Türkoloji tədqiqatların dominantlıq zamanı yetişir

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Həmişə qonaqlı-qaralı olan Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubu dünən də qapılarını tədbir üçün taybatay açmışdı. Bu dəfə burada bədii yox, türkoloji tədqiqatlara aid elmi kitabın təqdimatı idi. 

 

Tanınmış türkoloq, Əməkdar elm xadimi Tofiq Məliklinin “Türkbilimi (Türkoloji) yazılarımdan seçmələr” kitabının təqdimatı keçirilirdi. Qrafikinin sıx olmasına baxmayaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar da təüdimatda iştirak edirdi. Anar Tofiq Məliklinin demək olar ki, bütün kitablarını oxuduğunu bildirdi. Xalq yazıçısı bu kitabın türkologiya elmi üçün bir töhfə olduğunu vurğuladı, müəllifə  yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

Tofiq Məlikli çıxışında kitabının necə ərsəyə gəlməsindən danışdı. O, kitabın türkologiya üçün çox dəyərli nəşr olduğunu vurğuladı, qeyd etdi ki, kitabda ümumtürk mədəni irsinin öyrənilməsi, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparıldığını dilə gətirdi. 

Əməkdar incəsənət xadimi Firuz Mustafa Tofiq Məliklinin həyat və yaradıcılığından söz açdı. O, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğində T.Məliklinin müstəsna rolunu vurğulayaraq, Azərbaycan-Rusiya əlaqələrinin inkişafına da çox böyük töhfə verdiyini diqqətə çatdırdı. Firuz Mustafa qeyd etdi ki, T.Məliklinin yeni kitabına son vaxtlar yazdığı türkbilimi (türkologiya) ilə bağlı məqalələrinin bir hissəsi toplanıb. Türklərin ədəbiyyatı, tarixi, dili, mədəniyyətini araşdıran müəllif türkbiliminin həll edilməsi vacib olan önəmli problemlərinə diqqəti çəkib.

Filologiya elmləri doktoru, kitabın elmi redaktoru Minaxanım Nuriyeva T.Məliklinin kitablarının unikallığı ilə seçildiyini bildirdi. O, belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq T.Məliklinin türkologiya ilə bağlı işlərinin təkcə Azərbaycana deyil, ümumilikdə, Türk dünyasına töhfə verdiyini qeyd etdi. 

 

Tədbirdə digər çıxış edənlər Tofiq Məliklinin yaradıcılığı və müəllifi olduğu kitab haqqında fikirlərini bölüşdülər. Bildirdilər ki, Tofiq Məlikli tanınmış dilçi-türkoloqdur. O, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Asiya Xalqları İnstitutunun (sonralar Rusiya EA Şərqşünaslıq İnstitutu adlandırılıb) aspiranturasına daxil olub. Namizədlik dissertasiyasını müdafiə edəndən sonra ona həmin institutda işləmək təklif olunub. 1985-ci ildə T.Məlikli Sovet Türkoloqları Komitəsi sədrinin müavini təyin edilib. 1991-ci ildə İstanbul Universitetində rus dili kafedrasının rəhbəri olub, eyni zamanda, Türkiyədə Azərbaycan dili və ədəbiyyatından dərs deyib. T.Məlikli, türkologiya elmində ilk dəfə olaraq, Türkiyənin yeni poeziyasının dolğun sistemini işləyib hazırlayıb. O, həmçinin bədii əsərlərin tərcüməçisi kimi tanınıb. Onun sayəsində rus və Azərbaycan oxucuları Nazim Hikmət, Yaşar Kamal, Fakir Baykurt, Fazil Hüsnü Dağlarca və başqa məşhur türk yazıçılarının əsərləri ilə tanış olublar.

Mənsə xüsusən qeyd edim ki, Tofiq Məlikli həm də novatordur, yenilikçidir, elə dilimizə hopmuş Qərb kökənli türkoloq sözünü türkbilimi kimi işlətməsi hər şeyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.