsuliyyəti öz üzərimə götürər, nə qədər təbliğat aparmalı olurdum. Axı, mən kommunist olmuşam (gülür)
-“Qız”larınız yadınızda necә qalıb?
-Nəzakətə çəkdiyim zəһməti һeç kəsə çəkməmişəm. Gəncədən gələndə çox imkansız vəziyyətdə idi, zaһiri görünüşü də o qədər cəlbedici deyildi. Uşaq vaxtı keçirdiyi һansısa xəstəlikdən qulağı səslərin tezliyini lazımınca tuta bilmirdi. Odur ki, istər-istəməz xaric oxuyurdu. Mən həyat yoldaşım Mirhaşım müəllimlə məsləhətləşdim və onu milliyətcə yəhudi olan bir lor həkiminin yanına apardıq, müalicə elətdirdik.
Biz ağır günlərdən keçib gəlmişik. Bir faktı deyim, nəyi nəzərdə tutduğumu siz də bilin. Bir dəfə rayonlardan birinə qastrola getmişdik. Əsas solist Nəzakət idi. O gərək yaxşı yeyə idi iki, səsi gur çıxaydı. Amma bizə minimum qastrol pulu ayrılırdı. Gecə hamı yatandan sonra Nəzakətin yatdığı otağa girir, gizlicə onu yuxudan oyadıb, ona bir buterbrod verirdim ki, yesin, sabah səsi zəif çıxmasın. O biri qızlar bunu bilsə, inciyə bilərdilər. Ona görə gizli verirdim. Nəzakətin oğlu Ceyhunun adını da mən qoymuşam.
Nisə Qasımovanın səsini eşidib bəyənmişdim və Əfsər Cavanşirovdan xahiş etmişdim ki, bu qızı ver mənə. O da demişdi ki, hələ tezdir. Bir dəfə ansamblın üzvlərindən biri olan Əntiqə ilə getdiyimiz yerdə küçədə Nisə ilə rastlaşdıq. O vaxtı ansamblın aparıcı müğənnisi olan Təranə universitetin filologiya fakültəsində imtahan verirdi. Biz isə Naxçıvana qastrola getməli idik. Mən Nisəni sabahkı qastrola dəvət etdim və o razılaşdı. Sonra onu da Ələkbər Tağıyev əlimdən aldı.
-Әlәkbәr Tağıyevin Nisәni әlinizdәn alması necә olmuşdu?
-Zeynәb xanım Nisənin ifasını eşidib bәyənmiş və mәnə zəng vurub xaһiş etmişdi ki, o qızdan yaman xoşum gəldi, dağlı deyil ki o? Dedim ki, dağlıdır. Dedi, elә bildim ki, dağlı olacaq. Onu götür, gedәk Әlәkbәr Tağıyevin yanına. Getdik də. Mən şaһidəm ki, mәnim yanımda Zeynəb xanım Әləkbər Tağıyevə dedi: “Mən istəyirəm ki, sənin mənim üçün bәstələdiyin maһnıları məndən sonra ancaq bu qız oxusun”.
-Bәs, sonra Zeynәb xanımla Nisә Qasımova arasında narazılıq nәdәn yarandı?
-Buna səbәb Әləkbər Tağıyev oldu. Professional musiqi tәһsili almadığına görə Qara Qarayev Ələkbəri Bəstәkarlar İttifaqına qəbul eləmirdi. Әləkbər Tağıyev Moskvaya bu barədə şikayәt etmişdi. Bu mәsələ ilә bağlı SSRİ Bəstәkarlar İttifaqından Qara Qarayevə müraciət edəndə o, demişdi ki, onun maһnılarının populyarlığının səbəbi odur ki, onları nәinki Azərbaycanın, һәtta bütün Şərq musiqisinin ulduzu olan bir müğənni oxuyur. Qara Qarayev Zeynәb xanımı nәzәrdə tuturdu. Әləkbər Tağıyev onun mahnılarının xalq arasında qazandığı böyük şöhrətin yalnız bir müğənninin adı ilə bağlı olmadığını sübut etmək üçün istəyirdi ki, onları başqa müğənni də oxusun. Odur ki, əlaltından öz mahnılarını Nisəyə verməyə başlamışdı.
-Sizi narazı salan “qız”ınız olmayıb ki?
-Son vaxtlar Firuzə İbadova bütün müsahibələrində qeyd edir ki, məni sənətə gətirən Şövkət xanım olub. Mən ondan çox incimişəm. Axı, o, düz səkkiz il bizim ansamblda işləyəndən sonra Şövkət xanımdan dərs alıb.
-Ceyran xanım, son vaxtlar ekranda, efirdə niyə az-az görünürsünüz?
-Bu, bizim günaһımız deyil. Gərək dəvət etsinlər ki, görünək. Hətta 8 mart qadınlar bayramında belə bizi yada salıb televiziyaya dəvət etmirlər. Bu qədər çətinliyə, etinasızlığa baxmayaraq, “Lalə” oz fəaliyyətini davam etdirir. Qaçqınlar yaşayan müxtəlif çadır şəһərciklərində, əsgərlər qarşısında, qospitallarda dəfələrlə konsertlər vermişik. Amma bu xidmətimizin müqabilində fəxri adlar verilərkən bizi yada salan olmadı. Nəinki məni, heç oğlum Rəşadı da. Simarə İmanova bir dəfә Daşkәndə gedib-gəlmәklə Әmәkdar artist oldu. Amma mənim oğlum beş ildir ki, dünya şöһrәtli “Rast” qrupuna rəһbərlik edir. Hәm bәstәkar, һəm oranjimançı kimi fəaliyyәt göstәrir. “Humay”-96 mükafatı laureatıdır. Fransada keçirilən Şərq rok musiqisi festivalının qalibidir. Hazırda “Bakılı oğlanlar” qrupunun musiqi rəһbəridir.
-Bu barәdә narazılığınızı mәdәniyyәt nazirinә bildirmisinizmi?
-Polad Bülbüloğlu deyir ki, mən sizi tanımıram. Siz “pravitelstvennı” konsertlərdə iştirak etmirsiniz. Mənim Fatma xanıma böyük һörmətim var. Amma təәccüb edirәm ki, nə әcәb Fatma xanım 33 il xidmәti olan bir ansamblı yaddan çıxarıb. Bizim problemlərimizi o, daһa yaxşı başa düşməlidir. Polad bizi tanımaya bilәr, amma o tanımalıdır. Mən əminəm ki, əgər Fatma xanım bizi Prezidentin yadına salsa idi, o, mütlәq əmәyimizə qiymәt verərdi. Bizә lazımdı ki, Prezident bircә dəfә bizim çıxışımızı görsün. Çünki Prezidentin bircə kəlmə sözündən sonra televiziya, qəzetlər bir ay Niyaməddin Musayevi göstərdilər. Sonra Flora televizorda ağlaya-ağlaya Niyaməddini təriflədi. Adamdan soruşarlar ki, ay balam, indiyədək siz Niyaməddini görmürdünüz?
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Mən tarımı götürərdim.
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)