“Ədəbiyyat qəzeti” yazarlar arasında “Hansı kitab mütləq oxunmalıdır” sualı ilə sorğu keçirib. Cavablarla tanış olmağın nəyi pisdir ki?
Rüstəm Behrudi:
"Bir türk aydını üçün Türklərin yaradılış dastanı".
Etimad Başkeçid:
"Açığı, bu sula cavab verməyə çətinlik çəkirəm. Çünki hara çevirsən, bir növ məsləhət kimi çıxır. Amma yenə də deyim. Yalnız bir kitabdan söhbət gedirsə, bu bədii əsər olmazdı. Bədii əsərdən danışırıqsa, Heminqueyin kitablarını oxuyardım. "Xeyir" və "şər" arasında dəqiq demarkasiya xətti çəkmədiyinə, yarımtonlarına və dərin psixologizminə görə. Bir də ona görə ki, Heminqueyin əsərlərində "tikiş yerləri" görünmür - hər şey kənardan sadə görünür, amma yalnız kənardan. Çünki o, virtuoz sənətkardır və bu şəkildə yalnız o yaza bilir. Bizim yazarların ən xəcalətli tərəfi budur: sənətkarın harda gücə düşdüyünü, harda xoruz buraxdığını, hansı hoqqalardan çıxdığını o dəqiqə hiss eləyirsən. Heminqueydə hər şey bulaq suyu kimidir, zahirən rəngsiz, amma ləzzətli. Bundan başqa Heminquey çox azsaylı böyük sənətkarlar kimi, hansısa insanın əhvalatını yazmır, o, insan tiplərini, onların xarakterini yazır. Bu isə xüsusi qabiliyyətdir və hünər istəyir.
Heminquey və onun bütün yaradıcılığı qanana böyük bir örnək və ibrət qaynağıdır: yazıb tarixdə qalmamaqdansa, yazmayıb tarixdə qalmamaq yaxşıdır. Bu kiçik həqiqət nə şəkildəsə bizim insanımıza əyan olsaydı, heç kəsin oxumadıgı mənasız kitablar yazıb, təşəxxüs satmazdı".
Fəxri Uğurlu:
"Yaş dövründən asılıdır. Uşaqlar üçün bütün dünyada tanınan uşaq ədəbiyyatı nümunələri var. Məsələn, Mark Tvenin əsərləri, "Başsız atlı", "Üç müşkütyor", Jül Vernin əsərləri, Robinzon Kruzo, "Qulliverin səyahəti", Stivensonun, Rodarinin əsərləri və s. Bunları hər bir uşaq oxumalıdır. Böyüklərə gəlincə burada siyahı çox uzundur. Ancaq məsələn, Lev Tolstoy mütləq oxunmalıdır. Oxunması vacib olan müəlliflər kitabla maraqlanan hər kəsə aşağı-yuxarı bəllidir".
Cavanşir Yusifli:
"Rilkenin yazdığı hər şey, Hüqo "Səfillər", Dino Busatti "Tatar çölü".
Azad Qaradərəli:
"Hansı kitab mütləq oxunmalıdır?" sualı bir qədər mediativ cavab tələb edir, əslində. Yəni, birbaşa cavab doğru olmazdı. Çünki zamana görə cavab dəyişə bilər. Məsələn, qədimlərdə səmavi kitablar haqqında "mütləq oxunmalı" hökmü var idi.
Bir daha qeyd edirəm ki, bu sual bir qədər zamanla bağlıdır. Məsələn, 80-90-cı illərdə bu sualın yekdil cavabı, yəqin ki, Sabir Rüstəmxanlının "Ömür kitabı" ola bilərdi. Müstəüilliyimizin ilk illərində bu sualın yekdil cavabı M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" ola bilərdi. Sovet dönəmində paradoksal olsa da, "Hophopnamə" və Leninin əsərləri dəbdə idi...
Bəs bütün zamanlar üçün mütləq oxunmalı kitab hansı ola bilər suzlının cavabı mənim üçün Nizaminin "Xəmsə"sidir. Zənnimcə, hər bir azərbaycanlının mütləq oxumalı kitab odur. Hətta bütün Şərq dünyasında Nizami qüdrətdə ikinci şair olmadığından Şərq xalqlarının hamısının oxumalı kitabdır "Xəmsə". Unutmayaq ki, Göte də daxil, bir sıra qərb mütəfəkkirləri Nizamiyə yüksək qiymət vermişlər. Bir sıra Avropa yazarları, cümlədən Fridrix Şiller "Turandot Çin şahzadəsi" (əslində, turandot - turan qızı deməkdir) əsərinin süjeti Nizaminin "Yeddi gözəl" poemasından alınmışdır. Habelə italyan bəstəkarı Puççininin dünyaca məşhur "Turandot" ("Turan qızı") operası da eyni mənbədən qidalanaraq ərsəyə gəlmişdir və sair və ilaxır...
Bir sözlə, bütün zamanlar üçün Azərbaycan oxucusunun oxumalı olan kitabı Gəncəli Nizaminin "Xəmsə"si olmalı".
Varis:
"Kazuo İşiquronun "Günün qalanı" romanını deyərdim.
İnsan özünə bələd olmadan, özünü tanımadan yaşayır və özünə yad bir işlə məşğul olur. Beləcə ömrünü bada verir.
Bir gün silkələnib ayılmalı, "mən kiməm və yolum haradır" deməli, öz həqiqətini tapmalıdır".
Qismət:
"Don Kixot", "Səfillər", "Karamazov qardaşları", "Anna Karenina" və s."
Mübariz Örən:
"Bir kitab demək çətindir. "Quran, İncil, "İliada", "Odiseya", "Dədə Qorqud", "Don Kixot", "İlahi komediya", "Nizami: "Xəmsə", Füzulinin əsərləri, Hüqo - "Səfillər", Tolstoy -"Hərb və sülh", Dostoyevski "Cinayət və cəza", "Usta və Marqarita", Heminquey "Qoca və dəniz", Markes "Yüz inin tənhalığı", "Gün var əsrə bərabər", "Lolita" kimi əsərləri mütləq oxumaq gərəklidir".
Alpay Azər:
"Qurani-Kərim".
Nicat Həşimzadə:
"Hər bir Azərbaycan gənci mütləq Məmməd Orucun "Köçürülmə" romanını oxumalıdır. Bu kitab bizim yaddaşımızdır, taleyimizdir. Bu əsər əsasında çox əla film çəkmək olar".
Hazırladı: Oğuz AYVAZ
“Ədəbiyyat və incəsənət”
(08.12.2023)